Sözdən gələn “Sos”,
Yaxud yazıçının gələcəkdən sorağı
Məmməd Məmmədli gənc nasirdir. Hələlik söz aləmindəki düşüncə səyahətlərini iki kitaba cəmləyib. Birinci kitab “Ay işığı” adı ilə nəşr olunan ispan dilindən (orijinaldan) tərcümələrdir. Yadıma gəlir həmin kitab haqqında “Kredo” qəzetində bir səhifəlik yazı ilə münasibətimi bildirmişdim. Əlbəttə, mən ispan dili mütəxəssisi deyiləm. Müəllifin orijinala nə dərəcədə yaxınlığı haqqında da fikir deyə bilməzdim. Amma tərcümə ilə araya-ərsəyə gətirdiyi nəsr əsərlərindəki dil rəvanlığını, axıcılığı, sözlərin yerli-yerində, sanki orijinaldakı müəllifin Azərbaycan dilində danışmaq imkanlarını reallaşdırma gücü haqqında qənaətlərimi oxucularla bölüşmüşdüm. Onu da demişdim ki, “Ay işığı” kimi hekayələr toplusunu tərcümə ilə olsa da, araya-ərsəyə gətirən müəllif tezliklə öz sözünün orbitində bütün aydınlığı ilə görünə biləcəyinə inanıram.
Görünür, nə öncəgörmə, nə də hər hansı mistik qənaət heç də reallıqdan uzaqda deyil. Çünki yazıçı əgər həyatı elmi şəkildə qavrayırsa, təbiəti öz qanuna uyğunluqları ilə dərk edirsə, gələcək haqqında düşüncələrini, hətta fantastik şəkildə yazsa belə, nələrinsə həqiqət ola biləcəyinə inanır.
Utopiya və antiutopiya – bu janrı Xalq yazıçısı Anar “Ağ qoç – Qara qoç” romanında çox böyük uğurla araya-ərsəyə gətirdi. Zənnimcə, Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” povestlər və hekayələr kitabında yer almış eyni adlı əsəri həyatın gələcəyinə antiutopik baxımdan çox maraqlı yanaşmadır.
Yazıçının həyəcanı nə qədər qeyri-real olsa da, sanki reallığı göstərən həyəcanlarla müşayiət olunur. Elə bu gün səhər çağı Yer planetinin məhvi adlı verilişə baxdım. Demək, veriliş Yer kürəsini məhv etmək haqqında nəzəriyyələrin təhlilinə həsr olunmuşdu.
Məmməd Məmmədli, demək hadisələrin elə axarını düşüncəsindən yazıya gətirir ki, Yer məhv olub, daha doğrusu, Yerdəki həyat məhv olub. Hansı səbəblərdən? Nə üçün? suallarının cavabları əsərdədir. Amma özü demiş birinci mərtəbədəki həyata qayıdışın yolları problem olaraq araşdırılır. Annotasiyadan götürülmüş və yazıçımın öz təxəyyülünün, bir az da dəqiqləşdirsək, dəqiq düşüncəsinin bəhrəsi olan sıxılmış mətnin mahiyyətinə diqqət edək “Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədiyi ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Yadplanetlilər onların içində gizlənən müəmmanı canlarından sovurub çıxarmışdı. Bəs görəsən, Yer planetinin Yupiterin qaz atmosferində batırılması mesajının arxasında nə gizlənirdi?

Əlavə olaraq kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və daha üç hekayəsi daxil edilib”. Açığı, indiki anımda heyrət, həyacan və qürur qarışıq duyğuların əsiriyəm. Müasir gənclik necə böyük, necə qlobal məsələlərin həllinə insanların diqqətini yönəltmək istəyir.
Şübhəsiz, bu əsər fantastik əsərdir. Ancaq ənənəvi fantastikanın postmodern düşüncədən gələn əks-sədası kimi ərsəyə gəlib. Əlbəttə, müəllifin gəncliyindən, bir az da ədəbi səriştəsinin gəncliyindən gələn düşüncə ziddiyyətləri də var. Bu barədə geniş və əhatəli danışmaq sonranın işidir. Amma birmənalı şəkildə yuxarıda təqdim olunan mətnin dərinlik həyatın qorunması yolundakı məsuliyyət hissinə uyğun yanaşma göstərir ki, müəllif mövzuya çox ciddi münasibət bəsləyir. Və bir az da dəqiqləşdirsək, o, sözün nəyə qadir olduğunu və öz sözü ilə nəyi demək istədiyini çox yaxşı bilir. Əsər insanın həyata, günəşə, əbədi sakin olduğu dünyaya qayıdışı ilə bitir. Bu müəllifin həyata nikbin münasibətindən, inamından irəli gəlir.
Bir sözlə, bu əsər gənc nasir Məmməd Məmmədlinin sözlə “SOS” sorağıdır. Düşünürəm ki, “COP-29” tipli konfranslar üçün bu əsər ayrıca buklet şəkilində nəşr olunmalı və yayılmalıdır.
Əlbəttə kitab “Yerdələnin birinci mərtəbəsi” adlansa da, digər maraqlı yazılarla oxucuların ədəbi-bədii zövqünü oxşaya bilər. Kitabda “Axırıncı yol qəhvəxanası” adlı bir povest də var. “Ərafın dərin qatlarında”, “27 yaşımda öləcəm…”, “Mən atamı xatırlamıram…” kimi hekayələrdə də həyatın bir parçası olaraq maraqlı lövhələr var. Sözümüzə sözünü bilən nasir gəlir. Kifayət qədər özünə inamla, sözünə güvənclə.
Əli Rza XƏLƏFLİ
Şair, publisist
“Kredo” qəzetinin baş redaktoru,
Rasul Rza mükafatı laureatı

Leave a Reply