MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


  • Heminqueyə görə həyat – Enrike Vila-Matas

    Aydaho ştatındakı Ketçum şəhərində sahibsiz bir evin foto şəklinə baxıram. Bu, Heminqueyin yaşadığı sonuncu evdir. İndi mənə aydın olur ki, bu ev, elə özünü öldürmək istəyənlər üçündür. Könülsüz tikilmiş bu evdə külək bir tərəfdən girib o biri tərəfindən çıxdığı kimi, eynilə son günlərini yaşayan yazıçının qəlbini də üşüdürdü və öz adını əfsanəyə çevirməzdən əvvəl içində bir boşluq hiss etdirirdi. Mən bu evi ölmək üçün mükəmməl, özü də qəribə bir yer kimi qiymətləndirirəm. Paradoksal səslənsə də, ev elə bil sahibinin tam istəyinə uyğun tikilmişdi. Bu istək, bu nəsr o qədər parlaq və aydın görünür ki, üzərində daşıdığı həyatın bütün ağırlığını kitablarda və hekayələrdə nəql edir.

    Heminquey bura sonuncu dəfə 1961-ci ildə qayıtmışdı. Sanatoriyadan gəlirdi, saçları ağarmış, üzünün rəngi qaçmış, öləzimiş bir vəziyyətdə. Dörd il əvvəl Parisdə ilk və sonuncu dəfə Qarsia Markeslə üzləşəndə kövrək, uşaqlaşmış bir babanı xatırladırdı. Əsrin simvoluna çevrilmiş bu adamın cəmi 59 yaşı vardı. Nəhəng, kifayət qədər görkəmli, fəqət brutal gücə malik olduğu gözə dəymirdi, baxmayaraq ki, o hər zaman belə olmasını arzulamışdı. İndi ombası nazilmiş, ayaqları boşalmışdı.

    Qəhrəmanlarını həmişə möhkəm, dözümlü və iztirablarında alicənab göstərən yazıçı terminal bir durumda, 1961-ci ildə sanatoriyadan Ketçuma qayıdırdı. Heminqueyi ruhlandırmaqdan ötrü ona bütün səlahiyyətlərə malik prezident Con Fitscerald Kennediyə bir təklif irəli sürməli olduğunu xatırlatdılar. Ancaq nə qədər fikirləşsə də ağlına heç nə gəlmədi, o, yalnız bu sözləri yaza bildi: “Artıq məndə heç nə alınmır, heç nə…” Çoxdandır özündə bu çöküşü hiss etmişdi və indi sözləri ilə təsdiqləyirdi. Tükənmişdi. O qədər tükənmişdi ki, hətta İkinci Dünya Müharibəsindən sonra Parisin “Ritz Hoteli”ndə işləyən Skott Fitscerald adlı barmen bütün dünyanın haqqında danışdığı bu misyö Fitsceraldın kim olduğunu soruşmuşdu.

    Əvvəllər cazibədar, həyatsevər, əsgər və döyüşçü ruhlu boksçu, ovçu, balıqçı, içməyi sevən bu tükənmiş adamın hekayəsi 63 il əvvəl İllinois ştatındakı “Oak Parkı”ndan başlayır. Atası Klarens Edmonds Heminquey ona balıq tutmağı, silahla davranmağı, maral, yenot, dələ, vəhşi göyərçin, göl balıqlarının ətindən kabab çəkməyi öyrətmişdi. Həm də onu öyrətmişdi ki, heç vaxt öldürməkdən həzz almaq xətrinə öldürməməlidir. Bu qızıl qaydanı oğlu böyüyəndə nə vaxtsa unutmuşdu. Heminquey ömrünü heyvanları qırmaqla keçirib. Keniyada şirləri ovlayan bir brakonyerin özündən razı şəkilləri neqativ lent kimi ürəkağrıdan və gülməlidir… Əlində tüfəng Venesiyada ördək vurur…

    Varqas Yosa deyirdi ki, Heminquey İspaniyaya öküz döyüşlərinə gələndə əvvəlcə respublikaçıların səngərlərini gəzirdi, fil öldürür ya da içib yerə sərələnərdi. O, macəra axtarışında olan birisi deyildi, əksinə tənha və gözü doymayan şıltaq adam təəssüratı yaradırdı: ədəbiyyatın istedadlı həşəratı. “Çünki onun üçün” – Varqas Yosa davam edir – “bütün yazıçılarda olduğu kimi, əsas yaşamaq deyil, yazmaqdır”. Heminqueyin özü bir dəfə bunu etiraf etmişdi: “Yazmaq pis vərdişə çevriləndə ondan daha böyük həzzi yalnız ölüm verə bilər”.

    Lakin Borxes Heminqueyə başqa nəzərlərlə baxırdı. O, belə düşünürdü ki, romançı həyat təcrübələrini – Yaxın Şərq və İspaniyada müxbir işləməsini, Afrikada şir ovlamasını – öz əsərlərində əks etdirəndə ədəbiyyat naminə macəra axtarmırdı, bu, sadəcə onun özünə maraqlı idi. Borxes öz yazısında bunları əlavə etdi: “1954-cü ildə İsveç Akademiyası ona insan fəzilətlərini təbliğ etdiyinə görə Ədəbiyyat üzrə Nobel Mükafatı təqdim etdi. Yazmaq bacarığını itirmiş və dəli vəziyyətinə gəlmiş yazıçı sanatoriyadan çıxanda, 1961-ci ildə, ölmək fikrinə düşür. Həyatını zehni işə deyil macəra dolu səyahətlərə xərcləməsi onu çox ağrıdırdı”.

    Heminqueyin bu evdə həyatdan getməsi onun bütün o gərginlik içində yazdığı külliyyatının təcəssümü idi. Amma o yazıların üstündən illər keçmişdi və özünə qəsd edən başqası idi sanki, özünəməxsus hekayələri ilə debüt edən yazıçıdan uzaq bir Heminquey… Özünü öldürən güman ki, kədərli, istedadı çürümüş bir adam olmalı idi. O, yenilikçi deyildi, onun ədəbiyyatdakı hədəfi (Ceyms Coys kimi) Parisin “San Mişel Bulvarı”ndakı kafeləri gəzən yazıçılardan fərqli olaraq orijinallığı ilə seçilirdi.

    Bir şeydə Sezar Aira ilə razılaşıram ki, sənət adamlarının peşəkarlığı tükənəndə və hər şeyi ağ vərəqdən başlanması lazım olanda novatorlar meydana çıxır. Düşünürəm ki, indi peşəkarın qələmindən çıxmış romandan üstün yazı olmayanda təhlükəli, donmuş bir vəziyyət  yaranır və buna görə də kastelyano dilində yeni mətn yaratmaq üçün hər şeyi yenidən başlamalı olursan. Heminquey ilk kitabını nəşr etdirəndə, bax dünya ədəbiyyatına lazım olan bu idi: oxucunun yazıçıdan umduğunu ona vermək, hekayə janrının gözəlliyini sənətə qaytarmaq, elə etmək ki, söz əsərin məzmunu ilə səsləşsin, onda olan hissiyyatı ötürsün. Toxunduğum məqamlar indi bizə asan görünür, amma keçmişdə yaxşı ədəbiyyat dərzinin biçdiyi paltar kimi olmalıydı – ütülü və bərli-bəzəkli. O zamanın neoqotik elementləri, yazmaq üçün elitar kollec təhsili və s.

    Heminqueyi xatırlamadan müasir hekayənin inkişafı barədə danışmaq olmaz. “Bir hekayə həmişə iki hadisəni nəql edir”, – Rikardo Piqliya belə deyir. Onun üçün klassik hekayə – Poe Kiroqa – hadisənin ümumi mənzərəsini nəql edir və gizlicə ikinci xəttin süjetini qurur, təəccüb effekti isə axırda sonuncunun üzə çıxması ilə baş verir. Müasir hekayədə isə (Çexov, Katrin Mansfild, Şervud Anderson, “Dublines”in müəllifi Coys və əlbəttə Heminquey) iki hadisə bir hadisə kimi nəql olunur.

    Heminqueyin hekayələrində ən vacib məqam göstərilmir, gizli süjet yazılmadan qurulur. Biz bunu yazıçının təkrarolunmaz əsərlərində görə bilərik. “Yağış altında pişik”, “Qatillər” (Yeri gəlmişkən rejissor Tarantino bu əsərdən çox şeyi mənimsəyib), “Başqaları yatanda”, “Təmiz və işıqlı yer”, “Böyük ikiürəkli çay” hekayələrini yaxşı xatırlayıram. Qarsia Markesin qeyd etdiyi kimi, Heminqueyin hekayələrində ən yaxşı cəhət onlarda çatışmazlıq təəssüratın olmasıdır. Məhz bu cəhət müəllifin hekayələrinə mistik bir gözəllik qatır. “İki ürəyin böyük çayında” gizli dediyimiz süjet – müharibə dəhşətlərinin Nik Adamsda yaratdığı effekt – o qədər zərgər dəqiqliyi ilə verilib ki, hekayəni oxuyanda elə bil balıq ovuna çıxan bir nəfərin bəsit təsvirini görürsən. Heminqueyin bu hekayədə sərgilədiyi peşəkarlıq möhtəşəmdir, çünki o, çatışmayan o hadisənin yoxluğuna nail olub. Eyni şey “Yağış altında pişik”də də baş verir. Bu, onun yazdığı yazıların ən yaxşısıdır. Cütlüyün tənhalığı – Doroti Parkerin söylədiyi kimi – yenicə ailə həyatı quran bir qadının aciz vəziyyətə düşmüş pişiyə qarşı (pişiyin yerinə bal ayına çıxdığı əri də ola bilər) göstərdiyi nəvazişin sadə təsvirində gizlənir. Bu, ədəbiyyat tarixində yazılmış ən yaxşı beş hekayədən biridir.

    Onun bayram ovqatlı hekayələrindən biri Parisin ən yaxşı vaxtlarında yazılmışdı. Mən 18 yaşımda həmin bu “Place de Saint Michel” kafesində oturub “Parisdə əsl bayram yaşanırdı” əsərini oxumasaydım yazıçı olmazdım. Müəllifin dediyinə görə bu kafe yazmaq üçün rahat, isti, təmiz və ürəkaçan bir yer idi, necə ki o, ən böyük əsərlərinin birində köhnə ofisiantların dili ilə “təmiz və işıqlı bir yer” ifadəsini işlədir. Dediyim bu kafedə müəllif şaxtalı bir gündə küləklə bərabər içəri daxil olan və vücudundan işıq saçan gözəl bir xanımla qarşılaşdığını təsvir edir. O qızı mən də görmüşdüm, Parisə ilk səfərimdə. Elə bu kafedə günah işlətməkdən qorxmayanlar kimi, əlində bir fincan çay kitab oxuyan bir qıza baxdığım yerdə ilk hekayəmi yazmağa çalışırdım. O, məni çox təəccübləndirmişdi, çünki indi qəribə səslənməsə də, 60-cı illərin Barselonasında bir qızın kafedə tək oturub kitab oxuması sanki bir yalana bənzəyirdi. Tüklərim biz-biz olmuşdu… Heminqueyin əsərindəki o xanım orda idi, üzərinə su çilənmiş saf şüşə kimi işığın altında bərq vururdu, üzünün dərisi də çox təravətli idi.

    “Mən daha bundan artığını heç vaxt görməyəcəyəm” – Baroxa son günlərində belə deyirdi. Kimsə onların fərqli cəhətlərini demişdi. Heminqueyin Baroxanı oxuyub-oxumadığı dəqiq məlum olmasa da, Baroxanın baxışlarından, yazıçı təxəyyülündən də o yana getmək kimi niyyəti vardı. Çalışırdı çayın o biri tərəfinə adlasın, ağacların arasına girsin, Rimbaudun dediyi o xoşbəxt və ilhamverici anları tutsun. Həmin o anlar bizə gizli olanları sezdirir, yəni bu, uzaq, heç zaman ayaq basmadığımız torpaqda baş vermir, elə qəlbimizdə anidən cücərən duyğuları bizə çatdırır. Lap uzağa, yazdığı mətndən də o yana, romanın təhlükəli ərazilərinə daxil olaraq (dolğun həyatında olduğu kimi) öz limitlərini aşaraq: “Bir gün anladım ki, roman yazmalıyam. Ancaq bu mənə ilğım kimi görünürdü. Özü də qələmi əlimə alanda daha çox güc sərf etməli olurdum, çalışırdım romanda olan bütün nə varsa hamısını süzgəcdən keçirərək bir abzasın içinə dürtüm”.

    “Qoca və dəniz” əsərini qırağa qoysaq Heminquey tənqidçilər tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Ədəbiyyat səviyyəsində onun pisliyə doğru getdiyi fikirləri eşidəndə Heminquey həqiqətən pis olmuşdu. Ancaq mən Roberto Bolanyonun tərəfindəyəm. Onun fikrincə “Olmaq ya olmamaq” da daxil (baxmayaraq ki, pis adla məşhurlaşıb), yazıçının əsərləri qeyri-standart təsir bağışlasa da mətnlərində valehedici və artistik bir cəhəti sezmək olar. “Zəng kimin üçün çalınır?”da da vəziyyət eyni cürədir və bu sözləri onun ən çox “tapdalanmış” – “Çayın o tayında, ağacların kölgəsində” romanı  haqqında da söyləmək olar. Əsərin quruluşunda uyğunsuzluqları ilə, mətnində səliqəsizliyi ilə seçilən bu söz ustadının anomaliyalarına baxmayaraq, Heminquey bu romana özünü hopdurduğu qədər də əsərinin qayəsini – qələbənin mənasızlığı və iztirabın gözəlliyini ötürməyə nail olub.

    Ən vacibi odur ki, bütün dahi yazıçılar kimi Heminquey də öz hüdudlarından kənara çıxamağa çalışıb. Və əgər nədəsə yanlışlığa yol veribsə, bağışlanandır! Onun buna haqqı çatırdı. Bu, yazı sənətində irəliləmək üçün çox vacibdir, sənətkarın keçdiyi yol kimi – büdrəyə-büdrəyə özünü düzəldərək və buraxdığın səhvlərlə böyüyərək. Yaddan çıxarmaq olmaz ki, Borxes və Kiplinqin söylədiyi kimi Heminquey özünü son dərəcə dəqiq, dürüst və incədən-incə bir sənətkar kimi görürdü. Onun üçün əsas ölümün qarşısına üzüağ çıxaraq özünə haqq qazandırmaq idi.

    O, qələbənin mənasızlığını Nobel aldığı gün başa düşdü – Afrikada ard-arda iki dəfə sərt eniş edən zaman beyin silkələnməsi diaqnozunu səbəb gətirən yazıçı Stokholma gedə bilmədiyi üçün öz zəifliyindən təəssüfləndi. Fiziki və əqli cəhətdən degenerasiya olurdu. İztirabın gözəlliyinə gəldikdə isə ömrünün son günlərindən o qədər də öyünə bilmirdi. Alkoqol və tütündən asılı olan vücudu sabahların birində həyat və ədəbiyyatla vidalaşaraq “boşanma” gülləsi ilə bütün dünyanı ayağa qaldırmağa qərar verdi. Təmiz və yaxşı işıqlandırılmış yerdə qoca bir ofisiant müştərisi haqqında belə demişdi: “Ötən həftə özünə qəsd etmək istədi”. Başqa bir gənc ofisiant onun nə üçün belə dediyini soruşanda belə cavab aldı:

    – Çarəsiz idi.

    Heminquey ölmək üçün Kubanı Ketçumdakı evlə dəyişmişdi. Bazar günlərin birində tezdən yerindən qalxdı. Yoldaşı hələ yuxuda idi. O, silah saxlanılan otağın açarlarını tapıb, vaxtilə quş vurduğu qoşalüləni dolduraraq alnına dirədi və atəş açdı. Paradoksal səslənsə də o, özündən sonra elə bir əsər qoyub getdi ki, çətinliklərə sinə gərən bütün qəhrəmanlar ondan nümunə götürsün. O əsər Entoni Berjesin dediyi kimi, ədəbiyyatdan da o yana təsir etdi, çünki ən pis Heminquey belə, bizə onu xatırladır ki, ədəbiyyatla dostlaşmaq üçün əvvəlcə həyatla dostlaşmalısan.

    Enrike Vila-Matas

    Barselona, aprel 1998

    İspan dilindən tərcümə etdi, Məmməd Məmmədli

  • ULDUZ NOYABR-DEKABR 2025

    MÜƏLLİFLƏR:

    Məhsəti Musa

    Elşən Mehdi

    Orxan İsmayılov

    Vasif Zöhraboğlu

    Qulu Ağsəs

    Təranə Dəmir

    Xatirə Salahzadə

    Şəhanə Müşfiq

    Enrike Vila-Matas – Məmməd Məmmədlinin tərcüməsində

    Pərviz Arif

    Cəlil Nağıyev

    Elvin Paşa

    Səma Muğanna

    Marina Svetayeva – Məhəmməd Nurinin tərcüməsində

    Elxan Zal

    Süleyman Abdulla

    Şəbnəm Məmmədova

    Cavid Fərzəli

    Mina Rəşid

    Nəvai Mətin

    Elçin Səlimli

    Məsud Pənahi – Babək Abbaszadənin yazısında

    Narıngül Nadir

    İmir Məmmədli

    Dərgidə sərgi – rəssam Anar Zahirovun dostluq şarjları

  • 27 YAŞIMDA ÖLƏCƏM…

    səsləndirdi:

    MƏMMƏD MƏMMƏDLİ

  • Yaponiyanın mini avtomobilləri

    Miniatürləşdirmə əsl yapon xüsusiyyətidir və Autozam AZ-1 buna gözəl nümunədir. Mazda şirkəti AZ-1 modelini layihələndirərkən qarşısına yalnız bir məqsəd qoymuşdur – avtomobil mümkün qədər yüngül olmalıdır. Məhz bu cəhət onu əsl sürət avtomobilinə çevirib. 720 kiloqram çəkisi olan Autozam AZ-1 8 saniyəyə düz 97 kilometr saat sürət yığırdı. AZ-1 modeli bu gün avtohəvəskarlar arasında nadir tapıntıdır.

    Datsun 240Z… Yaponiyada ona “Fairlady Z” də deyirlər. 1960-cı illərdə Yaponiya motosikl dünyasında inqilab edəndə Nissan şirkəti Datsun 240Z modeli ilə bunu avtosport dünyasında təkrarladı. İlk dəfə 1969-cu ildə yapon bazarına çıxarılan Datsun 240Z 8.1 saniyəyə 97 kilometr sürət yığırdı. 1974-cü ildə yenilənmiş Datsun 260 modeli isə Amerikada ən çox arzulanan avtomobilə çevrilmişdi. Onun aerodinamik kuzasına baxanda nə üçün populyar olduğunu anlamaq çətin deyil.

    Honda Motors qarşısına dünyanın ən yaxşı super avtomobilini düzəltmək məqsədini qoyanda nəticədə 1990-cı ilin NSX adlı mühəndislik əsəri yarandı.

    Honda NSXdə 3 kub santimertrlik V6 mühərriki daxil olmaqla bütün detallar sıfırdan işlənmişdi. Honda NSX 5.3 saniyəyə 250 km saat sürət yığırdı.

    Honda mükəmməlliyə can atan bir addır. Lakin o dövr üçün Hondanı etibarsız hesab edən sürücülər şirkətə 1000 ədəddən çox NSX satmağa imkan vermirdi. İnsanlar arasında dolaşan mənfi rəy fərqli bir avtomobili görmək imkanını qaçırırdı.

    Honda 1999-cu ildə 50 illik yubileyi münasibətilə S2000 modelini buraxdı. Bu, avtomobil həvəskarları üçün əsl hədiyyə idi. İki nəfərlik rodster 2 kub santimerlik alüminium mühərriki ilə 243 at gücünə malik idi. BMW Z4 və Porsche Boxster axıcı dizayn baxımından ondan arxada qalırdı. Honda S2000 sanki gözəlliklə gücün qovuşması idi.

    Suzuki bir çox maraqlı maşınlar yaradıb, ancaq 1988-ci ilin Vitarası şirkətin tarixində ən birinci yolsuzluq avtomobili kimi düşüb. Vitaranın buraxılışı ondan böyük olan Land Rover Discovery modelini qabaqlayıb. Vitara həm də qiymət baxımından əlçatan idi. O sadə, etibarlı, əsl ailə avtomobili olmaqla uzun illər sürücülərin ayağını yerdən qaldırıb.

  • Dünyanın ən böyük təyyarələri

    Budəfəki yazıda dünyanın ən iri təyyarələri haqqında danışacağam. “Stratolaunch” təyyarəsi Ginnesin rekordlar kitabına salınsa da ondan geri qalmayan digər təyyarə modelləri də var. Bəs, ən böyükləri hansılardır?

    Airbus Beluga XL

    “Airbus Beluga XL” siyahımızda ən kiçik təyyarə kimi görünə bilər, amma 60 metrlik qanadları ilə o ən cəlbedici hava gəmilərindən biridir. Balina formasında hazırlanan nəhəng mühəndislik əsəri digər təyyarə hissələrinin daşınması üçün istifadə olunur. “Beluga XL” özündən əvvəlki modelini yükdaşıma qabiliyyətinə görə 30 faiz üstələyir. Bu təyyarədə 51 tonadək yük qaldırmaq mümkündür. 63 metr uzunluğunda olan təyyarəni 2 ədəd “Rolls-Royce Trent 700” mühərriki havaya qaldırır. Hazırda bu təyyarədən dünyada 6 ədəddir.

    Boeing Dreamlifter

    “Boeing Dreamlifter” və ya “Boeing 747-400”, “Dreamliner 787” sərnişin təyyarəsinin ağır hissələrini daşımaq üçün nəzərdə tutulub. 2007-ci ildə istifadəyə buraxılan təyyarə 64 metr uzunluğunda qanadlara malikdir. “Dreamlifter” 150 tonadək yükü 8 min kilometr məsafəyədək daşıya bilir. Təyyarə o qədər uğurlu alınıb ki, istehsalçı bir neçə Dreamliner 787 sərnişin təyyarəsini modifikasiya edərək “Dreamlifter”ə çevirib.

    Boeing 747-8
    Boeing 747-8F

    76 metr uzunluğunda olan və “Səma şahzadəsi” adını qazanmış “Boeing 747-8” isə siyahıda 3-cü yerdədir. Təyyarə o qədər böyükdür ki, göyərtəsində 600-dən çox sərnişin səyahət edə bilər. “Boeing 747-8” aviasiya tarixində yaradılan ən böyük avialaynerlər siyahısına daxil edilib. Təsadüfi deyil ki, nəhəng reaktiv təyyarələr dövrü ilk dəfə 1960-cı illərdə istehsal olunmuş “Boeing 747”dən başlayır.

    Boeing 777X

    Aviasiya texnologiyaları yerində dayanmır, bir təyyarə modelini də digəri əvəz edir, “Boeing 777X” kimi… Boeing şirkətinin yeni flaqmanı sayılan 777X iki versiyada 8 və 9 modifikasiyalarında istehsal olunur. Sonuncu versiya “Boeing 747-8”dən bir fut fərqlə dünyanın ən uzun sərnişin təyyarəsi statusunu alıb.

    Hercules H4

    1940-cı illərdə inşa edilmiş bir təyyarənin dünyanın ən böyük hava gəmiləri arasında yer alacağına inanmaq çətin olsa da məşhur Amerika aviatoru Harvard Hyuzun eskizi ilə yaradılan “Hercules H4” prototipi xəyalları gerçəkilyə çevirib. Qanadlarının uzunluğu 97 metr olan təyyarə İkinci Dünya Müharibəsi zamanı əsgər və müxtəlif növ hərbi yükü Atlantik okeanın üzərindən daşımaq üçün istifadə olunurdu. Vaxt və metala qənaət etmək üçün “Hercules H4” bütünlüklə taxtadan hazırlanıb. İnşa edilən zaman o digər təyyarələrdən 6 dəfə böyük idi.

  • Sözdən gələn “Sos”
    Sözdən gələn “Sos”,
    Yaxud yazıçının gələcəkdən sorağı

    Məmməd Məmmədli gənc nasirdir. Hələlik söz aləmindəki düşüncə səyahətlərini iki kitaba cəmləyib. Birinci kitab “Ay işığı” adı ilə nəşr olunan ispan dilindən (orijinaldan) tərcümələrdir. Yadıma gəlir həmin kitab haqqında “Kredo” qəzetində bir səhifəlik yazı ilə münasibətimi bildirmişdim. Əlbəttə, mən ispan dili mütəxəssisi deyiləm. Müəllifin orijinala nə dərəcədə yaxınlığı haqqında da fikir deyə bilməzdim. Amma tərcümə ilə araya-ərsəyə gətirdiyi nəsr əsərlərindəki dil rəvanlığını, axıcılığı, sözlərin yerli-yerində, sanki orijinaldakı müəllifin Azərbaycan dilində danışmaq imkanlarını reallaşdırma gücü haqqında qənaətlərimi oxucularla bölüşmüşdüm. Onu da demişdim ki, “Ay işığı” kimi hekayələr toplusunu tərcümə ilə olsa da, araya-ərsəyə gətirən müəllif tezliklə öz sözünün orbitində bütün aydınlığı ilə görünə biləcəyinə inanıram.

    Görünür, nə öncəgörmə, nə də hər hansı mistik qənaət heç də reallıqdan uzaqda deyil. Çünki yazıçı əgər həyatı elmi şəkildə qavrayırsa, təbiəti öz qanuna uyğunluqları ilə dərk edirsə, gələcək haqqında düşüncələrini, hətta fantastik şəkildə yazsa belə, nələrinsə həqiqət ola biləcəyinə inanır.

    Utopiya və antiutopiya – bu janrı Xalq yazıçısı Anar “Ağ qoç – Qara qoç” romanında çox böyük uğurla araya-ərsəyə gətirdi. Zənnimcə, Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” povestlər və hekayələr kitabında yer almış eyni adlı əsəri həyatın gələcəyinə antiutopik baxımdan çox maraqlı yanaşmadır.

    Yazıçının həyəcanı nə qədər qeyri-real olsa da, sanki reallığı göstərən həyəcanlarla müşayiət olunur. Elə bu gün səhər çağı Yer planetinin məhvi adlı verilişə baxdım. Demək, veriliş Yer kürəsini məhv etmək haqqında nəzəriyyələrin təhlilinə həsr olunmuşdu.

    Məmməd Məmmədli, demək hadisələrin elə axarını düşüncəsindən yazıya gətirir ki, Yer məhv olub, daha doğrusu, Yerdəki həyat məhv olub. Hansı səbəblərdən? Nə üçün? suallarının cavabları əsərdədir. Amma özü demiş birinci mərtəbədəki həyata qayıdışın yolları problem olaraq araşdırılır. Annotasiyadan götürülmüş və yazıçımın öz təxəyyülünün, bir az da dəqiqləşdirsək, dəqiq düşüncəsinin bəhrəsi olan sıxılmış mətnin mahiyyətinə diqqət edək “Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədiyi ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Yadplanetlilər onların içində gizlənən müəmmanı canlarından sovurub çıxarmışdı. Bəs görəsən, Yer planetinin Yupiterin qaz atmosferində batırılması mesajının arxasında nə gizlənirdi?

    Əlavə olaraq kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və daha üç hekayəsi daxil edilib”. Açığı, indiki anımda heyrət, həyacan və qürur qarışıq duyğuların əsiriyəm. Müasir gənclik necə böyük, necə qlobal məsələlərin həllinə insanların diqqətini yönəltmək istəyir.

    Şübhəsiz, bu əsər fantastik əsərdir. Ancaq ənənəvi fantastikanın postmodern düşüncədən gələn əks-sədası kimi ərsəyə gəlib. Əlbəttə, müəllifin gəncliyindən, bir az da ədəbi səriştəsinin gəncliyindən gələn düşüncə ziddiyyətləri də var. Bu barədə geniş və əhatəli danışmaq sonranın işidir. Amma birmənalı şəkildə yuxarıda təqdim olunan mətnin dərinlik həyatın qorunması yolundakı məsuliyyət hissinə uyğun yanaşma göstərir ki, müəllif mövzuya çox ciddi münasibət bəsləyir. Və bir az da dəqiqləşdirsək, o, sözün nəyə qadir olduğunu və öz sözü ilə nəyi demək istədiyini çox yaxşı bilir. Əsər insanın həyata, günəşə, əbədi sakin olduğu dünyaya qayıdışı ilə bitir. Bu müəllifin həyata nikbin münasibətindən, inamından irəli gəlir.

    Bir sözlə, bu əsər gənc nasir Məmməd Məmmədlinin sözlə “SOS” sorağıdır. Düşünürəm ki, “COP-29” tipli konfranslar üçün bu əsər ayrıca buklet şəkilində nəşr olunmalı və yayılmalıdır.

    Əlbəttə kitab “Yerdələnin birinci mərtəbəsi” adlansa da, digər maraqlı yazılarla oxucuların ədəbi-bədii zövqünü oxşaya bilər. Kitabda “Axırıncı yol qəhvəxanası” adlı bir povest də var. “Ərafın dərin qatlarında”, “27 yaşımda öləcəm…”, “Mən atamı xatırlamıram…” kimi hekayələrdə də həyatın bir parçası olaraq maraqlı lövhələr var. Sözümüzə sözünü bilən nasir gəlir. Kifayət qədər özünə inamla, sözünə güvənclə.

    Əli Rza XƏLƏFLİ

    Şair, publisist

    “Kredo” qəzetinin baş redaktoru,

    Rasul Rza mükafatı laureatı

    “Kredo” 02 iyul 2025
  • “Yerdələnin birinci mərtəbəsi” təqdim olundu
    Azərbaycan Yazıçılar Birliyində Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı təqdim olundu