MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


Təhrik – Xavier Serkas

(TƏHRİK povestindən bir parça)

Artıq zəhmətinin bəhrəsi görünməyə başlamışdı. Əvvəlcədən müəyyənləşdirilmiş quruluşda, nümunə üçün yazılmış bəzi əlyazmalarda və dizaynda olan çatışmazlıqlara baxmayaraq, novella yavaş-yavaş yazılırdı. Ancaq Alvaro istəyirdi ki, gördüyü iş əsərin vacib bildiyi ümumi qurluşuna, oradakı personajlara və hadisələrə təsir etməsin. Özü də real modellərin olması, bir tərəfdən onun işini asanlaşdırıb və təxəyyülünün yeni impuls götürməsini təmin edirdisə də, digər tərəfdən hekayənin inkişaf xəttini mütləq dəyişdirə bilərdi. Buna baxmayaraq inanırdı ki, bu metod, müəllifin hər hansı bir müdaxiləsi olmadan gördüyü işi əsər səviyyəsinə qaldıra bilər, elə Alvaronun istədiyi də bu idi. Bir tərəfdən reallığın uydurulmuş səhnələrin yaradılmasına imkan verən təsvirə meyillik təhrifə meyillilik deməkdirsə, o zaman belə hesab edirdi ki, hisslərin estetik zövqə can atması kobud bir səhvdir. Əsl təsvir təqlid olunmayan təsvirdir. Digər tərəfdən, hadisələri eyni tonda, ahəngdə nağıl etmək gərək idi. Sanki hadisələri danışan şəxs söylədiklərinin hamısını başa düşmür, sonradan nə baş verəcəyini bilmir. Alvaro bu prinsipləri əsas tutur, əsərin strukturunu müəyyən etdiyindən sevinirdi.
Vanna otağında dayanıb qonşudan gələn səslərə qulaq asmağın effektliyini də sınadı. Çox zaman qonşuların söhbətləri bir-birinə qarışsa da işıqlı həyətə açılan kiçik nəfəslikdən gələn bu səslər çox aydın idi. Və Kasareslər ailəsindəki söhbətləri ayırmaq Alvaro üçün çox asan olurdu. Tək ona görə yox ki, səhərlər digər mənzillərdə səs kəsilirdi və yalnız qab-qacaq səsi eşidilirdi, həm də ona görə ki, – Alvaro bunu sonradan aşkar etmişdi, – Kasaresgilin pəncərəsi onun pəncərəsinin düz yanında idi. Buna görə də, oradan gələn səslər çox aydın eşidilirdi.
Alvaro unitasda oturaraq səslərə qulaq asırdı. Onları aydın eşitmək üçün az qala nəfəsini içinə çəkib saxlayırdı. Mənzillərdən gələn səs-küyün içində Kasareslərin səhərlər yuxudan necə qalxdıqlarını, bir azdan uşaqları oyadıb, yuyunmağa göndərdiklərini, güzgünün qarşısında dayanaraq özlərini qaydaya saldıqlarını, sonra səhər yeməyini hazırlayıb onu necə iştahla yediklərini (ardıcıl icra olunan bu hərəkətləri o həm də intuisiya ilə hiss edirdi) eşidirdi. Sonradan ata uşaqları kollecə ötürüb, tez də evə qayıdırdı. O zaman ər-arvad evi birgə yığışdırır, təmizləyir, arabir zarafatlaşırdılar, bazara da bir yerdə gedir, xörəyi də köməkli hazırlayırdılar. Gecənin sakitliyində qadının ləzzətlə güldüyünü eşidirdi. Yarıqaranlıq otaqdan eşidilən ehtiraslı pıçıltılar, həyəcanlı nəfəsalmalar, şəhvətin odlu, sürəkli səsləri altında çarpayının ara verməyən cırıltısı və qəfil səssizlik… Səhərlərin birində isə duşun şırıltısına qarışmış qəh-qəhəli gülüşlərlə bir yerdə çimdiklərini eşitdi. Başqa bir gün isə xanımı ev işləri gördüyü zaman ehtirasını boğa bilməyən senyor Kasares qəflətən, onu qucağına basaraq nəfəsi kəsilə-kəsilə soyundurmağa çalışırdı. Qadın əvvəlcə ərinin qolları arasından guya çıxmağa çalışsa da (Alvaro bunları eşitdiyi sözlərdən, hərəkətlərdən duyur, təsəvvüründə canlandırırdı) heç dəqiqə ötməmiş oyanan bədəni ilə ona təslim oldu.
Alvaro diqqətlə qulaq asırdı. Bütün bu söhbətlərin onun üçün elə də yararlı olmaması onu hövsələdən çıxarırdı. O, bir neçə boş kaset almışdı. Qonşu pəncərələrdən gələn bütün səsləri, əl-üzyuyanın yanındakı elektrik açarına səs yazan aparatı birləşdirərək lentə köçürmək istəyirdi. Ancaq bütün bunların hamısını köçürməyin nə faydası? Yazdıqlarının çox kiçik hissəsi novellaya yarayırdı. Və bu Alvaronu çox təəssüfləndirirdi. O, ailələrdə baş verən mübahisələrin kəsilməsindən təəccübləndi. Hər bir cütlük çətin dövrlərdən keçir. Bu fikri əsas tutaraq istəyirdi ki, onlar da bu keçidlərə cavab versinlər. Yazdığı kitab indi-indi öz yoluna düşürdü. İndi əsərin süjet xətti aydın görünməyə başlamışdı və özüllər də möhkəmlənirdi. İndi elə bir yerdə idi ki, əsərin ideyasının açılmasına təkan verə biləcək qüvvəyə ehtiyac duyulurdu. Ailədə gedən xırda söz-söhbətlər novellanı davam etdirmək üçün işini asanlaşdırırdı. Buna görə də, pəncərədən gələn gülüşlər, gecə pıçıltıları Alvaronu elə qıcıqlandırırdı ki, az qalırdı onda allergik reaksiya yaratsın. Deyəsən, Kasareslər Alvaronun novellasına görə dava etmək fikrində deyildilər.
Növbəti gün yenidən Enrike Kasaresin evdən çıxmasını gözlədi. Yenə də liftdə qarşılaşdılar, söhbət etdilər və Alvaro avtomobili ilə onu zavodacan aparacağını bildirdi. Günortadan ötmüş, saat dördün ürəksıxıcı istisi, zavodun borularla havaya buraxılan qara tüstüsü, dumanı onların söhbətlərinə mane ola bilmədi. Siyasətdən də danışdılar. Kasares hökümətin qarasına danışırdı. Ötən seçkilərdə səs verməyə getdiyini, indi isə bundan peşman olduğunu etiraf edirdi. Alvaro düşündü ki, qonşusunun əhvalı get-gedə pozulur və o daha da coşurdu. Kasares dövlətin ağlasığmaz hərəkətlərindən, alçaqlığından cana doyduğunu da açıqca bildirdi. Özü də, dedi ki, bütün bunlar əsasən, seçicilərə, işçilərə qarşı edilir. Alvaro nəzakətli bir formada onun dediklərilə razılaşdığını bildirirdi. Söhbətlərinin bu yerində hər ikisi də susdu. Maşın zavodun avtomobil parkında dayandı. Kasares maşından düşməyə tələsmirdi. Alvaro hiss etdi ki, o, sözünü bitirməyib, nəsə demək istəyir. Əllərini əsəbi-əsəbi ovuşduraraq onu narahat edən şəxsi problemini bir hüquqşünas, həm də yaxın qonşusu kimi ona açmaq və ondan məsləhət almaq istəyir. Alvaro ona yardım etməkdə məmnunluq duyduğunu bildirdi. Ətraflı söhbət etməyi növbəti günə saxladılar. Enrike Kasares ona dərin təşəkkürünü bildirdi və qonşusu ilə sağollaşdı. Alvaro qonşusunu qızmar günəşin od ələdiyi meydançada uzaqlaşana qədər seyr etdi.
Növbəti gün səhər saat on ikidə Kasares Alvaronun evində qonaq oldu. Onlar böyük otaqda yumşaq kürsülərdə yerlərini rahatladılar. Alvaro ondan bir şey içmək istədiyini soruşdu. Kasares mədəni şəkildə onun təklifini rədd etdi. Alvaro qonşusunun üzündəki həyəcan və sıxıntını azaltmaqdan ötrü yaxınlarda yay məzuniyyətinə çıxacağından söhbət saldı. Kasares isə öz hayında idi, bu söhbətin ona dəxli olmadığından darıxdığını hiss etdi. Artıq keçirdiyi sıxıntını gizlətmirdi.
– Yaxşı olar ki, mətləbə keçək. Səninlə səmimi olmaq istəyirəm, – dedi.
Alvaro isə özlüyündə düşündü ki, onun bu ailəyə “siz” deyə müraciətdə davam etməsinə baxmayaraq, Kasareslər artıq ona “sən” deməyə öyrəşmişdilər. Bu onu narahat etmirdi. Qonşusu deyird ki, əgər mən bura gəlmişəmsə… çünki çaşqınlıq içindəyəm və sənə inanıram. Sözün düzü, mən bunu etməzdim, əgər sən məndə etibar hissi oyatmasaydın.
Kasaresin gözlərində səmimiyyət sezilirdi. Alvaro boğazını arıtladı. Onun bütün diqqəti qonşusunda idi. Enrike Kasares izah etdi ki, çalışdığı kompaniya idarə işçilərinin sabit heyətini müəyyənləşdirməyə başlamışdır. İş yerlərinin ixtisara salınması ona heç də yaxşı bir şey vəd etmirdi. Artıq onun işdən azad edilməsi prosesinə başlanmışdır. Qəzetlərdə işçilərin tətilə çıxdığını oxumuşdu. Həmkarlar İttifaqı müəssisə və nazirliklə əlaqəsini kəsmişdi. Bu cür vəziyyətə düşmüş işçilərin aqibəti həddən artıq acınacaqlı idi. Onun vəziyyəti bir qədər fərqli idi. Kasares öz vəziyyətini fərdiləşdirmək üçün xırda detallarla danışdı. Dedi ki, ərizənin geri götürülməsinin nə dərəcədə mümkün olub-olmadığını bilmir. Saysız-hesabsız qanun və göstərişlərin arasında itib-batmamaqçün vəkilə ehtiyacı var. Bunları deyib sonda əlavə etdi:
– Əlbəttə, nə qədər lazımdırsa ödəyərəm.
Alvaro hər hansı bir razılıq, yaxud təkzib jesti ifadə etmədən oturduğu yerində düşüncəyə dalmış kimi səssiz qaldı. Qonağı isə çiyinlərindən ağır daşı atmış kimi rahatca nəfəs aldı. Dedi ki, bax indi bayaq təklif etdiyi pivə olsaydı məmnuniyyətlə içərdi. Alvaro mətbəxə keçdi və iki şüşə pivə gətirdi. Bir yerdə içdilər. Kasares yükdən azad olmuş kimi tam rahat idi. Dedi ki, zavoddan aldığı maaş ailənin yeganə dolanışıq yeridir, əgər belə olmasaydı heç onu narahat etməzdi. Enrike Kasares xahiş etdi ki, aralarındakı söhbəti heç kimə danışmasın. İstəmirdi arvadı bundan xəbər tutsun və narahat olsun. Alvaro onun işinə ətraflı baxacağına söz verdi və onu əmin etdi ki, hər hansı bir nəticə əldə edən kimi həmin dəqiqə ona xəbər verəcək. Sağollaşdılar.

Posted in ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *