MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh

  • Nevrotik, qorxaq və özünə əmin olmayan Vudi Allen

    Hollivudun əzəmətli ulduzlarından fərqli olaraq bəstəboy, eynəkli, insanda heç bir simpatiya yaratmayan Vudi Allen özünün intellektual yumor hissi ilə Şimali Amerika kino elitasının məşhuruna, bəlkə də son onilliyin ən məhsuldar rejissoruna çevrilib. Vudi Allen kimi heç kəs nevrotik, qorxaq, özünə əmin olmayan və həyatından bezmiş adam obrazını yarada bilməyib.

    O, özünü xarakterizə edərkən deyirdi: “Mən qalib olmaq üçün alçaqboy və kifayət qədər çirkinəm”.

    1935-ci il dekabrın 1-də Allan Stüart Keniqsberq adı ilə dünyaya göz açmış Vudi Allen hələ uşaq ikən özündə gündəlik həyatdakı müşahidələrilə insanları güldürmək bacarığını kəşf etmişdi. Allahın ona bəxş etdiyi bu vergi sayəsində tələbə ikən Bob Hope üçün məzəli əhvalatlar yazmaqla özünə gün ağlayır, həm də kino aləmilə təmas quraraq gələcəyinə yol açırdı. 1965-ci ildə “Necəsən, pişiyim?” komediyasının çəkilişləri zamanı aktyor heyətində və ssenarinin yazılmasında iştirak edərkən ən azı Piter Otul və Piter Sellerslə görüşə bilmişdi. Növbəti il ağlına yapon cəsusluğu haqqında olan bir filmin müəlliflik hüququnu əldə etmək, dublyajı dəyişib lenti komediyaya çevirmək ideyası gəldi. İspaniyada “Lily – pələng qız” və “Nömrə bir” filmləri nümayiş olunanda insanlar arasında bir qədər çaşqınlıq yaranmışdı. Əslində Vudi Allenin ilk rejissor işi bəxti gətirməyən bir oğrudan bəhs edən “Pulu götür və qaç” lenti idi. Həmin dövrlərdə o, “Qadınpərəstin arzuları” əsərində də rol almışdı. Filmin istehsalına Herbert Ross rəhbərlik etsə də, əslində əsərin bütün çətinlikləri Vudi Allenin çiyinlərinə düşmüşdü. Filmdə aktyorun muzalarından Daiyan Kiton da oynayıb. Rejissor, ssenari müəllifi və aktyor kimi özünü sınayan Vudi “Bananlar”, “Seks haqqında bilmək istədiyiniz, lakin soruşmağa cürət etmədiyiniz şey”, “Yatağan” və “Məhəbbət və ölüm” filmlərinin premyerasında pərəstiş etdiyi İnqmar Berqmanın kino üslubuna kinayə ilə yanaşırdı. Buna baxmayaraq kinoşünasın qızıl dövrü 1977-ci ildən sonra başlayır. Həmin vaxt o, tarixi elementlərdən uzaqlaşıb, diqqətini daha çox düşündürücü yumora yönəldir. Oskar qazanmış “Enni Holl” filmində artıq dönüş nöqtəsi sezilir. Rejissor “Daxili aləm” filmindəki ciddiliyindən sonra filmoqrafiyasının ən məşhur nümunələrindən biri olan “Manhattan” romantik kinokomediyası ilə yenidən meydana atılır.

    Ondan sonra “Xatirələr”, “Bir yay gecəsinin şəhvətli komediyası”, “Zelig”, “Denni Rouz prospekti”, “Qahirənin bənövşəyi gülü”, “Radio günləri” və karyerasında ən çox gəlir gətirən “Hanna və onun qardaşları” filmlərini çəkir. Komediya janrına müraciət etdikdən sonra rejissor yenidən dramatik sahəyə üz tutur. Lakin nə “Sentyabr”, nə də “Başqa qadın”la tamaşaçıların rəğbətini qazana bilmir. Və buna görə də rejissor “Nyu-York əhvalatları”, “Cinayət və xətalar”, “Alisa” və “Kölgələr və dumanlar” filmlərilə əvvəlki üslubuna qayıtmalı oldu…

    Bu vaxta qədər Vudi Allenin şəxsi həyatı barədə az məlumat vardı. Bir o məlum idi ki, rejissor caz həvəskarı idi, Nyu-York şəhərinə özgə bir münasibət bəsləyirdi və Luiza Lasser, Daiyan Kitonla yaxınlıq edib və son muzası Mia Ferrou ilə sevgi həyatı yaşayırdı. Sonuncu ilə evli olduğu müddətdə rejissor yeni qalmaqalla üzləşdi. Belə ki, 1992-ci ildə övladlığa götürdükləri Soon Yi Previnlə intim həyat yaşadığını etiraf etdi və 1997-ci il dekabrın 22-də onunla evləndi.

    Mətbuat səs-küy qaldırsa da Allen öz işini davam etdirdi və Ferrou ilə əməkdaşlığını “Ərlər və arvadlar” filmilə sonucladı. Sonradan aktrisa Daiyan Kitonla işçi münasibətlərini bərpa edərək “Manhattanda müəmmalı qətl” filmini ərsəyə gətirdi. Beləcə, kinoşünasın filmoqrafiyasında “Brodvey üzərində güllələr”, “Qüdrətli Afrodita”, “Hamı I love you deyir”, “Harrinin sökülməsi”, “Akkordlar və fikir ayrılıqları”, “Qaraoğru”, “Jade əqrəbinin lənəti”, “Hollivud sonluğu”, “Başqa bir şey”, “Melinda və Melinda”, “Matç poynt” və “Scoop” kimi daha açıq yumorlu filmlər yer aldı. 2002-ci ildə isə “Asturiya sənət şahzadəsi” mükafatına layiq görüldü…

    “El Cine” (Kino) kitabından

    İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

  • Ərafın dərin qatlarında

    (hekayə)

    Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim. Tək deyildim, amma canımda qorxu vardı. Mənimlə bərabər bir dəstə adam iti addımlarla tunelin sonuna çatmaq istəyirdi. Hara getdiyimizi, başımıza nələr gələcəyini bilmirdik. Sadəcə bizi bura gətirən əcaib məxluqlar dedilər ki, sona qədər getməliyik. Başqa çarəmiz yox idi. Yalnız bir istiqamət vardı, o da irəli. Bizim bu zülmətin içinə buraxanlara qarşı müqavimət göstərməyə gücümüz də yox idi. Bir də başqa hara gedə bilərdik ki…

    Yan-yörəmdəkilər adam cildində olsalar da dəriləri şəffaf idi. Sümükləri görsənirdi. Uzun saçları vardı. Amma rənglərini seçə bilmədim. Onları elə bil rentgen şüalarında görürdüm. Tələsirdilər… Heç kim bir kəlmə də kəsmirdi. Hiss edirdim ki, onlar da mənim kimi qorxur. Nə deyim, heç kimin cınqırı belə çıxmırdı. Tam səssizlik…

    Paralel olaraq gözümün önündən bütün həyatım keçirdi. Kəndimizi görürdüm. Mələk cildində evimizin başına dolanırdım. İri qanadlarım vardı. Hamını görürdüm, amma mənə fikir verən yox idi. Uçmaq necə də gözəl bir hissdir! Mənə elə gəldi ki, tuneldəkilər də öz doğmalarını mənim kimi görürdü.

    Xeyli yol getdik. Nəhayət, tunelin sonu göründü. Ordan işıq gəlirdi. Sakit, ağappaq zərrəciklərilə sanki bizim şəffaf dərimizi oxşayırdı. Sürətimizi artırdıq. Yaxınlaşdıqca işıq get-gedə gurlaşır, böyüyürdü. Axırda o qədər gücləndi ki, gözlərimizi qamaşdırdı. Bir qədər sonra işığa alışdıq. Buna baxmayaraq tuneldən çıxmağa can atırdıq. Qarşıda çoxlu adam gördük. Onlar da bizim kimi bu zülmətdən qurtulmaq istəyirdi. Sonra sıxlıq yarandı. Adam əlindən tərpənmək mümkün deyildi.

    Kimsə gur səslə bizim sıraya düzlənməyimizi əmr etdi. Həmin o kimsə elə nərildədi ki, qorxumuzdan bir-birimizin arxasına keçdik və növbəmizi gözləməyə başladıq. Nə başınızı ağrıdım, çox gözlədik… Həmin o məxluqat əlində tutduğu uzun siyahıdan bir-bir adları oxuyurdu. Saçları uzun, boyu da bizdən hündür idi. Mən onu adama oxşatmadım. Kim olduğunu da bilmirdim. Amma növbə mənə çatanda başa düşdüm. O, adları çəkdikcə sıradakılar “mən” deyib bir addım qabağa çıxır, sonra da işıq gələn tərəfə qaçırdılar. Cəhənnəmə düşmək istəmirdim. Bu sözü eşitmək qorxusu ayaqlarımı əsdirirdi. “Hüseynli Həsən” deyəndə dilim ağzımda dolaşdı. Çaşqınlıq içində dedim ki, mən Həsənəm, amma Hüseynli deyiləm. Mən Həsənli Həsənəm. O, bir qədər mənə baxdı, sonra nəzərlərini siyahıda gəzdirdi və dedi ki, “hə… düzdü… Sən qayıt geriyə, amma çalış ki, vaxtında çatasan!”

    Gəldiyim yolu dəli kimi qaçmağa başladım. Adamların arasından keçib əvvələ qayıdırdım. Təngnəfəs olmuşdum. Hiss edirdim ki, yan-yörəmdəkilər mənə həsədlə baxırlar. Amma mən onlara fikir vermirdim. Məqsədim gecikməmək idi.

    Birdən hardansa qabağıma bir it çıxdı. Mən qaçdıqca o da mənə qoşulub ayağıma dolaşırdı. Gah qabağa keçir, gah da arxadan məni çağırırdı. Ayağımla ona bir təpik ilişdirəndə heyvan dil açıb: “mənəm e, Akif, noolar, vurma”, – deyib, yazıq-yazıq zingildədi. Adını eşidəndə iti tanıdım. Keçən il kanalda boğulan Akif idi. Amma Ərafda nə gəzirdi, niyə it cildindəydi, bilmirdim. “Səni bu kökə kim salıb?” soruşanda mənə tutarlı bir cavab verdi. Dedi, filankəslərə pul borclu olduğum üçün məni itə çeviriblər. Dönə-dönə yalvardı ki, qardaşları onun adam cildinə qayıtmağını istəyirlərsə gərək borcunu qaytarsınlar, çünki Ərafda it ən alçaq heyvan sayılır.

    Nə başınızı ağrıdım, axır gəldiyim yerə çatdım. Qabağıma üç təpəgöz çıxdı. Torpaq rəngində idilər. Ucaboy, bizim kimi iki əlləri, iki ayaqları vardı. Mənimlə türkcə danışırdılar. Kim olduqlarını onlardan soranda, “size nereden geldiğimizi söylersek, bir şey anlıyacak mısın?” deyə cavab verdilər. Belə başa düşdüm ki, bu yadplanetlilər kainatın uzaq bölgələrindən gəliblər. Amma mənimlə şüuraltı formada ünsiyyətə girirdilər. Ağızları tərpənmədiyindən belə qənaətə gəlmişdim. Üçü də eyni anda cavab verirdi. Dediklərinə görə bu, toplu düşüncə tərzidir. Bir beyin olaraq düşünürdülər. Bunu anlamağa çalışanda az qala adamın gözü kəlləsinə çıxır! Beynim qarışdı bir az… Soruşdum, bəs mən evə necə qayıdım? Vaxtında çata bilməsəm məni torpağa tapşıracaqlar. “Endişelenme, eve zamanında varacaksın”, dedilər. Bir də onu dedilər ki, dünyalar arasında mübadilə aparırlar. Amma hansı mübadilədən bəhs etdiklərini ta onlardan soruşmadım. Hiss edirdim ki, yavaş-yavaş havalanıram…

    ***

    Hava işıqlanar-işıqlanmaz Kosalı kəndinin camaatı artıq yuxudan oyanmışdı. Bir azdan kəndə çaxnaşma düşəcəkdi, amma gəlin hadisələri qabaqlamayaq. Deməli, günəş öz zərrin şəfəqlərini asta-asta evlərin, ağacların, tozlu-torpaqlı yolların üzərinə çiləyirdi. Kimisi mal-qaranı örüşə çıxarmağa hazırlaşır, kimisi də toyuq-cücəyə dən səpirdi. Səhərin bu çağında Matı vay-şivən salıb kəndi ayağına almışdı:

    – Evim yıxıldı, ay camaat! Evim yıxıldı…

    Matının qabağınca qaçan it onun həşirini duyurmuş kimi hürə-hürə yatanları şirin yuxudan eləyirdi. Çox keçmədi kəndin o biri itləri də ağız-ağıza verib hürüşməyə başladılar. Gəlinin səsini eşidən Əntiqə nənə təzəcə yandırdığı siqaretini yerə atıb tələm-tələsik ayağındakı qaloşla üstündən basdı. Çəpərdən boylanıb nə baş verdiyini öyrənmək istədi:

    – Matı nolub, səhər tezdən niyə haray qoparmısan?

    – Ta noolasıdı. Həsən keçindi… – deyib, dizlərinə döydü.

    – Boy, başıma xeyir! Nejə yanı keçindi? – deyib qonşusunun çəpərinə tərəf boylandı. – Eliş ay Eliş!

    Traktorunu təzəcə xoddayan Eliş bu xəbəri eşidən kimi çəpərin o tayında yaşayan qardaşının həyətinə addadı. Obaşdan durmağa adət etmiş Mamed müəllim çiynində pencək, səhərin təmiz havasında ağacların arasında gəzişirdi. Eliş qardaşına yetişən təki Həsənin qara xəbərini ona çatdırdı… Mamed müəllim kəndin ağsaqqalı sayılırdı. Qonşu kənddə məktəb direktoru işləyirdi. El-obada böyük hörmət-izzət sahibi idi. Kişi bu acı xəbəri eşidən kimi Elişə bəzi tapşırıqlar verdi. Dedi ki, bir azdan kənd camaatı Həsənin qapısına axışacaq. Odur ki, mağar qurub, yasa tədarük görmək lazımdı. Sonra iki kök erkəyi qabağına qatıb evin böyründəki ərik ağacına bağladı. Qardaşına heyvanları Həsənin qapısına sürməyi tapşırıb, məzar qazdırmaqdan ötrü qəbiristanlığa sarı yollandı…

    Həsənli Həsən üçün kəndin qırağındakı məzarlıqda qəbir qazıldı, qapıda üzüm çardağının altında mağar quruldu. Kəndin arvadları iki-bir, üç-bir gəlib Matının başına yığışırdılar. İki kötəlli arvad da halva tədarükünə başladı. Bir azdan kişilər də həyətə girib bir tərəfdə yığnaq oldular. Amma ki, mağara keçməyə tələsmirdilər, ağsaqqalı gözləyirdilər. Mamed müəllim ayağını doqqazdan içəri basan kimi, rəhmətliyin oğlu balaca Mişkaya yaxınlaşdı. Səhərin gözü açılmamış anasının səsinə oyanan uşaq əynini geyinib həyətə düşmüşdü. Balaca da olsa atasının öldüyünü başa düşürdü. Boynunu büküb, yazıq-yazıq babasına sığınmışdı. Baba əyilib nəvəsinin nəmli yanağından öpdü, özünə sarı çəkib, başını sığalladı. Qucağına alıb bağrına basdı. Gözləri dolmuş babanın dodaqları əsirdi, öz-özünə deyirmiş təki astadan dilləndi: “Ə, Həsən, sənin ölən vaxtınıydı, bu tifili kimin umuduna qoydun… əjələ bax e…” Sonra da uşağı ehmalca yerə qoyub, “get nənəən yanına, durma burda”, deyib ağır addımlarla oğulları Asiflə Vaqifin başına yığışmış kişilərin arasına keçdi. Bu arada kəndin mollası da özünü çatdırdı və tezcə Mamed müəllimə yaxınlaşıb başsağlığı verdi. Qabaqda molla, arxasınca da Mamed müəllim və kişilər mağara keçdilər.

    Məclis əhli halvadan dadır, çaydan içə-içə mollanın söhbətlərinə qulaq asırdılar. Molla bu dünyanın faniliyindən, axirət barədə eşidib bildiyi hadisələrdən, hədislərdən danışır, məclisi qaydasında idarə edirdi. Arada kişilər rəhmətliyin qəfil ölümünə heyfsilənir, ağız-ağıza verib dünyanın etibarsızlığını dilə gətirirdilər.

    – Nər kimi oğul idi, – oturanlardan biri dedi.

    – Ailəsi başsız qaldı, – başqa birisi dedi.

    – Rəhmətlik Akif də cavan getdi. Nə qədər dedik kanalda çimmə, boğularsan, sözümüzə baxmadı. – Vaqif qardaşını belə xatırladı.

    – Bəs Həsənin şəklini niyə mağardan asmamısız? – Mamed müəllim qəfildən xəbər aldı.

    Gəlinin yaşca böyük qaynı əlindəki armudu stəkanı ehmalca nəlbəkiyə qoydu:

    – Həsən şəkil çəkdirməyi sevmirdi. Ona nə qədər deyirdik, adamın ən azından bir-iki şəkli olar, o da hər dəfə yaxşı kostyumda çəkdirmək istədiyini bəhanə gətirirdi.

    Mamed müəllim kəllə qəndi çayda isladaraq ağzına qoyub, stəkanı əlinə aldı:

    – Bəs başdaşının üstündə kimin şəkli olajax, bala?

    – Narahat olma, Mamed müəllim, indi bir adam tapıb, Həsənin şəklini çəkdirərik, – kiçik qayın hazırcavablıq elədi.

    – Ləyaxlı danış, bala. Ölən adam haqqında belə deməzlər. Həsən mərfətdi kişiydi. Hansısa bir işdən ötrü heç kimə ağız açmazdı. Ailəsini də yaxşı dolandırırdı. – Çaydan bir qurtum alıb, – hə, bir dəfə məndən kitab istəmişdi. Oxumağı sevirdi. Mişkanı savadlı görmək istiyirdi. Deyirdi böyüyəndə universitetə qoyajam. Heyf, əjəl mafar vermədi. Allah rəhmət eləsin…

    – Düz deyirsən Mamed müəllim. Oxumaq yaxşı şeydi, – böyük qayın dedi.

    – Həsənə qırxınacan baş daşı düzəltmək lazımdı, – Mamed müəllim sözünə davam etdi. – Şəkil olmasa da olar, – deyib, mağardan çıxdı və cibindən çıxartdığı onluq paçkasını Matıya verdi. İstəmirdi ki, qızının ailəsi maddi çətinlik yaşasın.

    Meyiti evin arxasında yudular. Molla cənazə namazını oxuyandan sonra üzünü ətrafındakılara tutub, “mərhumun əziyyətini çəkənlər gəlib halallıq versinlər” deyəndə, Matı dizi üstə çöküb tabutun üstünə əyildi: “Bu illərdə saa nətəər baxmışam hamısı halalın olsun”, deyib başına, sinəsinə döydü. Arxadan bacıları qoluna girib onu güclə tabutdan araladılar. Elişin traktoru doqqazın ağzında idi. Vaqif, Asif və mərhumun iki qaynı cənazəni həyətdən çıxarıb lafetə qoydular. Kişilərdən bir neçəsi lafetə minən kimi Eliş kabinəyə keçdi. O, traktoru kəndin tozlu yolları ilə yavaş-yavaş sürüb qəbiristanlığa istiqamət aldı. Mamed müəllim, molla və bir dəstə adam traktorun arxasınca buraxdığı tozanaqdan uda-uda rəhmətliyi son mənzilə yola saldılar. Onlarla bərabər kəndin itləri də Həsənli Həsənlə vidalaşırmış kimi hürə-hürə traktorun böyrünə düşdülər.

    Eliş kişi traktorunu qəbiristanlığın ağzında saxlayan kimi kişilər tez lafetdən atılıb cənazəni köməkli düşürdülər. Hərəsi mafənin bir tərəfindən yapışıb onu yenicə qazılmış qəbrin yanına qoydular. Molla bir yanda dayanıb Yasin surəsini oxumağa başladı. Hamının baxışı yerə dikilmişdi. Dözülməz bir isti vardı. Çəyirtkələrin cırıltısı yerdə qaynayan su kimi havaya buxarlanırdı. Salavat çevirəndən sonra cəsədi qəbirə qoydular. Elə üstünə təzəcə bir-iki “lopatka” torpaq tökmüşdülər ki, Vaqif qışqırdı:

    – Tərpənir!

    Onun sözünə fikir verməyən camaatın baxışları boşluqda dolaşırdı ki, Vaqif yenidən qışqırdı:

    – Tərpənir e! Meyit tərpənir! – deyib özünü qəbirə ataraq dartıb baş tərəfdən kəfəni cırmağa çalışdı.

    Həsəni qəbirdən çıxarıb üzünü şapalaqladılar. Həsən ayıldı. Kişilər hərəsi bir yandan kəfəni cırıb, əl-qolunu açdılar. Həyəcanlı dəqiqələr idi. Xortdamış gözlərini açıb başının üstündə kölgə kimi görünən adamlara baxdı. Atasının dirildiyini görən Mişka “dədə” deyib qışqırdı, boynuna sarıldı. Üz-gözündən öpdü, ağladı…

    – Qaç kəndə Matını çağır, cəld ol! – Vaqif hıçqırığını boğa bilməyən Mişkanın qolundan yapışdı.

    Mişka sevincək ayağındakı rezin şəp-şəpləri əlinə alıb üzüaşağı, kəndə sarı götürüldü.

    – Ona bir qurtum içməyə su verin, – Mamed müəllim sözünə ara verib, – sənin rəngin niyə yaşıllaşıb, bala? – deyib xəbər aldı.

    Həsən suyu başına çəkəndən sonra lüt bədənini gizlətmək üçün kəfəni üstünə çəkdi. Canı titrəyirdi, təlaşın, həyəcanın içindəydi. Bir neçə dəqiqədən sonra özünə gəldi və başına gələnləri nağıl etdi:

    – Ərafdaydım. Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim… İnanmazsınız, hamınızı görürdüm. Cənazəmin altına kimlər girdi, məni qəbiristanlığa kimlər gətirdi…

    Başına toplaşanlar həyəcanla ona qulaq asırdı. Həyatlarında belə bir şey eşitməmişdilər. Söhbət Akifdən düşəndə Mamed müəllim qəzəblə dedi:

    – Vaqif, Asif, eşidirsiz, tez qardaşınızın borcunu qaytarın!

    – Bəs sonra nə oldu? – Vaqif dözməyib xəbər aldı.

    Həsən sözünə davam etdi. Təpəgözlərdən danışdı… Onun arada türk sözləri işlətməsi eşidənlərə qəribə gəlirdi. Axı o, heç zaman türkcə danışmamışdı. Başına gələnləri nəql edəndən sonra Vaqif yenidən soruşdu:

    – Sonra nə oldu?

    – Qarşımızda qapqara bir kosmik aparat endi. Ona baxanda adamı lap vahimə basırdı. Həmin o təpəgözlər məni gəmiyə mindirib, yaşıl mayenin içinə atdılar. Bütün yolu çabalaya-çabalaya gətirdilər. Yadımda qalan elə bunlar oldu…

    Araya sükut çökdü. Mamed müəllim kürəkənə ürək-dirək verirmiş kimi əlini çiyninə qoydu:

    – Keçmiş olsun, bala…

    Bir də gördülər budu, Matı dizinə-başına döyə-döyə, arxasınca kəndin arvadları, onlardan da arxada kəndin itləri tozanağın içində qəbiristanlığa çataçatdılar. Onlardan bir az arxada asta yerişlə Əntiqə nənə gəlirdi. Özlərini çatdıran arvadlar kişilərdən həyalanıb bir tərəfə çəkilərək matı-qutu qurumuş təki Həsənə baxırdılar.

    – Başına dönüm, ay Həsən, – Matı ərini qucaqlayıb yaşıllaşmış yanağından öpdü.

    Əntiqə nənə irəli yeriyib qoltuğunda gətirdiyi şalvar-köynəyi üstünə atdı:

    – Əynini geyin ə, yekə kişisən. Bu nə oyundu başımıza açırsan, – əyilib onu öpmək istəyəndə diksinəntəhər oldu. – Bala, səndən niyə it iyi gəlir? Gedək evə Matı səni çimizdirsin.

    Bir də gördülər Mişka haray-həşirlə qəbiristanlığa tərəf qaçır. Uşağın “Həsən öldü”, xəbəri hələ özlərinə qayıtmayan adamlara daha bir şok yaşatdı. Yaxındakı qəbrin arxasına keçən Əntiqə nənə yandırdığı siqareti göyərmiş dodaqlarının arasına təzəcə almışdı ki, tezcənə yerə atıb Mişkanın qabağına çıxdı:

    – Boy, hansı Həsən a bala? Dədəni deyirsən?

    – Yox ay nənə kəndin ayağındakı Həsəni deyirəm, Totuşun dədəsini. İndicə rəhmətə getdi, – deyib güldü.

    Sən demə Əzrail kəndin qırağında yaşayan Hüseynli Həsənlə bu biri Həsəni səhv salıb özü ilə Ərafın dərin qatlarına aparmışdı. Əslində əcəli çatan elə o, idi, Hüseynli Həsən…

    – Heç nə olmaz, artıq qəbrimiz də var, qəbir daşımız da. Nə fərqi var baş daşın üstündə kimin adı yazılıb, – kiçik qayın zarafatından burda da qalmadı.

    İndi bütün kənd Hüseynli Həsənin evinə axışdı. Kəndin əyrim-üyrüm yollarında bir basabas düşdü ki, gəl görəsən. Axşamın çökməsinə hələ vardı. Bu qovhaqovda yekə bir it Həsənin ayağına dolaşır, onu yeriməyə qoymurdu. Həsən ayağıyla itə bir təpik ilişdirib “rədd ol burdan!” deyəndən sonra it bir daha ona yaxınlaşmadı. Çünki itlər artıq kosalıların gözündən birdəfəlik düşmüşdü. Bu hadisədən sonra kənddə onları günahlarına görə it cildində yaradan Allahın ən sevmədiyi heyvan hesab edirdilər.

    MƏMMƏD MƏMMƏDLİ

    “ULDUZ” jurnalı – iyul 2022

  • Təyyarla Eminin söhbəti

    Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi:

    – Bilirsən təqvim oğrusuna məhkəmədə neçə ay iş verdilər?

    – 12 ay.

    Təyyar belə əyləncəli sualları dostundan tez tez eşidirdi, bu dəfə hazırcavab oldu və bayaqdan qəlbini sarmış həyəcanını söndürmək üçün eyni ahənglə məzəyə keçdi:

    – Bəs sən bilirsən qatil əylənmək istəyəndə nə edir?

    – Vaxt öldürür?

    – Əhsən! Yaxşı bəs ona neçə il düşür?

    – Bax bunu hakimdən soruşmaq lazımdı.

    Ofisiant Təyyarın sifarişini gətirdi və pivənin qapağını ehmalca açıb bakallara süzdü və onlardan aralandı.

    (“İki dünya arasında” hekayəsindən)

  • İki dünya arasında

    (hekayə)

    Yerin mənzərəsini illüminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. Görəsən, harda idi, geriyə yolu necə tapacaqdı? Özünü toparlayıb baxışlarını kainatın bölgələrində gəzdirdi. Ulduzlar buradan nöqtə kimi görünmürdü, əksinə daha şiddətlə sayrışırdılar. Hərəsi bir rəngdə, bir çalarda görünüşlərilə sanki zülmətə meydan oxuyurdular. Və ona elə gəldi ki, ulduzlar o qədər də uzaqda deyil. Bu zaman sürət artdı, gözünün qarşısındakı mənzərə sanki rəssamın qarışıq boyalarla kətan parça üzərində yaxdığı anlaşılmaz bir rəsminə bənzədi. Gözləri torlandı, heç nəyi ayırd edə bilmədi. Ona elə gəldi ki, qarşısında nə vardısa ondan uzaqlaşır, amma qalaktikanın kiçildiyini ayırd edəndə hardan gəldiyini anladı… və insanlardan bu qədər uzaqda olmasından xoflandı. Tənhalığın vahiməsi canına üşütmə saldı. Bu zaman arxadan çiyninə dördbarmaqlı bir əl toxundu:

    – Narahat olma, biz səni olduğun yerə aparacağıq, – dedi.

    Arxaya çevriləndə baxışları boz rəngə çalan bir cüt iri gözlə qarşılaşdı. Gözlər bu yalqız insan övladının ürəyindəkilərdən xəbərdarmış kimi, onda səyahətin maraqlı keçəcəyinə əminlik yaradırdı…

    Bu dəfə isə illüminatordan baxanda qarşısında tam başqa bir mənzərə açıldı. Mavi ulduzun sehrinə düşdüyündən qamaşan gözlərini ondan çəkə bilmirdi. Bu, Deneb idi. Bir qədərdən sonra gözləri gur işığa alışdı. Daha sonra kosmik aparat ona doğru uçmağa başladı. İndi ulduz elə nəhəng görünürdü ki! Ətrafa saçdığı od-alovun işığı üzünə çökmüş vahimə qarışıq təbəssümü aydınlatdı. Deyəsən, arzusuna çatmışdı, ancaq nədənsə, Denebin orbitində canına yenidən qorxu düşdü. Az keçmiş maraq bu əcaib qorxunu üstələdi və özündə güc hiss etdiyindən hədsiz bir acgözlüklə tamaşasına davam etdi. Mavi ulduzun səthindəki tünd ləkələrdən gözünü çəkə bilmirdi. Amma yaxınlaşdıqca bu ləkələrin dağlar, dərələr olduğunu gördü. Necə də əsrarlı bir görüntü idi! Bu görüntünü heç nə əvəzləyə bilməzdi! Yavaş-yavaş ulduzun atmosferinə daxil oldular. Uçduğu kosmik aparatda uğultuya qarışan cırıltılar beynini elə sancırdı ki, az qala qulağının pərdəsi deşiləcəkdi. Çox keçmədən hərarət endi və bədəni soyumağa başladı. Büzüşüb bir küncə qısıldı. Bayıra baxmağa cürət etmirdi. Kosmik aparat dərələrin birinə enəndə boz rəngli gözlər yaxınlaşaraq ona şüuraltı məlumat ötürdü:

    – Qalx ayağa, çatmışıq. İndi bayıra çıxa bilərsən.

    Əyninə əcaib bir skafandrı təzəcə geyindirmişdilər ki, ayaqlarının altında balaca bir dəlik açıldı və getdikcə genişlənməyə başladı. Nəhayət o, dəlikdən keçib yavaş-yavaş aşağıya endi. Ayağını ulduza basan kimi dəlik kiçilib yox oldu. Özünü itirmiş halda ətrafa göz gəzdirdi. Ucu-bucağı görünməyən dərə sanki onu sonsuzluğa buraxmışdı. Ayağıyla yeri yoxladı. Bura ilk baxışda möhkəm, sərt təsir bağışlasa da bəzi yerlərdə çatlar yaranmış və ulduzun qaynayan nüvəsindən özünə yol tapmış mavi rəngdə maye axıb çökəklikləri doldurmuşdu. Buralar çox soyuq idi. Şaxtalı havanı yararaq dərədə gəzişməyə başladı. Əyildi ki, yerdən bir nümunə götürsün, ancaq alınmadı. Yer düşündüyündən də möhkəm idi. Əllərini qoşalayıb civəyə oxşar mavi rəngli mayeni ovcuna aldı. Ovcunda öz əksini görəndə yaddaşını itirmiş kimi oldu, kimliyini, hardan gəldiyini unutdu. Haldan-hala düşdü, bu müəmmalı maddə sanki ruhunu canından sovururdu. Birdən yerin çatları aralanmağa başladı. Maye qaz ətrafı bürüdü və o, dizə qədər qalxan bu sehrli maddənin içində var-gəl etdi. Hərarət durmadan artırdı. Canına istilik gəldi. Hər yan oda büründü. Cəhənnəm alovu ətrafı külə çevirirdi. Qəflətən baş verən güclü partlayış hər şeyi göyə sovurdu… Təyyar qışqırıb yerindən dik atıldı. Anası hövlnak özünü içəri atdı:

    – Nə oldu sənə, qadan alım, yuxu görürdün?

    – İşığı yandır! – Təyyar həyəcanla səsləndi.

    – A bala, səhərdi, hər tərəf işıqlıdı.

    – Ana, mən görmürəm…

    – Allah məni öldürsün, ay oğul, niyə görmürsən?

    Təyyar gözlərini ovuşdurdu, qorxu qəlbini çulğasa da anasını sakitləşdirməyə çalışdı:

    – Narahat olma ana, keçib gedər.

    Təyyarın gözündə hər yer zülmət idi. Amma təlaşı çox sürmədi. Bir qədərdən sonra gözlərinə yavaş-yavaş işıq gəldi. Bədəni tər içindəydi. Anasının yanından sivişib hamam otağına keçdi. Soyuq duş qəbul etdikdən sonra səhər yeməyini yedi, sonra da əlini telefona atdı. Xəttin o biri ucunda Emin dəstəyi götürdü:

    – Alo!

    – Salam! Gəl Malakan bağına, sənə deyiləsi sözüm var…

    Dostlar tez-tez görüşdükləri Malakan bağındakı kafedə menyunu vərəqləyirdilər. Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi:

    – Bilirsən təqvim oğrusuna məhkəmədə neçə ay iş verdilər?

    – 12 ay.

    Təyyar belə əyləncəli sualları dostundan tez-tez eşidirdi, odur ki, qəlbini sarmış həyəcanını söndürmək üçün eyni ahənglə məzəyə keçdi:

    – Bəs sən bilirsən qatil əylənmək istəyəndə nə edir?

    – Vaxt öldürür?

    – Əhsən! Yaxşı bəs ona neçə il düşür?

    – Bax bunu hakimdən soruşmaq lazımdı.

    Ofisiant Təyyarın sifarişini gətirdi, şüşənin qapağını ehmalca açıb, pivəni bakallara süzdü və onlardan aralandı. Emin bir siqaret alışdırdı, Təyyarsa çəkib qurtardığı siqaretin kötüyünü külqabına basaraq yenisini yandırdı.

    – Emin, zarafat qalsın bir yana, amma inanmazsan, dəhşətli bir yuxu görmüşəm – deyib, alnının tərini sildi.

    – Nə yuxu?

    – Bilirsən, elə bir əsrarəngiz yerdəydim ki… – dərindən ah çəkib, yuxusunu birnəfəsə danışdı.

    Bu qarışıq, çarpaşıq yuxudan bir şey anlamayan Emin soyuq, laqeyd halda əlini yellədi:

    – Hə, nə var burda, yuxudu də. Bircə o maraqlıdı ki, bu boyda əhvalatı yadında necə saxlamısan. Adətən, yuxular yaddaşdan tez silinir.

    – Bu adi yuxu deyil, gerçəklikdi… eh, səni necə başa salım. Bilirsən nə var, gəl Xaçmaza gedək.

    – Xaçmazda nə ölümümüz var?

    – Sənə möcüzə göstərmək istəyirəm.

    Təyyar yol boyu hələ də ötən gecə gördüyü yuxunun təsirindən ayıla bilmirdi. Nədən danışırdısa, yenə mövzunu o əsrarlı yuxunun üstünə gətirirdi.

    – Sən lap kino görmüsən ki… – Emin yuxu haqda təəssüratını belə tamamladı. Sonra dostunu indicə görürmüş kimi diqqətlə üzünə baxdı:

    – Mənə sarı çön görüm, elə bil gözündə çəplik var.

    – İndi görürsən bəyəm? Bu, anadangəlmədi. Sağ gözüm dartmır…

    Onlar Xaçmaza gecəyarı çatdılar. Emin maşını meşəlikdə yerləşən istirahət mərkəzinə sürdü. Özlərinə rahat bir ev tutdular. Yolun yorğunluğunda otağa girən kimi çarpayıya sərələndilər. Ancaq çəyirtkələrin cırıltısı, bir də mələfələrə hopmuş meşənin nəmişliyi yuxularına zəhər qatırdı. Təyyar yerinin içində bir siqaret yandırıb tüstünü hərisliklə içinə çəkdi. Emin də əlini alışqana atdı. Adda-budda nə danışırdılarsa, söhbət yenə möcüzəvi yuxunun üstünə gəlirdi.

    Söhbətin qızğın yerində bayırdan gələn güclü işıq dalğası pəncərəyə elə çırpıldı ki, şüşələr çilik-çilik oldu. Səbəbini anlamayan dostlar qorxu içində baxışdılar və bircə anda gözlərinə qaranlıq çökdüyündən yerlərindəcə qurudular. Bəbəklərinə nüfuz edən fotonlar elə bil beyin hüceyrələrini yerindən oynatmışdı. Handan-hana gözlərinə işıq gəldi.

    – Bu nədi ə? Nə baş verir burda? – Emin əlləri ilə başını tutdu

    – Mən sənə demişdim axı… Bu da sənə möcüzə. – Təyyar cəld özünü bayıra atdı.

    Aralıda iri ağacların arasından boylanan ağ rəngli bir şar nəzərini cəlb etdi. Şar o qədər böyük idi ki, qaranlıq meşənin səssizliyində insanı vahimələndirirdi. Təyyar yadplanetlilərin ondan ötrü gəldiyini zənn etdi və şara doğru qaçmağa başladı. Canında xof olsa da hansısa bir cazibə qüvvəsi onu şara sarı çəkirdi. Uzaqdan əcaib məxluqları görən kimi “Mavi ulduz! Yay üçbucağı! Deneb!” – deyə, qışqırmağa başladı. Ancaq yadplanetlilər ona əhəmiyyət vermədən kosmik aparatlarına mindilər. Təyyar sürətini artırıb onlara çatmağa çalışırdı, “bir dayanın, məni də götürün” – deyib, elə hey qışqırırdı. Bu vaxt ayağı büdrəyib üzüqoylu gölməçəyə yıxıldı. “Mavi ulduz! Mavi ulduz!” – deyib, əlini onlara sarı uzatdı. Ancaq gec idi. Şar sürətlə göyə qalxıb, bir göz qırpımında havada itdi. Təyyar sevimli oyuncağını itirmiş uşaq kimi məyus oldu. Kim bilir, belə bir fürsətlə bir də qarşılaşacaqdımı… Təngnəfəs halda ayağa qalxıb üst-başını çırpdı və suyu süzülə-süzülə geriyə döndü.

    Otağa girər-girməz Emin suallarını uc-uca caladı:

    – Dostum, nə baş verir burda? Bu nə möcüzədir?

    Təyyarın arzusu bir anda içindən tüstüsü çıxan çürümüş qoz kimi puç olmuşdu. Heysiz halda mızıldandı:

    – Filmin belə sonluqla bitəcəyini heç gözləmirdim…

    Onlar bütün gecəni gözlərinin qarşısında baş vermiş hadisəni müzakirə etdilər. Söhbət o qədər uzandı ki, nə vaxt yuxuya getdiklərindən belə xəbərləri olmadı. Axşamdan cırıldaşan çəyirtkələr də səslərini kəsmişdilər…

    Hava küləkli idi. “Əlif Hacıyev” elmi tədqiqat gəmisi dalğaların arasında yırğalanırdı. Xəzri göyün üzünü alan qara buludları ora-bura qovur, onlar da sanki buna etiraz olaraq hirsini şimşəklə çıxarırdılar.

    Gəminin göyərtəsində qapıdan bərk-bərk yapışıb qəzəblə yağışı seyr edirdi. Bədəni titrəsə də soyuğu hiss etmirdi. Yırğalandıqca gözləri dalğalanır, ürəyi ağzına gəlirdi. Ancaq ona verilən tapşırıq narahatlığını bir bal artırdı.

    Kapitanın göstərişilə batmış sualtı qayığı tədqiq etmək üçün arxası üstə dənizə kəllə vurdu. Yavaş-yavaş Xəzərin dərin qatlarına dalmağa başladı. Su bulanıq olduğundan üç-beş metrdən o yanı görmək mümkün deyildi. Yan-yörəsindən balıqlar şütüyüb keçirdi. Onların gümüşü pulcuqları bulanıq suda sanki ay işığının altındaymış kimi bərq vururdu. Balıqlar o qədər yaxında idilər ki, hətta, əllə onlara sığal çəkirdi. Ancaq balıqlar onun nəvazişini duyurmuş kimi onunla oynaşırdılar. Dərhal suda itir, sonra da kabus kimi qəfildən peyda olurdular.

    Qolundakı cihaza baxdı – 130 metri göstərirdi. Hələ bir qədər də enməli idi, çünki bu ərazidə suyun dərinliyi 240 metrə çatırdı. Dərinliyə daldıqca suyun hərarəti yavaş-yavaş aşağı düşürdü, o isə buna əhəmiyyət vermir, “görəsən sualtı qayıq hansı səbəbə batıb? Onu tapmaq mümkün olacaqmı?” – sualları ilə beynini yükləyirdi. Nəhayət, dənizin dibi göründü. Başındakı fənəri yandırıb ətrafa göz gəzdirdi. Su o qədər bulanıq idi ki, bir neçə metrdən qabağı görmək olmurdu. Əlini qumun üzərində gəzdirdi. Lil səhrada qopan fırtına təki suyu bulandırdı. İrəliyə doğru üzməyə başladı. Qayığı tapmaqda israrlıydı. Ziqzaqvari üsulla axtarışına davam etsə də qayığın qırıntılarına belə rast gəlmədi. Bu zaman kütüm sürüsü onu əhatəyə aldı. Başının üstündə, ətrafında fırlanan balıqlar əvvəlcə ona yaxınlaşmağa cürət etməsələr də sonradan oğlanın kombinezonunu dartışdırmağa başladılar. Təkləndiyini görəndə əl-qol atıb onları özündən kənarlaşdırmağa çalışdı. “Bəlkə məni yemək istəyirlər?”, – bir anlıq ağlından keçirdi. Ancaq balıqlar pərən-pərən olub, yenidən sürü halında ona doğru üzəndə yəqin etdi ki, bu dilsiz-ağızsızlar nəyisə göstərmək istəyir. Dərhal arxalarınca üzməyə başladı. Xeyli üzmüşdü ki, relyefin dəyişdiyini hiss etdi. Dənizin dibində şiş qayalar gördü. Balıqlar onu qayalıqların arasıyla aparırdılar.

    Qarşıda üstü lillə örtülmüş böyük, dəyirmi bir lövhə gördü. O, torpağın səthində üfüqi şəkildə quraşdırılmış olsa da ağzı bağlı idi. Özünə yol açmaq üçün qaynaq aparatını işə saldı və təxminən bir metr enində olan dəmir plitəni kəsdi. Açdığı yerdən içəri daxil oldu. Bura beş-altı metr uzunluğunda otaqvari bir yer idi. “Dənizin dibində ağzı bağlı dəmir otaq kimə lazımmış görəsən?” – düşündü. Bu zaman gözü divardakı qırmızı düyməyə sataşdı. Altında “сброс воды” sözü yazılmışdı. Bildi ki, burada daha bir keçid olmalıdır. Barmağı ilə düyməni bassa da heç nə baş vermədi. Dərhal bölmənin divarlarını, döşəməsini nəzərdən keçirdi. Döşəmə tərəfdə başqa bir lyuk gördü və nə qədər güc verdisə də ağzını aça bilmədi. Tələsirdi. Qolundakı saata baxdı. Vaxtına az qalmışdı, qayıtmaq məcburiyyətində qalsa da, “bir bunu da aç” – deyə yenidən qaynaq aparatını işə saldı. Lyukun ağzını açıb növbəti otağa daxil oldu. Burada divarın yan tərəfində bir qapı gördü. Eyni hərəkətlə özünə yol açıb içəri sivişdi. Geniş dəhlizlə irəliyə doğru üzdü və sonda daha bir qapı ilə rastlaşdı. Bu dəfə də qapını kəsib növbəti məkana keçəndə gözləri torlandı. O, böyük, hərbi bazanın içində idi. Su bazanı basmışdı. Bir az da irəlidə düşündüklərinin doğruluğuna əmin oldu. Qarşıda bir-birinin ardınca şaquli vəziyyətdə düzülmüş qitələrarası, nüvəbaşlıqlı raketləri görəndə buranın radioaktiv bir yer olduğunu anladı. Tez ayaqlarını işlədib bazanı tərk etməyə çalışdı. Qapıya çatanda havanın azaldığını hiss etdi. Təşviş içində gəldiyi yolla üzməyə başladı. Dəhlizdə isə havası tamamilə qurtardı. Hava udmaq ümidilə bir neçə dəfə dərindən nəfəs aldı. Boğula-boğula yerində çabalayırdı ki, Emin onu yüngülcə silkələyib ayıltdı:

    – Deyəsən pis yuxu görürdün. Danış görək, bu dəfə başımıza nə gələcək?

    Təyyar gözünü açdı, zəndlə dostuna baxdı, harda olduğunu anlamağa çalışdı. Özünə gələn kimi:

    – Bu dəfə dənizdə olacaq, – dedi.

    – Nə olacaq? Yadplanetlilərdi yenə?

    Təyyar əynini geyindi və bir siqaret yandırdı:

    – Axşamtərəfi sahilə gedərik.

    Çimərlikdə iki nəfər xilasedici qumun üstündə özlərini axşam günəşinə verirdilər. Emin bu dəfə özünü toparladı:

    – Başlayanda xəbər eləyərsən.

    Sahildən xeyli aralıda böyük bir gəmi suyun üzərində ləngər vururdu.

    – Görəsən o nə gəmidir elə? – Emin xəbər aldı.

    – Ora bax! Balıqları görürsən? – Təyyar dedi.

    Emin nəzərlərini sahilə cırmaq atan dalğaların üzərində gəzdirdi. Balıqlar sudan sıçrayıb özlərini qumun üstünə elə atırdılar, elə bil duzlu su onların məskəni deyilmiş. Təyyar başa düşdü ki, balıqlar ona hərbi bazanın yerini göstərmək istəyir. Tezcə ayağa qalxıb özünü dənizə atdı.

    – Dayan, hara gedirsən? – Emin arxasınca qışqırdı.

    Təyyar ona əhəmiyyət vermədən dalğaların arasında ağır-ağır irəliləyib, suya kəllə vurdu. Özünü sahilə yan alan gəmiyə çatdırmaq istəyirdi. Gəmi isə hələ xeyli uzaqda idi. Təyyarın əhədi kəsilirdi. Emin isə bayaqdan sahildə var-gəl edir, dostunu gözdən qoymurdu. O, əl-qol atıb dalğaların arasında itəndə Emin onun boğulduğunu başa düşdü və dərhal özünü xilasedicilərə yetirdi. Onlar motorlu qayığa minib Təyyarın itdiyi əraziyə üzdülər. Köstəbək kimi o tərəf-bu tərəfə boylansalar da Təyyarı tapmadılar. Sahildə dayanıb bütün bunları həyəcanla izləyən Emin səbirsizlikdən dırnağını çeynəyirdi. Bu zaman dalğaların arasında ləngər vuran Təyyarın yaşıl köynəyini gördülər. Amma tapdıqları yalnız köynək oldu. Ərazini yenidən yoxladılar və nəhayət, gözləri Təyyarın suda yırğalanan qollarını aldı. Qayıqdakılar onu qarmağa keçmiş balıq kimi sudan çıxardılar. Sahilə çatan kimi qumun üstünə uzadıb, süni nəfəs verməyə başladılar. Təyyar palçıq vulkanı təki daxilindəki mayeni qusdu, sonra da dərindən bir neçə dəfə təmiz havadan uddu. Damarlarına nüfuz edən oksigen onu həyata qaytardı.

    Yol boyu heç biri danışmadı. Evlərinə çatanda bir dəstə polisin dünən gecə baş vermiş partlayışla bağlı adamları sorğu-suala tutduğunu gördülər. Vəziyyətin dəyişəcəyini anlayan dostlar tez maşına minib aradan çıxdılar…

    Qürub çağı qaranlıq bir məkana daxil oldu. Hər tərəf zülmət içində idi. Əl fənərini yandıranda bu yerin kiçik bir mağara olduğunu anladı. İşığı mağaranın divarlarına tutdu. Yuxarıdan aram-aram tökülən su damcılarının əks-sədası səssizliyi pozurdu. Damcılar hər dəfə yerə düşdükcə ürəyində saymağa başladı. Bir, iki, üç… Ayağını gölməçənin üstünə basıb irəliyə doğru bir-iki addım atıb dayandı. Fənərini üzüyuxarı tutaraq nəm tavandan sallanan damlaların qopub-düşən rəqsinə bir qədər tamaşa etdi. Mağaranı kəşf etmək həvəsinə düşdü. Damcı səsləri addımlarında itdi. Az getmişdi ki, daş-qayaya dirəndi. “Mağara elə bura qədər imiş”, – deyə düşündü. Daş-divara zəndlə baxırdı ki, gözü balaca bir oyuğa sataşdı. Əlini uzadanda oradan sərin mehin əsdiyini hiss etdi. Bildi ki, mağaranın ikinci çıxışı da var. Deşiyi böyütmək istəyəndə hörülmüş divar soyuqda ayaq altda qalan donmuş gölməçə kimi çatladı. Buzqıran gəmitək özünə yol açdı. Uçurduğu divarın arasından keçmək istəyəndə arxadan gələn səs elə bil onu yerə mıxladı:

    – Getmə, dayan! Geriyə qayıt!

    Bu, çəp gözlərlə ona baxan başqa bir Təyyar idi.

    – Sən kimsən? – Qorxacaq səslə soruşdu.

    Özünü tanısa da gözlərinə inanmadı.

    – Qayıt geriyə! – Yerində fırr eliyib gözdən itdi.

    Fənərin işığında ora-bura göz gəzdirdi, amma bir ins-cins gözə dəymədi. Gördüyü Təyyar qeybə çəkilmişdi… İnadkarcasına yerə tökülmüş daşların arasından keçib dar bir dəhlizlə irəlilədi. Bura o qədər nəmişlik idi ki, lap ürəyi sıxılırdı. Gözləri qaraldı. Özünü toparlayıb birtəhər yoluna davam etdi. Mağaranın bu hissəsi nisbətən aşağıya doğru gedirdi. Dar boğazdan sivişib ayağını yerə basanda sürüşüb qurşağadək suya batdı. İşığını ətrafda gəzdirdi və buranın çox geniş bir yer olduğunu gördü. Üzə-üzə irəli keçdi. Gur işığın altında bərq vuran mərmər çıxıntılar mağaranı əlvan rənglərə boyadı. Bayaqdan canında gəzdirdiyi xof sovrularaq bir anda yox oldu. Mağaranı kəşf etməsinə çox sevinirdi. Elə oradaca düşündü ki, bu yer haqqında heç kəsə danışmayacaq.

    İrəlidə üst-üstə yığılmış iri sandıqlar gördü. Maraq ona güc gəldi. Cəld sandıqlardan birinin ağzını açdı. Daş-qaşları, qızıl sikkələri görüncə gözləri qamaşdı. Ağzı açıla qalmışdı, sevincindən az qala bayılacaqdı. Vaxt itirmədən ciblərini doldurub, aradan çıxmaq istədi. Ancaq düşdüyü yerdən qalxa bilmədi. Hər dəfə çıxmaq istəyəndə sürüşüb suyun içinə düşürdü. Ha çalışdı, ha cəhd elədi, düşdüyü yerdən çıxa bilmədi ki, bilmədi.

    – Bu dəfə səninlə gedirəm. Dost deyilik, xəzinəni aramızda bölərik. – Emin onun yuxusuna qulaq asdıqca şirniklənirdi.

    – Xəzinə o qədər böyükdü ki, hamısını apara bilməyəcəyik.

    – Yaxşı, bəs bu xəzinə harda, hansı mağarada gizlədilib?

    – Şahdağda.

    – Sən buna əminsən?

    – Əlbəttə. Mən yuxularımda səyahət edirəm.

    – Necə yəni səyahət edirsən? – Emin təəccübləndi.

    – İnsan yuxuda paralel dünyaya keçir və ruhu bədənindən ayrılandan sonra uzaq məsafələri qət edə bilir. Yəni, bizim yaşadığımız gerçəklik eynilə paralel dünyada da mövcuddur. Mən buna inanıram – deyib, zəndlə gözlərinə baxdı.

    – Sənə inanıram.

    – Mən bu dünyada olarkən paralel dünyaya keçməyə çalışıram. Artıq iki dəfə cəhd etmişəm.

    Araya sükut çökdü. Dostlar hələ bir qədər skamyada oturub, yemə toplaşan göyərçinlərə tamaşa etdilər.

    Səhər obaşdan Emin qapının ağzını kəsdirdi. Təyyar vaxt itirmədən bel çantasını götürüb evdən çıxdı. O, ürəyinə gələnləri dostundan gizlətmədi:

    – Hiss edirəm ki, bu dəfə paralel dünyaya keçə biləcəm.

    – Mənə də elə gəlir…

    Dağın yamacında maşını saxlayıb yoxuşla təzəcə qalxmağa başlamışdılar ki, göyün üzündə süzən nəhəng bir qartal başlarının üstünü kəsdirdi. Ancaq başları söhbətə qarışdığından quşa fikir vermirdilər.

    – Görəsən, xəzinəni orada gizlətmək kimin ağlına gəlib? – Emin soruşdu.

    Təyyar böyük bir sirr açırmış kimi pıçıltıyla dilləndi:

    – Xəzinə Qacarlar dövründən qalıb. Düşmən əlinə keçməsin deyə, mağarada gizlədiblər.

    – Yaxşı, bəs sən o yeri necə tapacaqsan?

    – Mağaranın girişinin hər iki tərəfində iri qaya parçası qoyulub. Biz ora yaxınlaşanda bunu görəcəyik.

    Qarşıda sıldırımlı qaya yolu kəsdiyindən dostlar onu yan tərəfdən keçməli oldular. Yandırıcı günəş başlarına döysə də oğlanlar dayanmadan qan-tər içində dikdiri dırmaşırdılar. O qədər hündürə qalxmışdılar ki, başları gicəllənirdi. Bu yerlərdə otlar susuzluqdan saralıb solmuş, tək-tük görünən ağaclarda isə quşlar yuva qurmuşdu. Dönüb arxaya baxdılar, gözlərinin qarşısında gözəl bir mənzərə açıldı. Bir-birindən aralı, nizamsız tikilmiş kənd evləri, gül kələminə bənzəyən hamar meşələr, onlardan da o yana alçaq dağlar… Bayaqdan başlarının üstündə dövrə vuran qartal qəflətən qıyya çəkib onların üstünə şığıdı. Dostlar yırtıcı quşun caynağına keçməsinlər deyə, hərəsi bir tərəfə çəkildi.

    – Mən onu görürəm, ora bax! – Təyyar əliylə dostuna mağaranın girişini göstərdi.

    – Mən də gördüm. Gəl tez dırmaşaq, canımız da bu quşdan qurtarsın. – Emin onun yaxasından yapışıb özünə tərəf çəkdi.

    Bu zaman qartal qırıcı təyyarətək yenidən onlara tərəf şığıdı, bir göz qırpımında Təyyarı caynağına alaraq havaya qaldırdı. Quşla əlbəcaynaq olan Təyyar onun boğazından yapışdı. Vəziyyətin dəyişdiyini görən yırtıcı şikarını caynağından buraxdı, ancaq Təyyar tutduğu yerdən bərk yapışmışdı. Və ikisi də göydə vurulan təyyarə kimi “tüstüləyə-tüstüləyə” yaxınlıqdakı sal qayanın üstünə çırpıldılar. Emin bir mağaraya baxdı, bir də yerdə zarıyan dostuna… Cəld dağı enməyə başladı. Təyyar ağrıdan canını dişinə tutaraq qıvrılmışdı. Emin onu çiyninə aldı, çətinliklə də olsa dağı asta-asta endi. Yaralını dərhal maşının arxa oturacağına uzadıb vaxt itirmədən rayon xəstəxanasına çatdırdı.

    Təyyarın dörd qabırğası sınmışdı. Həkim ilk yardım kimi ona ağrıkəsici iynə vurub palataya yerləşdirdi. Sonra Eminə xəbərdarlıq etdi:

    – Dostun hələ bir neçə gün burda qalmalı olacaq.

    Emin bütün gecəni dostunun çarpayısından aralanmadı. Gecənin səssizliyində Təyyar üz-gözü sarıqlı halda baş verənləri zarıya-zarıya Eminlə müzakirə edirdi:

    – Mən ba-şa düş-düm. Ayyy… – Təyyar ağrıdan qırıq-qırıq danışırdı – Hər şeyi indi başa düşdüm. Paralel dünya ilə yaşadığımız gerçəklik arasında bir sədd mövcuddur. Mən onu neçə dəfə aşmağa çalışdım, arzularımın arxasınca düşdüm. İndi özümü sanki iki dünya arasında asılmış kimi hiss edirəm…

    Təyyar o səddi aşa bilməsə də əmin idi ki, yuxularında arzuladığı yerə səyahət edib. İnanırdı ki, paralel dünyada ayağını ulduza basıb, Xəzərin dibindəki hərbi bazada olub, mağarada xəzinə tapıb. İnanırdı ki, röyalarında yenə ora qayıdacaq. O, buna inanırdı…

    MƏMMƏD MƏMMƏDLİ

    “ULDUZ” jurnalı – mart 2022

  • Cons, Kobeyn və əfsanəvi “27-lər klubu”

    Bakı, 5 yanvar, Məmməd Məmmədli, AZƏRTAC

    Fevral ayında dünyaya gəlmiş ingilis Brayn Cons və amerikalı Kurt Kobeyn insanı ovsunlayan, möhtəşəm musiqiləri ilə şöhrətlənib ulduz olandan sonra 27 yaşında dünyalarını dəyişdilər.

    Gözlənilməyən bir təsadüf nəticəsində, “The Rolling Stones” və “Nirvana” qrupunun yaradıcıları gənc yaşlarında səhnəyə gəlib və az bir müddətdə məşhurlaşdıqdan sonra rok tarixində ən yaxşı ifaçılar kimi yadda qaldılar. Cimi Hendriks, Canis Coplin, Cim Morrison və Emi Vaynhaus kimi nəhənglər məhz haqqında danışacağımız klubun üzvləri idilər.

    AZƏRTAC şöhrətin ən uca zirvəsinə çatmış, lakin 27 yaşlarında dünyasını dəyişmiş ifaçıların faciəvi taleyinə nəzər salan Cons, Kobeyn və əfsanəvi “27-lər klubu” sərlövhəli yazını təqdim edir.

    “27-lər klubu” çılğın, nizamsız və ipə-sapa yatmayan musiqiçiləri bir araya gətirərək, onları daha da məşhurlaşdırdı. Ancaq başgicəlləndirici şöhrət, narkotikanın təsiri və musiqi sənayesinin mənfilikləri bu istedadları uçuruma sürüklədi və onlar da üzləşdikləri bəlalardan vaxtında xilas ola bilmədilər.

    Cons, Hendriks, Coplin və Morrison biri-birindən üç il fərqlə dünyalarını dəyişdilər, bu da onların, xüsusən də Roknroll sənətçiləri arasında şübhə və dedi-qoduların yaranmasına səbəb oldu.

    Cons (1942-1969) kimi tanınmış multi-instrumentalist və bəstəkarın cəsədi İngiltərənin Sasseks şəhərindəki evinin hovuzundan tapıldı. “The Rollings Stones”dan qovulmuş gitaraçının son illərdə narkotikadan güclü asılılığı yaranmışdı. Consun ölüm səbəbini bəziləri astma tutması nəticəsində suda boğulması ilə əlaqələndirirdilər. Ancaq bu, birmənalı qarşılanmamış və digər mülahizələrlə yanaşı, onun öldürülməsi ehtimalı da irəli sürülmüşdü.

    Musiqi tarixində ən yaxşı gitara ifaçılarından biri hesab edilən amerikalı Cimi Hendriks (1942-1970) yaxın münasibətdə olduğu bir qızdan aldığı həbləri yüksək dozada qəbul etdiyi üçün dünyasını dəyişdi. Amma cəsədin müayinəsi onu deməyə əsas verdi ki, ifaçının əsl ölüm səbəbi ağciyər emfizeması idi.

    Şimali Amerikalı, rok və bluzun ən güclü sənətkarlarından biri Coplin (1943-1970) Los-Ancelesdə heroini yüksək dozada qəbul etməsindən dünyasını dəyişdi.

    Ardınca hippi hərəkatının nümayəndəsi, “The Doors” qrupunun vokalçısı, içki düşkünü Cim Morrison (1943-1971) həddindən artıq heroin istifadə etdiyinə görə Parisdə ürək tutmasından öldü.

    İngilis yazıçısı və tədqiqatçısı Lesli-Ann Consun sözlərinə görə, “27-lər klubu”nun gənc ulduzlarının qara tale yaşamaları barəsində söz-söhbətlər uzun zaman dövri mətbuatın gündəmindən düşmədi.

    Morrisonun vəfatından 23 il sonra, 1994-cü il aprelin 8-də Kobeynin cəsədi Sietldakı (ABŞ) evində təmizlik işləri görən bir xadimə tərəfindən tapıldı. Hüquq-mühafizə orqanları ölüm hadisəsinin sui-qəsd olduğunu müəyyən etdilər. “Nirvana” qrupunun yaradıcısı Kurt Kobeyn özünü tüfənglə vurmazdan əvvəl, həyat yoldaşı Kortni Lava yazdığı məktubda qızına yaxşı baxmasını vəsiyyət etmişdir.

    Müğənni və bəstəkar, özünün əfsanəvi “Nirvana” qrupu ilə qranj üslubunu yaradan Kobeyn möhtəşəm ifası ilə öz həmyaşıdlarını heyran etdi. Musiqi sənayesinin çətinliklərinə baxmayaraq “Smells like teen spirit” və “Come as you are” mahnıları ilə tamaşaçıların rəğbətini qazandı.

    Kobeyn depressiya və narkotik asılılığından əziyyət çəkirdi, hətta müalicə olunsa da onlardan xilas ola bilməmişdi. Qısaömürlü karyerasına baxmayaraq, Kobeyn milyonlarla diskini dünyanın bir çox ölkələrində sata bilmişdi. Onun ölümü ictimaiyyətdə “27-lər klubu”nun mövcudluğu barədə fikrin irəli sürülməsinə gətirib çıxardı. Yeri gəlmişkən, 17 il sonra bu klubun üzvü, Britaniya Krallığının ən yaxşı ifaçılarından olan Emi Vinhausun “Back to Black” studiya albomu beş dəfə “Grammy” mükafatını qazandı.

    Tədqiqatçı Lesli-Ann Consun fikrinə görə, Eminin təkzibolunmaz istedadı, narkotik və içkiyə olan aludəsi, bundan başqa uşaqlıqda psixoloji zədə alması gələcək ifaçının taleyini yazmışdı. Klubun üzvləri çox həssas, eyni zamanda, üsyançı və özlərinə əmin olmayan istedadlı gənclər idi. Belə sənətçilər özlərini həmişə tənha hiss edir, həyatlarının bir çox məqamlarında tənqidə məruz qalırlar. Digər tərəfdən, onlar musiqi sənayesinin qurbanları oldular. İfaçıları ticarət məhsuluna çevirmə cəhdləri onlar üçün pis fəsadlarla nəticələndi. İfaçılar özləri də hiss edirdilər ki, şöhrət onların şəxsi həyatlarını zəhərləyir, arzularını heçə sovururdu.

    Səsyazma studiyaları musiqiçilərin etibarını qazanmaq və özlərini layihədə saxlamaq üçün, tez-tez onları istədikləri şeylərlə təmin edir, hətta onlara narkotik maddə ötürürdülər. O da var ki, bu sənətçilərin yaşadıqları dövrü nəzərə almaq lazımdır. Bu dövr azadlıq və sülh istəyən, Vyetnam müharibəsinə yox deyənlərin zamanı idi.

    Əlbəttə, 27 yaşında dünyasını dəyişən digər ifaçılar da var, ancaq Cons, Hendriks, Coplin, Morrison, Kobeyn və Vaynhaus kimilərinin ölümü o zaman milyonlarla insanı şoka salmışdı.

    Yaşasaydı, 2022-ci il fevralın 20-sində Kobeyn 55 yaşını qeyd edəcəkdi, Cons isə 80-ci baharını adlayardı. Klubun digər üzvləri ilə yanaşı, onlar da mahnılarının dinlənilməsi reytinqində zirvəyə yüksələr, yaxud da öz xarizmatik fotoları ilə məşhur jurnalların üzqabığını bəzəyərdilər. Ancaq onlar talesiz olduqlarından sanki sözləşmişdilər ki, həyatdan cavan getsinlər.

    Bütün bunlara baxmayaraq, onların əziyyət və böyük zəhmətlə qazandıqları uğur və cazibədar şəxsiyyətləri ətrafında gedən söhbətlər indiyədək səngimir. Nəzərə alsaq ki, “The Rolling Stones” hələ də yaşayır, “Nirvana” isə artıq mövcud deyil.

    Tərcümə etdi: Məmməd Məmmədli

  • Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Hər zaman yaddaşları közərdən Playa del Amor

    Bakı, 3 noyabr, Məmməd Məmmədli, AZƏRTAC

    Meksika deyəndə ilk növbədə “Ölülər günü”, kalendula çiçəyi, yaxud da şokoladdan hazırlanmış kəllə sümüyü yada düşür. Sakit okeanın qumlu sahilləri, çılpaq qayaların üstündə özlərini günə verən suitilər, suyun altında “uçan” skat balıqları Meksikanın fərqli bir təbiətə malik olduğunu düşünməyə əsas verir. Bu ölkənin möhtəşəm məkanlarından olan Milli Antropologiya Muzeyi isə sirlərlə dolu kəşf olunmamış qədim bir adanı xatırladır. AZƏRTAC Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.

    Playa del Amor (Sevgi çimərliyi)

    Sevgi çimərliyi Kabo San Lukas dənizindən çox da aralı olmayan Los Kabos mirvarisi, turistlərin ziyarət edə biləcəkləri əsl cənnət məkanıdır. Bu, Sakit okeanın girişində Mar de Kortes dəniz sularının yuduğu sonuncu çimərlik sayılır. Sevgi çimərliyi turistlərə öz təmiz suyunu və dəniz həyatının sirlərini – sualtı macəra, müxtəlif balıq növləri və təsəvvürə gətirə bilmədiyiniz bitkilərlə zəngin təbii akvarium təklif edir. Hər iki tərəfdə, qayaların üstündə suitilər özlərini günə verir, insana əsla zərər yetirməyən skat balıqları isə suyun altında sanki uçurlar. Playa del Amor çimərliyinə giriş yalnız dənizdən mümkündür. Su taksiləri sizi münasib qiymətə o baş – bu başa çatdıra bilər.

    Xanitzio adası

    Patzkuaroya gəlişinizdə “Xanitzio” adlanan gölün ortasında bu möhtəşəm adanı kəşf edəcəksiniz. Xatırladaq ki, adanın tarixinin, xalqın adət ənənlərinin, geyiminin və dilinin qorunması sayəsində ona “Möcüzələr kəndi” adı verilmişdir. Onun ilkin adı Purepeça-Xanitzio, başqa sözlə, buğda və ya qarğıdalı çiçəyidir. Adaya çatmaq üçün Patzkuaro limanında qayığa minməli olacaqsınız. Tur təxminən 20 dəqiqə çəkir.

    Holbox

    Holbox öz cazibədarlığı ilə uşaqdan tutmuş, böyüyə qədər hamını heyran edir. Onun mülayim iqlimi, çılpaq, bəzən də daşlı-qayalı təbiəti, insanın qəlbinə rahatlıq gətirən dənizinin mavi suları günəşi və çimərliyi sevənlər üçün inanılmaz bir məkandır. Holbox adası flora və faunanın ən nadir canlıları üçün bir evdir. Aprel və oktyabr aylarında bura 400 mindən çox çəhrayı flamenko quşları köç edirlər. Adanın suları delfin və balina köpəkbalıqları üçün bir sığınacaq, bəzi yırtıcılar üçün isə yaxşı ov yeridir.

    Milli Antropologiya Muzeyi

    Sizi Mərkəzi Amerika mədəniyyəti, onun bu günə qədər hifz olunmuş zəngin mirası maraqlandırır? O zaman Meksikanın Milli Antropologiya Muzeyi bu ölkəyə səfəriniz zamanı ziyarət edəcəyiniz ən maraqlı və heyrətamiz məkanlardan biri ola bilər. Muzey 1964-cü il sentyabrın 17-də ölkənin aborigen keçmişini yaşatmaq məqsədilə açılıb. Burada ziyarətçilər üçün müxtəlif məşğuliyyət növləri vardır. Milli Antropologiya Muzeyinin zallarında nümayiş olunan eksponatlar zaman ardıcıllığı ilə yerləşdirilib. Keçmişə səyahət muzeyin El Paraquas (çətir) adlanan həyətindən başlayır. Çətir turistləri günəşin yandırıcı şüalarından və yağmurdan qorumaq məqsədilə qurulub. Həyətdə döyüşçü bəbir və qartalın heykəli, seiba ağacı və ispanların bu əraziləri fəth etməsini əks etdirən qılınc abidə ucalır.

    Barranka del Kobre 

    Bu yerlərdə dağların əzəməti sizdə onun hər bir guşəsini kəşf etməyə istək yaradacaq. Zəngin florasına valeh olacaqsınız. Hər addımda şam, palıd, kaktus və qovaq ağacları ilə qarşılaşacaqsınız. Dağların arasındakı çuxurlarda çəkdirəcəyiniz fotoşəkillər sizə səyahət zamanı yaşadığınız ən gözəl xatirələri yada salacaq. Barranka del Kobre Çihuahua şəhərinin cənub-qərbində yerləşir. Siz bu gözəl yerləri iqlim çətinliklərini dəf edə bilən və bu əzəmətli dağ silsiləsinin yerli sakinləri raramurislərlə söhbət etməyi qaçırmayan bir macəraçı kimi kəşf edin.

    Koyoakan

    Meksikanın orta əsrlər İspaniyasının müstəmləkə torpaqları olduğunu bütün gözəlliklərilə yalnız Koyoakanda görə biləcəksiniz. Şəhərdən kifayət qədər uzaq məsafədə yerləşən bu ərazidə qədim küçələri, meydanları, alçaq evləri kəşf edəcəksiniz. Bu yerlərdə müasir göydələnlər, böyük şəhərlərdəki kimi sıxlıq yoxdur. Bu qəsəbəni ziyarət edərkən onun hər bir döngəsini, künc-bucağını gəzməyi, yerli mətbəxindən dadmaq fürsətini qaçırmayın. Meksikanın tanınmış rəssamı Frida Kalhonun ev muszeyi də burada yerləşir.

    Pipila abidəsi

    Quanaxuato şəhərində yerləşən bu abidə Pipilanın xatirəsinə ucaldılmış abidədir. Heykəltəraş Xuan Fernando Olaquibel abidəni çəhrayı daşlardan ucaldıb. 1939-cu ildə abidənin açılışı olub. Bu ərazi ətrafı 360 dərəcədə seyr etmək üçün bir məntəqə kimi istifadə olunur və insanlara Quanaxuato şəhərinin gözəl mənzərəsini bəxş edir. Abidənin arxa tərəfindəki girişdən keçib yuxarı qalxmaq olar.

    San Sebastian Bernal

    Bura müxtəlif rənglərə çalan və insanda xoş ovqat yaradan möcüzəli bir şəhərdir. Siz sakit və xoş bir havada qastronomiya və yerli sənətkarların əl işlərindən zövq alaraq ailənizlə birlikdə bir həftə sonu keçirə bilərsiniz. Bu şəhərdə Keretaronun ən tanınmış, məşhur Penya de Bernal adlanan turistik məkanları mövcuddur. Xatırladaq ki, burda hava quru olduğundan özünüzlə su ehtiyatı götürməyi unutmayın.

    Real de Katorse

    Başqa bir möcüzələr şəhəri olan Real de Katorse San Luis Potosi ştatının mərkəzindən üç saat yarımlıq məsafədə yerləşir. Bura mədənlər və səhra mənzərələrilə tanınır. Real de Katorse deyəndə, keçmişdə gücünü nümayiş etdirmək üçün uzun bir tunel düzəldə bilən, daşdan ucaldılmış şəhəri gümüşlə bəzəyən bir xalqın yaşayış yeri yada düşür. Başqa sözlə, bu kabuslar şəhəri, vəhşi itlər və ölümünü gözləyən qocalarla dolu, top tərəfindən talan edilmiş başqa bir mədəniyyət nümunəsidir.

    Tamul şəlaləsi

    Tamul şəlaləsi Tamasopo ərazisində yerləşir və “Damcılayan yer” mənasını verir. Bura turistlərin ən çox sevdiyi məkanlardan biridir. Bu heyrətamiz şəlalə Tamasopoda xırda çaylardan qidalanan Qayinas çayından tökülür. Şəlalədən sonra çayın adı dəyişilərək Tampaon adlanmağa başlayır. Şəlaləyə çatmaq üçün San Luis Potosi şossesi ilə getmək lazımdır. Tamul bu bölgədə olan ən böyük və möhtəşəm şəlalədir. Burda suyun dərinliyi 300 metrə çatdığından təcrübəli turistlər rahatlıqla suya kəllə vurur, hətta xüsusi geyimdə sualtı mağaraları gəzirlər. Bir az da irəlidə, çayın sürətlə axan yerində üfürülmüş qayıqda daşların arasından dəlicəsinə sivişə-sivişə ləzzətli dəqiqələr yaşayırlar. Uasteca Potosinanın gözəlliyi ondadir ki, siz burda ürəyiniz istəyən əyləncə ilə məşğul ola bilərsiniz. Ərazi 105 metr hündürlükdə yerləşdiyindən siz burada kanata minə, yaxud da sadəcə cəngəlliyin ortasında əsən mehdən həzz alaraq azadlığın dadını çıxara bilərsiz.

  • İşıqdan gözləri qamaşanlar

    Həmin yay rayonda iki nəfərin müəmmalı ölümü hamını dəhşətə gətirmişdi. Camaat danışırdı ki, cəsədlərin üzündə donmuş vəhşət, onların qorxunc bir məxluq tərəfindən öldürüldüyünün nişanəsi idi. Amma kim bilir, bəlkə bu cinayəti sıradan bir insan törətmiş, meyitlərini də dağda, meşədə gizlətmişdi. Həm də onu deyirdilər ki, ölən adamların üstündə tüfəng vardı. Yəqin ovçuymuşlar.

    Bu əhvalatı keçən il İsmayıllının Qoşakənd kəndində dincələndə eşitmişdim. Gecələr ovçuların əllərinə fənər alıb şikara çıxdığını isə öz gözlərimlə görmüşdüm. Qaldığım ev dağın başında olduğundan buradan ətraf əl içi kimi aydın görünürdü. Kənddə cürbəcür söz-söhbət dolaşsa da bu qorxunc caninin haradan gəldiyini görüb-bilən yox idi.

    ***

    Səhərdən təzəcə ötmüşdü. Coşqun telefonun zənginə ayılıb gözlərini açdı. Yuxulu-yuxulu əlini telefona atdı:

    –Eşidirəm.

    –Salam, sizi ovçu mağazasından narahat edirəm. Dediyiniz tüfəng artıq satışdadır. Gəlib baxa bilərsiz.

    –Lap yaxşı – deyib, gözünü tavana zillədi.

    Coşqun qalxıb əl-üzünü yumadan soyuducuya yaxınlaşdı. Oradan yağ və İsmayıllı bazarından aldığı cökə balını götürdü. Çörəyin üstünə yağ-bal çəkib yeyə-yeyə çaydanı qızdırdı. Səhər yeməyini bitirən kimi hamama keçdi və isti duşun altında üzünü qırxmağa başladı. Kefi kök idi, dodaqaltı zümzümə edirdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Balaca dairəvi güzgüdə üzünün hər yerinə göz gəzdirərək yuyunub tələsik qurulandı. Paltarını geyinib evdən çıxdı.

    Dükanda bir nəfər ov tüfənglərilə maraqlanırdı. Müştəri məzmunsuz suallarıyla satıcını bezdirmişdi. Xeyli çənə-boğazdan sonra o, balıqtutan alıb getdi. Bundan sonra Coşqun satıcıya yaxınlaşdı:

    –Salam, sizə “Remington” qırma tüfəngi sifariş vermişdim. Deyəsən gətirmisiz. Səhər zəng etmişdiniz mənə, – piştaxtaya dirsəklənərək çənəsini qabağa verdi.

    Satıcı oğlanın sifarişini gətirdi. Coşqun tüfəngi əlinə alıb orasına-burasına baxdı və sonra onu satıcıya tuşladı:

    –Mən bunu harda yoxlaya bilərəm?

    Satıcı başının işarəsilə ona dükanın arxa tərəfini göstərdi. Coşqun da onun dediyi kimi arxa qapıdan meydançaya keçdi. Bir neçə dəfə atəş açdıqdan sonra silahı bəyəndi.

    Coşqun hündürboy, arıq, qıyıqgöz bir oğlandı. Şalvar belindən düşməsin deyə, kəmərini həmişə bərk sıxırdı. İdman ayaqqabısı ilə göy köynəyi onun adi seçimi idi. Coşqunu tanıyanlar onun sakit təbiətli bir oğlan olduğunu düşünürdü. Ancaq o, heç də sakit deyildi. Daxilində özünün də baş açmadığı bir qəzəb tüğyan edirdi…

    Dərə təpə düz yüz getmişdi ki, maşını yol qırağı restoranların birində saxladı. Həyətdəki masada yerini rahatlayandan sonra əlinin işarəsilə ortalıqda gəzişən ofisiantı çağırıb, lüləkabab sifariş verdi. Coşqunun gözləri yol çəkirmiş kimi uzaqlara dikilmişdi. Səfərini necə başa çatdıracağı fikri beynini məşğul etmişdi… Ofisiant ona yaxınlaşıb, nimçədəkiləri səliqə ilə masanın üstünə düzdü. Müştəri ofisianta baxmadan dodaqaltı mızıldandı:

    –Sizdə qaban əti var?

    –Bəli var.

    Coşqun bərk əsəbiləşdi, amma əhvalını büruzə vermədən yeməyini bitirib, pulu masanın üstünə atdı. Qalxıb pivədən içə-içə restorandan çıxdı. Maşına minib tələsmədən, arxayın halda yoluna davam etdi.

    İsmayıllıya az qalmış çayın üstündəki körpüdən keçərək yolun qırağında dayandı. Maşından düşüb o baş-bu başa gəzişdi, sonra çayın sahilinə endi. Vaxtilə bol sulu Girdimançay indi ömrünü yaşamış qoca bir vadiyə çevrilmişdi. Coşqun çayın məcrasına enib, hamar daşların üzərində gəzdikcə xəyalında belibükük bir qoca canlandı. Yırğalana-yırğalana irəliləyib vadinin düz mərkəzində dayandı. Yerdən bir daş götürüb, var gücü ilə uzağa tulladı. Bu zaman ona elə gəldi ki, qəfil gələn sel onu qamarlayaraq gəncliyinə aparacaq və o, bir vaxt düşdüyü avtomobil qəzasının qarşısını alacaq…

    Günəş üfüqdə gözdən itəndə Coşqun yuxudan oyanıbmış kimi yenidən sükan arxasına keçdi. Bir qədər yol getdikdən sonra maşını ağacların arasında saxladı. Gecə saat on ikini gözlədi. Fikri qarışıq olduğundan heç nə haqqında düşünə bilmirdi. Özünü uçurulmuş bir evin xarabazarlığındaymış kimi hiss edirdi. Xeyli var-gəl etdikdən sonra nəhayət, dağa qalxmağa başladı və bələdlədiyi dalda bir yerə çəkilib gözlədi. Hövsələsizlikdən siqareti uc-uca calayırdı. Elə bu arada dağın ətəyindən bir maşının qalxdığını gördü. Dərhal özünü meşənin sıxlığına verdi. Hə, bu həmən Nivadır, qırmızı Niva. Brakonyer düz dağın başına qalxdı. Az bilmirdi, bura açıqlıq olduğundan heyvanları ovlamaq rahat idi.

    Brakonyer maşınının işıqlarını söndürdü və əlindəki fənərlə şikar axtarmağa başladı. Ağacların arxasında gizlənmiş Coşqun onu gözdən qoymurdu. Əyilə-əyilə arxadan ona yaxınlaşaraq məsafəni qısaltmağa çalışırdı. Onun fənərinə tuş gəlməsin deyə, aradabir yerə uzanır, kolun arxasına keçirdi.

    Birdən sol tərəfdən qaban donqultusu eşidildi. Brakonyer səsə tərəf bir-iki addım atıb, fənərini yandıranda üzündə sarsaq bir təbəssüm yarandı. Əlinə yaxşı bir ov düşmüşdü. İşıq gözlərini qamaşdırdığından qaban yerindəcə donub qalmışdı…

    Bir göz qırpımında ard-arda atəş səsləri gəldi. Və hər tərəf sükuta büründü.

    Coşqun kefi saz halda asta addımlarla dağdan enərək pəsdən zümzüməyə keçdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…”  Ağacların arasında gizlətdiyi Mersedesinə çatan kimi qapını açıb, tüfəngini arxa oturacağa qoydu. Maşın Bakı yoluna istiqamət aldı…

    Gecənin yarısı xəyal onu uşaqlıq çağlarına apardı. Coşqun məktəbdə oxuyanda atası onu yay tətillərində kəndə aparardı. Babası məktəb direktoru idi. O, hər səhər işə gedəndə Coşqun onun tir tüfəngini götürər, həyətdə göyərçinləri vurardı, ağaca çıxıb quş yuvalarındakı yumurtaları yerə çırpardı, gah da “raqatka” ilə sərçələri öldürərdi. Bir dəfə də dənə yığışan toyuqlardan birini tutub boğmuşdu. Bir sözlə, bu balaca oğlan heyvanlara qənim kəsilmişdi. Amma böyüdükcə təbiəti sevməyə başladı. Bu istək onda elə gücləndi ki, ağacların, heyvanların, hətta ən xırda cücülərin belə xilaskarına çevrildi. Bir qarışqanı belə ayaqlamağa ürəyi gəlmirdi…

    Yol boyu xəyallar onu elə çulğamışdı ki, Bakıya nə vaxt çatdığını hiss etmədi. Maşını qaraja saldıqdan sonra binanın həyətindəki kiçik marketdən pivə alıb evə qalxdı. İçəri keçən kimi paltarlı halda çarpayıya sərələndi. Çox yorğun idi. İki saata yaxın mürgülədi, sonra qalxıb soyuq duş qəbul etdi.

    Coşqunun musiqiylə arası saz idi. Məktəb illərində anası onu piano dərslərinə qoymuşdu. Nədənsə, pianoda çalmaq Coşqunun xoşuna gəlmirdi. Üç il məşğul olduqdan sonra özü gitara dərslərinə yazıldı. Anası oğlunun bu alətə həvəsini görüb, ona 70 manata klassik gitara aldı. Coşqun da məşqlərinə klassikadan başladı. Amma Sebastian Bax, Alonso Mudarranın musiqisini kiçik yaşlarında dərk edə bilmədiyindən tez də həvəsdən düşdü. Sonradan bluz və rok janrları ilə maraqlandı. Bu musiqi onun ürəyincə oldu. İndi də musiqi qruplarına qulaq asırdı. Daha çox Qərb musiqisini dinləyirdi. Bütün məşhur gitara ifaçılarını əzbərdən tanıyırdı…

    Yataq otağına keçib, qapının arxasında divara söykədiyi gitarasını götürdü. Onu səsgücləndiriciyə qoşub, çarpayıda özünə yer elədi. Stratokasterini kökləyib ən çox sevdiyi ifaçılardan – Robert Kreyin “Right next door” mahnısını çalmağa başladı. Əlinə gitara alanda özünü sanki səhnədə tamaşaçılar qarşısında çıxış edirmiş kimi hiss edirdi. Belə gərginlikdə düz iki saat məşq elədi.

    Başının üstündən asdığı Azərbaycanın xəritəsinə baxdı. Barmağını şimal rayonlarının üstündə gəzdirərək Gədəbəydə dayandı. Bildiyinə görə Gədəbəyin meşəli dağlarında vəhşi heyvanlar çox olur. Ovçular pul qazanmaq xətrinə təbiətin yaraşığı olan heyvanları ağına-bozuna baxmadan məhv edirdilər. Yaylağa gedən çobanlar da tez-tez dağ keçilərini ovlayırdı. Elə buna görə son illər dağ keçilərinin populyasiyası xeyli azalmışdı.

    Səhər obaşdan yola düşəcəkdi. Bu dəfə meşədə gecələməyi qərara almışdı. Bəri başdan “palatkanı” götürüb maşının baqajına qoydu. Evə qalxmazdan əvvəl marketdən iki şüşə pivə aldı. Elə oradaca birinin ağzını açıb, içə-içə yuxarı qalxdı. Mənzilə girən kimi bel çantasını yığmağa başladı. Yol tədarükünü bir-bir gözdən keçirdi. Hər şey yerində idi.

    Günəş üfüqdən boylananda tüfəngini və bel çantasını götürüb evdən çıxdı.

    Axşamın düşməsinə hələ vardı. Yolu Gəncədən keçdiyindən maşını şəhərin məşhur “Nərgiz” kafesinə tərəf sürdü. Kafenin qarşısındakı bağda səki boyu salınmış qızılgüllərin ətri adamı bihuş edirdi. Coşqun kölgəlikdə boş masaların birində əyləşən kimi ofisiant ona yaxınlaşdı. O, başını qaldırıb oğlanı başdan-ayağa süzdü:

    –Nəyiniz var yeməyə?

    Oğlan yeməklərin adını sadaladı. Əvvəlcə qazan xörəklərindən başladı:

    –Bozartma, çığırtma, dolma, – deyib, delikates yeməklərə keçdi – qaban, turac, qırqovul…

    Çöl quşlarının adını eşidəndə Coşqun bərk əsəbiləşdi:

    –Yox, onları istəmirəm!

    –O zaman sizə yarpaq dolması gətirimmi, əladır, ağıza qoyan kimi əriyir.

    Coşqun dolma sifariş etdi. Acığını alışdırdığı siqaretin tüstüsündən çıxdı. İki dəqiqə keçmədi ki, xörək dəsgahı süfrəyə düzüldü. Coşqun yarımçıq qalmış siqaretini söndürüb yeməyi qarşısına çəkdi. O qədər iştahla yedi ki, sonda çörəklə boşqabı sıyırdı.

    Kafedən həmişəki kimi damağında siqaretlə çıxdı. Üzünü aydınladan axşam günəşində gözlərini qıyıb bir-iki qullab aldı, sonra da maşına oturub yoluna davam etdi.

    Maşın üzü yoxuşa hərəkət edirdi. O, münasib bir yer tapıb özünü ağacların arasına verdi. Yaxınlıqda gəzişərək gecənin düşməsini gözlədi. Yenə siqareti uc-uca calamışdı. Artıq şər qarışır, ətrafa qaranlıq çökürdü. Coşqun tüfəngi götürüb dağa qalxmağa başladı.

    Buralarda bir kimsə belə gözə dəymirdi. Hərdən çaqqal ulartısı eşidilirdi. Elə bu arada gözü işığa sataşdı. Gecə vaxtı, dağın başında işığın nə üçün yandığını bilirdi. Şübhəsiz brakonyer idi, özü də tək gəlmişdi. Fənərini bir istiqamətdə tutub, uzun fasilələrlə söndürüb yandırırdı. Amma Coşqun təcrübəli brakonyer ovçusu idi. Odur ki, nə edəcəyini əvvəlcədən planlamışdı.

    Vicdansızdan yüz metr aralıda arxayın hərəkətlə özü ilə gətirdiyi çırağı yandırdı. Çırağın işığı brakonyeri çaşdırdı. Maraq ona güc gəldi və o, işığa sarı addımladı. Əyilib çırağı yerdən götürəndə canına vicvicə düşdü. Yan-yörəsinə boylandı… heç kim. Coşqunun tüfəngi hazır vəziyyətdə idi. Çırağın işığı ovçunu aydın görməyə imkan verirdi. Atəş! Güllə hədəfi tutdu. Çıraq brakonyerin əlindən yerə düşən kimi alovlandı. Coşqun yaxınlaşıb, yerdə zarıyan brakonyerə bir qədər tamaşa etdi. Sonra tətiyi çəkib kontrol atəşi açdı.

    Tələsik dağdan endi. Ağacların arasında saxladığı maşınına çatıb tez özünü içəri atdı. Gecənin səssizliyində rahat, arxaya baxmadan yoluna davam etdi. Amma bu arxayınçılıq uzun sürmədi. Yuxarıdan bir işığın onu müşayiət etdiyini duydu. Güzgüdən geriyə boylandı, arxa bomboş idi. İşıq get-gedə gücləndi və ətraf bir anda aydınlığa qərq oldu. Başını pəncərədən çıxarıb yuxarı baxanda maşının düz üstündə, təxminən ondan beş metr hündürdə qəribə bir işığın saçdığını gördü. Gözləri qamaşdığından bir şey ayırd edə bilmədi. Vahimə onu basdı. Ətrafda səs kəsildi. Ona elə gəldi ki, qulaqları tutulub. Sonra xışıltı eşitdi. Səs gücləndikcə bədənini soyuq tər basdı. Əlini sükandan çəkib barmaqları ilə qulağını tutdu. Səs isə kəsilmək bilmirdi. Köməksiz və qorxaq vəziyyətə düşmüş Coşqun özünü itirdiyindən pedalı axıra qədər sıxdı. Maşın böyük sürətlə yolu ağzına aldı. Güclü işıq isə ondan əl çəkmək istəmir, eyni sürətlə maşını izləyirdi. Nəhayət, yadplanetli, insan irqinə tanış olmayan qurğu ondan aralandı. Və hər şey əvvəlki qaydasına düşdü. Bundan sonra Coşqun rahat nəfəs aldı.

    Axır ki, gecələmək üçün münasib yer tapdı. Maşını yoldan bir qədər kənarda saxladı. Baqajdan çadırı götürüb özünü ağacların arasına verdi. Bura dincəlmək üçün rahatdır. Yavaş-yavaş, tələsmədən “palatkanı” qurdu. Bir qədər aralıda ocaq qaladı. Köz düşən kimi özü ilə gətirdiyi sosisləri nazik şişlərə keçirərək qızartmağa başladı. Yeməyini yedikdən sonra bir pivə açıb qurtaqurtla başına çəkdi. İndi yuxu ona güc gəldi. Uzandı və az keçmədi ki, dərin yuxuya getdi…

    Gül-çiçəklə örtülü düzəngahda mavi geyimdə, xurmayı saçları kürəyinə tökülmüş bir qadın ona əl eləyirdi. Coşqun ona sarı qaçdı. Aralarındakı məsafə qısalanda anasını tanıdı. Sürətini artıranda anası da ondan uzaqlaşdı. Bu zaman qarşısında dar, ensiz bir yol açıldı. Ətraf zülmətə qərq oldu. Coşqun var gücü ilə doğmasını səslədi: Ana! Öz səsinə ayıldı. Həmin anda harada olduğunu ayırd edə bilmədi. Səhərin aydınlığı gözlərini qamaşdırınca özünə gəldi. Cəld yerindən qalxıb yır-yığış etdi və Bakıya yola düşdü…

    Coşqun adətən vaxtının çoxunu evdə keçirir, dostu olmadığından heç kimlə görüşmürdü. Tək yaşayırdı. Günləri monoton keçsə də həyatına rəng qatmağı bacarırdı. Tez-tez təbiət qoynunda olur, balıq tutur, dağlara çıxırdı. Adamayovuşmaz olduğundan günlərini insanlardan uzaq olan yerlərdə – meşədə, çayda, düzlərdə keçirirdi. Bir də əlacı nəydi ki! Bir yaxını, doğması, qayğısına qalanı yox idi. Darısqal, ikiotaqlı bir mənzildə yaşayırdı. Pintinin də biriydi, evi zibilin içindəydi. Mənzil elə çirkli olurdu ki, it də başını içəri salmazdı. Köhnə, uçulub tökülən evin dib-dəhnədən təmirə ehtiyacı vardı. Ancaq bu, onun vecinə deyildi. Ona elə gəlirdi ki, ən təmiz və ən geniş evdə yaşayır…

    Dünən gecə yolda onu təqib edən gur işığı – yadplanetlini xatırladı və bu hadisənin ona bir işarə olduğunu düşündü. Bəlkə bu işin daşın atsın? Əgər, insanlar vəhşi təbiəti sevmirlərsə, ona qarşı bu qədər etinasız və qəddardılarsa, o zaman təbiətdəki heyvanları qorumaq naminə onun seçdiyi yol nə dərəcədə doğrudur? Bir də ki, ömrünü meşələrdə, dağlarda keçirməyəcəkdi ki?! Vəhşilərin yaşaması üçün brakonyeri – insanı öldürmək… bu nə vaxtacan davam edəcəkdi? Bu, onu məhvə aparmırdımı? Məgər o, başqaları kimi ola bilməzdimi? Yox! Vəhşi təbiət özünün qorxulu, əsrarəngiz gözəlliyini saxlamalı idi. O, tutduğu yoldan geri dönmək fikrində deyildi. Harda qırıldı, qoy qırılsın…

    Aradan bir həftə keçdi. Bu dəfə yolu Masallıya idi.

    Qatar kimi düzülən yük maşınları hərəkəti iflic etmişdi. Sürət azalır, yol xeyli uzanırdı. Coşqun səbrini basıb aşağı sürətlə də olsa yoluna davam etdi.

    Axşam çağı Masallı rayonuna daxil oldu. Əlini alışqana atıb siqaretini yandırdı. Bir qullabla tüstünü hərisliklə ciyərlərinə çəkdi. Anasının qəzada həlak olduğu günü xatırladı.

    O zaman Coşqunun 17 yaşı vardı. Maşının arxa oturacağında başını pəncərəyə dirəmişdi. Söhbətə müdaxilə etmədən valideynlərinin mübahisəsinə qulaq asmağa məhkum idi. Gecə vaxtı yağışlı havada uzaq səfərə çıxmışdılar. Qarşı tərəfdən şütüyən maşınların işığı düz gözlərinə vururdu. Amma onlar bunun fərqinə varmadan elə hey didişirdilər. Heç biri də geri durmaq istəmirdi. Anasının dərdi açılmışdı:

    –Yaman günümə, uşağımın adına qır-qızıl almışdım. Mən onları evliliyimizin ilk illərindən, maaşımdan qırta-qırta, əyin-başımdan kəsə-kəsə yığmışdım. Altından vurub, üstündən çıxdın. Əlim boşda qaldı. Hələ bir təpə-qapaz elədin məni…

    Atası bir əli sükanda, bir əlini də arvadının üstünə silkələyərək kükrədi:

    –Beynimi çöndərmə! Qoy bir mənzil başına çataq, dilini boğazından çıxardajam. Çoxdandı kötək yemirsən!

    Əslində Coşqunun anasına yazığı gəlirdi, gözünü açandan atasının qızışaraq onu döyüb-söydüyünü görürdü. Elə buna görə də zəhləsi gedirdi ondan. Həmişə də düşünürdü ki, görəsən, onları bağlayan nə olmuşdu ki, həyatlarını qoşalamışdılar…

    Qarşıda yol sağa burulurdu. Amma atasının başı qızışdığından diqqətini cəmləyə bilmədi. Getdikləri zolaqdan çıxan kimi qarşıdan gələn maşınla üz-üzə gəldilər. O maşının gözlərini qamaşdıran gur işığı Coşqunun yaddaşında həmişəlik qaldı…

    Maşını çınqıllıqla sürürdü. Ətraf yaşıllığın içindəydi. Hündür ağaclar, torpağı yaşıl rəngə boyayan otlar, təmiz hava Coşquna ləzzət eləyirdi. Quşların səs-səsə verib oxuması bu gözəlliyə xoş bir ahəng qatırdı. Ağacdələn yaxınlıqdakı çürümüş ağacın gövdəsində taqqataq salır, kirpi yarpaqların arasında gəzişərək özünə yem axtarırdı.

    Hava qaralırdı. Coşqun qurumuş ağac budaqlarından ocaq qalamaq fikrinə düşdü. O, işini arxayın görürdü, bilirdi ki, brakonyerlər bu vaxtlar ova çıxmırlar. Nə qədər ki vaxt var, yaşıllığın qoynunda dincəlməyə, təbiətdən zövq almağına dəyər. Budaqları bir yerə topalayıb, cibindəki alışqanla aşağısından alanqı verdi. Ocaq tüstüləndi. Bir qədərdən sonra tüstü meşəni bürüdü. Coşqun anladı ki, belə getsə yerini bildirəcək. Dərhal odu söndürməyə çalışdı. Ayağı ilə tüstülənən budaqları ora-bura səpələyərək tapdalamağa başladı.

    Gecənin bir yarısı tüfəngini götürüb maşından aralandı. Cığırla təzəcə getməyə başlamışdı ki, atəş səsi eşitdi. Səsin gəldiyi tərəfə qulaq verdi. İkinci atəşdən sonra brakonyerin yerini müəyyən etdi. İti addımlarla ona doğru getməyə başladı. Bir qədər sonra dayanıb, ətrafı dinşədi və meşənin sakitliyində ovçunun addım səslərini eşitdi. Asta-asta ona yaxınlaşdı və qəflətən əlindəki fənərlə gözünə işıq saldı:

    –Əmioğlu, neynirsәn? – Brakonyer səsləndi.

    Coşqun isə sakit və laqeyd halda:

    –Gəlmişəm səni cəzalandıram, – deyib, tüfəngin tətiyini çəkmək istəyəndə qəflətən ürəyində ağrı hiss etdi.

    Uzun illər görmədiyi, amma həyatının bir parçası olan insanla üz-üzə gəlmişdi. O, brakonyerin işıqdan qamaşan gözlərində keçmişini görmüşdü, heç zaman unutmadığı, anasını əlindən alan keçmişini. İndi onun qarşısında dayanan bu yaşlı kişi gözlərini qıyaraq nə üçün tüfəngin ona tuşlandığını anlamağa çalışırdı.

    –İki dovşan vurmuşam, birini verirəm sənə. Mənə bu da bəsdi.

    Coşqun atasının səsindəki doğmalığı hiss etsə də boğazınacan qalxan nifrət ona qalib gələ bilmədi və o, barmağını tətikdən çəkdi. Tüfəngi əlindən buraxıb geriyə çəkildi:

    –Anam sənə görə öldü! – deyib, içindəki qəzəbi püskürdü.

    Arxaya baxmadan qaçmağa başladı. Ağacların arasından elə şütüyürdü ki, sanki kabusdan yaxa qurtarmağa çalışırdı. Atası arxadan onu nə qədər səsləsə də Coşqun dayanmadı. Tələsik maşına minib onu dəli kimi qovmağa başladı. Yol boyu qarşıdan gələn maşınlar bu dəlisov sürücü ilə toqquşmasınlar deyə, kənara çəkilirdilər. Coşqun isə sel kimi axan göz yaşları içində atasını heç vaxt bağışlamayacağını düşünürdü. Yoldakı maşınları arxada qoyduqca tez-tez qəza vəziyyəti yaradırdı. Qarşıdakı “Opel”i ötüb keçmək istəyəndə üstünə gələn “Kamaz”ın işıqları gözlərini qamaşdırdı. Ətraf gözündə zülmətə döndü. Və bu zaman anasının buz kimi əllərini hələ soyumamış ovcunda hiss etdi…

    MƏMMƏD MƏMMƏDLİ

    “ULDUZ” jurnalı – mart 2021