MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


  • Rok, bluz və onun ifaçıları

    Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq qurluşu dövrünə gedib çıxır. Amerikalılar zənciləri Afrikadan zorla tutub, gəmilərlə bütün Sakit okeanı üzərək öz torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür, sağ qalanlarsa, tez bir zamanda materikə ayaq basmalarını arzulayırdılar. Ancaq onları nə gözlədiyini hələ təsəvvürlərinə belə gətirmirdilər. Bu zaman onlar ömürlük köç etdikləri yerlərə özləri ilə mədəniyyətlərini də daşıyırdılar. Zənci qullar plantasiyada əziyyətli işlər gördükcə vətən həsrətli mahnılar oxuyur, bununla həm də vaxtlarını öldürürdülər. Onların oxuduğu mahnıların musiqisi bluz idi. Məhz buna görə bluz kədərli musiqi sayılır. Çünki onlar kökündən qoparılan ağac kimi yad yerlərə gətirilərək ağ insanlar üçün işləməyə məhkum edilmişdilər. Bluz musiqisi cəmi beş notdan ibarətdir. Buna “pentatonika” deyilir. Pentatonika bluza özünəməxsus bir çalar gətirir. Gitara isə bu çaları daha da rövnəqləndirir.

    Bildiyimiz kimi, rok və jazz bluzdan ayrılmış janrlardır. Bütün rok ifaçıları öz karyeralarına başlamazdan əvvəl bluzun sirlərini öyrənirlər. Bu janrın öncülləri qara dərili Robert Johnson, John Lee Hooker və başqaları olub. Zəncilərdən sonra ağ insanlar da bluza maraq göstərmişlər. Ona görə də bluz “ağ” və “qara” olur. Demək olmaz ki, qaradərili ifaçılar ağdərililərdən daha yaxşıdır. Bu, onların istedadından, özünü musiqiyə həsr etməsindən, ona bağlı olmasından asılıdır. Bir çox ağdərili ifaçılar tanıyıram ki, indiyədək onların adları dillər əzbəridir. Bunların sırasında ağdərili Stevie Ray Vaughan, Gary Moore, Eric Clapton, qaradərililərdən isə B.B. King, Albert King, Chuck Berry və başqalarını misal çəkə bilərəm. Bu ifaçılar bluzun kralları sayılır.

    B.B. Kingin məhşur “Lucille” guitarasının öz tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra çıxmağa tələsir. Birdən işfaçının yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli alətini xilas edir və o vaxtdan adını “Lucille” goyur…

    Bluz ancaq gitarada ifa olunur. Heç bir musiqi aləti bu janrın incəliklərini gitara kimi çatdıra bilməz. XX əsrin əvvəllərinə qədər akustik gitara səsinin zəifliyındən orkestrdə özünə yer tapa bilmirdi. O zaman ən çox zərb və nəfəs alətləri dəbdə idi. Ancaq 1952-ci ildə Amerikada iki gitara istehsalçısı – Fender “Telekaster”i, Gibson isə “Les Paul”u buraxdı. Bir qədər sonra Fender 1954-cü ildə özünün məhşur “Stratocaster” modelinin istehsalına başladı. O zamandan gitara yenidən dəbə düşdü. Bir çox musiqiçilər akustik alətlərini kənara qoyub, elektrogitaraya keçdilər. Bir qədər sonra, 60-cı illərin sonlarından başlayaraq, “distortion” səsi kəşf olundu. Elə bu andan rokun tarixi başlayır.

    Jimi Hendrix, yəqin çoxunuz onu tanıyırsınız, bu solaxay ifaçı, o dövrdə qeyri-adiliyi ilə seçilirdi. Jimi “Woodstock” meydanında verdiyi konsertlərilə məhşurlaşmışdı. Onun “All along the watchtower”, “Little wing” mahnılarını bu gün də gitara ifaçıları konsertlərində öz repertuarlarına daxil edirlər.

    Jimi Hendrix Vaşinqtonda anadan olub. Onun valideyinləri afroamerikalı idi. Valideyinlərinin içkiyə qurşanmağı və evdəki dava-dalaşlar Hendrixin sonrakı həyatında təsirsiz ötüşmədi. O, özünü tənha hiss edirdi. Bu tənhalıqdan bezən oğlan gitaranı özünə dost seçmişdi. 60-cı illərin əvvəllərində “Upsetters”, “Curtis Knight” və “Squires” kimi yerli qruplarda çıxışlar etməyə başlamışdır. O, bir çox məhşur ifaçılarla çalışırdı. İçkiyə qurşanmış J. Hendrix həm də narkotik alüdəçisi idi. 20 albomundan 3-ü – “Are you Experienced?” (1967), “Bold as Love” (1967) və “Electric Ladyland” (1968) sağlığında çıxmışdı. Jimi Hendrix dünyasını dəyişəndə onun cəmi 27 yaşı vardı.

    Hə, onu deyirdim axı. Elektrogitaranın kəşfindən sonra rok musiqisi o dövrün cavan nəslini fanatlara çevirdi. Hamı konsertlərə gedir, vaxtlarını maraqlı keçirirdilər. Stadionlarda o qədər insan toplaşırdı ki, adam əlindən tərpənmək olmurdu…

    Hər bir gitara fanatı bilir ki, Carlos Santana əvvəl “Gibson”da çalırdı indi isə “PRS” markasından imzalanmış gitarasında ifa edir. Gary Moore “Gibson”, Jimmy Page “Gibson”, Eric Clapton “Fender”, Jeff Beck “Fender”, Steve Vai “İbanez”, Eric Johnson “Fender”, George Benson “İbanez” gitara istehsalçılarını seçmişlər. Amma sizə onu deyim ki, o zamanlar çeşid o qədər də böyük deyildi. Buna baxmayaraq, həmin istehsalçılar indiyədək populyarlığını qoruyub saxalaya bilmişlər.

    Eric Clapton “Fender” markalı “Blackie” adlandırdığı stratocasterini 1973-cü ildə almışdı və bu gitara, uzun illər onun əlindən düşmədi. Həmin aləti o, 2004-cü ilə qədər qorudu və bundan sonra hərracda onu 1 milyon dollara satdı.

    Eric Clapton müğənni, bəstəkar, bütün dövrlərin ən məhşur gitaraçılarından biridir. Musiqiçilər arasında “Slowhand” (asta barmaq) kimi tanınır. Doğurdan da o, musiqisində Yngwie Malmsteen kimi sürət nümayiş etdirməsə də “Rolling Stone” jurnalında bütün dövrlərin 100 ən yaxşı gitaraçısı arasına ikinci yeri tutur. Onun bütün yaradıcılığı boyu ifaları dəyişikliyə məruz qalıb, ancaq musiqisi bluza köklənib.

    Ümumiyyətlə, rok musiqisini bir janr kimi ayırmaq mümkün deyil. Çünki tarixə nəzər yetirsək görərik ki, Jimi Hendrix, Steve Vai, Eric Johnson, Buckethead biri-birindən tamamilə fərqlənir. Bu sənətkarların çox fərqli çalğı üslubu vardır.

    Dövr dəyişdi, 80-ci illərdə pop musiqisi yarandı. Onun da öz kralları var. Ancaq təəssüf edirəm ki, rok indi o qədər də sevilmir. Azərbaycanda belə musiqiyə heç cavanlar maraq göstərmir. Yaşlılar isə daha çox rokun nostaljisi ilə yaşayırlar. Düşünürəm ki, vaxtilə rokun ürəkləri fəth edən gözəlliyi, cazibəsi kül altında qalmış köz kimi qəlbləri yenidən isidəcək…

    Məmməd MƏMMƏDLİ

  • Starless (cover)

    King Crimson qrupundan çox sevdiyim bir fraza.

  • Ağ stratokaster

    Yadımdadı məktəbdə oxuyanda 3 musiqi alətini sevirdim – saksofon, gitara və piano. Bu alətlərin səsi qulaq pərdələrimi titrədəndə ruhum dincəlirdi. Necə oldusa Sabunçu rayonu mədəniyyət mərkəzində (sonradan o binanı uçurdular) piano dərslərinə yazıldım və 3 il sərasər bu alətdə məşğul oldum. O zamanlar evimizdə sınıq bir piano vardı. Yadımdadı “Polonez” çalırdım. Pis ifa etmirdim. Sonda müəlliməm dedi ki, Mamed təqaüdə çıxıram və daha uşaq hazırlaşdırmayacam. Beləcə mənim piano dərslərim başa çatdı. İndi bu alətdən heç xoşlamıram. Məni daha çox simli alətlər cəlb edir. Saksofonda məşğul olmaq istəyi heç vaxt olmasa da aləti sevirdim. Bu adi uşaq marağı idi, bilirdim ki, nəfəs alətləri mənlik deyil.

    Yadımdadır, televizorda “Wayne’s world” (Ueynin dünyası) filmi nümayiş olunurdu. Orada Ueynin ağ Stratokasterdə çalması indiyədək yadımdadı. Bu səhnə məndə gitaraya olan həvəsimi birə-beş artırdı. Çox sevdim bu aləti. Mən böyüdüm və necə oldusa özümə ağ rəngli Stratokaster aldım. Uşaqlıq arzum yerinə yetdi. İndi mən hər gün onda məşğul oluram…

  • Ay işığı – Qustavo Adolfo Bekker

    Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır.

    Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər.

    O, bir zadəgan ailəsindən idi. Top-tüfəng səsinin, döyüşdə çalınan cəngi zamanı əsgərlərin çıxardığı qəribə səslər arasında anadan olmuşdu. Müharibə vaxtlarında gözünü perqamentdən çəkmədən sonuncu nəğməsini oxuyaraq döyüşçüləri ruhlandırırdı.

    Onu tapmaq istəyənlər yaşadığı geniş sarayda, rəiyyətin bəslədiyi dayçalar, ona xidmət göstərən qulluqçuların əhilləşdirdiyi yırtıcı quşlar arasında axtarmalı deyildilər. Onu hətta bekarçılıqdan nizələrini itiləyən əsgərlər arasında da görmək mümkün olmazdı.

    – Manrike hardadır? Sizin senyor haradadır? -Hərdən anası narahatlıqla xəbər alar, suallar verərdi.

    – Bilmirik, -xidmətçilər də belə cavab verərdi, – yəqin Penya monastırındakı qəbirlərin yanında oturub olülərin danışıqlarına qulaq asır. Yaxud da körpüdə arkanın arasından ötüb keçən çayın dalğalarına baxır. Bəlkə də çökək bir qayada uzanıb ulduzları sayır, göydə axan buludları seyr edir, suyun ləpələrini alışdıran ay işıgına baxır. Başqa sözlə, o, hamının olduğu yerdə olmurdu.

    Həqiqətən də, Manrike tənhalığı sevirdi, hətta o qədər sevirdi ki, öz kölgəsini belə görmək istəmirdi. Çünki kölgəsi onu daim izləyirdi.

    Tənhalığı sevirdi, çünki tənhalıqda xəyala dalır, özlüyündə fantastik dünya yaradırdı. O dünyada qəribə canlılar yaşayırdı, sayıqlamaların görüntüləri, şairin arzuları. O dərəcədə ki, heç nə onu qane etmədiyi üçün dünyasını yenidən qurub-yaradır, təkmilləşdirirdi, düşüncələrini gizli saxlamırdı.

    İnanırdı ki, ocağın közündə min rəngə çalan alovda ruhlar dolaşır. Onlar həşərat kimi bir közdən o birisinə keçir, yaxud da közdən çırtlayan qığılcımlar kimi alovun uclarında rəqs edirdilər. Və bütün günü ocağın yanındakı skamyada sönük, ölü saatlarını keçirirdi.

    İnanırdı ki, çayın dərinliklərində, mamırların arasında, həmçinin də göldə mistik qadınlar, su pəriləri, ruhlar yaşayır. Onlar məyus qalanda köks ötürür, yaxud da mahnı oxuyurdular. Suyun monoton səsində gülüşürdülər. Bütün bunları tam səssizlikdə eşitmək olardı.

    Səmadakı buludlarda, meşənin dərinliklərində, qayaların çatlamış yerlərində müəyyən şeyləri təsəvvürünə gətirib nəyisə görmək, mistik səslərə qulaq asmaq istəyirdi. Qeyri-adi məxluqları görmək arzusunda idi. Mənası anlaşılmaz olan sözləri eşitməyə ümid bəsləyirdi.

    Sevmək! O, sevgini duymaq üçün deyil, arzulamaq üçün doğulmuşdu. Bütün qadınları eyni zamanda sevirdi. Birisini sarışın olduğu üçün, o birisini bal dodaqlarına görə, üçüncüsünü isə yeriyərkən küləkdə əsən qamışa bənzədiyi üçün.

    Hərdən o qədər sayıqlayırdı ki. Bütün gecəni bayırda keçirib göyün üzündə səyahət edən və ətrafında tir-tir əsən, bahalı daş-qaşlar kimi müxtəlif rəngə çalan ulduzlar altında aya baxardı. Belə gecələrin birində o deyirdi:

    – Hə, bu həqiqətdir. Ola bilsin ki, ulduzlardan gələn işıqların hərəsi bir dünyadır. Orada insanlar, qadınlar, gözəl qadınlar yaşayır. Mən onları görə bilməyəcəm, sevə bilməyəcəm! Görəsən, onların gözəlliyi necədir, sevgisi necə olur?…

    Soriada tünd daşdan tikilmiş divarların yanında bir körpü var. Bu körpü qədim şəhərdə olan Templario monastrına aparır. O monastrın torpaqları çayın o tayı boyu uzanırdı.

    Keçmiş dövrün atlıları öz qalalarını artıq tərk etmişdilər. Ancaq onların qalıqlarını indi qəsrlərin divarlarında görmək olardı. Öz ağ gülləri ilə divara sarmaşan bitkilər oranı zəbt etmişdi. Silah-sursat saxlanılan həyətdə külək sanki mızıldanır, sarmaşığı tərpədirdi.

    Bağlarda, həyətlərdə illər boyu tapdalanmayan cığırlar, unudulmuş, yiyəsiz qalmış kollar sanki insan əlindən, budanmadan qorxmadan özlərini göstrirdilər. Sarmaşıq güllər yaşlı ağacların gövdəsindən qalxır, ot basmış küçələr dolaşaraq bir-birləriylə toqquşur, vəhşi qanqallar, gicitkanlar çirkli, natəmiz küçələrdə cücərərək əsl xarabalığı xatırladırdı.

    Gecə idi. Aylı bir yay gecəsi. Yumşaq, ətirli, zərif gecə.

    Manrike körpünü keçib, qaranlıq şəhərin cizgisini bir qədər seyr edib, arxasında olan buludlara tamaşa edə-edə poetik düşüncələrə dalırdı.

    Gecə yarı idi. Ay yavaş-yavaş göyün üzünə qalxmış və özünün ən hündür zirvəsinə çatmışdı. Qovaq ağaclarının sıx olan yerinə çatanda Manrike özündən ixtiyarsız qışqırdı.

    Ağacların fonunda ağ bir ani kölgənin keçdiyini sezdi. O, yenidən görünərək birdən də qaranlıqda gözdən itdi. Manrike onun naxışlı paltarı olan qadın olduğunu düşündü. Bu, xəyalpərəstin ağaclar arasına girib xəyallara daldığı an baş verdi.

    – Axx, naməlum qadın! Belə bir yerdə! Ozü də belə bir vaxtda! Bu mənim axtardığım qadındır. -Manrike öz-özünə danışaraq, ox kimi sıyrılıb, onun dalısıyca düşdü.

    Nəhayət, müəmmalı qadının ağaclar arasında gözdən itdiyi yerə gəlib çatdı. İndi hara getsin? Ora, uzağa, gözün görəcək son məsafəsinəcən, ağacların sıx olduğu yerə qədər.

    – Bu odur, odur! Ayaqlarında qanadları olan, kölgə kimi hərəkət edən qadın! -deyib tez onu axtarmağa başladı. Əlləriylə qovaq ağaclarına dolaşan sarmaşıqları aralayıb özünə yol açırdı. Yol gedə-gedə ağacların budaqlarını, sarmaşıqları qıraraq sonda açıqlığa çıxdı. Aydın səma yeri işıqlandırırdı… Heç kim yoxdur!

    – Ah, bu tərəfə, bu tərəfə, -öz-özünə dedi.- Onun yerdə xəzəl olmuş quru yarpaqlara necə ayaq basdığını, uzun paltarının yerlə necə süründüyünü eşidirəm, -deyib, dəli kimi qaçmağa başladı.- Oraya doğru getsə də heç nə görmürdü. Amma onun ayaq səslərini eşidirəm, -deyib, bir daha mızıldandı. Deyəsən danışdı, hə danışdı… Budaqlar, yarpaqlar arasında vıyıldıyan külək onu eşitməyimə mane oldu. Ancaq heç bir şübhə yoxdur. Oradan səsi gəldi, danışdı… danışdı… Hansı dildə? Bilmirəm, ancaq bu əcnəbi dildə idi… Dönüb həmin istiqamətdə qaçmağa başladı. Hərdən ona elə gəldi ki, qadını bir daha gördü, hətta onu eşitdi. Fikir verdi ki, qadının itdiyi yerdə budaqlar tərpənir. Hətta onun ayaq izlərini də gördüyünə inandı. Sonra onun istifadə etdiyi ətri də burnuna dəydi. Mənasız arzu!

    Ozündən çıxmış halda bir neçə saat ora-bura getməyə başladı. Hərdən dayanıb bir də qulaq asırdı.

    Çayın sahiliylə uzanan, ucsuz-bucaqsız bağçalarda gəzərək sonda bir qayanın üstündə tikilən kiçik bir San Saturio kilsəsinə çatdı.

    – Bəlkə buradan bu mürəkkəb labirintə təhqiqatımı davam etdirərəm, -deyib əlində tutduğu xəncərlə qayalara dırmaşmağa başladı.

    Qayanın ən uca nöqtəsində durub, şəhərin ən uzaq evlərini, küçələrini görürdü. Dueronun böyük bir hissəsi onun ayaqları altında idi.

    Qayanın başında ətrafına göz gəzdirdi. Baxdıqca heç bir yerdə kafirlik gözə dəymədi.

    Göyün üzündə işıq saçan ay, o biri sahilə üzən gəminin özündən sonra buraxdığı izi aydın göstərirdi.

    O, gəmidə deyəsən həmin qadını gördü. Şübhəsiz, bu o qadın idi, ağacların arasında gördüyü qadın. Onun arzuladığı qadın… ən dəlisov arzuların reallaşdığı an… Keçi kimi qayadan düşəndə papağını yerə saldı. Papağın üstündəki lələyi onun qaçmasına mane olurdu. Əynindəki gödəkçəni çıxarıb, külək kimi körpüyə doğru qaçdı.

    Fikirləşirdi ki, gəmi sahilə yan alana qədər tezcə şəhərə çatacaqdır. Bu bir dəlilikdir! Manrike təngnəfəs və tər içində gəminin yan aldığı yerə çatanda sərnişinlər artıq darvazadan keçib Soriyaya gedirdilər.

    Qapıdan keçib-gedənləri görmək ümidini itirsə də onların şəhərdə hansı evə düşəcəklərini də bilmək arzusunu itirdi. Onları görmək fikrini beynindən çıxartmadan küçələri dolaşmağa başladı.

    Soriyanın küçələri hər zaman olduğu kimi dar, qaranlıq və müəmmalı idi. Orada qulaqbatırıcı bir səssizlik hökm sürürdü. Bu səssizliyi hərdən it hürüşmələri, yaxud da hansısa bir qapının örtülərkən cırıltı verməsi, atın kişnəməsi və qabaq ayaqlarını qaldırarkən bağlandığı zəncirdən gələn səs pozurdu.

    Manrike gecənin hənirinə –  kiminsə küçənin başından dönərkən eşidilən ayaq səslərinə, onun arxasınca danışanlara qulaq asaraq bir tərəfdən o biri tərəfə gedirdi.

    Sonda daşdan tikilmiş qaranlıq və köhnə evin yanında dayandı. Dayanan kimi gözlərində sevinc və təsvirolunmaz ifadə parıldadı. Həmin evdə, kiçik sarayda, əgər belə demək olarsa, yuxarı pəncərələrin birindən işıq gəldiyini gördü. Mülayim və yumşaq işıq zərif qızılı tül pərdədən keçib evin qarşısındakı kiçik həyəti işıqlandırırdı.

    – Artıq heç bir şübhə qalmır. Mənim müəmmalı xanımım bu evdə yaşayır- cavan oğlan belə düşünüb, gözlərini pəncərədən çəkmədən astadan dilinin altında mızıldandı. O, şəhərə girişi olan qapıdan keçmişdi… Oradan da qəsəbəyə doğru gəlirdi… bu qəsəbədə bir ev var və gecədən keçməsinə baxmayaraq, həmin evdə yaşayan qız oyaq idi və otaqda şam yandırmışdır. Hə, bu onun evidir.

    Bu fikirdə qaldıqca beynindəki fantaziya yenidən cücərməyə başladı. Sübhə qədər qotik pəncərənin altında gözlədi. Səhərə qədər də həmin otaqdakı işıq yanılı qaldı.

    Günəş çıxanda evin taxta qapısı yavaş-yavaş, cırıltı ilə açıldı. Oradan gözlərini ovuşdura-ovuşdura əlində bir topa açar tutmuş bir silahdaşıyan çıxdı. Əsnəyəndə ağzındakı dişləri timsah dişlərinə bənzəyirdi.

    Manrike adamı görən kimi onun üstünə atıldı.

    – Bu evdə kim yaşayır? O qızın adı nədir? Haralıdır? Soriaya nə üçün gəlib? Əri var? Cavab ver, cavab ver heyvan, -bu, bir növ onun salamı idi, qolundan yapışıb silkələyə-silkələyə yazıq silahdaşıyana aramsız olaraq suallar yağdırırdı. O da qorxmuş gözlərlə Manrikeyə bir qədər baxıb tutula-tutula dedi:

    – Bu evdə Alonso de Valdekueyos adlı çox hörmətli bir senyor yaşayır. O, ərəblərə qarşı döyüşdə yaralanmışdır.

    – Bəs onun qızı var? – Cavan oğlan səbirsizcəsinə onun sözünü kəsdi. – Onun qızı, bacısı, yaxud da arvadı fərqi yoxdur.

    – Onun heç bir qadını yoxdur, senyor.

    – Yoxdur!… Bəs həmin otaqda kim yatır? Səhərə qədər ordan işıq gəlirdi.

    – Orda? Orda mənim senyorum Don Alonso yatır. Xəstə olduğu üçün işığı səhərəcən yanılı goyur.

    Onun bu sözləri Manrikeni o qədər təəccübləndirdi ki, sanki ümidi bir işıq şüası kimi ayaqlarının altına düşdü.

    – Mən onu tapmalıyam, tapmalıyam. Əgər onu tapsam… əminəm ki, onu tanımalıyam… Necə? Bunu deyə bilmərəm, amma onu tanımalıyam. Onun ayaq səsləri, onun dediyi sözlər… onun paltarını bir də görsəm bu mənə onu tanımağıma bəs edəcək. Gündüz, ya gecə, fərqi yoxdur, onun ağımtıl paltarı gözümün qabağındadır. Günün hansı vaxtı olursa-olsun, yerlə sürünən paltarın xışıltısı, onun səsindəki anlaşılmaz ifadələr hələ də qulağımda səslənir… Nə dedi?… Nə dedi? Ah! Kaş ki onun dediklərini başa düşəydim. Amma dediklərini anlamasam da onu tapacam… onu tapacam. Bunu mənə ürəyim deyir. O məni heç zaman aldatmır. Amma düzdür ki, boş yerə Soriyanın küçələrini dolaşdım. Bütün gecəni oyaq qaldım. İyirmi doblas xərclədim. Evin xanımlarını, silahdaşıyanları danışdırdım. San Nikolasda bir qocaya su verdim. Fikirləşdim ki, bu Allaha xoş gedər. Kollecdən çıxanda oranın rəhbərinin faytonunun arxasınca düşdüm. Onun paltarının mənim müəmmalı xanımıma mənsub olduğunu düşünmüşdüm. Ancaq fərq etməz. Mən onu tapmalıyam. Və bilirəm ki, əziyyətim yerdə qalmayacaq.

    Görəsən, onun gözləri necədir? Çox güman ki, mavidir. Mavi və səma kimi nəm. Belə gözlər mənim xoşuma gəlir. Onlar çox ifadəlidirlər, melanxolikdirlər. Hə, yüz faiz gözləri mavidir. Və onun qapqara uzun saçları külək əsəndə sanki dəniz tək dalğalanırlar. Mənə elə gəldi ki, o gecə onun saçlarını gördüm. Hə, saçları qara idi.

    Ona mavi gözlər necə də gözəl yaraşır. Saçları isə açıq, dalğalı və tünd. Özü də hündürboy idi. Mələklər kimi hündür və qamətli idi. Onun səsi!… Onun səsini eşitdim. Qovaq ağaclarının yarpaqlarında əsən küləyin vıyıltısı kimi çox yumşaq səsi vardır.

    Və bu qadın mənim arzularımın ən gözəlidir. O da mənim xoşuma gələn şeyləri xoşlayır, mənim kimi fikirləşir, nifrət etdiyim şeylərə də mənim kimi nifrət edir. Onun qəlbi mənim qəlbimdəndir. O məni görəndə qəlbi titrəyəcək? O məni onu sevdiyim qədər sevməsə də olar. Amma mən onu bütün qəlbimlə sevirəm.

    Gedək, onu ilk dəfə gördüyüm yerə gedək… Kim bilir, bəlkə o da mənim kimi şıltaqdır? Mənim tənhalığımın dostu. Arzulayan qəlblərin yoldaşı. O da mənim kimi xarabalıqda, gecənin səssizliyində gəzməkdən zövq alır?

    Don Alonso Valdekueyosun silahdaşıyanı Manrikenin gözlərini açmaqdan, ona həqiqəti söyləməkdən düz iki ay keçdi. Bu vaxt ərzində o göydə buludların arasında xəyallara dalır, özünü aldadırdı. Gerçəklikdə isə bu xəyallar uçub yox olurdu. Düz iki ay ərzində həmin müəmmalı qadını axtardı. Onun qəlbindəki xəyali sevgisi get-gedə böyüyürdü. Sonda bu cavan oğlan bağlar, küçələr arasında itib azdı.

    Gecə sakit və gözəl idi. Ay səmanın ən ucqar nöqtəsində bütün gücü ilə işıldayırdı. Külək sanki ağacların yarpaqları arasında dolaşırdı.

    Manrike monastıra gəlib arkalar arasından oraya boylandı. Heç kim yox idi.

    Oradan çıxıb, Dueroya aparan küçə ilə getdi. Az qala qışqıracaqdı.

    Orada onun gözü dünyalar qədər sevdiyi həmin o ağ paltarlı qadını sezmişdi.

    Yenə onu tapmaq ümidiylə qaçmağa başlayır. Onu gözdən qaçırdığı yerə gəlib çatır. Ancaq ora çatanda dayanır. Yerə baxıb bir qədər hərəkətsiz qalır. Birdə-birə ona əsəb, qorxu gəlir. Bu qorxu onun bütün bədənini titrədir. Hətta qıcolma da yaranır. Sonda dəhşətli bir qəhqəhə çəkir.

    Bu zaman gözünə görünmüş həmin o ağ paltarlını bir anlıq yenə də gördü.

    Ah! Bu, ayın şüası idi. Külək ağacın budaqlarını tərpətdikcə qaranlıqda ay öz şüası ilə oradan sivişib özünə yol taparaq yerə şöləsini salırdı.

    Bir neçə il keçdi. Manrike oz sarayında gotik üslubunda olan odun peçinin yanında hərəkətsiz oturmuşdu. Küt baxışlarını boşluğa zilləmişdi. Anasının nəvazişlərinə, qulluqçuların məsləhətlərinə heç fikir vermirdi.

    – Sən cavansan, gözəlsən, -anası ona deyirdi.- Nəyə görə tənhalıqda özünü əldən salırsan? Niyə özünə sevimli bir qadın tapmırsan ki, o da səni sevib xoşbəxt etsin.

    – Sevgi!… Sevgi ayın şöləsidir, -oğlan dilinin altında mızıldandı.

    – Nəyə görə bu yuxudan ayılmırsınız? -Xidmətçilərdən biri ona dedi -Ayaqdan başa qədər dəbilqələrinizi geyinmirsiz? Öz bayrağınızı qaldırıb döyüşə getmirsiz? Döyüşdə qələbə qazanırlar.

    – Qələbə!… Qələbə ayın şöləsidir.

    – İstəyirsiniz sizə Arnaldonun bəsdələdiyi sonuncu mahnısını oxuyum?

    – Yox! Yox! -Cavan oğlan etiraz etdi- Heç nə istəmirəm… Yəni istiyirəm məni rahat buraxasınız. Mahnılar… Qadınlar… Qələbə… Xoşbəxtlik… Hamısı yalandır. Xəyalımızda qurduğumuz şeylərdi. Boş və mənasız yerə onların dalısıyca düşürük. Nə üçün? Ayın şöləsini tapmaq üçünmü?

    Manrike dəli olmuşdu. Ən azından hamı onun barəsində belə fikirləşirdi. Ancaq mən belə düşünmürəm. Hesab edirəm ki, o, yuxudan ayılmışdır.

    Qustavo Adolfo Bekker

    İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

    “ULDUZ” Jurnalı – aprel 2018

  • Ümidsiz sevgi məktubları – İsabel Alyende

    Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz məktəbə getməyə başladı. Onu paytaxta qızlar pansionatına yolladılar və sonrakı on iki ilini orada keçirdi. Çox yaxşı şagird idi. Nizam-intizamı, dini ibadətgahda olan sərtliyi sevirdi. Zanbaq güllərinin ətrindən, çılpaq və kimsəsiz dəhlizlərdən, kölgəli bağçadan zövq alırdı. Xoşuna gəlməyən şeylər isə bura gələn insan kütləsi və yetim qalmış uşaqlar idi. Və bir də dərs otaqlarından gələn iydi. Hər dəfə rahibələrə güləndə qaçıb binanın çardağında, başsız heykəllərin arasında, sınıq-salxaq mebellərin arxasında gizlənərdi. Belə vaxtlarda o, səs çıxartmadan günahlarını yuyurdu. Hər altı aydan bir əmisi Euxeniodan məktublar alırdı. Məktublarda o, qıza məsləhətlər verir, özünü yaxşı aparmasını deyir, valideynlərinin ruhlarını şad etməsini diləyirdi. Yazırdı ki, onlar həyatda yaxşı xristianlar idi və əgər sağ olsaydılar qızın bütünlüklə özünü dinə həsr etdiyindən çox məmnun qalardılar. Yəni qız monastırda qalsa daha yaxşı olar. Lakin Analia əmisinə buna hazır olmadığını aydın başa salmışdı, baxmayaraq ki, daxilində dindar həyat sürmək xoşuna gəlirdi. Tənhalığın arxasında gizlənirdi, həyatda olan bütün nemətlərdən qaçırdı, bəlkə də bu yolla o, xoşbəxt olmağa can atırdı. Ancaq onun daxili instinkti himayədarının məsləhətlərinə qulaq asmırdı.

    Əmisinin bu hərəkətlərinin ailəvi bağlılıqdan deyil, daha çox mənimsədiyi torpaqlardan irəli gəldiyindən şübhələnirdi. Onun soylədiklərinə etibarı yox idi. Fikirləşirdi ki, hardasa ona tələ qurur.

    Analianın on altı yaşı tamam olanda ilk dəfə əmisi ona baş çəkməyə gəldi. Baş Rahibə qızı öz otağına çağırıb onları bir-birlərinə təqdim etdi. Çünki, o vaxtdan, arxa küçələrdə hindu qadının evində yaşadığı illərdən bəri hər ikisi çox dəyişmişdi.

    – Görürəm ki, bacıların sənə yaxşı baxırlar, Analia, -əmisi əlində qəhvə içə-içə- . Sən sağlam və hətta gözəl görünürsən, dedi.- Sonuncu məktubumda sənə yazmışdım ki, bu yaşından etibarən qardaşımın göstərdiyi nəsihətnamədə öz xərclərin üçün aylıq maaş alacaqsan. Qoy onun ruhu şad olsun.

    – Nə qədər?

    – Yüz peso.

    – Valideyinlərimin mənə qoyduqları elə budu?

    – Yox, əlbəttə ki yox. Bilirsən ki, ev sənə məxsusdur, ancaq kənd təsərrüfatı qadın işi deyil. Özü də bugünkü inqilablar və işsizlik zəmanəsində. Sənə hələlik aylıq maaş verəcəm və sonradan hər il məbləği artıracam. Sonra isə baxarıq.

    – Nəyə baxarıq, əmi?

    – Baxıb görərik ki, sənə daha çox nə uyğun gəlir.

    – Mənim seçim hüququm hansılardı?

    – Torpaq sahələrini idarə etmək üçün sənə kişi lazım olacaq. İllərdi bunun əziyyətini özüm çəkirəm. Sənə deyim ki, bu heç də asan iş deyil. Ancaq bu mənim borcumdur. Qardaşımın son saatlarında ona söz vermişəm və indiyə qədər də sənə görə sözümə əməl eliyirəm.

    – Əmi, bundan sonra borcunuzu yerinə yetirməyə ehtiyac qalmayacaq. Mən ərə gedəndən sonra torpaq sahələrimi özüm idarə edəcəm.

    – Ərə gedəndə? Rahibə ana, qız ərə gedəndə dedi? Məgər onun nişanlısı var?

    – Bu sizin ağlınıza hardan gəldi, senyor. Bu, yəqin onun danışıq tərzidir.

    Analia Torres ayağa qalxdı, ətəyini səliqəyə salıb, yüngülcə başını əyərək otaqdan çıxdı. -Bununla əmisinə etirazını bildirdi.

    Baş Rahibə ona bir fincan da qəhvə süzərək dedi ki, bu davranışın yeganə səbəbi qızın qohumlarıyla illərlə görüşmədiyindən irəli gəlir.

    – Analia Torres yeganə şagirddir ki, heç vaxt tətilə çıxmayıb və yeni ildə həmişə hədiyyəsiz qalıb. -Rahibə səsinin quru ahəngilə izahat verdi.

    – Mən nəvaziş nümayiş etdirən kişilərdən deyiləm, ancaq sizi əmin edirəm ki, qıza hörmət edir və onsuz darıxıram. Mən onun istəklərini bir ata kimi yerinə yetirəcəm. Ancaq siz haqlısız, Analianın nəvazişə ehtiyacı var. Qadınlar sentimental olurlar.

    Otuz gündən sonra qızın əmisi yenidən kollecdə göründü, ancaq bu dəfə qızla görüşmədi. Baş Rahibəyə oğlunun qızla məktublaşmaq istədiyini bildirdi. Xahiş etdi ki, məktubları qıza çatdırsın. Bəlkə belədə qohumluq əlaqələri möhkəmlənər.

    Məktublar mütəmadi olaraq gəlməyə başladı. Çox sadə, ağ kağızda və qara mürəkkəblə yazılmış məktublar müxtəlif mövzulardan bəhs edirdi. Biri kənd həyatından danışır, ilin fəsillərindən və mal-qaradan, digəri dünyasını dəyişmiş şairlərdən və onların həyat haqqında düşüncələrindən. Hərdən zərflərin içində kitab, yaxud rəsm əsəri də olurdu. Analia özünə söz vermişdi ki, o məktubları oxumayacaq. Çünki əmisiylə bağlı olan şeylərdə təhlükə olduğunu düşünürdü. Digər tərəfdən pansionatda olan darıxdırıcı ab-hava onu məktubları oxumağa və arzulamağa sövq edirdi. Pansionatın damında gizlənirdi, indi orada xəyallara dalmırdı, əmisi oğlunun ona yazdıqlarını oxuyurdu. Məktubda hətta hərflərin yazılış formasını, şəklini yaddaşında saxlayırdı. Əvvəl onlara cavab məktubu yazmırdı, sonradan yazmağa başladı. Məktubların məzmunu Boyuk Rahibəyə gülünc gəlirdi. O, əlinə düşən bütün məktubuları açıb oxuyurdu. Qızla oğlanın aralarında yaxnlıq yaranan kimi, məktubu şifrələməklə sevgidən danışmağa başladırlar.

    Analia Torres ona məktublar göndərən əmisi oğlunu xatırlamırdı. Çünki əmisigildə yaşayanda oğlanı paytaxta, kollecə oxumağa göndərmişdilər. Əmin idi ki, oğlan eybəcər, bəlkə də xəstə və bədheybətin biridir. Çünki belə hissiyyatlı və ağıllı olan birisi çətin ki, bu iki cəhəti özündə cəmləşdirə bilsin. Xəyalında əmisi oğlunun xarici görünüşünü çəkməyə çalışırdı. Bəstəboy və kök, sifəti çopur, saçları seyrək… Ancaq mənfi cəhətlərini nə qədər tapıb üzə çıxartsa da onu bir o qədər də artıq sevməyə başlamışdı. Əsas qəlbin istəyi idi. Öz-özünə sual edirdi: “Görəsən, nə qədər eybəcərliyə dözə biləcək.”

    Luis Torreslə Analia arasında məktublaşma düz iki il çəkdi. İki ildən sonra qızın sombrero üçün saxladığı sandıq məktublarla doldu. Qəlbi isə artıq oğlanın əlində idi. Qızın beynindən bir sual keçdi. Bəlkə bu əmisinin planı olub və bu münasibətdən sonra ona məxsus olan bütün torpaqları əmisi oğlu ələ keçirəcək? Həmin anda bu fikirləri başından çıxartdı və hətta özünün belə xırdaçı olduğundan utandı da. On səkkiz yaşın tamamında Baş Rahibə qızı pansionatın yeməkxanasına çağırdı və dedi ki, yanına gələn var. Analia Torres gələn adamın kim olduğunu başa düşdü və hətta qaçıb çardaqda heykəllərin arxasında gizlənmək istədi. Xeyli vaxtdan bəri təsəvvüründə canlandırdığı insanı görəcəyindən sanki dəhşətə gəlmişdi. Yeməkxanaya daxil olanda yerində donub qaldı. Qarşısındakı oğlan onu məyus etmədi.

    Luis Torres qızın xəyalında yaratdığı kimi heç də balaca boy və eybəcər deyildi. Əksinə, o, görkəmcə xoşsifət oğlan idi. Uşaq ağzına bənzər kiçik ağzı var idi. Səliqəli qara bığları, uzun kiprikli aydın baxışları vardı. Gözlərində parıltı yox idi. Kilsədəki keşişlərə bənzəyirdi, bir az da ağıldan kəm görsənirdi. Analia bu zərbədən özünə qayıtdı və qərara gəldi ki, əgər onun ürəyi xəyalındakı qozbeli qəbul edibsə, üzündən öpərkən burnuna lavanda ətri hopduran bu cavan, alicənab oğlanı da sevə bilər.

    Analia evliliyin birinci günündən Luis Torresə qarşı ikrah hissi keçirməyə başladı. Yumşaq çarpayıda oğlan qızı özünə sıxanda o, başa düşdü ki, sevdiyi insan xəyalında canlandırdığı birisidir və bu ehtirası heç zaman reallığa, evliliyə gətirə bilməzdi. Öz hissləriylə mübarizə aparırdı. İlk növbədə münasibətlərini yerli-dibli kəsir və nədəsə çətinliklə üzləşəndə etirazlar edirdi. Çalışırdı ki, qəlbinin dərinliyində olan hissləri özündən uzaqlaşdırsın.

    Luis mülayim, hətta maraqlı insan idi. Tələbləriylə qızı narahat etmirdi, özünü tənhalığa və sakitliyə çəkmirdi. Analia etiraf edirdi ki, əgər münasibətləri qarşılıqlı olsaydı, bu nigahda xoşbəxtlik tapmaq olardı. İki ildə sevdiyi oğlanı özündən kənarlaşdırmağa elə bir ciddi səbəb yox idi. Öz emosiyalarını sözlə ifadə edə bilmirdi və əgər bunu bacarsaydı belə danışmağa heç kimi yox idi. Xəyalındakı oğlanı əriylə uyğunlaşdıra bilmədiyindən özünü gülünc vəziyyətə qoymuşdu. Qız məktublarla bağlı danışmaq istəyəndə Luis mövzudan qaçırdı. O, qızın ağzını qapayıb sonra da bir öpücüklə söhbəti bağlayırdı. Yəni nigahda olan bu cavanların məktublaşmaları barədə söhbətlərin xatırlanması ailəyə lazım deyildi. Etibar, hörmət, birgə maraqlar və ailənin gələcəyi daha vacib idi. Aralarında intim münasibət demək olar ki, yox idi. Gün ərzində hər kəs öz işiylə məşğul olurdu. Gecələr isə qaz tükündən olan yorğan-döşəkdə belə Analiaya elə gəlirdi ki, indicə boğulacaq. Hərdən tez-tələsik qucaqlaşırdılar. Qız hərəkətsiz halda uzanmış, kişiylə münasibətə məhkum olmuş kimi, o isə, cəld və kobudcasına, bədənin tələbini ödəyirmiş təki davranırdı. Luis üstünlüyü ələ alır, qız isə qaranlıqda gözləri açıq, sanki baş verənlərə etiraz edirdi. Analia bütün vasitələrlə çalışırdı ki, ərinin onda yaratdığı ikrah hissinə qalib gəlsin, ərini sevməkdən ötrü, hətta beynində olan fikirlərini təmizləsin ki, yoldaşı onlara toxunmasın. Dua edirdi ki, keçirdiyi ikrah hissləri ötəri olsun. Ancaq aylar ötdükcə rahatlıq tapmaq əvəzinə münasibətləri düşmənçiliyə, hətta sonradan nifrətə keçdi. Bir gecə yuxusunda eybəcər bir kişi görmüşdü. Onun mürəkkəbə bulaşmış qara barmaqları qızın saçlarını tumarlayırdı.

    Torreslər ailəsi qızın atasının mülkündə yaşayırdılar. Bura əvvəllər uçuq-sökük, tör-töküntü idi. Abadlıqdan əsər əlamət belə yox idi. Buralarda oğrular, cinayətkarlar gəzirdi. Amma indi ev əsas yola yaxın idi. Yaxınlıqdakı kənddə hər il bayram şənlikləri keçirilirdi.

    Luis qanuni olaraq torpaq sahələrinin rəhbəri idi, amma əslində bu işləri yerinə yetirən atası Euxenio idi. Luis tarla işlərilə məşğul olan deyildi, onun bu işləri görməyə hövsələsi çatmırdı, darıxırdı. Nahardan sonra ata oğlu ilə birlikdə kitabxana otağında olanda Analia əmisinin təsərrüfat işlərindən – heyvandarlıqdan, toxum səpinindən dələn gəlir haqqında olan söhbətlərini eşidirdi. Bəzən qız onların söhbətinə müdaxilə edəndə onlar qıza guya diqqətlə qulaq asır, amma sonradan öz bildiklərini edirdilər. Hərdən Analia atın belinə minib çapanda kişi olmadığına heyfsilənirdi.

    Uşağın doğulması Analianın ərinə olan münasibətlərinə yüngüllük gətirmədi. Onsuz da Luisin işləri başından aşırdı. Uşağı dünyaya gətirəndə Analia evdə otağını dəyişdi. Orada yalnız bir çarpayı vardı.

    Uşağın bir yaşı tamam olanda anası hələ də öz otağının qapısını açarla bağlayırdı və əriylə bir yerdə tək qalmaqdan çəkinirdi. Luis fikirləşirdi ki, artıq qadından nəvaziş görməlidir. Bunu görməyəndə qapını çırpmaqdansa qərarını verməlidir, verdi də. Analia onu heç vaxt belə qəddar qörməmişdi. Heç bir söz demədən ərinə tabe oldu. Sonrakı yeddi ildə münasibətləri o qədər pisləşmişdi ki, düşmənə çevrilmişdilər. Kənardan mədəni, kübar göründüklərindən başqalarının yanında özlərini mehriban ər-arvad kimi aparırdılar. Onların davakar, dözülməz münasibətlərindən uşaq əziyyət çəkir, gecələr oyanıb yerinin içində ağlayırdı. Analia tam səssiz həyat tərzi keçirirdi və yavaş-yavaş daxildən qurumağa başlayırdı. Luis isə daha ürəyiaçıq və sadəlövh idi. Özünün bəzi vərdişlərini unudub içkiyə qurşandı. Gecələr evə gəlmirdi. Luis pis ər olduğunu dilinə gətirəndə Analia bunu əlində bayraq edərək ərindən tamamilə uzaqlaşmağa bəhanə tapdı. Luis tarla işlərinə olan marağını itirən kimi Analia onu ələ keçirdi. Bazar günləri əmisi Euxenio yeməkxanada Analia ilə söhbətlər edir, verdikləri qərarları götür-qoy edirdilər. Bu zaman Luis yatır və oyananda ürəyi bulanırdı. Axşamlar isə dostlarıyla əyyaşlığa gedirdi. Analia oğluna tərbiyə verir, kitab oxumaq vərdişi aşılayırdı. Yeddi yaşı tamam olanda Luis onu təhsil almaq üçün paytaxtdakı kollecə göndərmək istədi, ancaq Analia özünü qabağa verərək ərini bu fikirdən daşındırmağa nail oldu. Oğlunu kənd məktəbinə apardı. Uşaq bazar ertəsindən cüməyə qədər orada qalırdı. Şənbə və bazar günləri arxasınca maşın göndərir, evə gətirirdilər, ta növbəti birinci günə qədər valideynlərilə olurdu. Təhsilin birinci həftəsi Analia oğlunda oxumağa o qədər maraq görmüşdü ki, hətta yanında saxlamaq fikrinə belə düşmüşdü. Oğlu məktəbdən çox razı idi. Öz müəllimindən, məktəb yoldaşlarından həvəslə danışırdı. Gecələr yatanda artıq yerini batırmırdı. Üç aydan sonra qiymət dəftəriylə birgə müəlliminin yazdığı kiçik məktubla anasını sevindirdi. Məktubda uşağın yaxşı davranışı barədə xoş sözlər yazılmışdı. Analia onu diqqətlə, əlləri əsə-əsə oxuyarkən güldü. Oğlunu qucaqlayıb hər bir şeyi öyrənmək üçün onu sorğu-suala çəkdi. Yataq otaqları necədir, uşaqlara yeməyə nə verirlər, gecələr soyuq olurmu, nə qədər dostu var, müəllimi necə insandı və bu kimi suallarla söhbətə tutdu. İndi qəlbi daha rahat oldu və artıq oğlunu məktəbdən çıxarmaq fikrindən daşındı. Sonrakı aylarda da uşaq yaxşı qiymətlərlə evə qayıdırdı. Analia bu qiymət kitabçasını bir xəzinə kimi qoruyub saxlayırdı. Bir dəfə oğluyla bütün sinfə marmelad göndərmişdi. Analia gec-tez oğlundan ayrılacağını düşünürdü. Fikirləşirdi ki, bir neçə ildən, uşağının ilkin təhsilindən sonra onu şəhərə oxumağa göndərməli olacaq. O zaman oğlunu ancaq yay tətillərində görə biləcək.

    Bir axşam kənddə dava düşmüşdü. Həmin gün çox içmiş Luis Torres sərxoş halda atını minib özünü taberna yoldaşlarına göstərirdi. Bu zaman at onu yerə çırpıb iki ayağının arasına bir şıllaq atdı. Doqquz gündən sonra Torres ağrıdan zarıya-zarıya şəhər xəstəxanasında canını tapşırdı. Başının üstündə olan həyat yoldaşı ona heç vaxt məhəbbət göstərmədiyinin təəssüfünü çəkərək ağlayırdı. Amma digər tərəfdən onun ölməsi üçün dua etdiyindən ürəyi rahatlıq tapmışdı. Ərini basdırmaq üçün öz qapısına qayıtmazdan öncə Analia özünə ağ paltar aldı və onu çamadanda gizlətdi. Kəndə matəm libasında qayıtdı. Üzünə tül çəkmişdi ki, heç kim onun gözlərini görə bilməsin. Tabutu torpağa basdıranda oğlu da yanında idi. Yas mərasimi qurtaranda Analia ilə hələ də yaxşı münasibət saxlayan əmisi, altmış yaşlı Euxenio öz gəlninə təklif etdi ki, torpaqları ona bağışlayıb şəhərə oğlunun yanına getsin və bu yolla keçmişdə olan bütün qəmini, kədərini unutsun.

    – Mənim yazıq Luisim və sən heç vaxt xoşbəxt olmadınız.

    – Haqlısız əmi. Luis ilk gündən məni aldadırdı.

    – Qızım, o hər zaman sənə hörmət edirdi. Səninlə təmkinli davranırdı. Luis yaxşı ər idi. Bütün kişilərin kiçik macəraları olur, amma bu indi vacib deyil.

    – Mən bunu demək istəmirdim. O, mənə çarəsi olmayan bir yalan söyləyirdi.

    – Nədən danışdığını bilmirəm heç bilmək də istəmirəm. Hər halda düşünürəm ki, oğlunun yanında olmaq hər ikiniz üçün yaxşı olar. Heç nəyə ehtiyacın olmayacaq. Mən  mülkü idarə edəcəm. Qoca olsam da hələ ki, canım suludu.

    – Mən burda qalacam, oğlumla bir yerdə. O mənə torpaq işlərində kömək edəcək. Son illər evdən çox tarlada işləmişəm. Yeganə fərq odur ki, indi mən qərarlarımı təkbaşıma, heç kimlə məsləhətləşmədən verəcəm. Nəhayət bu torpaqlar təkcə mənə məxsus oldu. Sağ olun, Euxenio əmi.

    İlk bir neçə həftədə Analia özünün dul həyatında yerdəyişmələr etdi. Əri ilə yatdığı mələfələri yandırdı. Çarpayını böyük otağa sürütdədi. Bu arada mülkü idərə etmə qaydaları haqqındakı kitabları dərindən öyrəndi. Ağlına heç bir ideya gəlmirdi. Amma, artıq suallar verməyən bir köməkçi axtarmağa başladı. Görəndə ki hər şey qaydasındadı, çamadanda gizlətdiyi ağ paltarını axtardı, ütüləyib əyninə geyindi və sombrero qutusunu əlinə alaraq maşına minib kənd məktəbinə getdi.

    Analia saat beşdə vurulan son zəngi gözlədi. Dərs qurtaran kimi bütün şagird ordusu bayıra çıxdı. Onların arasında oğlu da vardı. Anasını görən kimi quruyub qaldı. Axı ilk dəfə idi ki, anası arxasınca məktəbə gəlirdi.

    – Sinif otağını mənə göstər, müəllimini görmək istəyirəm.

    Analia qapının ağzında oğluna dedi ki, gedib bayırda gəzsin. O şəxsi söhbəti ikilikdə aparmaq istəyirdi. İçəri daxil oldu. Bu, böyük, tavanı hündür olan bir sinif otağı idi. Divarlardan xəritə və biologiya dərsinə aid şəkillər asılmışdı. Uşaqların təri divarlara çökmüşdü. Bu, Analiaya qızlar pansionatında olan iyi xatırladırdı. Uşaqlığı yadına düşdü. Ancaq nəfəs aldıqca sinif otağında duyduğu iy daha çox xoşuna gəlirdi. Partaların üstündə uşaqların kitab-dəftərləri vardı. Yerə kagız-kuğuz tökülmüşdü. Müəllim otaqda idi. O təəccüblə qadına baxdı, ancaq ayağa qalxmadı. Qoltuqağacları bir qədər özündən aralı olduğundan, yan-yörəsindəki oturacaqlar onu götürməyə mane olurdu. Analia oturacaların arasıyla özünə yol açaraq ona yaxınlaşdı.

    – Mən Torresin anasıyam. -Tanışlıq üçün ağlına bundan başqa bir şey gəlmədi.

    – Axşamınız xeyir, xanım. Bizə şirniyyat və meyvə göndərdiyiniz üçün təşəkkür edirəm.

    – Gəlin bu sözləri kənara qoyaq. Bunun üçün gəlməmişəm. Oğluma görə gəlmişəm ki, mənə onun necə oxuduğundan, dərslərə hazırlığından danışasınız, -deyib əlindəki sombrero qutusunu masanın üstünə qoydu.

    – Bu nədir?

    O, qutunu açdı və içərisindən uzun illər qoruyub saxladığı sevgi məktublarını çıxartdı. Müəllim məktubları tanıdı.

    – Siz mənə itirdiyim on bir ilimi borclusunuz…

    – Necə bildiniz ki, onları mən yazmışdım. – Onun səsi tutqun, boğuq idi.

    – Ailə həyatımı qurduğum gündən başa düşdüm ki, ərim bunları yaza bilməzdi. Oğlumun qiymət dəftərini gördüyüm andan xəttinizi tanıdım. İndi bu xəttə baxanda məndə heç bir şübhə qalmır. Mən sizi on alti yaşımdan yuxularımda görürdüm…

    – Luis Torres mənim dostum idi. O məndən məktubları yazmağı xahiş edəndə düşündüm ki, bu heç də pis iş deyil. İlk üç məktubu yazdım. Sonradan siz cavab yazanda artıq mən dayana bilmədim… Bu iki il həyatımın ən gözəl anları idi. Hər dəfə cavab məktublarını səbirsizliklə gözləyirdim. Məni bağışlayın.

    – Bu sizdən asılıdır, -Analia belə deyərək qoltuqağaclarını ona ötürdü.

    Müəllim onları qadından alıb ayağa qalxdı. Hər ikisi səs-küylü həyətə çıxdılar. Orada günəş hələ də üfüqdə qızarırdı.

    İsabel Alyende

    İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

    “ULDUZ” Jurnalı – avqust 2016

  • Məhkum olunmuş qadın – Visente Blasko İbanes

    On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi. Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, bütün dəlmə-deşiklərini əzbərdən bilirdi. Onun günəşi göy üzünün kiçik bir hissəsinin göründüyü yuxarıdakı dəmir barmaqlıqları olan nəfəslik idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin edirdi.

    Ömürlük cəzasını çəkdiyi vaxtda sonuncu dəfə Madriddə onun ətürpərdici işinə baxılırdı. O, aylarla həbsxanada çəkdiyi cəza ilə sanki ömrünü məzara gömürdü. Dörd tərəfdən əhatə olunmuş daş divar arasında çürüyən canlı cəsədə bənzəyirdi.

    Onun heç xoşlamadığı şey təmizlik idi. Hər gün süpürülən, dümdüz yerdə altına saldığı qalın adyal nəmişliyi özünə çəkərək sümüklərinə işləyirdi. Kameranın divarlarında, ortalıqda gözə bircə qırıq da toz dəymirdi. Elə bil təmizlik kampaniyası da qəsdinə durmuş, onu rahat cəza çəkməkdən məhrum edirdi. Tam tənhalıqdı. Əgər, ora hardansa bir siçan girsəydi o, sevincək öz yeməyini onunla bölərdi və hətta bu gəmiriciylə söhbət də edərdi. Əgər, küncdə bir hörümçək görsəydi, vaxt itirmədən onu əhlilləşdirməyə başlayardı.

    Bu məzarda ayrı bir həyat yaşamaq istəmirdi. Bir gün bir sərçə nəfəsliyə qonub içəri boylanaraq cik-cirik elədi. Elə bu məqamda işığın və məkanın uyarsızlığı rəngi saralmış, zəifləmiş, yayın cırhacırında üşüyən Rafaeli bayıra çəkdi. Başına bağladığı yaylıq, böyrəyini sarıdığı adyal bədənini heç qızdırmırdı. Yəqin dustağın saralmış sümüklü sifəti və qəribə geyimi quşu ürkütdü. Bir tərəfdən də içəridən gələn iydən azad, uzaq olmaq üçün quş dərhal qanadlarını çırparaq uçub getdi…

    Qibtə etdiyi yeganə şey həbsxana yoldaşlarının gəzinti zamanı etdikləri söhbətlər idi. Onlar heç olmasa mavi səmanı seyr edə bilirdilər, onun kimi havanı pəncərədən udmurdular. Ayaqları qandallı deyildi və gəzərək istədikləri dustaqlarla söhbət edə bilirdilər.

    Əbədi cəza, bunu Rafael kəşf etmişdi. Belə bir cəzaya məhkum olunduğundan, bayırda gəzənlərə nifrət edirdi. Vəziyyətinin yüngül olmasını istəyirdi. Ciddi rejimdə olan dustaqlar bayırdakılara, azadlıqdan zövq alanlara nifrət edirlər: Ax, onların hamısı məhkum olunmalıdır!

    Bədbəxtliyin sonuncu mərtəbəsində idi. Bir dəfə qaçmağa cəhd göstərmişdi. Ümidsizlik içində yeri qazıb çıxmaq istəyəndə nəzarətçilər ona mane oldular. Mahnı oxuyanda icazə vermirdilər. Anasının ona öyrətdiyi və az-maz yadında qalan sözləri monoton tərzdə astadan oxumaq istəyəndə səsini kəsirdilər. Özünü dəliliyə vurmuşdu nədi? Sakit! Onlar Rafaeli olduğu kimi görmək istəyirdi, sağlam və əqli yerində! Başı pozuq adamı həbsxanada saxlamaq olmaz.

    Dəli?! Yox, o, elə olmaq istəmirdi, ancaq qandallı ayaqlarıyla bir yerdə hərəkətsiz qalmaq ömrünü kəsirdi onun. Gecələr gözlərini yumanda hərdən qarabasmalar görürdü. İşığı tez-tez yandırıb söndürmək ona pis təsir edirdi və on dörd ayda bu vəziyyətə heç uyğunlaşa bilməmişdi. Yuxularında onu öldürmək istəyən düşmənləri Rafaelin həyatını kəlləmayallaq etmişdi. Buna görə də əziyyət çəkirdi.

    Gündüzlər keçmişini düşünürdü. Onun huşsuz yaddaşı həyatının səhifələrini bir də vərəqləmək istəyirdi.

    Bir neçə xəstəliyinə görə, birinci həbsindən sonra doğma kəndinə qayıtmasını xatırlayırdı. Camaatın meydandakı tabernanın ətrafına yığışması, özünün bütün rayonda qazandığı nüfuzu, adı yadına düşdü. Hamı ona heyrətlə baxırdı: “Rafael necə də möhkəm adamdı!” Kəndin ən gözəl qızı onun qadını olmağa hazır idi. Bu, onun “nəvazişli” münasibətinə görə deyildi, məhz hiss etdirdiyi qorxunun qazandırdığı hörmətə bağlıydı. Bələdiyyə işçiləri onun əlinə silah verib kəndin gözətçisi təyin etmişdilər. Kobudluğundan istifadə edib seçkilər zamanı səs toplayırdılar. O, sözün əsl mənasında hökmranlıq edirdi. Başqa bir quldur dəstəsini yumruğun altında saxlayırdı. Onlar da yorulmuşdular, artıq müdafiə oluna bilmirdilər. Çünki bunun sonu həbsxana ilə qurtarırdı. Axırda onları Rafaelin qabağına gətirdilər.

    Aman Allah! Qüruru təhlükə altında idi: “Gərək bunun qulağının dibini qızışdıram. O mənim çörəyimi əlimdən alır”. Təsadüfən gözlənilən an gəlib çatdı. Ona tüfəngin qundağıyla elə goydu ki, bir də səsi çıxmasın.

    Eh, bu da axırı… Kişilərin başına gələn şeylərdi! Sonu da həbsxana həyatı. Orada keçmiş yoldaşlarını tanıdı. Hökm çıxarılandan sonra əvvəl incitdiyi dustaqlar bütün vasitələrlə ondan qisas alırdılar. Həmən dəhşətli hökm və lənətə gəlmiş o gözətçilər… On dörd aydı ki, bütün bunlara dözürdü. Kaş Madriddən ölüm hökmü gələydi. Bəlkə də artıq yoldadır.

    İndi Rafaelin heç bir dəyəri yox idi. Xuan Portela, göyçək Fransisko Esteban və etdiyi bütün qəhrəmanlıqlar haqqında düşünürdü. O qəhrəmanlıqlar ki xalq mahnıları kimi dildən-dilə düşürdü. Onları eşidəndə fərəhlənirdi. İndi bunlar düşdüyü vəziyyətə heç cürə kömək etmirdi.

    Bəzən gecələr yerə sərdiyi adyaldan dik atılırdı, elə bil kimsə gizlindən ona atəş açırdı. Və bu zaman qandalları kədərli səslər çıxarırdı. Uşaq kimi qışqırırdı və həmin andaca qışqırmağına sanki peşman olur, səsini içində boğurdu. Onun daxilində bağıran başqa bir Rafael idi. İndiyə qədər tanımadığı Rafael. O Rafael qorxur, kövrəlir, ağlamsınırdı. Keçibuynuzu bitkisi və əncirdən hazırlanmış içkini içmədən sakitləşmirdi. Həmin içkiyə orda kofe deyirdilər.

    Özünə ölüm arzulayan əvvəlki Rafaeldən yalnız bir dəri və bir sümük qalmışdı. Yeni Rafael isə artıq özünü qəbiristanlığın içində gəzən birisi idi. Düşünəndə ki on dörd ay keçib və hər şeyin sonu çatıb, dəhşətə gəlirdi.

    Qorxağın biri olmuşdu. Hiss edirdi ki, bədbəxtlik ona lap yaxınlaşıb. O, bədbəxtliyi hər yerdə, qapının pəncərəsindən maraqla boylananların üzündə, indi hər axşam ona baş çəkən həbsxananın rahibində də görürdü. Elə bil həbsxana kamerası ancaq söhbət eləmək və siqaret çəkmək üçündür. Pis, çox pis!

    Ona verilən suallar narahatçılıqdan başqa bir şey deyildi. Yaxşı xristiandırmı? Əlbəttə, padre. Rahiblərə hörmət edirdi. Heç zaman onlar haqda pis fikirdə olmamışdı. Bütün qəlbi ilə kralı müdafiə etmək üçün dağlara çəkilmişdi. Bir də ki, onu kəndin rahibi göndərmişdi.

    Sonra rahib ona İsadan danışdı. Allahın oğlu olaraq o da Rafael kimi çətin vəziyyətə düşmüşdü. Və belə müqayisə yazıq şeytanı daha da coşdururdu. Necə də qürurludur! Baxmayaraq ki, bu qədər oxşar əlamətlər göstərirdi, ancaq hökmün mümkün qədər gec yerinə yetirilməsini arzulayırdı.

    Dəhşətli xəbər düz başının üstündə sanki bir şimşək kimi çaxdı. Madriddə hökm artıq çıxarılmışdı. Ölüm hökmü sürətlə, teleqrafla gəlirdi. Rahibə deyəndə ki bir arvadın uşağı anasını görmək üçün həbsxananı dörd dolanır, görüşmək istəyir, çox tərəddüd etmədi. O qadın kənddən çıxanda “məsələ” artıq bitmişdi…

    Onun əfv oluna biləcəyini deyəndə, bütün bədbəxtlər kimi o, dəlicəsinə son ümidindən yapışdı. Məgər o, əfv oluna bilməzdimi? Niyə də ki olmasın? Bir də ki, istəsə bu fərmanı Madriddə oturan o xanım imzalaya bilərdi.

    Vəkillər, keşişlər, müxbirlər, hamısı ona baş çəkirdi. Bu ziyarətlər ya hansısa maraqdan irəli gəlirdi, ya da öz vəzifələrini icra edirdilər. Onlar yalvarıcı tərzdə suallar verirdi, guya ki, qəbir qazanlar dustaqları xilas etmək iqtidarında idilər:

    – Necə bilirsiz? Sizcə əfv fərmanı imzalanacaq?

    Növbəti gün əli-ayağı bağlı halda inəyi kəsimxanaya aparan kimi, onu da öldürmək üçün öz kəndinə aparacaqdılar. Məhkum olunmuş və heç kimə lazım olmayan Rafael orda idi, öz kamerasında. Onun azadlığa çıxmasını gözləyən, cavan, uzun ətəkli, şişman dodaqlı, çatmaqaş bir qadın vaxtını bütün günü həbsxana qapısının ağzında keçirirdi.

    Qadın orda olmağıyla hamını təəccübləndirmişdi. Onun çaşqın baxışlarından kədərdən çox kütlük yağırdı. Kobud bədəni və iri döşləri olan qız arabir gözünün yaşını tökürdü. Rafaelin sonunun belə olacağını bilirdi. Kaş ərindən uşağı olmayaydı!

    Həbsxananın keşişi qadını sakitləşdirməyə çalışırdı. Özünə başqa bir kişi tapar, o zaman bəlkə xoşbəxt olarsan, deyirdi. Qadını ruhlandırmağa çalışırdılar. Hətta söhbət elə alındı ki, onun birinci sevgilisindən də danışdılar. Qızın dediyinə görə oğlan yaxşı adam idi. Rafaeldən qorxduğu üçün qıza yaxın durmurdu. Amma indi yavaş-yavaş kənddə qıza yaxınlaşırdı. Elə bil ona nəsə demək istəyirdi…

    – Yox. Kişini hər zaman tapmaq olar. – Özünə toxtaqlıq verirmiş kimi təbəssümlə, sakit bir tərzdə dedi. – Ancaq mən əsl xristianam. Əgər başqa kişi tapsam istiyərəm ki, bu Allahın əmriylə olsun.

    Keşişin və yan-yörəsində olan işçilərin üzündəki ifadəni görəndə, reallığa qayıdıb yenidən göz yaşları tökməyə başladı.

    Axşam düşəndə xəbər gəlib çatdı! Bəli, Rafaelə əfv fərmanı imzalamışdılar. Rafaelin təsəvvürünə gətirdiyi Madriddəki həmən o nəcib qadının qəlbində uzun-uzadı teleqram və xahişlərdən sonra mərhəmət hissi oyanmış, dustağın ömrünü uzatmaq qərarına gəlmişdi. Bu fərman həbsxanada böyük səs-küyə səbəb oldu, elə bil orada yatanların hamısına azadlıq verilmişdi.

    – Arvad, sevin, – keşiş dustağın qadınına dedi. – İndi sənin ərini öldürməyəcəklər, dul qalmayacaqsan.

    Arvad eşitdiyi sözlərdən yerindəcə quruyub qaldı. Tərəddüdlə soruşdu:

    – Yaxşı, nə vaxt çıxacaq?

    – Çıxmaq?! Dəli olmusan? Heç vaxt! Ərinin həyatını xilas etdiyin üçün rahat ola bilərsən. İndi onu Afrikaya göndərirlər. Cavan və güclü olduğu üçün hələ iyirmi il də yaşayacaq.

    Qadın hönkür-hönkür ağlamağa başladı. Ancaq onun göz yaşlarının səbəbi kədər deyil, ümidsizlikdi.

    – Arvad, gedək. – Keşiş qıcıqlı halda dedi. – Bu, artıq Allaha inamsızlıq göstərməkdir. Onun həyatını xilas etdilər, başa düşürsən? Artıq ölüm hökmü üstündən götürülüb… Amma sən yenə də şikayətlənirsən.

    Qadın göz yaşlarını sildi. Onun gözləri nifrət dolusu baxışlarla parladı.

    – Yaxşı, öldürməyin onu… indi rahatam. O xilas olundu, bəs mən?

    Uzun sürən sakitlikdən sonra öz-özünə danışırmış kimi əlavə etdi:

    – İndi məhkum olunmuş mənəm…

    Visente Blasko Ibanes

    İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

  • Get nağılını yaz – Şəfəq Nasir

    Bir payız axşamı mətbəxdə arxayın-arxayın iş-güc görür, səliqə səhmanla məşğul idim. Uşaqlar sarıdan nigaran deyildim. Hərəsi öz oxu kitabını əlinə alıb bir küncə çəkilmişdilər. Müəllimin tapşırdığı şeri əzbərləyirdilər. Bəhsə girmişdilər, hər kim tez qurtarsa ona “əhsən” deyib üz gözündən öpəcəkdim.

    İşləyə-işləyə na vaxtdan başımda dolanan bir mövzunu qurub-quraşdırır, hazırlayırdım. Fikrim budu ki, işimi qurtarım, uşaqları yatırdım keçim iş stolumun arxasına. Beynimdə hər şey ardıcıl gedir, hadisələr bir-birini izləyir, yaddaşıma yazılırdı.

    Quraşdırmanın şirin yerində evdə bir mərəkə qopdu ki, fikrimdə yazdıqlarıma nöqtə də qoya bilmədim. Heç bilmədim fikrim hadisənin hansı yerində qırıldı. Özümü otağa atdım.

    – Nə olub, a bala, yenə niyə dalaşırsınız?

    Məmməd bacısının qolunu arxaya qanırıb saxlamışdı. Afaq bir qıyya çəkirdi, gəl görəsən.

    – Məmməd boşda qızın qolunu.

    – Yox, qoy desin qorxaq özüdü, mən yox.

    Afaqsa ağrıdan qışqırıb göyərsə də təslim olmaq istəmirdi.

    Qıza yazığım gəldi.

    – A bala, uşağın qolu qırılır, nə canı var ki, onu belə incidirsən, boşda yazıqdı.

    – Yox, desin ki, qorxaq özüdü.

    Neyniyim, qaldım mat-məətəl ki, bunları necə yola gətirim. İkisi də tərslik edir.

    Birdən elə Məmmədim özü dadıma çatdı.

    – Ana, bura bax, gəl sən bir nağıl yaz, orda göstərim, mən necə güjdüyəm. Qoçağam, heç zaddan qorxmuram. Heç ayıdan, canavardan da qorxmuram, amma Afaq dovşan kimi qorxaqdı. Heləmi?

    Əlacım kəsildi. Qızı onun əlindən almaq üçün razılaşdım.

    – Yaxşı, sən əvvəlcə bacının qolunu burax.

    – Yox, denən, yazassan?

    – Yazacam, yazacam, burax.

    Axır ki, Afaqın canı qurtardı.

    Səhəri gün dərsdən gələndən sonra Məmməd başımın üstünü kəsdirdi ki:

    – Ana, nooldu, yazdın nağılı?

    – Ay Məmməd, qoy bir fikirləşim də, elə bilirsən asandı yazmaq?

    – Hə nə var yazmağa, qələmi götür əlinə, bir topa kağızı da qoy qabağına. Başla yazmağa.

    – Gərək bir şey fikirləşim, başıma girsin ki, yazım də.

    – Eh, mən sənin yerinə olsam elə yaxşı yazaram ki. Bu hələ fikirləşəcək. Nədi, özün nağıl qura bilmirsən? Bəs keçən il bütün yayı kənddə qalanda bizə nağıl danışırdın ha, onları da əvvəlcədən fikirləşmişdin?

    – Yox, elə birdən ağlıma gəlmişdi.

    – Bəs indi niyə gəlmir?

    – Sən bir səbr elə, gələcək.

    – Ana, noolar multik yaz də.

    – Yazaram, qoy bir fikirləşim.

    Məmməd əlini yellədi.

    – Eh, buna da nə deyirsən, elə deyir qoy bir fikirləşim. Yazan ona deyərəm ki, otura yerində, qələmi də götürə əlinə, başdıya getməyə… ana, bizim oxu kitabımızda Laylay şeri vardı ha, bu gün onu keçmişik. Müəllim dedi ki, kim evdə anasınnan, nənəsinnən laylay eşidib, yazsın gətirsin mənə. Görüm kim çox bilir. Sən bizi balaca vaxtında yatızdıranda layla demisən?

    – Hə, demişəm.

    – Çox demisən?

    – Çox.

    – Lap çox?

    – Əlbətdə lap çox.

    – Yaxşı, de görüm, xoşuma gəlsə yazacam.

    – Yaxşı, qulaq as.

    Laylay dedim yatasan,

    Qızıl gülə batasan

    Qızıl gülün içində

    Şirin yuxu tapasan.

    Elə bu? Pah, bu bizim kitabda da var. Mən eləsin istəyirəm ki, təzə olsun, kitablarda yazılmasın.

    – Oğul, bilirdim ey, yadımdan çıxıb. Yadıma düşəndə deyərəm.

    – Bilib-eləmirsən… nə təhər anasan ki, çoxlu laylay bilmirsən. Bəs ikimizi də elə təkcə bu laylaynan yatırtmısan?

    – Eh heç yuxu yatırdın ki, körpə vaxtı anamı ağlatmısan. Səhəri dirigözlü açmışam. Quş kimi 5-10 dəqiqə mürgüləyib başlayırdın çığırmağa.

    – Çoxlu laylay deməmisən ona görə yatmamışam. Nətər yataydım ki. Bəs sənin anan sənə laylay demiyib?

    – Deyib, lap çox.

    – Onda sən niyə bilmirsən?

    Duruxdum, bu Məmməddən yaxa qurtarmaq elə çətin di ki!

    Bayaqdan bir qırağa çəkilib diznməzcə bizə qulaq asan Afaq yanıma gəldi:

    – Kimin anası laylay bilmir, onun balası da yekəlib ana olanda bilmiyəcək, düzdümü, anacan?

    – Düzdü, qızım, düzdü.

    Sonra Afaq çarə tapmiş kimi qardaşına sarı çöndü.

    – Ana kitablara baxacaq, harda layla olsa bizə oxuyacaq. Nədi, indi də öyrənə bilərik də.

    Məmməd bacısına:

    – Maa nə var? Sən örgən, mən ana olmuyacam ki, sən olassan. İstiyirdim biləm anam helə şeyləri bilir, yoxsa yox.

    Bu yerdə kitablarımın arasında olan qədim folklor nümunələri toplanmış kitab yadıma düşdü. Onu axtarıb tapdim, gətirib verdim Məmmədə.

    – Al oğul, nə qədər istiyirsən, burda layla, oxşamalar var, oxu, öyrən.

    Afaq ağlamsındı.

    – Bəs mən? Hardan örgənim?

    İş yenə çətinə düşdü. Bildim ki, “mənim-sənin” deyib təzə bir mərəkə qopardacaqlar.

    – Məmməd, sən həmişə özün də deyirsən ki, oxudan Afaq məndən yaxşıdı, eləmi?

    Məmməd dolayısına cavab verdi.

    – Tutaq ki, elədi soora? Noolsun, mən də yazıdan, riyaziyatdan, rəsmdən əlayam, hə, helə döyül?

    – Elədi, elədi

    – Qalmışdı da kəndə, nolofkanın ikinci sinfinə gedəcəydi. Gətirib mənnən bir sinfə qoydunuz. Toplama-çıxmanı da bilmir.

    – Pis olub? Bir yerdə oxuyursunuz, yemək-içməyini götürür, tapıçkanı, idman paltarını aparıb-gətirir.

    Məni özü əsas söhbətdən ayırdığını hiss edən kimi, təzədən qayıtdı ki:

    – Hə, yaxşı, mən layla, bayatı oxuyuram, get işinə.

    Afaq təzədən ağlamsındı:

    – Bəs mən?

    – Hə onu deyirdim axı. Məmməd, Afaq yaxşı oxuyur, qoy o oxusun, sən də ki, dəftər qələmi götür, Hansı xoşuna gəlsə yaz. Bu yaxşı olar, oğlum.

    Xoşbəxtlikdən Məmməd daha höcət eləmədi. Razılaşdı. Həmişəki kimi qaşlarını düyüb üzümə baxdı.

    – Sən də yeri get nağılını yaz. Axşam yatanda oxuyarsan. Bildin?

    Bu dəfə oğlumun mənə yol göstərməyi lap yerinə düşmüşdü. Onsuz da bayaqdan ürəyim məni iş otağıma çəkirdi. Yazmaq həvəsi az qala məni uçururdu.

    Bir azdan uşaqların otağında qızımın şirin-şirin ötüşməsi eşidilirdi.

    Mən də ki, öz işimdəydim.

    Şəfəq Nasir

    “Beyləqanın güllü yazı” kitabından