Jiu jitsu bizim üçün yalnız idman növü deyil, biz bundan zövq alırıq. Jiu jitsu artıq bizim həyat tərzimizə çevrilib. Məşqimiz də özünəməxsus bir saatda – axşam 8-də başlayır. Bu vaxtı ancaq idman xəstələri gəlir. Uşaqların çoxu ailəli olsa da onlar gəlir, gün ərzində keçirdiyi stressdən qurtulmaq üçün. Yarışlarda da qrupumuz yaxşı nəticələr göstərir, çünki biz MƏĞLUBEDİLMƏZLƏRİK!
-
-
Bəli, döyüş cəmi beş dəqiqə çəkdi. Səbəbini siqaretdə axtarmaq lazımdı. Nəsə siqaretlə idman düz gəlmir. Hələ ki, infarkt keçirməmişəm gərək atım bu zibili. Rafiq isə (göy kəmər) deyir hələ indi qızışıram.
Deyirəm bu ciu citsu doğrudan da şamat oyununa bənzəyir. Əgər sən rəqibin işlətmək istədiyi fəndi qabaqcadan görürsənsə o, səni təslim edə bilməyəcək. Yox əgər görmürsənsə gözləmədiyin bir anda əlini yerə vuracaqsan. Rafiq də axırda məni belə təslim etdi. Mən onun nə etdiyini başa düşmədiyim üçün hücumu davam etdirirdim. Nəhayət o an gəlib çatdı və mən təslim oldum. İndi bu döyüşə təkrar baxanda görürəm ki, sən demə o, elə döyüş başlayandan bu fəndi işlətməyə çalışırdı.
-
Nəhayət, səkkiz aylıq məşqlərdən və 96 litr tər tökəndən sonra Jiu Jitsu üzrə ilk kəmərimi aldım. Özü də ikisini birdən – sarı və narıncı kəmər. Soruşa bilərsiniz, nəyə görə məhz 96 litr? Deyim, cavabı sadədir. Mən hər dəfə məşqə gedəndə özümlə bir litirlik su götürürəm və məşq zamanı onu içirəm. Məşqlərimiz həftədə üç dəfə keçirilir. İndi özünüz hesablayın: bir vuraq üç, onu da vuraq dördə, alınan cavabı da vuraq səkkiz aya. 96 litr, bu az deyil…
İrəlidə məni yaşıl kəmər gözləyir. Bunun üçün də hardasa 150 litr su içməliyəm. Nəysə… Məşqlərimiz davam edir və mən bundan zövq alıram. Mənimlə bir yerdə kəmər alan dostlarımı təbrik edirəm. Məşqçim Elçin və federasiyanın prezidenti Mir-Əli Seyidova xüsusi təşəkkürlər.
-
Bu dəfə məşq hər zaman olduğu kimi kreativ keçdi. Hər gün yeni bir şey icad edən Fuad bu gün də məşqə “intro” verirdi – fırlanaraq zal boyu qaçmaq, meymunvari yerimək, dörd nəfərin üzərindən mayallaq aşmaq. Biz bundan qəti bezmirik, əksinə xoşumuza gəlir. Sonra məşqi sansey Elçin davam etdirdi. O da qeyri-adiliyinə görə Fuaddan geri qalmır. Elçin, bizə tapşırıq verərkən hansı fənddən, yaxud da hərəkətdən sonra nəyi edəcəyimizi yaxşı bilir. Bir sözlə təcrübəli məşqçidir. Hamı ondan razıdır. Bu gün məşq ağır keçmədi. Sadəcə o qədər məni yerə çırpdılar ki, içim töküldü…
Məşqdən sonra bir az vaxtımız vardı. Fürsətdən istifadə edib adaşım Məmmədlə güləşmək istədim. Beləliklə Məmməd Məmmədlə güləşməyə başladı. Kamera arxasında məşq yoldaşımız Rüfət idi.
-
Əvvəllər, on beş yaşım olanda Kosiki karate ilə məşğul olurdum. İki il belə davam elədim. Sonradan bizim klub Kudo adlanan növə keçdi. Mən də Kudo ilə məşğul olmağa başladım. Bu, çox uzun sürmədi, hardasa altı ay. Deyilənə görə Kudo karate deyil. Çünki ozündə boks, muay tay, jiu jitsu kimi idman növlərini birləşdirir. Və əlbətdə ki, karate… Məşğul olduğumuz karate növü 1981-ci ildə Azuma Takaşi tərəfindən yaradılıb. O zaman Daido Juku adlanırdı. Sonradan yəni 2001-ci ildən Kudo adlanmağa başlandı. “Ku” – boş, “do” – yol deməkdir. Yəni “boşluğa gedən yol”.
Döyüş zamanı demək olar ki, hər şeyə icazə verilir. Düz və yan yumruq zərbələri, dirsək, qarına və başa diz zərbələri, aprikotlar, “low kick” zərbəsi. Başa taxılan xüsusi maska sifəti əzilmədən qoruyur. Döyüşü parterdə də aparmaq olar. Bu zaman ağrıdıcı və boğucu fəndlər işə düşür.
2013-cü ilin yanvar ayında Kudo üzrə Azərbaycan çempionatı keçirildi. Yarışda mənim üçün maraqlı sparrinqlərdən birini paylaşmaq istəyirəm. Kudo – daha realı yalnız həyatdır!