MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


  • İspan kinosunun Pedro Almodovarı

    “İspaniyada rejissor olmaq Yaponiyada torero olmaq kimi bir şeydi”.

    1951-ci il… Pedro Almodovar ispan kinosuna bir udum təmiz hava kimi daxil oldu. O, müasirliyin yeni təcəssümü idi. Şuluq bir uşaq kimi öz filmlərində homoseksuallıq və “gecə həyatı” mövzularına toxunurdu. Heç kim onun yapışqan yumorundan qopa bilmirdi. İllər keçir və insanları sancma qabiliyyəti onu əsl kino mütəxəssisinə çevirir. Dəlisov xarakterini bir kənara qoyub, nəzərini klassik janrlara yönəldərək melodrama üzərində cəmləyir. Almodovarın filmləri daxilimizdəki çərçivələri dağıdır. Məhz bu xüsusiyyət onu Luis Bunuel dövrünün ən maraqlı və universal ispan rejissoruna çevirir.

    Pedro Almodovarın tarixçəsi 1951-ci ildən – el arasında Kalzada de Kalatrava kimi xatırlanan bapbalaca Ciudad Real şəhərindən başlayır. Heç kimin ağlına gəlməzdi ki, İspaniyada çoxlarına tanış olmayan bu yer nə vaxtsa rejissorun adı ilə bağlanacaq.

    Pedro bir vaxt doğma şəhərini tərk edib Madriddə bir telefon qovşağına işə düzəlir. Ancaq tezliklə bu iş onu o qədər həvəsdən salır ki, gündəlik həyatın iztirablarına dözməli olur. Günlərini maraqlı keçirsin deyə, tez-tez şəhərin gecə klublarına baş çəkir. Madridin qaynayan gecə həyatında müxtəlif tip insanlarla tanış olur və ətrafı yaradıcı “qanına boyayaraq” əvvəlcə populyar jurnallarla əməkdaşlığa başlayır, sonra da qısametrajlı filmlər çəkir. Fabio MakNamara ilə gözəl cütlük yaradan Pedro onunla birlikdə janrı bəlli olmayan konsertlər verir.

    Almodovar hələ 1970-ci illərin sonlarında ilk qısametrajlı filmini çəkərkən özündə kameraya olan sevgisini kəşf edir. Qohumların, dostların maddi köməkliyi ilə 16 millimetrlik kamerada gənc Karmen Mauranın iştirakı ilə “Pepi, Lusi, Boom və o biri qızlar” kimi çılğın komediyasını ərsəyə gətirir. Həmin filmdə Alaska və digər tanınmış simaları da görmək olar. Premyerası məhdud auditoriyada baş tutan bu film ən çox gənclər arasında coşqu ilə qarşılanmışdı.

    Rejissorun ikinci işi “Ehtiraslar labirinti” də səs-küy yaratmışdı. Özü də bu filmdə Antonio Banderas debüt etmişdi. Cəsarətlə çəkilmiş “Zülmət içində”, evdar qadının həyatından bəhs edən “Axı mən buna layiq deyildim” və qəddarcasına lentə alınmış “Matador” ekran işləri Pedro Almodovarı tamaşaçıların gözündə sanki göylərə qaldırdı.

    Qardaşı Aqustinlə birlikdə “El deseo” adlı şəxsi kinostudiyasını yaradan Pedro öz filmlərini istehsal etməklə yanaşı, həm də digər rejissorlara da dəstək olurdu. “Mutant hərəkəti”, “Mənim bir evim var”, “Keçidlər”, “İblis onurğası” və “Mənsiz həyatım” filmləri bu qəbildəndir. Studiya fetiş aktrisa Karmen Mauranın iştirak etdiyi üzdən iraqlar haqqında “Arzular qanunu”nu ilk dəfə nümayiş etdirəndə tamaşaçılar rejissorun təxəyyülü qarşısında mat qaldılar, hətta Pedro sonradan bu filmə görə mükafatlar da aldı. Ancaq rejissorun filmoqrafiyasında heç bir film “Qadınlar sinir böhranı ərəfəsində” ilə müqayisə oluna bilməz. “Oskar”la təltif olunan bu ekran işi beynəlxalq bazara çıxış əldə etməklə ispan kinosu tarixində ən çox gəlir gətirən filmlər sırasında yer aldı. Sonradan Almodovar sevimli Karmen Maurasından ayrılıb növbəti işlərinə Viktoriya Abrili dəvət etdi. Aktrisanın “Sarı məni” filmində Antonio Banderasla dueli kino aləmini yenidən lərzəyə gətirdi və bu zaman “Hündür ayaqqabı dabanları” və “Kika” lentləri artıq maraqlı görünmürdü.

    1990-cı illərdə Pedro Almodovar filmlərindəki komik elementlərdən uzaqlaşıb melodram xarakterli mövzular işləməyə başladı. Amma bütün filmlərinin mərkəzində hər zaman olduğu kimi, çətinliklə üz-üzə qalan sinirli bir qadın dayanırdı. Beləcə, Marisa Paredesin sayəsində “Sirrin çiçəyi” və Xavier Bardemin möhtəşəm oyunu ilə “Titrək bədən” filmləri ekranlarda göründü. Ancaq rejissorun bu illərdə çəkdiyi ən maraqlı ekran işi “Hər şey anam haqqında” lentidir. “Oskar”la mükafatlandırılan bu filmi dünya tamaşaçıları xoş emosiyalarla qarşıladı.

    Almodovar yenidən kamera arxasına keçərək “Ən yaxşı ssenari” mükafatı nominasiyasında növbəti “Oskar” almış “Danış onunla”, ardınca “Pis tərbiyə” və “Qayıdış” filmlərini lentə alır. Bu sonuncu filmdə o, yenidən Karmen Maura ilə görüşür və yazdığı ssenariyə görə “Kann” film festivalında mükafat qazanır.

    Rejissor 2006-cı ildə “Asturiya İncəsənət Şahzadəsi” mükafatına layiq görülüb.

    İspan dilindən çevirdi: MƏMMƏD MƏMMƏDLİ

  • “Telman üçün şapalaq” Xəzan jurnalında

    “Xəzan” jurnalı sentyabr-oktyabr 2024

  • ABSURD XƏBƏRLƏR: Taymır çöllərində qara şaman peyda olub

    Rusiyanın Taymır çöllərində qara şaman peyda olub. Nqanasanlar onun haradan gəldiyini bilmir, ancaq yerli şamanların dediyinə görə o, yeraltı dünyadan kiminsə qisasını almaq üçün gəlib.

    Ayı ləqəbli bir şaman deyir ki, həmin o “adam” həyatda olan bir nəfərin ruhunu bədəndən qovaraq içinə girib. Və çox güman ki, gözdən yayınmaq üçün bir adamdan o biri adama keçir. Ola bilsin keçmişdə dünyasını dəyişən və uzun illər yeraltı dünyada qapalı qalan bir ölü yuxarı dünyadan olan bir ruhla əlaqə qurub, sonra da onun köməkliyi ilə bizim dünyaya keçib.

    Nqanasan şamanları sözügedən şəxsin yerini müəyyən etmək gücündə olsalar da bitərəf mövqedə qalmağı üstün tuturlar: “Qara şamanla mübarizəyə girmək təhlükəlidir. Hadisələrin gedişatını izləsək daha yaxşı olar”.

    Son dəfə qara şamanı Qobustanda mağaraya girən yerdə görüblər, ancaq içəridə heç kim olmayıb.

  • Saatsazın özüylə söhbəti

    Avtomobillərdə olduğu kimi qol saatlarının istifadəsi də müəyyən xərc tələb edir. Nə qədər gülməli səslənsə, ən bahalı mexaniki saatın belə müəyyən vaxtdan sonra təmirə ehtiyacı olur.

    Çoxları sevdiyi saatını özü təmir etməyə çalışır, lakin bu incə işi ustaya həvalə etmək daha məqsədəuyğundur. Çünki tutar qatıq, tutmaz ayran prinsipi ilə mexanizmə müdaxilə etmək çox güman saatın dayanmasına gətirib çıxaracaq. Söhbət daşı dəyişməkdən getmir (yaxşı başladım).

    Nəzərə almaq lazımdır ki, saatı təmizləmək məqsədilə arxa qapağını açmaq əlinizdə olan zəmanət talonun ləğvinə gətirir. Başqa sözlə əgər bahalı markadan saat taxırsınızsa bu sizə baha otura bilər (Bahalı saat alıbsa demək yağlı müştəridir).

    Bəs, nə üçün qol saatları ustaya göstərilməlidir? Hər bir saat korpusunun daxilində sürtünməyə məruz qalan 100-dək detal var. Onların sinxron şəkildə işləməsini təmin etmək üçün 3-4 ildən bir yağlamaq məsləhətdir (TISSOT saatımı 15 ildir işlədirəm və heç bir problemi yoxdur. Bir dəfə də olsun ustaya aparmamışam).

    Bəs, hansı əlamətlər saatın xarab olacağından xəbər verir? “Longines”, “Omega”, “Maurice-Lacroix” kimi bahalı saatlar illərlə, dayanmadan işləyə bilər, ancaq bəzi məqamlar var ki, onlara diqqət yetirmək mütləqdir. Onlardan biri şüşənin altında kondensasiya olunmuş su damcılarıdır. Bəli bu, həyəcan təbilidir! Çünki H2O qısa müddətdə detalların korroziya uğramasına səbəb olacaq (Birincisi suya girməzdən əvvəl arxa qapağın üstündəki dərinlik indikatoruna baxmaq lazım idi).

    Korpusdan gələn iy də çox vaxt saatın nasaz olmasından xəbər verir (İy çox zaman qoldakı tərlə bağlıdır. Saatdan pis iy gəlirsə onu suda yaxalamaq kifayətdir).

    Saatın korpusundan cingilti səsləri gəlirsə bu, adətən zərbədən sonra hansısa bir detalın yerindən oynayıb çıxmasına görə ola bilər. Adi bir çarxın bütöv bir sistemdən kənarda “şaltay-baltay” vurması qonşu detalları sıradan çıxarar, odur ki, vaxt itirmədən servisə qaçmaq lazımdır.

    Köhnə saatların təmirinə gəlincə məsələ daha da qəlizləşir. Problemin ən pis tərəfi odur ki, o detallar artıq istehsal olunmur və bu zaman saatsaz orijinal hissələrin axtarışına çıxır (Hə bilirəm, içini saxta detallarla doldurursan sonra da orijinalın pulun alırsan. Müştəri saatın içinə girmir ki…)

    Köhnə saatların bərpası savad tələb edir. Belə ki, saatsaz ümumilikdə saat işinə və əlində tutduğu modelin mexaniki və dizayn tərəflərinə yaxşı bələd olmalıdır.

    Quartz saatların təmiri

    Mexaniki saatdan fərqli olaraq Quartz tipli saatlar sadə mexanizminə görə elə bir qayğı tələb etmir. Bu cür saatlar vaxtı bilmək istəyənlər üçün gözəl seçimdir. Bir Quartz saatı dayanıbsa daşını dəyişmək problemi həll edəcək.

    Düşünə bilərsiz məgər Quartz saatları təmir olunmur? Bütün saatlar təmir olunur, əgər siz onu saatsazın yanına aparırsınızsa. Çox zaman bir detalı təmir etmək, bütöv bir bloku dəyişməkdən daha ucuz alınır (Tənbəl saatsazın işidir bu! Hissəni nənəm də dəyişər).

    Mexaniki saatların təmiri

    Mexaniki saatlar vaxtı ölçmək üçün olduqca qəliz qurğudur. Belə saatların təmiri yüksək təcrübə və səbir tələb edir. Hər bir mexaniki saatda istifadə olunan çarxlar eyni marka daxilində belə modellər üzrə fərqlənir. Bundan əlavə belə saatların nizama salınması üçün xüsusi alətlər və avadanlıqlar lazımdır. İşin incəliyi saatın təmirini günlərlə bəzən həftələrlə uzada bilər. Hətta yekun məbləğin artmasına səbəb ola bilər.

    Etiraf:

    Siz saatınızı özünüz də düzəldə bilərsiz, ancaq bu sahədə təcrübəniz yoxdursa adi bir ehtiyatsızlıq vəziyyəti daha da pisləşdirər. Nəticədə kefiniz pozulacaq. Amma sevimli əşyanızı peşəkara həvalə etsəniz əmin ola bilərsiniz ki, saatınız işləyəcək. Axı onlar da çörəkpulu qazanmalıdır.

  • ALMODOVAR QIZLARI

    KARMEN MAURA, VİKTORİYA ABRİL, PENELOPA KRUZ VƏ BAŞQALARI…

    Pedro Almodovarın filmoqrafiyasına nəzər salsaq süjetin ana xəttində mütləq qadın obrazının dayandığını görərik. Almodovar üçün qadın böyük anlam kəsb edir. Ancaq lamançalı rejissorun təhrif olunmuş qadın vücudu ilə özünü ifadə etməsi təəssüf hissi doğurur. Fu…

    Almodovarın filmləri ispan cəmiyyətini o qədər canlı təsvir edir ki, orada ispan ruhunu sezmək olur. Əlbəttə ssenari nə qədər gözəl yazılsa da “Qayıdış”, “Qadınlar sinir böhranı ərəfəsində”, “Paralel analar”, “Danış onunla” kimi filmlərin uğuru “Almodovar qızları” kimi tanınan aktrisalarsız mümkün olmazdı…

    Almodovarın təklifindən imtina etmək bir aktrisa üçün “ecazkar” ssenarinin tərkib hissəsinə çevrilməmək, ekrandan cəmiyyətlə ünsiyyəti itirmək və nəhayət ulduz olmaq imkanını qaçırmaq deməkdir. “Chicas Almodóvar” yəni Almodovar qızları ifadəsi də elə buradan yaranır. Ya sən Pedro ilə qalırsan, ya da xoş getdin…

    Siyahıya düşən ilk Almodovar qızı ispan kinosunun tanınmış simalarından biri olan Karmen Mauradır. Aktrisa “Pepi, Lusi, Bom və o biri qızlar” filmində sönük görünsə də “Mən buna layiq deyildim”, “Qadınlar sinir böhranı ərəfəsində” ekran işlərilə parlayıb.

    “Qadınlar sinir böhranı ərəfəsində” (1988) – Karmen Maura

    Almodovar bəyəndiyi aktrisaları filmlərində təkrar-təkrar çəkməyi sevir. Buna görə də rejissorun filmləri uğurlu alındıqca “Almodovar qızları” ifadəsi bir termin kimi öz yerini möhkəmlədib.

    Karmen Maura ilə “saçyolduya” çıxan Viktoriya Abril Almodovarın diqqətini cəlb edən növbəti aktrisa olub. Onun “Sarı məni”, “Hündür dabanlar” və “Kika” filmlərində canlandırdığı obrazlar bir-birindən maraqlı alınıb.

    “Hündür dabanlar” (1991) – Viktoriya Abril və Karmen Maura
    “Kika” (1993)
    “Sarı məni” (1989) – Antonio Banderas, Viktoriya Abril

    Veronika Forke ilə Almodovar izdivacı isə 3 filmdə davam edib: “Mən buna layiq deyildim”, “Matador” və “Kika”. Digər çikaslarla müqayisədə Veronika Forkenin özünəxas bir yumoru vardı. O, insanları güldürməyi bacaran birisi idi. Məhz buna görə aktrisanın “Kika” filmindəki oyunu heç zaman yaddaşlardan silinmir.

    “Kika” (1993) – Veronika Forke və Rossi de Palma
    Pedro Almodovar, Rossi de Palma, Veronika Forke
    “Kika” (1993)

    “Chicas Almodóvar”dan danışarkən əlbəttə ki, Penelopa Kruzu yaddan çıxarmaq olmaz. Almodovar və Penelopa Kruz bir-birlərinə o qədər yaxındır ki onların ruh əkizi olduğunu düşünürsən. Aktrisa Almopdovarın “Titrək bədən” (1997) filmindən başlamış “Paralel analar” (2021) filminədək düz 7 ekran işində rol alıb. Aktrisanın karyerasında dönüş nöqtəsi isə “Qayıdış” lentidir. İlk dəfə Almodovar “Qayıdış”la Oskara namizədliyini sürüb. Növbəti beynəlxalq mükafat “Viki Kristina Barselona” filmindən gəlib.

    “Qayıdış” (2006) – Penelopa Kruz

    Pedro Almodovarın ən maraqlı qızlarından biri də Rossi de Palmadır. Onun profilinə vurulmamaq olmur.

    Rossi de Palma

    Ancaq Rossi de Palma haqqında növbəti yazıda…

  • ABSURD XƏBƏRLƏR: Yadplanetlilər yerin altında 100 mərtəbəli bina tikir

    Sirius ulduzundan gələn qonaqlar yerin altında 100 mərtəbəli “otel” tikir. Yerlilər narahatdır…

    İnterqalaktik tərcüməçilərin sözlərinə görə adamlar burada həyatının pik anlarını yaşayacaqlar, restoranlarda kainatın müxtəlif guşələrindən gətirilmiş təamların dadına baxacaqlar. Mənfi 100-cü mərtəbədəki kinoteatrda Sirius sivilizasiyası haqqında sənədli filmlər nümayiş olunacaq.

    Azərbaycan Orbital Tədqiqatlar Bürosundan aldığımız məlumatda isə bunun əksi göstərilir. Yadplanetlilərin niyyəti sən demə xoşməramlı deyil. Onların tikdiyi bina insanları qapalı məkana doldurub kölə halına gətirmək üçündür.

    Digər etibarlı mənbələrdən əldə etdiyimiz foto-görüntülər büronun dediyi sözləri təsdiqləyir. Planetin minə yaxın nöqtəsində bu cür quyular qazılır. İnsanları qorxutmamaq üçün təfərrüatlar açıqlanmır. Ancaq yayılan şayiələr baş verənləri bütün çılpaqlığı ilə qabaqlayır. Guya yadplanetlilər insanların holoqramını çıxarıb dəhşətli təcrübələr aparmaq kimi mənfur planlar qururlar.

    Hidrometeorologiya stansiyası sorğumuza cavab olaraq son 10 ilin iqlim dəyişikliyi haqqında xəbər verib. Qeyd olunur ki, hər 2 ildən bir hərarət 1.5 dərəcə aşağı enir. Növbəti on ildə Yerin üz qabığının nazik buz təbəqəsi ilə örtüləcəyi ehtimal olunur.

    Geofiziklərin qaldırdığı həyəcan təbili Yaponiya və seysmik zonaya düşən bir sıra ölkələrdə çaxnaşma yaradıb. Belə ki, son bir neçə ildə Yerdə heç bir zəlzələ qeydə alınmayıb. Alimlər Yerin nüvəsinin soyuyacağından narahatdır.

    Yerliləri indi bir sual maraqlandırır: “Bu, yadplanetlilərin gəlişi ilə bağlıdır yoxsa…”

  • “Əcaib əkizlər” – Ədəbiyyat Qəzetində