MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


  • Coşqunla Eminin söhbəti

    (hekayədən bir parça)

    Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı.

    -Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır?

    Coşqunun canından üşütmə keçdi.

    -Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. – Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən yaxşı ifaçısan, amma başqasının yolunu gedirsən. Bu, səni məşhur etməyəcək… bunu birdəfəlik qulağında sırğa elə…

    Coşqun ağzına su alıbmış kimi yazıq-yazıq dostunun üzünə baxırdı. Susmağı ilə sanki Eminin fikirləri ilə razılaşırdı.

    Qəflətən hava qaraldı, günəş yoxa çıxdı. Küçələrdən insanlar, maşınlar qeybə çəkildi. Dostların canına vic-vicə düşdü…

    27 yaşımda öləcəm…” hekayəsindən

  • Musiqiyə enerji verən gitara ifaçıları

    Musqiyə qulaq asarkən çox zaman solo ifaçılardan başqa nədənsə qrupun digər üzvlərini unuduruq. Söhbət musiqiyə enerji verən gitara ifaçılarından gedir. Budəfəki yazımda rok tarixində iz qoyan adlardan bir neçəsini yada salmaq istədim. Yazının sonunda süjetə baxmağı unutmayın.

    Robbi Kriger. Flamenko və caz dərsləri alan Robbi Kriger həmyaşıdlarından fərqli olaraq karyerasını rok üzərində qurdu. O zaman çoxları bluz ifa etsələr də gənc rok ifaçısı “The Doors” qrupunun solisti Cim Morrisonu dünya turlarında müşaiyət etməklə qrupda zərb, bas gitara və klavişli alətlər arasında yaranan boşluğu doldururdu. Kriger o dövrü xatirlayarkən deyirdi: – “Qrupda bas gitaraçı olmadığı üçün öz alətimdə aşağı notları götürməli olurdum. Ritm gitaranın olmaması da məni fərqli tərzdə ifa etməyə sövq edirdi. Mən özümü 3 ifaçı kimi hiss edirdim. Bu mənə böyük təcrübə qazandırdı.”

    Devid Villiams. O, caz mühitində böyüsə də pop musiqisinə böyük töhfələr verib. Onun gitarada ifa etdiyi frazalar bizə Maykl Ceksonun “Billie Jean”, Stivi Niksin “Stand Back” və Dayana Rosun “Muscles” mahnılarından tanışdır. Vyetnam müharibəsi veteranı olan Devid Villiams, həmçinin Maykl Cekson və Madonnadan başlamış Çaka Xan və Kenni Logginsə qədər bütün müğənniləri müşaiyyət etmişdi. İfaçı 2009-cu ildə ürəktutmasından 58 yaşında vəfat edib.

    Kaki Kinq. Müxtəlif səslər axtarışında olan Kaki Kinq akustik gitarası ilə fərqli çalğı üslubunu nümayiş etdirir. O, əlini alətin korpusuna vurmaqla, elektro pedal və effektlərlə özünəməxsus səslər çıxarır. Kaki Kinqin fərqli cəhətlərindən biri də bəstələdiyi mahnılara  ad verərkən mənasını nəzərə almamasıdır, başqa sozlə adlar formal xarakter daşıyır. İfaçının “Ovation”dan “Kaki Kinq” adlı imzalı gitarası da var.

    Rori Qallager. Çoxsaylı qastrol səfərləri sayəsində ad qazanan Rori Qallager isə fərqli bir ifaçıdır. O, səhnəyə atılanda cəmi 23 yaşı vardı. Yalnız sonda ad qazanmaq naminə bütün günü, ara vermədən çalışmağı düzgün hesab etməyən irlandiyalı rok gitaraçı məhz çılğın təbiətinə görə gənclər arasında populyar idi. Karyerası boyu rəngi bozarmış “Fender” gitarası ilə səhnəyə çıxan Rori Gallager “Shadow Play”, “Tattoo’d Lady”, “I Fall Apart” mahnıları ilə bu gün də sevilir.

  • Təkrarsız 7 saundtrek

    Kino həvəskarı kimi mənim də balaca arxivim var. Elə filmlər var ki, onları məhz rejissora görə almışam, bəzilərini isə musiqisinə görə seçmişəm. Həmin filmlərdən aldığım təəssüratı sizinlə bölüşmək istəyirəm. Siyahı tam deyil, yalnız 7 ekran işini təqdim edirəm.

    The Last Samurai (2003)

    Sonuncu SAMURAY, mən bu sözü böyük hərflərlə yazıram. Film amerikanın yapon mədəniyyəti üzərində çaldığı qələbədən bəhs edir. Hər halda mən filmin mənasını belə başa düşürəm. Bəli, Yaponiya əsrlərlə qoruduğu mədəniyyətini itirir. Sonda sonuncu SAMURAY qalır. Ancaq beynimdə hələ də bir sual dolaşır. Görəsən nə üçün sonuncu SAMURAY amerikalı düşməni ilə dostlaşır. Görəsən rejissor tamaşaçıya nəyi çatdırmaq istəyirdi. Dostluq? Xeyr. Əlbəttə ki, rəqibə hörmət! Məhz buna görə mən yapon ruhunu sevirəm. Heyif… mədəniyyətini döyüş fəlsəfəsi üzərində quran Yaponiya artıq tarixdə qaldı… Samuray və nindzaların qədim diyarında indi yalnız müasir Yaponiya var.

    The Last Samurai (2003)

    ***

    KİKA (1993)

    Kika bildiyimiz adi müxbirdir. Bu film müxbir işinin mahiyyətini açır. Bu film material əldə etmək naminə hər şeyə gedən müxbirlər barədədir. Əsərin qəhrəmanı Viktoriya Abril başına taxdığı kamera ilə həbsxanadan çıxmış və uzun illər qadın bədəni görməyən bir “playboy”un ilk gördüyü qadını 20 dəqiqə zorlamasını lentə alır. Filmin sonunda o, dəhşətli bir qətlin qurbanına çevrilir, amma müxbirliyindən qalmır. Söhbət Pedro Almodovarın KİKA lentindən gedir.

    Kika (1993)

    ***

    Pulp Fiction (1994)

    “Kriminal Qiraət” Tarantinonun pik nöqtəsidir. Sonrakı filmlərində Tarantino o qədər də hiss olunmur. Başqa sözlə “Şərəfsiz əclaflar”, “Ölümün sübutu” və ondan sonra gələnlər Tarantino imzasını göstərmir. Amma qayıdaq “Kriminal qiraət” filminə. Tarantino onu çox özünəməxsus yumor hissi ilə çəkib. Gül və coş… Homoseksual tərəfindən təcavüzə məruz qalan və axırda samuray qılıncı ilə qısasını alan Brus Villis, rəisin arvadını restorana aparan və axırda onu “peredozirovkadan” xilas edən Con Travolta və təsadüfən revolverlə beyni dağılmış qaqaşın qanını təmizləmək üçün köməyə gələn mənasız Vulf. Filmdə səslənən musiqi elə bil barama qurdunun ipək örtüyüdür. Başqa sözlə musiqi ilə təsvir bir-birlərini gözəl tamamlayır. Eşit və coş…

    Pulp Fiction (1994)

    ***

    Mortal Kombat (1995)

    Məktəb vaxtlarımda dərsdən qaçıb SEGA-da “Mortal Kombat” oynayardım. Bütün uşaqlar kimi mən də Sub-Zero ilə rəqibimi dondurur, ya da sevmədiyim Lyu Kang-ın ayaq hərəkətləri ilə oyunçuları şillələyərdim. Sonradan Mortal Kombat filmi çıxdı. Filmi görəndən sonra Scorpion mənim ən sevdiyim qəhrəmana çevrildi. Onun döyüş səhnəsini o qədər xoşlamışdım ki, məşq yoldaşlarımın üzərində tətbiq edirdim. Həmin vaxtlar Mortal Kombat musiqisi dəbdə idi. 90-cı illərin uşaqları bu mahnını eşidib.

    Mortal Kombat (1995)

    ***

    Kill Bill (2003-2004)

    Kventin Tarantinonun möhtəşəm “Kill Bill” ikihissəli filminə baxmaqdan bezmirəm. Tanakanın öldürülməsi ən sevdiyim səhnələrdən biridir. Klan başçısı, çəpgöz Oren İşi pafoslu nitq söyləyəndən sonra Tanakanın başını samuray qılıncı ilə üzür. Onun sözlərini yapon dilinə çevirən tərcüməçi isə səhnənin duzu, istiotu bir də sarıköküdür. Filmin pik nöqtəsi əlbəttə ki, Uma Turmanın 100 qara paltarlı döyüşçünü samuray qılıncından keçirmə yeridir. Qırğın gözəl musiqi, qılınc səsləri və adam iniltiləri ilə müşayiət olunur. Filmdə maraqlı səhnələr çoxdur. Həmin saundtreklərə qulaq asanda məndə Brus Lini xatırladan Uma Turmanın sarı geyimi yada düşür… Bəs sizdə?

    Kill Bill (2003)

    ***

    Sin City (2005)

    Bu film insandan sağlam ürək və güclü sinir sistemi tələb edir. Yadımdadır ilk dəfə baxanda özümü birtəhər hiss edirdim. Maşında yol gedərkən ölmüş bir adamın sürücü ilə söhbət etməsi sizin üçün normaldı? Şəxsən mən şüuraltı şok keçirirdim. Amma ikinci dəfə “Günahlar şəhəri”nə (Sin City) ailəvi baxdıq. Evdəkilər qorxsalar da gözlərini ekrandan çəkmirdilər. Film ağ-qara rəngdə çəkilib, orda yalnız qan, bir də Sarı əclaf adlı bir məxluq rənglidir. Musiqisi adamı vahimələndirir, ssenari qəddardır. Amma sonuna qədər baxa bilmədik, sinirlərimiz tab gətirmədi…

    Sin City (2005)

    ***

    The Warriors (1979)

    “The Warriors” çoxları üçün darıxdırıcı görünə bilər, amma mən qəribə şeyləri sevirəm. Təsəvvür edin əhalisi ancaq quldur dəstələrindən ibarət olan təkəmseyrək şəhər. Hər dəstənin öz dəst-xətti, öz geyimi, özlərinə uyğun silahı var. Kimisi beysbol dəyənəyi ilə vuruşur, kimisi də əlinə bıçaq alıb rolik sürür. Utopik bir filmdir. Əsas mövzuda istifadə olunan mahnı disko ilə rokun qarışığına bənzəyir. Bu mahnı ilə 80-ci illərin diskotekalarında olduğu kimi rəqs etmək olar. Bəzi səhnələrdə müəmmalı, sirli bir az da futuristik saundtreklər səslənir. Buyurun dinləyin.

    The Warriors (1979)
  • QANLI YANVAR AĞRILARI XATİRƏLƏRİMDƏ…

    Yaddaşımızdan heç vəchlə silinməyən o müdhiş, vahiməli şənbə gecəsinin gətirdiyi faciəni, ağrıları xalq bir yerdə yaşadı. Hər kəs soydaşının, qanıbir qardaşının başına gələn hadisələri öz dərd-səri, acısı kimi öz canında-qanında duydu…

    1990-cı ilin soyuq qış gecəsində qəfil fəlakət hərəni bir yerdə yaxaladı – küçədə, həyətdə, yolda, maşında… Üç gün təbiətin özü şəhidlərə yas tutdu. Bozardı, qaraldı, tufan elədi, ağladı. Evlərin pəncərələrindən qara bayraqlar asıldı. Adamlar matəm libası geyindilər. Ürəklər qan ağladı, gözlər qan-yaş tökdü, bütün Azərbaycan şəhidlərinə yas tutdu.

    Yaddaşımın ağrıyan, göynəyən o yanvar günlərini hələ də unutmamışam. Əslində, heç vaxt yaddaşımdan silinməyən o çağlar əzilən taleyimizin qara oyanışıydı. Şəhidlərimizin sinəmizə çəkilən dağı, müsibəti əsrlər boyu təklənən xalqımızı bir yerə cəm elədi. Dərd yaxınlaşdırdı bizi. Sanki nə zamandı bir-birimizdən ayrı düşmüşdük. Bəlkə də günahsız insanların, müstəqilliyimiz naminə canlarından keçən igidlərimizin tökülən qanlarını görməsəydik, bir-birimizin taleyinə hələ də biganə qalacaqdıq, şəhidlərin ruhu anda çəkdi bizi…

    O gecə səhərə qədər vahimənin, qara-qorxuların içində evdə var-gəl edirdim. Eşidib-bildiyim, filmlərdə gördüyüm müharibə səhnələrində olduğu kimi, mənə elə gəlirdi ki, düşmənlər indicə mənzilimizə soxulub hamımızı, iki məktəbli övladımı da yatdıqları yerdə qanına qəltan edəcək. O gecə uşaqlardan yana ürəyim əsirdi. Bu faciəni görən bütün analar kimi övlad məhəbbəti, analıq hissi bütünlükdə qəlbimi çulğamışdı. Hər ikisini elə yuxunun içindəcə bərk-bərk köksümə sıxdım. Saçlarını, nəfəslərini qoxladıqca özümə qayıdırdım. Sonradan biləndə ki, həmin gecə nə qədər insan – yaşlı, cavan, uşaq şəhid olub, ürəyim param-parça oldu. Fikirləşirdim, məgər ölənlər atamın, qardaşımın, balalarımın biri deyildimi?

    Evimizdən uzaqda atılan güllələrin, yeriyən tankların səsini eşidirdim. 20 Yanvara açılan sabaha ölü bir səssizlik çökmüşdü. Ertəsi gün səhər tezdən 7 yaşlı qızımı da yanıma alıb küçəyə çıxdım. Küçələr bomboş idi. Handan-hana yanımızdan keçən bir maşına əyləşib “Neftçilər” metrosuna gəldik. Sürücü bizdən pul almadı. Həmin gün metro da pulsuz xidmət göstərirdi. Biz 28 May (o vaxt 28 Aprel adlanırdı) stansiyasından çıxdıq. Qızımın əlindən tutub küçələri bir-bir ötəndə gözlərimlə gördüklərimdən dəhşətə gəldim. İlahi, bu Bakıydımı? Mən Bakının küçələrindəmi gəzirdim? Yollar boyu telefon köşkləri qırıq-sökük, binaların divarları, eyvanların yan-yörəsi dəlmə-deşik, küçələrdə qan izləri… Küçələrin birində dayanmış əsgərlər əllərindəki avtomatı qabağa tuşlanmış vəziyyətdə saxlamışdılar. Bir anlıq ötəri bir baxışla, hiss olunmadan üzlərinə baxdım. Sərt, qəzəbli, qaniçən, başkəsən cəlladlarda azacıq da olsa mərhəmət hissi yox idi. Qorxudan ürəyim əsdi, ötüb-keçdikcə fikirləşirdim, bax, indicə atacaqlar, lap indicə bir atəşlə ikimizi də yerə sərəcəklər…

    Qara Yanvar günlərində kimi dindirib danışdırırdın, hamı qəzəbin, kədərin içində sanki alışıb-yanırdı. İnsanlar bir gecənin içində şəhid olmuş oğullarımızın taleyinə yanır, gördüklərindən qəhərlənə-qəhərlənə danışırdılar. Sonralar kimə o gecədə başına gələnləri söylədirdin, hamısı da o günlərin ab-havasını, topunu, tüfəngini, qan qoxulu gecələrini, boz səhərlərini söhbətlərində elə canlandırır, elə odlu-odlu danışırdılar ki, elə bilirdin o qanlı müharibənin içindəsən. Sanki, o günləri təzədən yaşayırdıq. Binaları, adamları, ağacları dəlmə-deşik edən gülləbaran hələ də qulaqlarımızda əks-səda verirdi. Bütün bunlar necə də əzablıydı!

    Həmin günlər çoxları ilə o gecədən, onun ağrı-acılarından danışır, qanlı hadisələrin şahidlərini dinləyir, bütün bunlara hər kəsin münasibətini bilmək istəyirdim. Həmsöhbət olduğum adamların arasında müxtəlif zümrədən insanlar vardı: həkim, fəhlə, mühəndis, mətbuat işçisi…

    Faciələrimizin anası o məşum şənbə gecəsi, sonrakı matəm günləri Bakı sakinlərinin gözlərinin qarşısında iki rəngin mövcudluğu ilə müşayiət olundu: qara və qırmızı. O gün minlərlə vətəndaşımız kimi mənim də müşahidələrim göz yaddaşımda iki rənglə çəkilmiş, heç vəchlə hafizəmdən silinməyən tabloda yaşayır. Hər dəfə 20 Yanvar haqqında düşünəndə ilkin olaraq yadıma xalqın ağrısını, naləsini müşayiət edən qara geyimlər və dağüstü parka uzanan yollara, qəbirlərin üstünə səpilmiş qırmızı qərənfillər düşür. Bir də o tarixi vəsf edən neçə-neçə poetik nümunələrin arasında çox sevdiyim şair Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirindəki sızıltılı sətirləri xatırlayıram…

    ŞƏFƏQ NASİR

  • İlin ən yaxşı fotoları (2023)

    İl başa çatır, həm də özü ilə maraqlı anları aparır. Bəs 2023-cü ilin yaddaqalan fotoları hansılardır? Ən yaxşılar arasında İtaliyada vulkanın püskürməsi, səhrada yaranan tıxac və kosmik fəzada üzən meduzanın fotoları da var. Bunların hamısını zövqlü bir şəkildə lentə almaq isə fotoqrafdan xüsusi bacarıq tələb edir. Gəlin birlikdə izləyək…

    Rio Qrande çayı, Meksika

    İlk baxışdan qorxulu görsənsə də uşaq üçün sevincli andır. Göyə atılan uşaq onu sevən valideynlərin qucağına düşməsini gözləyir. Ancaq əslində bu, o qədər də xoş görüntü deyil. Martın 29-da çəkilən fotoda Meksika sərhədini qanunsuz keçən bir qrup immiqrantın azyaşlı uşağı Rio Qrande çayının üzərindən keçirməsi anı təsvir olunub.

    Reykyanes yarımadası, İslandiya.

    Yerli sakinlərin öz smartfonları ilə bozaran buludları qeydə alması maraqlı görünür. Onların qırmızı fonda cızılan silueti başqa ulduzdan gələn yadplanetlilərə bənzəyir.

    Dumanlı fəzada üzən meduza

    Bu ilin iyulunda NASA Yerə ən yaxın ərazidə yerləşən ulduz qrupunun şəklini yayıb. Şəkildəki kosmik duman fəzada üzən nəhəng bir meduzanı xatırladır. Görüntünü kainatda infraqırmızı dalğada tədqiqatlar aparan “James Webb” teleskopu qeydə alıb.

    Poseydon məbədi, Yunanıstan

    Bu ilin iyulunda çəkilən daha bir şəkil Poseydon məbədinin təsviridir. Fonda nəhəng ayın qalxması bütün Yunanıstanı heyrətləndirdi. Belə ki, “Dəniz allahı”nın şərəfinə ucaldılan məbəd sütünlarının qalıqları kəhrəba rəngində bərq vururdu.

    “Black Rock” səhrası, Nevada ştatı, ABŞ

    Şəkil bu yay Nevada ştatın “Black Rock” səhrasında “Yanan adam festivalı”ndan qalan bir xatirədir. Şəkildə istidən pörşələnən sürücülərin tıxacda ilişib qalması əks olunub. Tədbir zamanı yağış səhradakı yolu yaman günə qoyduğundan iştirakçılar maşınlarda qalıblar.

    Qəzza

    Qəzza şəhərində fələstinli qadının təyyarə hücumundan sonra sağ qalması hər kəsi heyrətləndirir. O, xarabalıqlar arasında olduqca sakit görünür.

    Etna vulkanı, İtaliya

    İtaliyanın Funivia meydanından çəkilən fotoda Etna vulkanının püskürməsi həkk olunub. Həmin gecə vulkandan ayrılan lava, alovlu tüstü səmanı al-qırmızı rəngə boyayıb.

    Ukraynada dini məbəd

    Rusiyanın hava hücumundan sonra dağıntıya məruz qalan bu dini məbəd Odessada yerləşir. Kilsə raket zərbəsindən sonra çəkilsə də şəkil özü-özlüyündə hər şeyi deyir.

    “Durdle qapısı”, İngiltərə

    Fotoqraf Cek Lodj zaman və məkanda öz yerini tapmaq üçün nə az-nə çox, 4 il vaxt sərf etdi. Nəhayət, İngiltərənin cənubundakı Lulvort sahillərində günəşin çıxma anını istədiyi rakursdan çəkə bildi. Doğrudan da günəşin 18 bucaqlı şəfəqlərini bir neçə saniyəlik “Durdle qapısı” kimi tanınan arkadan ətrafa saçması anını izləmək, sözün əsl mənasında zövqvericidir.

  • Ən yaxşı qorxu filmləri (2023)

    Qətllər, mistik hadisələr, qeyri adi varlıqlar, tənhalıqdan yaranan hallüsinasiyalar… Təxmin etdiyiniz kimi budəfəki yazı ən yaxşı qorxu filmləri haqqındadır. Bu filmləri izləmək sözün əsl mənasında bizdən cəsarət tələb edir. Bir dəfə baxdıqdan sonra izləməyə cürət etmədiyiniz 5 filmin qısa sinopsisini təqdim edirəm.

    Sonsuzluq hovuzu

    Brendon Kronenberqin sürrealist janrında çəkdiyi “Sonsuzluq hovuzu” geniş bir istirahət mərkəzini özündə əks etdirir. Filmin süjet xəttinə görə “1 faiz” adı ilə tanınan beynəlxalq ictimai qrup sonsuz klon əldə etmək üçün qətl törədirlər. Plana görə həmin klonlar dünyada bütün məsuliyyəti öz üzərinə götürməlidir. Rollarda Mia Qot, Kleopatra Koleman, Amanda Brugel, Karolin Boulton və başqaları çəkilib.

    Daşlı ada

    İngiltərənin Cənub sahillərində yerləşən bir adada sayrışan ağğappaq bir işıq şüasını təsəvvürünüzdə canlandırın. Bu, yəqin ki, Mark Cenkinin qorxu janrında çəkdiyi “Daşlı ada” filmində tükürpədici məqamları tamaşaçıya çatdırmaq üçün ən uyğun təsvirdir. Sözlərimiz reallıqla səsləşməsə də rejissor ən azından ötən illərin qorxu filmlərində müşahidə etdiyimiz “uyuşdurucu obraz” təssüratını ötürməyə çalışıb. Bu film, dünyadan təcrid olunmuş bir qadının yavaş-yavaş ağlını itirməsindən bəhs edir. Baş rollarda Meri Vudvayn, Edvard Rou və Flo Krou çəkilib.

    Heç kəs səni xilas etməyəcək

    Kasıb təbəqəyə məxsus bir qadın hiss edir ki, yaşadığı kənddə qəribə hadisələr baş verir. O, insanların böcəkgözlü yadplanetlilər tərəfindən hücumuna məruz qaldığını zənn edir. Sən demə onun düşündükləri həqiqətdir. O, sadəcə 51-ci zonadan qaçan əcaib məxluqlardan qorunmalıdır. Filmin rejissoru və ssenari müəllifi Briyan Daffilddir. Baş rolları Keytlin Dever, Elizabet Kaluyev və Zak Dümi canlandırır. Ekran əsəri “Heç kəs səni xilas etməyəcək” adlanır.

    Şər qarışanda

    Əgər nəvaxtsa sizdən böyük, ağzından çürümüş maye axıdan və bətnində hələ doğulmamış körpənin ruhunu gizlədən əcaib bir məxluqla qarşılaşsanız heç vaxt onu öldürməyin. Çünki onu məhv etmək sizə baha başa gələcək, qəzəbi daha da alovlandıracaq. Söhbət “Şər qarışanda” filmindən gedir. İstedadlı argentinalı rejissor Demian Ruqnanın bu ekran işi sürprizlərlə doludur. Bu o filmlərdəndir ki, baxış zamanı qorxunuzdan qışqıracasınız. Keçmiş ər obrazını canlandıran Esekiel Rodrigesə yalvaracaqsınız ki, evdə gizlənən arvadından uzaq dursun.

    Skinamarink

    Skinamarink” filmində 4 yaşlı Lukas evdə tək qalır. Onun atası, anası və böyük bacısı bir-birinin ardınca qeyb olurlar. Gözəgörünməz bir qüvvə elə bil evin pəncərə və qapılarını, otaqlardakı əşyaların yerini dəyişir, uşağın oyuncaqlarını tavana yapışdırır və Lukasın qulağına nəsə pıçıldayır ki o, bıçağı əlinə alıb özünü müdafiə etsin. Filmin rejissoru və ssenari müəllifi Kayl Edvard Bolldur. Rolları Lukas Pol, Dali Rouz Tetro, Ross Pol və başqaları oynayıb. Təzyiqdən əziyyət çəkən tamaşaçılar filmə baxarkən mütləq özləri ilə dərman gəzdirsinlər. Belə ki, onların həkimə ehtiyacı ola bilər.

    Tərcümə etdi: Məmməd MƏMMƏDLİ

    Mənbə: “Rolling Stone” jurnalı

  • Mən atamı xatırlamıram…

    hekayə

    Əlində araq şüşəsi sahil boyu hara getdiyinin fərqində deyildi. Ayaqları dənizin qumuna dolaşır, bədəni dalğaların xışıltısında boşluğa yuvarlanırdı. Ölmək, torpağa qarışıb yox olmaq, lap elə cəhənnəmə getmək Aslan üçün ən yaxşı son olardı, əgər o, naməlum məxluqlarla üzləşməsəydi…

    Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Gözləri ağaran dalğalara qoşulub rəqs edir, arabir səmanın dənizlə birləşib itdiyi boşluğa zillənirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Zəhrimarı bu dəfə qədərindən artıq içib. O qədər içib ki, dəniz gözünün qabağında alışıb yanır. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.

    Günəşə bənzər naməlum obyekti görəndə sinirləri tab gətirmədi. Vahimə onu basdı, dizləri boşaldı və əlində bərk-bərk tutduğu araq şüşəsini yerə atıb qaçmağa başladı. Bəlkə mən yuxu görürəm? Ola bilməz… bu, mənim gözümə göründü! Bəs bu işıq topası hardandı?

    Uzağa qaça bilmədi, arxadan elə bil onu maqnit kimi tutub saxladılar, taqətdən saldılar və o, çarəsiz-çarəsiz yerə çökdü.

    –Getmə, dayan! Biz sənə zərər vermərik. – kimsə onun beyin hüceyrələrini tərpətdi.

    Hipnoz olunmuş kimi yerindən qalxıb dənizə üz tutdu. Suya girəndə dərinliyi hiss etmədi. Ona elə gəldi yelkənli qayıq təki suyun üstü ilə şütüyür. Günəşə yaxınlaşdıqca cazibə qüvvəsi daha da artdı və o, huşunu itirib qırmızı kürənin içinə sovruldu.

    –Siz kimsiniz, hardan gəlmisiniz? – Dərin yuxudan ayılırmış kimi dedi.

    Qarşısında qaraltı kimi dolaşan əcaib məxluqlardan biri insan kimi danışdı:

    –Biz sənə hardan gəldiyimizi söyləsək, bir şey anlayacaqsanmı?

    –Məndən nə istəyirsiniz? – dili ağzında dolaşdı.

    –Biz sənin dərdini bilirik. Səni 30 il çəkdiyin iztirabdan qurtarmaq istəyirik. Bizə etibar edə bilərsən. Qorxma!, – küt səslə dedi.

    Bu zaman kosmik fəzada asılı qalmış astronavt kimi ayaqları yerdən üzüldü, başına torba keçirib harasa apardılar.

    –Buraxın məni, Günəş balaları, köpək uşaqları… – qışqırdı.

    Aradan nə qədər vaxt ötdüyünü, başına nə oyun açdıqlarını hiss etmədi. Təslim oldu…

    Beləcə dəniz özünə lazım olmayanı sahilə atdığı kimi onu da qumun üstünə tulladılar. Bütün gecəni ölü kimi düşüb qaldı. Özünə gələndə hava artıq işıqlaşırdı. Ayağa qalxıb ətrafa göz gəzdirdi. Yaddaş qırıqlığına uğramışdı. Axı onun sahildə nə ölümü vardı? Anlamırdı. Üst-başını çırpıb evə qayıtdı…

    Qapını açıb içəri keçəndə gördüyü mənzərədən çaşıb qaldı. O, anasının gözünün ağı-qarası, yeganə balası idi. Axşamdan oğlunun 35 yaşını qeyd etmək üçün hazırlıq görən ana balasının yolunu gözləyə-gözləyə başını masaya söykəyib yuxuya getmişdi. Əlini ehmalca anasının saçına çəkdi. Süfrədə aş, aşqara, cürbəcür salatlar, kəsilməmiş tort, hamısı onu gözləyirdi. Kefi duruldu. İştahla aş-qaradan götürüb boşqabı qabağına çəkdi.

    Anası başını qaldırıb ağzını marçıldadan oğluna zəndlə baxdı.

    –Hardaydın?

    –Dənizdə.

    –Yenə sərxoşluq edirdin, hə? Atanı fikirləşirdin? Bədbin olma, oğlum, gələcəyə bax.

    Aslan heç nə olmamış kimi anasının üzünə gülümsədi:

    –Hansı atanı?

    Ana oğlundan bu cavabı gözləmirdi. Səsindəki soyuqluq beynində qarışıq fikirlər oyatdı.

    Aslan bu vaxtadək elə bil quyunun dibində ömür sürürdü. Oradan çıxmağı düşünmürdü. Oğluna kömək əlini uzatsa da aralarındakı məsafə onu həyata qaytarmağa bəs eləmirdi. İki dünya arasında ilişib qalmışdı Aslan. Nə ölə bilirdi nə də quyudan çıxmağa çalışırdı. Oğlunun bədbin fikirlərə qapılması, göz görə-görə “intihar” etməsi ananı üzürdü. İndi atası haqqında solaxay sualı ananı üşütdü:

    –Necə yəni hansı atanı?! Şəkillərdə gördüyün, sevə-sevə xatırladığın atanı, – ana ağlamsındı.

    Atasının yoxluğu, uzun illər qəlbində daşıdığı atasızlıq kimi ağır yük elə bil sovrulub yox olmuşdu. Dənizdə başına gələn hadisə onu büsbütün dəyişmiş, sanki quyunun dibindən dartıb həyata qaytarmışdı. İndi o, lili çökmüş suya bənzəyirdi. Bununla belə gözlərində bir qədər laqeydlik də sezilirdi.

    –Mən atamı xatırlamıram.

    Bu dəfə ana əməlli-başlı heyrətləndi. Gözlərini iri açıb narahat-narahat soruşdu.

    –Sənə nəsə olub, oğlum?

    Sakit baxışlarla düz anasının gözünün içinə baxdı:

    –Heç nə olmayıb, ana, ciddi deyirəm, mən atamı xatırlamıram.

    Anasının sualları ona bir az qəribə gəlirdi, elə bil “ata” sözünü həyatında heç vaxt dilinə gətirməmişdi.

    –Bəlkə başına hava gəlib? Yalvarıram, o zəhrimarı daha içmə!

    –Narahat olma, – ağzındakı loxmanı çeynəyib sözünə davam etdi. – Sadəcə atasız böyüdüyüm üçün yadıma düşmür. Yəqin sən deyən kimi içkinin təsirindəndi.

    Bu sözlərdən sonra anası sakitləşdi. Üzündəki təbəssümü görüncə özündən ixtiyarsız 30 il əvvəl baş vermiş hadisədə balaca Aslanın gözlərində donmuş, anlaşılmaz ifadəni xatırladı…

    ***

    Soyuq yanvar ayı idi. Şahnaz mətbəxdə yeməyə baxır, balaca Aslan da pedallı avtomobilini minib o baş, bu başa sürür, qabağına çıxanı vurub dağıdırdı. Sözəbaxan uşaq deyildi. Valideynləri onun heç bir arzusunu ürəyində qoymazdı, nadincliyinə görə bir söz deməzdilər. Atası ona hər ay yeni animasiya qəhrəmanı hədiyyə etsə də, oyuncağa olan sevgisi cəmi bir gün çəkirdi, səhərisi ya başı qopmalıydı ya da ayağı. Evdə o qədər oyuncaq avtomatı, təyyarələri vardı ki, yığıb-yığışdırmaq olmurdu.

    Atasına olan sevgisi də özünəməxsus tərzdəydi. Hamıdan tez durur, duran kimi, çarpayıya dırmaşıb atasının qulaqlarını dartışdırırdı. O, məhz oğlunun hesabına işə gecikmirdi. Canlı saat düz onun evində yaşayırdı. Aslan oyandısa evdəkilər yatmamalıydı. Əks halda nəsə düşüb sınacaq, yaxud da evi su basacaqdı.

    –Aslan, get o biri evdə oyna, imkan ver işimi görüm. İndi ata gələcək, sənə gözəl bir hədiyyə gətirəcək. – Şahnaz toyuq budlarını çevirə-çevirə oğluna səsləndi.

    Aslan pedala basıb maşını var gücü ilə yataq otağına tərəf sürdü. Qapını vurub təkərini şkafa dirədi. Bir-iki dəfə dala-qabağa verib dayandı, yoruldu.

    Yataq otağı Aslanın gözündə bir avtodayanacaq idi. O, hər dəfə maşını park etmək istəyəndə bu otağa salırdı. Bununla belə nəyisə kəşf etmək hissi heç zaman onu tərk etmirdi. Odur ki, növbəti axtarışını elə həmin paltar şkafından başladı.

    Paltarları töküşdürüb şkafın gözlərini gəzirdi. Hündür əlçatmayan yerlər Aslan üçün bir tapmacaydı. O, alpinist kimi elə hey yuxarı dırmaşmalıydı.

    Budur, artıq şkafın başındadır. Heç vaxt görmədiyi əşyanı tapdığından maraq onu götürüb. Görəsən nə var bunun içində? Yaman ağırdı! Nə üçündü görəsən?

    Oğlunu görməyə tələsən ata hələ də tıxacdaydı. Vaxtı öldürmək üçün mühərriki söndürüb radionu qoşmuşdu. 105FM dalğasında “Bakuba” qrupunu dinləyirdi. Cazı sevdiyindən vaxtın necə ötdüyünü hiss etmədi. Başını qaldıranda yol açılmışdı, hətta arxadakı sürücülər siqnal verirdi ki, sür də, nə durmusan. Mühərriki işə salıb yoluna davam etdi.

    Yaşadığı binanın həyətində maşını saxlayıb, Aslanın hədiyyəsini götürərək tələsik evə qalxdı. Səbirsizlənir, həm də sevinirdi. Görəsən “transformer” oğlunun xoşuna gələcək? Yoxsa bu da birgünlükdü?

    Liftdən çıxıb qapını döydü. Açan olmadı, bir də döydü. Harda qaldı bu Şahnaz? Nəhayət yoldaşı qapını açdı.

    Evə girən kimi ucadan oğlunu səslədi.

    –Aslanım mənim! Gör ata sənə nə alıb!? – deyib yataq otağına keçdi.

    –Hardadı mənim vəhşi pişiyim?

    Başını qaldıranda Aslanı gördü. Bir göz qırpımında evi sanki ildırım vurdu. Ata iki addım geriyə çəkilib çarpayının üstünə yıxıldı.

    ***

    Məgər Aslan həmin gecəni xatırlamırdı? Bu vaxtadək özünü günahkar sayan həyatı boyu çəkdiyi iztirabları necə unuda bilərdi?! Nə baş verdi ki, uzun illər qəlbində daşıdığı acısını dənizdə qoyub gəldi? Şahnaz ürəyində sevinsə də bu sualın cavabını axtarırdı.

    –Sən dənizdə neynirdin, oğlum? Nə gördün orda? Çalış yadına sal.

    –Desəm inanmayacaqsan, – yeməyinə ara verib sözünə davam etdi. – Başqa ulduzdan gəlmələr məni tutub saxlamışdılar. Hiss edirəm onlar mənə nəsə edib. Amma tam xatırlamıram, dünənki gecə yaddaşımdan ən qorxunc xatirəni silib elə bil.

    Şahnaz indi hər şeyi başa düşdü. Oğlu yarasını qaşımasın deyə bir daha atasıyla bağlı mövzuya qayıtmadı. Anladı ki, unutqanlıq insanı ən ağır dərddən belə azad edə bilər. İndi 30 il bundan əvvəl baş verən hadisənin sirrini yalnız Şahnaz bilirdi. Və o, bunu heç kəsə söyləməyəcəkdi.

    Həmin gecə Şahnaz özünü otağa atanda ağlına gətirdiyi gerçək oldu. Aslan əlindəki ov tüfəngini bərk-bərk sıxıb donmuş baxışlarını düz atasına zilləmişdi…

    MƏMMƏD MƏMMƏDLİ

    “ULDUZ” jurnalı – noyabr-dekabr 2023