MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


  • İki dünya arasında

    (hekayə)

    Yerin mənzərəsini illüminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. Görəsən, harda idi, geriyə yolu necə tapacaqdı? Özünü toparlayıb baxışlarını kainatın bölgələrində gəzdirdi. Ulduzlar buradan nöqtə kimi görünmürdü, əksinə daha şiddətlə sayrışırdılar. Hərəsi bir rəngdə, bir çalarda görünüşlərilə sanki zülmətə meydan oxuyurdular. Və ona elə gəldi ki, ulduzlar o qədər də uzaqda deyil. Bu zaman sürət artdı, gözünün qarşısındakı mənzərə sanki rəssamın qarışıq boyalarla kətan parça üzərində yaxdığı anlaşılmaz bir rəsminə bənzədi. Gözləri torlandı, heç nəyi ayırd edə bilmədi. Ona elə gəldi ki, qarşısında nə vardısa ondan uzaqlaşır, amma qalaktikanın kiçildiyini ayırd edəndə hardan gəldiyini anladı… və insanlardan bu qədər uzaqda olmasından xoflandı. Tənhalığın vahiməsi canına üşütmə saldı. Bu zaman arxadan çiyninə dördbarmaqlı bir əl toxundu:

    – Narahat olma, biz səni olduğun yerə aparacağıq, – dedi.

    Arxaya çevriləndə baxışları boz rəngə çalan bir cüt iri gözlə qarşılaşdı. Gözlər bu yalqız insan övladının ürəyindəkilərdən xəbərdarmış kimi, onda səyahətin maraqlı keçəcəyinə əminlik yaradırdı…

    Bu dəfə isə illüminatordan baxanda qarşısında tam başqa bir mənzərə açıldı. Mavi ulduzun sehrinə düşdüyündən qamaşan gözlərini ondan çəkə bilmirdi. Bu, Deneb idi. Bir qədərdən sonra gözləri gur işığa alışdı. Daha sonra kosmik aparat ona doğru uçmağa başladı. İndi ulduz elə nəhəng görünürdü ki! Ətrafa saçdığı od-alovun işığı üzünə çökmüş vahimə qarışıq təbəssümü aydınlatdı. Deyəsən, arzusuna çatmışdı, ancaq nədənsə, Denebin orbitində canına yenidən qorxu düşdü. Az keçmiş maraq bu əcaib qorxunu üstələdi və özündə güc hiss etdiyindən hədsiz bir acgözlüklə tamaşasına davam etdi. Mavi ulduzun səthindəki tünd ləkələrdən gözünü çəkə bilmirdi. Amma yaxınlaşdıqca bu ləkələrin dağlar, dərələr olduğunu gördü. Necə də əsrarlı bir görüntü idi! Bu görüntünü heç nə əvəzləyə bilməzdi! Yavaş-yavaş ulduzun atmosferinə daxil oldular. Uçduğu kosmik aparatda uğultuya qarışan cırıltılar beynini elə sancırdı ki, az qala qulağının pərdəsi deşiləcəkdi. Çox keçmədən hərarət endi və bədəni soyumağa başladı. Büzüşüb bir küncə qısıldı. Bayıra baxmağa cürət etmirdi. Kosmik aparat dərələrin birinə enəndə boz rəngli gözlər yaxınlaşaraq ona şüuraltı məlumat ötürdü:

    – Qalx ayağa, çatmışıq. İndi bayıra çıxa bilərsən.

    Əyninə əcaib bir skafandrı təzəcə geyindirmişdilər ki, ayaqlarının altında balaca bir dəlik açıldı və getdikcə genişlənməyə başladı. Nəhayət o, dəlikdən keçib yavaş-yavaş aşağıya endi. Ayağını ulduza basan kimi dəlik kiçilib yox oldu. Özünü itirmiş halda ətrafa göz gəzdirdi. Ucu-bucağı görünməyən dərə sanki onu sonsuzluğa buraxmışdı. Ayağıyla yeri yoxladı. Bura ilk baxışda möhkəm, sərt təsir bağışlasa da bəzi yerlərdə çatlar yaranmış və ulduzun qaynayan nüvəsindən özünə yol tapmış mavi rəngdə maye axıb çökəklikləri doldurmuşdu. Buralar çox soyuq idi. Şaxtalı havanı yararaq dərədə gəzişməyə başladı. Əyildi ki, yerdən bir nümunə götürsün, ancaq alınmadı. Yer düşündüyündən də möhkəm idi. Əllərini qoşalayıb civəyə oxşar mavi rəngli mayeni ovcuna aldı. Ovcunda öz əksini görəndə yaddaşını itirmiş kimi oldu, kimliyini, hardan gəldiyini unutdu. Haldan-hala düşdü, bu müəmmalı maddə sanki ruhunu canından sovururdu. Birdən yerin çatları aralanmağa başladı. Maye qaz ətrafı bürüdü və o, dizə qədər qalxan bu sehrli maddənin içində var-gəl etdi. Hərarət durmadan artırdı. Canına istilik gəldi. Hər yan oda büründü. Cəhənnəm alovu ətrafı külə çevirirdi. Qəflətən baş verən güclü partlayış hər şeyi göyə sovurdu… Təyyar qışqırıb yerindən dik atıldı. Anası hövlnak özünü içəri atdı:

    – Nə oldu sənə, qadan alım, yuxu görürdün?

    – İşığı yandır! – Təyyar həyəcanla səsləndi.

    – A bala, səhərdi, hər tərəf işıqlıdı.

    – Ana, mən görmürəm…

    – Allah məni öldürsün, ay oğul, niyə görmürsən?

    Təyyar gözlərini ovuşdurdu, qorxu qəlbini çulğasa da anasını sakitləşdirməyə çalışdı:

    – Narahat olma ana, keçib gedər.

    Təyyarın gözündə hər yer zülmət idi. Amma təlaşı çox sürmədi. Bir qədərdən sonra gözlərinə yavaş-yavaş işıq gəldi. Bədəni tər içindəydi. Anasının yanından sivişib hamam otağına keçdi. Soyuq duş qəbul etdikdən sonra səhər yeməyini yedi, sonra da əlini telefona atdı. Xəttin o biri ucunda Emin dəstəyi götürdü:

    – Alo!

    – Salam! Gəl Malakan bağına, sənə deyiləsi sözüm var…

    Dostlar tez-tez görüşdükləri Malakan bağındakı kafedə menyunu vərəqləyirdilər. Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi:

    – Bilirsən təqvim oğrusuna məhkəmədə neçə ay iş verdilər?

    – 12 ay.

    Təyyar belə əyləncəli sualları dostundan tez-tez eşidirdi, odur ki, qəlbini sarmış həyəcanını söndürmək üçün eyni ahənglə məzəyə keçdi:

    – Bəs sən bilirsən qatil əylənmək istəyəndə nə edir?

    – Vaxt öldürür?

    – Əhsən! Yaxşı bəs ona neçə il düşür?

    – Bax bunu hakimdən soruşmaq lazımdı.

    Ofisiant Təyyarın sifarişini gətirdi, şüşənin qapağını ehmalca açıb, pivəni bakallara süzdü və onlardan aralandı. Emin bir siqaret alışdırdı, Təyyarsa çəkib qurtardığı siqaretin kötüyünü külqabına basaraq yenisini yandırdı.

    – Emin, zarafat qalsın bir yana, amma inanmazsan, dəhşətli bir yuxu görmüşəm – deyib, alnının tərini sildi.

    – Nə yuxu?

    – Bilirsən, elə bir əsrarəngiz yerdəydim ki… – dərindən ah çəkib, yuxusunu birnəfəsə danışdı.

    Bu qarışıq, çarpaşıq yuxudan bir şey anlamayan Emin soyuq, laqeyd halda əlini yellədi:

    – Hə, nə var burda, yuxudu də. Bircə o maraqlıdı ki, bu boyda əhvalatı yadında necə saxlamısan. Adətən, yuxular yaddaşdan tez silinir.

    – Bu adi yuxu deyil, gerçəklikdi… eh, səni necə başa salım. Bilirsən nə var, gəl Xaçmaza gedək.

    – Xaçmazda nə ölümümüz var?

    – Sənə möcüzə göstərmək istəyirəm.

    Təyyar yol boyu hələ də ötən gecə gördüyü yuxunun təsirindən ayıla bilmirdi. Nədən danışırdısa, yenə mövzunu o əsrarlı yuxunun üstünə gətirirdi.

    – Sən lap kino görmüsən ki… – Emin yuxu haqda təəssüratını belə tamamladı. Sonra dostunu indicə görürmüş kimi diqqətlə üzünə baxdı:

    – Mənə sarı çön görüm, elə bil gözündə çəplik var.

    – İndi görürsən bəyəm? Bu, anadangəlmədi. Sağ gözüm dartmır…

    Onlar Xaçmaza gecəyarı çatdılar. Emin maşını meşəlikdə yerləşən istirahət mərkəzinə sürdü. Özlərinə rahat bir ev tutdular. Yolun yorğunluğunda otağa girən kimi çarpayıya sərələndilər. Ancaq çəyirtkələrin cırıltısı, bir də mələfələrə hopmuş meşənin nəmişliyi yuxularına zəhər qatırdı. Təyyar yerinin içində bir siqaret yandırıb tüstünü hərisliklə içinə çəkdi. Emin də əlini alışqana atdı. Adda-budda nə danışırdılarsa, söhbət yenə möcüzəvi yuxunun üstünə gəlirdi.

    Söhbətin qızğın yerində bayırdan gələn güclü işıq dalğası pəncərəyə elə çırpıldı ki, şüşələr çilik-çilik oldu. Səbəbini anlamayan dostlar qorxu içində baxışdılar və bircə anda gözlərinə qaranlıq çökdüyündən yerlərindəcə qurudular. Bəbəklərinə nüfuz edən fotonlar elə bil beyin hüceyrələrini yerindən oynatmışdı. Handan-hana gözlərinə işıq gəldi.

    – Bu nədi ə? Nə baş verir burda? – Emin əlləri ilə başını tutdu

    – Mən sənə demişdim axı… Bu da sənə möcüzə. – Təyyar cəld özünü bayıra atdı.

    Aralıda iri ağacların arasından boylanan ağ rəngli bir şar nəzərini cəlb etdi. Şar o qədər böyük idi ki, qaranlıq meşənin səssizliyində insanı vahimələndirirdi. Təyyar yadplanetlilərin ondan ötrü gəldiyini zənn etdi və şara doğru qaçmağa başladı. Canında xof olsa da hansısa bir cazibə qüvvəsi onu şara sarı çəkirdi. Uzaqdan əcaib məxluqları görən kimi “Mavi ulduz! Yay üçbucağı! Deneb!” – deyə, qışqırmağa başladı. Ancaq yadplanetlilər ona əhəmiyyət vermədən kosmik aparatlarına mindilər. Təyyar sürətini artırıb onlara çatmağa çalışırdı, “bir dayanın, məni də götürün” – deyib, elə hey qışqırırdı. Bu vaxt ayağı büdrəyib üzüqoylu gölməçəyə yıxıldı. “Mavi ulduz! Mavi ulduz!” – deyib, əlini onlara sarı uzatdı. Ancaq gec idi. Şar sürətlə göyə qalxıb, bir göz qırpımında havada itdi. Təyyar sevimli oyuncağını itirmiş uşaq kimi məyus oldu. Kim bilir, belə bir fürsətlə bir də qarşılaşacaqdımı… Təngnəfəs halda ayağa qalxıb üst-başını çırpdı və suyu süzülə-süzülə geriyə döndü.

    Otağa girər-girməz Emin suallarını uc-uca caladı:

    – Dostum, nə baş verir burda? Bu nə möcüzədir?

    Təyyarın arzusu bir anda içindən tüstüsü çıxan çürümüş qoz kimi puç olmuşdu. Heysiz halda mızıldandı:

    – Filmin belə sonluqla bitəcəyini heç gözləmirdim…

    Onlar bütün gecəni gözlərinin qarşısında baş vermiş hadisəni müzakirə etdilər. Söhbət o qədər uzandı ki, nə vaxt yuxuya getdiklərindən belə xəbərləri olmadı. Axşamdan cırıldaşan çəyirtkələr də səslərini kəsmişdilər…

    Hava küləkli idi. “Əlif Hacıyev” elmi tədqiqat gəmisi dalğaların arasında yırğalanırdı. Xəzri göyün üzünü alan qara buludları ora-bura qovur, onlar da sanki buna etiraz olaraq hirsini şimşəklə çıxarırdılar.

    Gəminin göyərtəsində qapıdan bərk-bərk yapışıb qəzəblə yağışı seyr edirdi. Bədəni titrəsə də soyuğu hiss etmirdi. Yırğalandıqca gözləri dalğalanır, ürəyi ağzına gəlirdi. Ancaq ona verilən tapşırıq narahatlığını bir bal artırdı.

    Kapitanın göstərişilə batmış sualtı qayığı tədqiq etmək üçün arxası üstə dənizə kəllə vurdu. Yavaş-yavaş Xəzərin dərin qatlarına dalmağa başladı. Su bulanıq olduğundan üç-beş metrdən o yanı görmək mümkün deyildi. Yan-yörəsindən balıqlar şütüyüb keçirdi. Onların gümüşü pulcuqları bulanıq suda sanki ay işığının altındaymış kimi bərq vururdu. Balıqlar o qədər yaxında idilər ki, hətta, əllə onlara sığal çəkirdi. Ancaq balıqlar onun nəvazişini duyurmuş kimi onunla oynaşırdılar. Dərhal suda itir, sonra da kabus kimi qəfildən peyda olurdular.

    Qolundakı cihaza baxdı – 130 metri göstərirdi. Hələ bir qədər də enməli idi, çünki bu ərazidə suyun dərinliyi 240 metrə çatırdı. Dərinliyə daldıqca suyun hərarəti yavaş-yavaş aşağı düşürdü, o isə buna əhəmiyyət vermir, “görəsən sualtı qayıq hansı səbəbə batıb? Onu tapmaq mümkün olacaqmı?” – sualları ilə beynini yükləyirdi. Nəhayət, dənizin dibi göründü. Başındakı fənəri yandırıb ətrafa göz gəzdirdi. Su o qədər bulanıq idi ki, bir neçə metrdən qabağı görmək olmurdu. Əlini qumun üzərində gəzdirdi. Lil səhrada qopan fırtına təki suyu bulandırdı. İrəliyə doğru üzməyə başladı. Qayığı tapmaqda israrlıydı. Ziqzaqvari üsulla axtarışına davam etsə də qayığın qırıntılarına belə rast gəlmədi. Bu zaman kütüm sürüsü onu əhatəyə aldı. Başının üstündə, ətrafında fırlanan balıqlar əvvəlcə ona yaxınlaşmağa cürət etməsələr də sonradan oğlanın kombinezonunu dartışdırmağa başladılar. Təkləndiyini görəndə əl-qol atıb onları özündən kənarlaşdırmağa çalışdı. “Bəlkə məni yemək istəyirlər?”, – bir anlıq ağlından keçirdi. Ancaq balıqlar pərən-pərən olub, yenidən sürü halında ona doğru üzəndə yəqin etdi ki, bu dilsiz-ağızsızlar nəyisə göstərmək istəyir. Dərhal arxalarınca üzməyə başladı. Xeyli üzmüşdü ki, relyefin dəyişdiyini hiss etdi. Dənizin dibində şiş qayalar gördü. Balıqlar onu qayalıqların arasıyla aparırdılar.

    Qarşıda üstü lillə örtülmüş böyük, dəyirmi bir lövhə gördü. O, torpağın səthində üfüqi şəkildə quraşdırılmış olsa da ağzı bağlı idi. Özünə yol açmaq üçün qaynaq aparatını işə saldı və təxminən bir metr enində olan dəmir plitəni kəsdi. Açdığı yerdən içəri daxil oldu. Bura beş-altı metr uzunluğunda otaqvari bir yer idi. “Dənizin dibində ağzı bağlı dəmir otaq kimə lazımmış görəsən?” – düşündü. Bu zaman gözü divardakı qırmızı düyməyə sataşdı. Altında “сброс воды” sözü yazılmışdı. Bildi ki, burada daha bir keçid olmalıdır. Barmağı ilə düyməni bassa da heç nə baş vermədi. Dərhal bölmənin divarlarını, döşəməsini nəzərdən keçirdi. Döşəmə tərəfdə başqa bir lyuk gördü və nə qədər güc verdisə də ağzını aça bilmədi. Tələsirdi. Qolundakı saata baxdı. Vaxtına az qalmışdı, qayıtmaq məcburiyyətində qalsa da, “bir bunu da aç” – deyə yenidən qaynaq aparatını işə saldı. Lyukun ağzını açıb növbəti otağa daxil oldu. Burada divarın yan tərəfində bir qapı gördü. Eyni hərəkətlə özünə yol açıb içəri sivişdi. Geniş dəhlizlə irəliyə doğru üzdü və sonda daha bir qapı ilə rastlaşdı. Bu dəfə də qapını kəsib növbəti məkana keçəndə gözləri torlandı. O, böyük, hərbi bazanın içində idi. Su bazanı basmışdı. Bir az da irəlidə düşündüklərinin doğruluğuna əmin oldu. Qarşıda bir-birinin ardınca şaquli vəziyyətdə düzülmüş qitələrarası, nüvəbaşlıqlı raketləri görəndə buranın radioaktiv bir yer olduğunu anladı. Tez ayaqlarını işlədib bazanı tərk etməyə çalışdı. Qapıya çatanda havanın azaldığını hiss etdi. Təşviş içində gəldiyi yolla üzməyə başladı. Dəhlizdə isə havası tamamilə qurtardı. Hava udmaq ümidilə bir neçə dəfə dərindən nəfəs aldı. Boğula-boğula yerində çabalayırdı ki, Emin onu yüngülcə silkələyib ayıltdı:

    – Deyəsən pis yuxu görürdün. Danış görək, bu dəfə başımıza nə gələcək?

    Təyyar gözünü açdı, zəndlə dostuna baxdı, harda olduğunu anlamağa çalışdı. Özünə gələn kimi:

    – Bu dəfə dənizdə olacaq, – dedi.

    – Nə olacaq? Yadplanetlilərdi yenə?

    Təyyar əynini geyindi və bir siqaret yandırdı:

    – Axşamtərəfi sahilə gedərik.

    Çimərlikdə iki nəfər xilasedici qumun üstündə özlərini axşam günəşinə verirdilər. Emin bu dəfə özünü toparladı:

    – Başlayanda xəbər eləyərsən.

    Sahildən xeyli aralıda böyük bir gəmi suyun üzərində ləngər vururdu.

    – Görəsən o nə gəmidir elə? – Emin xəbər aldı.

    – Ora bax! Balıqları görürsən? – Təyyar dedi.

    Emin nəzərlərini sahilə cırmaq atan dalğaların üzərində gəzdirdi. Balıqlar sudan sıçrayıb özlərini qumun üstünə elə atırdılar, elə bil duzlu su onların məskəni deyilmiş. Təyyar başa düşdü ki, balıqlar ona hərbi bazanın yerini göstərmək istəyir. Tezcə ayağa qalxıb özünü dənizə atdı.

    – Dayan, hara gedirsən? – Emin arxasınca qışqırdı.

    Təyyar ona əhəmiyyət vermədən dalğaların arasında ağır-ağır irəliləyib, suya kəllə vurdu. Özünü sahilə yan alan gəmiyə çatdırmaq istəyirdi. Gəmi isə hələ xeyli uzaqda idi. Təyyarın əhədi kəsilirdi. Emin isə bayaqdan sahildə var-gəl edir, dostunu gözdən qoymurdu. O, əl-qol atıb dalğaların arasında itəndə Emin onun boğulduğunu başa düşdü və dərhal özünü xilasedicilərə yetirdi. Onlar motorlu qayığa minib Təyyarın itdiyi əraziyə üzdülər. Köstəbək kimi o tərəf-bu tərəfə boylansalar da Təyyarı tapmadılar. Sahildə dayanıb bütün bunları həyəcanla izləyən Emin səbirsizlikdən dırnağını çeynəyirdi. Bu zaman dalğaların arasında ləngər vuran Təyyarın yaşıl köynəyini gördülər. Amma tapdıqları yalnız köynək oldu. Ərazini yenidən yoxladılar və nəhayət, gözləri Təyyarın suda yırğalanan qollarını aldı. Qayıqdakılar onu qarmağa keçmiş balıq kimi sudan çıxardılar. Sahilə çatan kimi qumun üstünə uzadıb, süni nəfəs verməyə başladılar. Təyyar palçıq vulkanı təki daxilindəki mayeni qusdu, sonra da dərindən bir neçə dəfə təmiz havadan uddu. Damarlarına nüfuz edən oksigen onu həyata qaytardı.

    Yol boyu heç biri danışmadı. Evlərinə çatanda bir dəstə polisin dünən gecə baş vermiş partlayışla bağlı adamları sorğu-suala tutduğunu gördülər. Vəziyyətin dəyişəcəyini anlayan dostlar tez maşına minib aradan çıxdılar…

    Qürub çağı qaranlıq bir məkana daxil oldu. Hər tərəf zülmət içində idi. Əl fənərini yandıranda bu yerin kiçik bir mağara olduğunu anladı. İşığı mağaranın divarlarına tutdu. Yuxarıdan aram-aram tökülən su damcılarının əks-sədası səssizliyi pozurdu. Damcılar hər dəfə yerə düşdükcə ürəyində saymağa başladı. Bir, iki, üç… Ayağını gölməçənin üstünə basıb irəliyə doğru bir-iki addım atıb dayandı. Fənərini üzüyuxarı tutaraq nəm tavandan sallanan damlaların qopub-düşən rəqsinə bir qədər tamaşa etdi. Mağaranı kəşf etmək həvəsinə düşdü. Damcı səsləri addımlarında itdi. Az getmişdi ki, daş-qayaya dirəndi. “Mağara elə bura qədər imiş”, – deyə düşündü. Daş-divara zəndlə baxırdı ki, gözü balaca bir oyuğa sataşdı. Əlini uzadanda oradan sərin mehin əsdiyini hiss etdi. Bildi ki, mağaranın ikinci çıxışı da var. Deşiyi böyütmək istəyəndə hörülmüş divar soyuqda ayaq altda qalan donmuş gölməçə kimi çatladı. Buzqıran gəmitək özünə yol açdı. Uçurduğu divarın arasından keçmək istəyəndə arxadan gələn səs elə bil onu yerə mıxladı:

    – Getmə, dayan! Geriyə qayıt!

    Bu, çəp gözlərlə ona baxan başqa bir Təyyar idi.

    – Sən kimsən? – Qorxacaq səslə soruşdu.

    Özünü tanısa da gözlərinə inanmadı.

    – Qayıt geriyə! – Yerində fırr eliyib gözdən itdi.

    Fənərin işığında ora-bura göz gəzdirdi, amma bir ins-cins gözə dəymədi. Gördüyü Təyyar qeybə çəkilmişdi… İnadkarcasına yerə tökülmüş daşların arasından keçib dar bir dəhlizlə irəlilədi. Bura o qədər nəmişlik idi ki, lap ürəyi sıxılırdı. Gözləri qaraldı. Özünü toparlayıb birtəhər yoluna davam etdi. Mağaranın bu hissəsi nisbətən aşağıya doğru gedirdi. Dar boğazdan sivişib ayağını yerə basanda sürüşüb qurşağadək suya batdı. İşığını ətrafda gəzdirdi və buranın çox geniş bir yer olduğunu gördü. Üzə-üzə irəli keçdi. Gur işığın altında bərq vuran mərmər çıxıntılar mağaranı əlvan rənglərə boyadı. Bayaqdan canında gəzdirdiyi xof sovrularaq bir anda yox oldu. Mağaranı kəşf etməsinə çox sevinirdi. Elə oradaca düşündü ki, bu yer haqqında heç kəsə danışmayacaq.

    İrəlidə üst-üstə yığılmış iri sandıqlar gördü. Maraq ona güc gəldi. Cəld sandıqlardan birinin ağzını açdı. Daş-qaşları, qızıl sikkələri görüncə gözləri qamaşdı. Ağzı açıla qalmışdı, sevincindən az qala bayılacaqdı. Vaxt itirmədən ciblərini doldurub, aradan çıxmaq istədi. Ancaq düşdüyü yerdən qalxa bilmədi. Hər dəfə çıxmaq istəyəndə sürüşüb suyun içinə düşürdü. Ha çalışdı, ha cəhd elədi, düşdüyü yerdən çıxa bilmədi ki, bilmədi.

    – Bu dəfə səninlə gedirəm. Dost deyilik, xəzinəni aramızda bölərik. – Emin onun yuxusuna qulaq asdıqca şirniklənirdi.

    – Xəzinə o qədər böyükdü ki, hamısını apara bilməyəcəyik.

    – Yaxşı, bəs bu xəzinə harda, hansı mağarada gizlədilib?

    – Şahdağda.

    – Sən buna əminsən?

    – Əlbəttə. Mən yuxularımda səyahət edirəm.

    – Necə yəni səyahət edirsən? – Emin təəccübləndi.

    – İnsan yuxuda paralel dünyaya keçir və ruhu bədənindən ayrılandan sonra uzaq məsafələri qət edə bilir. Yəni, bizim yaşadığımız gerçəklik eynilə paralel dünyada da mövcuddur. Mən buna inanıram – deyib, zəndlə gözlərinə baxdı.

    – Sənə inanıram.

    – Mən bu dünyada olarkən paralel dünyaya keçməyə çalışıram. Artıq iki dəfə cəhd etmişəm.

    Araya sükut çökdü. Dostlar hələ bir qədər skamyada oturub, yemə toplaşan göyərçinlərə tamaşa etdilər.

    Səhər obaşdan Emin qapının ağzını kəsdirdi. Təyyar vaxt itirmədən bel çantasını götürüb evdən çıxdı. O, ürəyinə gələnləri dostundan gizlətmədi:

    – Hiss edirəm ki, bu dəfə paralel dünyaya keçə biləcəm.

    – Mənə də elə gəlir…

    Dağın yamacında maşını saxlayıb yoxuşla təzəcə qalxmağa başlamışdılar ki, göyün üzündə süzən nəhəng bir qartal başlarının üstünü kəsdirdi. Ancaq başları söhbətə qarışdığından quşa fikir vermirdilər.

    – Görəsən, xəzinəni orada gizlətmək kimin ağlına gəlib? – Emin soruşdu.

    Təyyar böyük bir sirr açırmış kimi pıçıltıyla dilləndi:

    – Xəzinə Qacarlar dövründən qalıb. Düşmən əlinə keçməsin deyə, mağarada gizlədiblər.

    – Yaxşı, bəs sən o yeri necə tapacaqsan?

    – Mağaranın girişinin hər iki tərəfində iri qaya parçası qoyulub. Biz ora yaxınlaşanda bunu görəcəyik.

    Qarşıda sıldırımlı qaya yolu kəsdiyindən dostlar onu yan tərəfdən keçməli oldular. Yandırıcı günəş başlarına döysə də oğlanlar dayanmadan qan-tər içində dikdiri dırmaşırdılar. O qədər hündürə qalxmışdılar ki, başları gicəllənirdi. Bu yerlərdə otlar susuzluqdan saralıb solmuş, tək-tük görünən ağaclarda isə quşlar yuva qurmuşdu. Dönüb arxaya baxdılar, gözlərinin qarşısında gözəl bir mənzərə açıldı. Bir-birindən aralı, nizamsız tikilmiş kənd evləri, gül kələminə bənzəyən hamar meşələr, onlardan da o yana alçaq dağlar… Bayaqdan başlarının üstündə dövrə vuran qartal qəflətən qıyya çəkib onların üstünə şığıdı. Dostlar yırtıcı quşun caynağına keçməsinlər deyə, hərəsi bir tərəfə çəkildi.

    – Mən onu görürəm, ora bax! – Təyyar əliylə dostuna mağaranın girişini göstərdi.

    – Mən də gördüm. Gəl tez dırmaşaq, canımız da bu quşdan qurtarsın. – Emin onun yaxasından yapışıb özünə tərəf çəkdi.

    Bu zaman qartal qırıcı təyyarətək yenidən onlara tərəf şığıdı, bir göz qırpımında Təyyarı caynağına alaraq havaya qaldırdı. Quşla əlbəcaynaq olan Təyyar onun boğazından yapışdı. Vəziyyətin dəyişdiyini görən yırtıcı şikarını caynağından buraxdı, ancaq Təyyar tutduğu yerdən bərk yapışmışdı. Və ikisi də göydə vurulan təyyarə kimi “tüstüləyə-tüstüləyə” yaxınlıqdakı sal qayanın üstünə çırpıldılar. Emin bir mağaraya baxdı, bir də yerdə zarıyan dostuna… Cəld dağı enməyə başladı. Təyyar ağrıdan canını dişinə tutaraq qıvrılmışdı. Emin onu çiyninə aldı, çətinliklə də olsa dağı asta-asta endi. Yaralını dərhal maşının arxa oturacağına uzadıb vaxt itirmədən rayon xəstəxanasına çatdırdı.

    Təyyarın dörd qabırğası sınmışdı. Həkim ilk yardım kimi ona ağrıkəsici iynə vurub palataya yerləşdirdi. Sonra Eminə xəbərdarlıq etdi:

    – Dostun hələ bir neçə gün burda qalmalı olacaq.

    Emin bütün gecəni dostunun çarpayısından aralanmadı. Gecənin səssizliyində Təyyar üz-gözü sarıqlı halda baş verənləri zarıya-zarıya Eminlə müzakirə edirdi:

    – Mən ba-şa düş-düm. Ayyy… – Təyyar ağrıdan qırıq-qırıq danışırdı – Hər şeyi indi başa düşdüm. Paralel dünya ilə yaşadığımız gerçəklik arasında bir sədd mövcuddur. Mən onu neçə dəfə aşmağa çalışdım, arzularımın arxasınca düşdüm. İndi özümü sanki iki dünya arasında asılmış kimi hiss edirəm…

    Təyyar o səddi aşa bilməsə də əmin idi ki, yuxularında arzuladığı yerə səyahət edib. İnanırdı ki, paralel dünyada ayağını ulduza basıb, Xəzərin dibindəki hərbi bazada olub, mağarada xəzinə tapıb. İnanırdı ki, röyalarında yenə ora qayıdacaq. O, buna inanırdı…

    MƏMMƏD MƏMMƏDLİ

    “ULDUZ” jurnalı – mart 2022

  • Cons, Kobeyn və əfsanəvi “27-lər klubu”

    Bakı, 5 yanvar, Məmməd Məmmədli, AZƏRTAC

    Fevral ayında dünyaya gəlmiş ingilis Brayn Cons və amerikalı Kurt Kobeyn insanı ovsunlayan, möhtəşəm musiqiləri ilə şöhrətlənib ulduz olandan sonra 27 yaşında dünyalarını dəyişdilər.

    Gözlənilməyən bir təsadüf nəticəsində, “The Rolling Stones” və “Nirvana” qrupunun yaradıcıları gənc yaşlarında səhnəyə gəlib və az bir müddətdə məşhurlaşdıqdan sonra rok tarixində ən yaxşı ifaçılar kimi yadda qaldılar. Cimi Hendriks, Canis Coplin, Cim Morrison və Emi Vaynhaus kimi nəhənglər məhz haqqında danışacağımız klubun üzvləri idilər.

    AZƏRTAC şöhrətin ən uca zirvəsinə çatmış, lakin 27 yaşlarında dünyasını dəyişmiş ifaçıların faciəvi taleyinə nəzər salan Cons, Kobeyn və əfsanəvi “27-lər klubu” sərlövhəli yazını təqdim edir.

    “27-lər klubu” çılğın, nizamsız və ipə-sapa yatmayan musiqiçiləri bir araya gətirərək, onları daha da məşhurlaşdırdı. Ancaq başgicəlləndirici şöhrət, narkotikanın təsiri və musiqi sənayesinin mənfilikləri bu istedadları uçuruma sürüklədi və onlar da üzləşdikləri bəlalardan vaxtında xilas ola bilmədilər.

    Cons, Hendriks, Coplin və Morrison biri-birindən üç il fərqlə dünyalarını dəyişdilər, bu da onların, xüsusən də Roknroll sənətçiləri arasında şübhə və dedi-qoduların yaranmasına səbəb oldu.

    Cons (1942-1969) kimi tanınmış multi-instrumentalist və bəstəkarın cəsədi İngiltərənin Sasseks şəhərindəki evinin hovuzundan tapıldı. “The Rollings Stones”dan qovulmuş gitaraçının son illərdə narkotikadan güclü asılılığı yaranmışdı. Consun ölüm səbəbini bəziləri astma tutması nəticəsində suda boğulması ilə əlaqələndirirdilər. Ancaq bu, birmənalı qarşılanmamış və digər mülahizələrlə yanaşı, onun öldürülməsi ehtimalı da irəli sürülmüşdü.

    Musiqi tarixində ən yaxşı gitara ifaçılarından biri hesab edilən amerikalı Cimi Hendriks (1942-1970) yaxın münasibətdə olduğu bir qızdan aldığı həbləri yüksək dozada qəbul etdiyi üçün dünyasını dəyişdi. Amma cəsədin müayinəsi onu deməyə əsas verdi ki, ifaçının əsl ölüm səbəbi ağciyər emfizeması idi.

    Şimali Amerikalı, rok və bluzun ən güclü sənətkarlarından biri Coplin (1943-1970) Los-Ancelesdə heroini yüksək dozada qəbul etməsindən dünyasını dəyişdi.

    Ardınca hippi hərəkatının nümayəndəsi, “The Doors” qrupunun vokalçısı, içki düşkünü Cim Morrison (1943-1971) həddindən artıq heroin istifadə etdiyinə görə Parisdə ürək tutmasından öldü.

    İngilis yazıçısı və tədqiqatçısı Lesli-Ann Consun sözlərinə görə, “27-lər klubu”nun gənc ulduzlarının qara tale yaşamaları barəsində söz-söhbətlər uzun zaman dövri mətbuatın gündəmindən düşmədi.

    Morrisonun vəfatından 23 il sonra, 1994-cü il aprelin 8-də Kobeynin cəsədi Sietldakı (ABŞ) evində təmizlik işləri görən bir xadimə tərəfindən tapıldı. Hüquq-mühafizə orqanları ölüm hadisəsinin sui-qəsd olduğunu müəyyən etdilər. “Nirvana” qrupunun yaradıcısı Kurt Kobeyn özünü tüfənglə vurmazdan əvvəl, həyat yoldaşı Kortni Lava yazdığı məktubda qızına yaxşı baxmasını vəsiyyət etmişdir.

    Müğənni və bəstəkar, özünün əfsanəvi “Nirvana” qrupu ilə qranj üslubunu yaradan Kobeyn möhtəşəm ifası ilə öz həmyaşıdlarını heyran etdi. Musiqi sənayesinin çətinliklərinə baxmayaraq “Smells like teen spirit” və “Come as you are” mahnıları ilə tamaşaçıların rəğbətini qazandı.

    Kobeyn depressiya və narkotik asılılığından əziyyət çəkirdi, hətta müalicə olunsa da onlardan xilas ola bilməmişdi. Qısaömürlü karyerasına baxmayaraq, Kobeyn milyonlarla diskini dünyanın bir çox ölkələrində sata bilmişdi. Onun ölümü ictimaiyyətdə “27-lər klubu”nun mövcudluğu barədə fikrin irəli sürülməsinə gətirib çıxardı. Yeri gəlmişkən, 17 il sonra bu klubun üzvü, Britaniya Krallığının ən yaxşı ifaçılarından olan Emi Vinhausun “Back to Black” studiya albomu beş dəfə “Grammy” mükafatını qazandı.

    Tədqiqatçı Lesli-Ann Consun fikrinə görə, Eminin təkzibolunmaz istedadı, narkotik və içkiyə olan aludəsi, bundan başqa uşaqlıqda psixoloji zədə alması gələcək ifaçının taleyini yazmışdı. Klubun üzvləri çox həssas, eyni zamanda, üsyançı və özlərinə əmin olmayan istedadlı gənclər idi. Belə sənətçilər özlərini həmişə tənha hiss edir, həyatlarının bir çox məqamlarında tənqidə məruz qalırlar. Digər tərəfdən, onlar musiqi sənayesinin qurbanları oldular. İfaçıları ticarət məhsuluna çevirmə cəhdləri onlar üçün pis fəsadlarla nəticələndi. İfaçılar özləri də hiss edirdilər ki, şöhrət onların şəxsi həyatlarını zəhərləyir, arzularını heçə sovururdu.

    Səsyazma studiyaları musiqiçilərin etibarını qazanmaq və özlərini layihədə saxlamaq üçün, tez-tez onları istədikləri şeylərlə təmin edir, hətta onlara narkotik maddə ötürürdülər. O da var ki, bu sənətçilərin yaşadıqları dövrü nəzərə almaq lazımdır. Bu dövr azadlıq və sülh istəyən, Vyetnam müharibəsinə yox deyənlərin zamanı idi.

    Əlbəttə, 27 yaşında dünyasını dəyişən digər ifaçılar da var, ancaq Cons, Hendriks, Coplin, Morrison, Kobeyn və Vaynhaus kimilərinin ölümü o zaman milyonlarla insanı şoka salmışdı.

    Yaşasaydı, 2022-ci il fevralın 20-sində Kobeyn 55 yaşını qeyd edəcəkdi, Cons isə 80-ci baharını adlayardı. Klubun digər üzvləri ilə yanaşı, onlar da mahnılarının dinlənilməsi reytinqində zirvəyə yüksələr, yaxud da öz xarizmatik fotoları ilə məşhur jurnalların üzqabığını bəzəyərdilər. Ancaq onlar talesiz olduqlarından sanki sözləşmişdilər ki, həyatdan cavan getsinlər.

    Bütün bunlara baxmayaraq, onların əziyyət və böyük zəhmətlə qazandıqları uğur və cazibədar şəxsiyyətləri ətrafında gedən söhbətlər indiyədək səngimir. Nəzərə alsaq ki, “The Rolling Stones” hələ də yaşayır, “Nirvana” isə artıq mövcud deyil.

    Tərcümə etdi: Məmməd Məmmədli

  • Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Hər zaman yaddaşları közərdən Playa del Amor

    Bakı, 3 noyabr, Məmməd Məmmədli, AZƏRTAC

    Meksika deyəndə ilk növbədə “Ölülər günü”, kalendula çiçəyi, yaxud da şokoladdan hazırlanmış kəllə sümüyü yada düşür. Sakit okeanın qumlu sahilləri, çılpaq qayaların üstündə özlərini günə verən suitilər, suyun altında “uçan” skat balıqları Meksikanın fərqli bir təbiətə malik olduğunu düşünməyə əsas verir. Bu ölkənin möhtəşəm məkanlarından olan Milli Antropologiya Muzeyi isə sirlərlə dolu kəşf olunmamış qədim bir adanı xatırladır. AZƏRTAC Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.

    Playa del Amor (Sevgi çimərliyi)

    Sevgi çimərliyi Kabo San Lukas dənizindən çox da aralı olmayan Los Kabos mirvarisi, turistlərin ziyarət edə biləcəkləri əsl cənnət məkanıdır. Bu, Sakit okeanın girişində Mar de Kortes dəniz sularının yuduğu sonuncu çimərlik sayılır. Sevgi çimərliyi turistlərə öz təmiz suyunu və dəniz həyatının sirlərini – sualtı macəra, müxtəlif balıq növləri və təsəvvürə gətirə bilmədiyiniz bitkilərlə zəngin təbii akvarium təklif edir. Hər iki tərəfdə, qayaların üstündə suitilər özlərini günə verir, insana əsla zərər yetirməyən skat balıqları isə suyun altında sanki uçurlar. Playa del Amor çimərliyinə giriş yalnız dənizdən mümkündür. Su taksiləri sizi münasib qiymətə o baş – bu başa çatdıra bilər.

    Xanitzio adası

    Patzkuaroya gəlişinizdə “Xanitzio” adlanan gölün ortasında bu möhtəşəm adanı kəşf edəcəksiniz. Xatırladaq ki, adanın tarixinin, xalqın adət ənənlərinin, geyiminin və dilinin qorunması sayəsində ona “Möcüzələr kəndi” adı verilmişdir. Onun ilkin adı Purepeça-Xanitzio, başqa sözlə, buğda və ya qarğıdalı çiçəyidir. Adaya çatmaq üçün Patzkuaro limanında qayığa minməli olacaqsınız. Tur təxminən 20 dəqiqə çəkir.

    Holbox

    Holbox öz cazibədarlığı ilə uşaqdan tutmuş, böyüyə qədər hamını heyran edir. Onun mülayim iqlimi, çılpaq, bəzən də daşlı-qayalı təbiəti, insanın qəlbinə rahatlıq gətirən dənizinin mavi suları günəşi və çimərliyi sevənlər üçün inanılmaz bir məkandır. Holbox adası flora və faunanın ən nadir canlıları üçün bir evdir. Aprel və oktyabr aylarında bura 400 mindən çox çəhrayı flamenko quşları köç edirlər. Adanın suları delfin və balina köpəkbalıqları üçün bir sığınacaq, bəzi yırtıcılar üçün isə yaxşı ov yeridir.

    Milli Antropologiya Muzeyi

    Sizi Mərkəzi Amerika mədəniyyəti, onun bu günə qədər hifz olunmuş zəngin mirası maraqlandırır? O zaman Meksikanın Milli Antropologiya Muzeyi bu ölkəyə səfəriniz zamanı ziyarət edəcəyiniz ən maraqlı və heyrətamiz məkanlardan biri ola bilər. Muzey 1964-cü il sentyabrın 17-də ölkənin aborigen keçmişini yaşatmaq məqsədilə açılıb. Burada ziyarətçilər üçün müxtəlif məşğuliyyət növləri vardır. Milli Antropologiya Muzeyinin zallarında nümayiş olunan eksponatlar zaman ardıcıllığı ilə yerləşdirilib. Keçmişə səyahət muzeyin El Paraquas (çətir) adlanan həyətindən başlayır. Çətir turistləri günəşin yandırıcı şüalarından və yağmurdan qorumaq məqsədilə qurulub. Həyətdə döyüşçü bəbir və qartalın heykəli, seiba ağacı və ispanların bu əraziləri fəth etməsini əks etdirən qılınc abidə ucalır.

    Barranka del Kobre 

    Bu yerlərdə dağların əzəməti sizdə onun hər bir guşəsini kəşf etməyə istək yaradacaq. Zəngin florasına valeh olacaqsınız. Hər addımda şam, palıd, kaktus və qovaq ağacları ilə qarşılaşacaqsınız. Dağların arasındakı çuxurlarda çəkdirəcəyiniz fotoşəkillər sizə səyahət zamanı yaşadığınız ən gözəl xatirələri yada salacaq. Barranka del Kobre Çihuahua şəhərinin cənub-qərbində yerləşir. Siz bu gözəl yerləri iqlim çətinliklərini dəf edə bilən və bu əzəmətli dağ silsiləsinin yerli sakinləri raramurislərlə söhbət etməyi qaçırmayan bir macəraçı kimi kəşf edin.

    Koyoakan

    Meksikanın orta əsrlər İspaniyasının müstəmləkə torpaqları olduğunu bütün gözəlliklərilə yalnız Koyoakanda görə biləcəksiniz. Şəhərdən kifayət qədər uzaq məsafədə yerləşən bu ərazidə qədim küçələri, meydanları, alçaq evləri kəşf edəcəksiniz. Bu yerlərdə müasir göydələnlər, böyük şəhərlərdəki kimi sıxlıq yoxdur. Bu qəsəbəni ziyarət edərkən onun hər bir döngəsini, künc-bucağını gəzməyi, yerli mətbəxindən dadmaq fürsətini qaçırmayın. Meksikanın tanınmış rəssamı Frida Kalhonun ev muszeyi də burada yerləşir.

    Pipila abidəsi

    Quanaxuato şəhərində yerləşən bu abidə Pipilanın xatirəsinə ucaldılmış abidədir. Heykəltəraş Xuan Fernando Olaquibel abidəni çəhrayı daşlardan ucaldıb. 1939-cu ildə abidənin açılışı olub. Bu ərazi ətrafı 360 dərəcədə seyr etmək üçün bir məntəqə kimi istifadə olunur və insanlara Quanaxuato şəhərinin gözəl mənzərəsini bəxş edir. Abidənin arxa tərəfindəki girişdən keçib yuxarı qalxmaq olar.

    San Sebastian Bernal

    Bura müxtəlif rənglərə çalan və insanda xoş ovqat yaradan möcüzəli bir şəhərdir. Siz sakit və xoş bir havada qastronomiya və yerli sənətkarların əl işlərindən zövq alaraq ailənizlə birlikdə bir həftə sonu keçirə bilərsiniz. Bu şəhərdə Keretaronun ən tanınmış, məşhur Penya de Bernal adlanan turistik məkanları mövcuddur. Xatırladaq ki, burda hava quru olduğundan özünüzlə su ehtiyatı götürməyi unutmayın.

    Real de Katorse

    Başqa bir möcüzələr şəhəri olan Real de Katorse San Luis Potosi ştatının mərkəzindən üç saat yarımlıq məsafədə yerləşir. Bura mədənlər və səhra mənzərələrilə tanınır. Real de Katorse deyəndə, keçmişdə gücünü nümayiş etdirmək üçün uzun bir tunel düzəldə bilən, daşdan ucaldılmış şəhəri gümüşlə bəzəyən bir xalqın yaşayış yeri yada düşür. Başqa sözlə, bu kabuslar şəhəri, vəhşi itlər və ölümünü gözləyən qocalarla dolu, top tərəfindən talan edilmiş başqa bir mədəniyyət nümunəsidir.

    Tamul şəlaləsi

    Tamul şəlaləsi Tamasopo ərazisində yerləşir və “Damcılayan yer” mənasını verir. Bura turistlərin ən çox sevdiyi məkanlardan biridir. Bu heyrətamiz şəlalə Tamasopoda xırda çaylardan qidalanan Qayinas çayından tökülür. Şəlalədən sonra çayın adı dəyişilərək Tampaon adlanmağa başlayır. Şəlaləyə çatmaq üçün San Luis Potosi şossesi ilə getmək lazımdır. Tamul bu bölgədə olan ən böyük və möhtəşəm şəlalədir. Burda suyun dərinliyi 300 metrə çatdığından təcrübəli turistlər rahatlıqla suya kəllə vurur, hətta xüsusi geyimdə sualtı mağaraları gəzirlər. Bir az da irəlidə, çayın sürətlə axan yerində üfürülmüş qayıqda daşların arasından dəlicəsinə sivişə-sivişə ləzzətli dəqiqələr yaşayırlar. Uasteca Potosinanın gözəlliyi ondadir ki, siz burda ürəyiniz istəyən əyləncə ilə məşğul ola bilərsiniz. Ərazi 105 metr hündürlükdə yerləşdiyindən siz burada kanata minə, yaxud da sadəcə cəngəlliyin ortasında əsən mehdən həzz alaraq azadlığın dadını çıxara bilərsiz.

  • İşıqdan gözləri qamaşanlar

    Həmin yay rayonda iki nəfərin müəmmalı ölümü hamını dəhşətə gətirmişdi. Camaat danışırdı ki, cəsədlərin üzündə donmuş vəhşət, onların qorxunc bir məxluq tərəfindən öldürüldüyünün nişanəsi idi. Amma kim bilir, bəlkə bu cinayəti sıradan bir insan törətmiş, meyitlərini də dağda, meşədə gizlətmişdi. Həm də onu deyirdilər ki, ölən adamların üstündə tüfəng vardı. Yəqin ovçuymuşlar.

    Bu əhvalatı keçən il İsmayıllının Qoşakənd kəndində dincələndə eşitmişdim. Gecələr ovçuların əllərinə fənər alıb şikara çıxdığını isə öz gözlərimlə görmüşdüm. Qaldığım ev dağın başında olduğundan buradan ətraf əl içi kimi aydın görünürdü. Kənddə cürbəcür söz-söhbət dolaşsa da bu qorxunc caninin haradan gəldiyini görüb-bilən yox idi.

    ***

    Səhərdən təzəcə ötmüşdü. Coşqun telefonun zənginə ayılıb gözlərini açdı. Yuxulu-yuxulu əlini telefona atdı:

    –Eşidirəm.

    –Salam, sizi ovçu mağazasından narahat edirəm. Dediyiniz tüfəng artıq satışdadır. Gəlib baxa bilərsiz.

    –Lap yaxşı – deyib, gözünü tavana zillədi.

    Coşqun qalxıb əl-üzünü yumadan soyuducuya yaxınlaşdı. Oradan yağ və İsmayıllı bazarından aldığı cökə balını götürdü. Çörəyin üstünə yağ-bal çəkib yeyə-yeyə çaydanı qızdırdı. Səhər yeməyini bitirən kimi hamama keçdi və isti duşun altında üzünü qırxmağa başladı. Kefi kök idi, dodaqaltı zümzümə edirdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Balaca dairəvi güzgüdə üzünün hər yerinə göz gəzdirərək yuyunub tələsik qurulandı. Paltarını geyinib evdən çıxdı.

    Dükanda bir nəfər ov tüfənglərilə maraqlanırdı. Müştəri məzmunsuz suallarıyla satıcını bezdirmişdi. Xeyli çənə-boğazdan sonra o, balıqtutan alıb getdi. Bundan sonra Coşqun satıcıya yaxınlaşdı:

    –Salam, sizə “Remington” qırma tüfəngi sifariş vermişdim. Deyəsən gətirmisiz. Səhər zəng etmişdiniz mənə, – piştaxtaya dirsəklənərək çənəsini qabağa verdi.

    Satıcı oğlanın sifarişini gətirdi. Coşqun tüfəngi əlinə alıb orasına-burasına baxdı və sonra onu satıcıya tuşladı:

    –Mən bunu harda yoxlaya bilərəm?

    Satıcı başının işarəsilə ona dükanın arxa tərəfini göstərdi. Coşqun da onun dediyi kimi arxa qapıdan meydançaya keçdi. Bir neçə dəfə atəş açdıqdan sonra silahı bəyəndi.

    Coşqun hündürboy, arıq, qıyıqgöz bir oğlandı. Şalvar belindən düşməsin deyə, kəmərini həmişə bərk sıxırdı. İdman ayaqqabısı ilə göy köynəyi onun adi seçimi idi. Coşqunu tanıyanlar onun sakit təbiətli bir oğlan olduğunu düşünürdü. Ancaq o, heç də sakit deyildi. Daxilində özünün də baş açmadığı bir qəzəb tüğyan edirdi…

    Dərə təpə düz yüz getmişdi ki, maşını yol qırağı restoranların birində saxladı. Həyətdəki masada yerini rahatlayandan sonra əlinin işarəsilə ortalıqda gəzişən ofisiantı çağırıb, lüləkabab sifariş verdi. Coşqunun gözləri yol çəkirmiş kimi uzaqlara dikilmişdi. Səfərini necə başa çatdıracağı fikri beynini məşğul etmişdi… Ofisiant ona yaxınlaşıb, nimçədəkiləri səliqə ilə masanın üstünə düzdü. Müştəri ofisianta baxmadan dodaqaltı mızıldandı:

    –Sizdə qaban əti var?

    –Bəli var.

    Coşqun bərk əsəbiləşdi, amma əhvalını büruzə vermədən yeməyini bitirib, pulu masanın üstünə atdı. Qalxıb pivədən içə-içə restorandan çıxdı. Maşına minib tələsmədən, arxayın halda yoluna davam etdi.

    İsmayıllıya az qalmış çayın üstündəki körpüdən keçərək yolun qırağında dayandı. Maşından düşüb o baş-bu başa gəzişdi, sonra çayın sahilinə endi. Vaxtilə bol sulu Girdimançay indi ömrünü yaşamış qoca bir vadiyə çevrilmişdi. Coşqun çayın məcrasına enib, hamar daşların üzərində gəzdikcə xəyalında belibükük bir qoca canlandı. Yırğalana-yırğalana irəliləyib vadinin düz mərkəzində dayandı. Yerdən bir daş götürüb, var gücü ilə uzağa tulladı. Bu zaman ona elə gəldi ki, qəfil gələn sel onu qamarlayaraq gəncliyinə aparacaq və o, bir vaxt düşdüyü avtomobil qəzasının qarşısını alacaq…

    Günəş üfüqdə gözdən itəndə Coşqun yuxudan oyanıbmış kimi yenidən sükan arxasına keçdi. Bir qədər yol getdikdən sonra maşını ağacların arasında saxladı. Gecə saat on ikini gözlədi. Fikri qarışıq olduğundan heç nə haqqında düşünə bilmirdi. Özünü uçurulmuş bir evin xarabazarlığındaymış kimi hiss edirdi. Xeyli var-gəl etdikdən sonra nəhayət, dağa qalxmağa başladı və bələdlədiyi dalda bir yerə çəkilib gözlədi. Hövsələsizlikdən siqareti uc-uca calayırdı. Elə bu arada dağın ətəyindən bir maşının qalxdığını gördü. Dərhal özünü meşənin sıxlığına verdi. Hə, bu həmən Nivadır, qırmızı Niva. Brakonyer düz dağın başına qalxdı. Az bilmirdi, bura açıqlıq olduğundan heyvanları ovlamaq rahat idi.

    Brakonyer maşınının işıqlarını söndürdü və əlindəki fənərlə şikar axtarmağa başladı. Ağacların arxasında gizlənmiş Coşqun onu gözdən qoymurdu. Əyilə-əyilə arxadan ona yaxınlaşaraq məsafəni qısaltmağa çalışırdı. Onun fənərinə tuş gəlməsin deyə, aradabir yerə uzanır, kolun arxasına keçirdi.

    Birdən sol tərəfdən qaban donqultusu eşidildi. Brakonyer səsə tərəf bir-iki addım atıb, fənərini yandıranda üzündə sarsaq bir təbəssüm yarandı. Əlinə yaxşı bir ov düşmüşdü. İşıq gözlərini qamaşdırdığından qaban yerindəcə donub qalmışdı…

    Bir göz qırpımında ard-arda atəş səsləri gəldi. Və hər tərəf sükuta büründü.

    Coşqun kefi saz halda asta addımlarla dağdan enərək pəsdən zümzüməyə keçdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…”  Ağacların arasında gizlətdiyi Mersedesinə çatan kimi qapını açıb, tüfəngini arxa oturacağa qoydu. Maşın Bakı yoluna istiqamət aldı…

    Gecənin yarısı xəyal onu uşaqlıq çağlarına apardı. Coşqun məktəbdə oxuyanda atası onu yay tətillərində kəndə aparardı. Babası məktəb direktoru idi. O, hər səhər işə gedəndə Coşqun onun tir tüfəngini götürər, həyətdə göyərçinləri vurardı, ağaca çıxıb quş yuvalarındakı yumurtaları yerə çırpardı, gah da “raqatka” ilə sərçələri öldürərdi. Bir dəfə də dənə yığışan toyuqlardan birini tutub boğmuşdu. Bir sözlə, bu balaca oğlan heyvanlara qənim kəsilmişdi. Amma böyüdükcə təbiəti sevməyə başladı. Bu istək onda elə gücləndi ki, ağacların, heyvanların, hətta ən xırda cücülərin belə xilaskarına çevrildi. Bir qarışqanı belə ayaqlamağa ürəyi gəlmirdi…

    Yol boyu xəyallar onu elə çulğamışdı ki, Bakıya nə vaxt çatdığını hiss etmədi. Maşını qaraja saldıqdan sonra binanın həyətindəki kiçik marketdən pivə alıb evə qalxdı. İçəri keçən kimi paltarlı halda çarpayıya sərələndi. Çox yorğun idi. İki saata yaxın mürgülədi, sonra qalxıb soyuq duş qəbul etdi.

    Coşqunun musiqiylə arası saz idi. Məktəb illərində anası onu piano dərslərinə qoymuşdu. Nədənsə, pianoda çalmaq Coşqunun xoşuna gəlmirdi. Üç il məşğul olduqdan sonra özü gitara dərslərinə yazıldı. Anası oğlunun bu alətə həvəsini görüb, ona 70 manata klassik gitara aldı. Coşqun da məşqlərinə klassikadan başladı. Amma Sebastian Bax, Alonso Mudarranın musiqisini kiçik yaşlarında dərk edə bilmədiyindən tez də həvəsdən düşdü. Sonradan bluz və rok janrları ilə maraqlandı. Bu musiqi onun ürəyincə oldu. İndi də musiqi qruplarına qulaq asırdı. Daha çox Qərb musiqisini dinləyirdi. Bütün məşhur gitara ifaçılarını əzbərdən tanıyırdı…

    Yataq otağına keçib, qapının arxasında divara söykədiyi gitarasını götürdü. Onu səsgücləndiriciyə qoşub, çarpayıda özünə yer elədi. Stratokasterini kökləyib ən çox sevdiyi ifaçılardan – Robert Kreyin “Right next door” mahnısını çalmağa başladı. Əlinə gitara alanda özünü sanki səhnədə tamaşaçılar qarşısında çıxış edirmiş kimi hiss edirdi. Belə gərginlikdə düz iki saat məşq elədi.

    Başının üstündən asdığı Azərbaycanın xəritəsinə baxdı. Barmağını şimal rayonlarının üstündə gəzdirərək Gədəbəydə dayandı. Bildiyinə görə Gədəbəyin meşəli dağlarında vəhşi heyvanlar çox olur. Ovçular pul qazanmaq xətrinə təbiətin yaraşığı olan heyvanları ağına-bozuna baxmadan məhv edirdilər. Yaylağa gedən çobanlar da tez-tez dağ keçilərini ovlayırdı. Elə buna görə son illər dağ keçilərinin populyasiyası xeyli azalmışdı.

    Səhər obaşdan yola düşəcəkdi. Bu dəfə meşədə gecələməyi qərara almışdı. Bəri başdan “palatkanı” götürüb maşının baqajına qoydu. Evə qalxmazdan əvvəl marketdən iki şüşə pivə aldı. Elə oradaca birinin ağzını açıb, içə-içə yuxarı qalxdı. Mənzilə girən kimi bel çantasını yığmağa başladı. Yol tədarükünü bir-bir gözdən keçirdi. Hər şey yerində idi.

    Günəş üfüqdən boylananda tüfəngini və bel çantasını götürüb evdən çıxdı.

    Axşamın düşməsinə hələ vardı. Yolu Gəncədən keçdiyindən maşını şəhərin məşhur “Nərgiz” kafesinə tərəf sürdü. Kafenin qarşısındakı bağda səki boyu salınmış qızılgüllərin ətri adamı bihuş edirdi. Coşqun kölgəlikdə boş masaların birində əyləşən kimi ofisiant ona yaxınlaşdı. O, başını qaldırıb oğlanı başdan-ayağa süzdü:

    –Nəyiniz var yeməyə?

    Oğlan yeməklərin adını sadaladı. Əvvəlcə qazan xörəklərindən başladı:

    –Bozartma, çığırtma, dolma, – deyib, delikates yeməklərə keçdi – qaban, turac, qırqovul…

    Çöl quşlarının adını eşidəndə Coşqun bərk əsəbiləşdi:

    –Yox, onları istəmirəm!

    –O zaman sizə yarpaq dolması gətirimmi, əladır, ağıza qoyan kimi əriyir.

    Coşqun dolma sifariş etdi. Acığını alışdırdığı siqaretin tüstüsündən çıxdı. İki dəqiqə keçmədi ki, xörək dəsgahı süfrəyə düzüldü. Coşqun yarımçıq qalmış siqaretini söndürüb yeməyi qarşısına çəkdi. O qədər iştahla yedi ki, sonda çörəklə boşqabı sıyırdı.

    Kafedən həmişəki kimi damağında siqaretlə çıxdı. Üzünü aydınladan axşam günəşində gözlərini qıyıb bir-iki qullab aldı, sonra da maşına oturub yoluna davam etdi.

    Maşın üzü yoxuşa hərəkət edirdi. O, münasib bir yer tapıb özünü ağacların arasına verdi. Yaxınlıqda gəzişərək gecənin düşməsini gözlədi. Yenə siqareti uc-uca calamışdı. Artıq şər qarışır, ətrafa qaranlıq çökürdü. Coşqun tüfəngi götürüb dağa qalxmağa başladı.

    Buralarda bir kimsə belə gözə dəymirdi. Hərdən çaqqal ulartısı eşidilirdi. Elə bu arada gözü işığa sataşdı. Gecə vaxtı, dağın başında işığın nə üçün yandığını bilirdi. Şübhəsiz brakonyer idi, özü də tək gəlmişdi. Fənərini bir istiqamətdə tutub, uzun fasilələrlə söndürüb yandırırdı. Amma Coşqun təcrübəli brakonyer ovçusu idi. Odur ki, nə edəcəyini əvvəlcədən planlamışdı.

    Vicdansızdan yüz metr aralıda arxayın hərəkətlə özü ilə gətirdiyi çırağı yandırdı. Çırağın işığı brakonyeri çaşdırdı. Maraq ona güc gəldi və o, işığa sarı addımladı. Əyilib çırağı yerdən götürəndə canına vicvicə düşdü. Yan-yörəsinə boylandı… heç kim. Coşqunun tüfəngi hazır vəziyyətdə idi. Çırağın işığı ovçunu aydın görməyə imkan verirdi. Atəş! Güllə hədəfi tutdu. Çıraq brakonyerin əlindən yerə düşən kimi alovlandı. Coşqun yaxınlaşıb, yerdə zarıyan brakonyerə bir qədər tamaşa etdi. Sonra tətiyi çəkib kontrol atəşi açdı.

    Tələsik dağdan endi. Ağacların arasında saxladığı maşınına çatıb tez özünü içəri atdı. Gecənin səssizliyində rahat, arxaya baxmadan yoluna davam etdi. Amma bu arxayınçılıq uzun sürmədi. Yuxarıdan bir işığın onu müşayiət etdiyini duydu. Güzgüdən geriyə boylandı, arxa bomboş idi. İşıq get-gedə gücləndi və ətraf bir anda aydınlığa qərq oldu. Başını pəncərədən çıxarıb yuxarı baxanda maşının düz üstündə, təxminən ondan beş metr hündürdə qəribə bir işığın saçdığını gördü. Gözləri qamaşdığından bir şey ayırd edə bilmədi. Vahimə onu basdı. Ətrafda səs kəsildi. Ona elə gəldi ki, qulaqları tutulub. Sonra xışıltı eşitdi. Səs gücləndikcə bədənini soyuq tər basdı. Əlini sükandan çəkib barmaqları ilə qulağını tutdu. Səs isə kəsilmək bilmirdi. Köməksiz və qorxaq vəziyyətə düşmüş Coşqun özünü itirdiyindən pedalı axıra qədər sıxdı. Maşın böyük sürətlə yolu ağzına aldı. Güclü işıq isə ondan əl çəkmək istəmir, eyni sürətlə maşını izləyirdi. Nəhayət, yadplanetli, insan irqinə tanış olmayan qurğu ondan aralandı. Və hər şey əvvəlki qaydasına düşdü. Bundan sonra Coşqun rahat nəfəs aldı.

    Axır ki, gecələmək üçün münasib yer tapdı. Maşını yoldan bir qədər kənarda saxladı. Baqajdan çadırı götürüb özünü ağacların arasına verdi. Bura dincəlmək üçün rahatdır. Yavaş-yavaş, tələsmədən “palatkanı” qurdu. Bir qədər aralıda ocaq qaladı. Köz düşən kimi özü ilə gətirdiyi sosisləri nazik şişlərə keçirərək qızartmağa başladı. Yeməyini yedikdən sonra bir pivə açıb qurtaqurtla başına çəkdi. İndi yuxu ona güc gəldi. Uzandı və az keçmədi ki, dərin yuxuya getdi…

    Gül-çiçəklə örtülü düzəngahda mavi geyimdə, xurmayı saçları kürəyinə tökülmüş bir qadın ona əl eləyirdi. Coşqun ona sarı qaçdı. Aralarındakı məsafə qısalanda anasını tanıdı. Sürətini artıranda anası da ondan uzaqlaşdı. Bu zaman qarşısında dar, ensiz bir yol açıldı. Ətraf zülmətə qərq oldu. Coşqun var gücü ilə doğmasını səslədi: Ana! Öz səsinə ayıldı. Həmin anda harada olduğunu ayırd edə bilmədi. Səhərin aydınlığı gözlərini qamaşdırınca özünə gəldi. Cəld yerindən qalxıb yır-yığış etdi və Bakıya yola düşdü…

    Coşqun adətən vaxtının çoxunu evdə keçirir, dostu olmadığından heç kimlə görüşmürdü. Tək yaşayırdı. Günləri monoton keçsə də həyatına rəng qatmağı bacarırdı. Tez-tez təbiət qoynunda olur, balıq tutur, dağlara çıxırdı. Adamayovuşmaz olduğundan günlərini insanlardan uzaq olan yerlərdə – meşədə, çayda, düzlərdə keçirirdi. Bir də əlacı nəydi ki! Bir yaxını, doğması, qayğısına qalanı yox idi. Darısqal, ikiotaqlı bir mənzildə yaşayırdı. Pintinin də biriydi, evi zibilin içindəydi. Mənzil elə çirkli olurdu ki, it də başını içəri salmazdı. Köhnə, uçulub tökülən evin dib-dəhnədən təmirə ehtiyacı vardı. Ancaq bu, onun vecinə deyildi. Ona elə gəlirdi ki, ən təmiz və ən geniş evdə yaşayır…

    Dünən gecə yolda onu təqib edən gur işığı – yadplanetlini xatırladı və bu hadisənin ona bir işarə olduğunu düşündü. Bəlkə bu işin daşın atsın? Əgər, insanlar vəhşi təbiəti sevmirlərsə, ona qarşı bu qədər etinasız və qəddardılarsa, o zaman təbiətdəki heyvanları qorumaq naminə onun seçdiyi yol nə dərəcədə doğrudur? Bir də ki, ömrünü meşələrdə, dağlarda keçirməyəcəkdi ki?! Vəhşilərin yaşaması üçün brakonyeri – insanı öldürmək… bu nə vaxtacan davam edəcəkdi? Bu, onu məhvə aparmırdımı? Məgər o, başqaları kimi ola bilməzdimi? Yox! Vəhşi təbiət özünün qorxulu, əsrarəngiz gözəlliyini saxlamalı idi. O, tutduğu yoldan geri dönmək fikrində deyildi. Harda qırıldı, qoy qırılsın…

    Aradan bir həftə keçdi. Bu dəfə yolu Masallıya idi.

    Qatar kimi düzülən yük maşınları hərəkəti iflic etmişdi. Sürət azalır, yol xeyli uzanırdı. Coşqun səbrini basıb aşağı sürətlə də olsa yoluna davam etdi.

    Axşam çağı Masallı rayonuna daxil oldu. Əlini alışqana atıb siqaretini yandırdı. Bir qullabla tüstünü hərisliklə ciyərlərinə çəkdi. Anasının qəzada həlak olduğu günü xatırladı.

    O zaman Coşqunun 17 yaşı vardı. Maşının arxa oturacağında başını pəncərəyə dirəmişdi. Söhbətə müdaxilə etmədən valideynlərinin mübahisəsinə qulaq asmağa məhkum idi. Gecə vaxtı yağışlı havada uzaq səfərə çıxmışdılar. Qarşı tərəfdən şütüyən maşınların işığı düz gözlərinə vururdu. Amma onlar bunun fərqinə varmadan elə hey didişirdilər. Heç biri də geri durmaq istəmirdi. Anasının dərdi açılmışdı:

    –Yaman günümə, uşağımın adına qır-qızıl almışdım. Mən onları evliliyimizin ilk illərindən, maaşımdan qırta-qırta, əyin-başımdan kəsə-kəsə yığmışdım. Altından vurub, üstündən çıxdın. Əlim boşda qaldı. Hələ bir təpə-qapaz elədin məni…

    Atası bir əli sükanda, bir əlini də arvadının üstünə silkələyərək kükrədi:

    –Beynimi çöndərmə! Qoy bir mənzil başına çataq, dilini boğazından çıxardajam. Çoxdandı kötək yemirsən!

    Əslində Coşqunun anasına yazığı gəlirdi, gözünü açandan atasının qızışaraq onu döyüb-söydüyünü görürdü. Elə buna görə də zəhləsi gedirdi ondan. Həmişə də düşünürdü ki, görəsən, onları bağlayan nə olmuşdu ki, həyatlarını qoşalamışdılar…

    Qarşıda yol sağa burulurdu. Amma atasının başı qızışdığından diqqətini cəmləyə bilmədi. Getdikləri zolaqdan çıxan kimi qarşıdan gələn maşınla üz-üzə gəldilər. O maşının gözlərini qamaşdıran gur işığı Coşqunun yaddaşında həmişəlik qaldı…

    Maşını çınqıllıqla sürürdü. Ətraf yaşıllığın içindəydi. Hündür ağaclar, torpağı yaşıl rəngə boyayan otlar, təmiz hava Coşquna ləzzət eləyirdi. Quşların səs-səsə verib oxuması bu gözəlliyə xoş bir ahəng qatırdı. Ağacdələn yaxınlıqdakı çürümüş ağacın gövdəsində taqqataq salır, kirpi yarpaqların arasında gəzişərək özünə yem axtarırdı.

    Hava qaralırdı. Coşqun qurumuş ağac budaqlarından ocaq qalamaq fikrinə düşdü. O, işini arxayın görürdü, bilirdi ki, brakonyerlər bu vaxtlar ova çıxmırlar. Nə qədər ki vaxt var, yaşıllığın qoynunda dincəlməyə, təbiətdən zövq almağına dəyər. Budaqları bir yerə topalayıb, cibindəki alışqanla aşağısından alanqı verdi. Ocaq tüstüləndi. Bir qədərdən sonra tüstü meşəni bürüdü. Coşqun anladı ki, belə getsə yerini bildirəcək. Dərhal odu söndürməyə çalışdı. Ayağı ilə tüstülənən budaqları ora-bura səpələyərək tapdalamağa başladı.

    Gecənin bir yarısı tüfəngini götürüb maşından aralandı. Cığırla təzəcə getməyə başlamışdı ki, atəş səsi eşitdi. Səsin gəldiyi tərəfə qulaq verdi. İkinci atəşdən sonra brakonyerin yerini müəyyən etdi. İti addımlarla ona doğru getməyə başladı. Bir qədər sonra dayanıb, ətrafı dinşədi və meşənin sakitliyində ovçunun addım səslərini eşitdi. Asta-asta ona yaxınlaşdı və qəflətən əlindəki fənərlə gözünə işıq saldı:

    –Əmioğlu, neynirsәn? – Brakonyer səsləndi.

    Coşqun isə sakit və laqeyd halda:

    –Gəlmişəm səni cəzalandıram, – deyib, tüfəngin tətiyini çəkmək istəyəndə qəflətən ürəyində ağrı hiss etdi.

    Uzun illər görmədiyi, amma həyatının bir parçası olan insanla üz-üzə gəlmişdi. O, brakonyerin işıqdan qamaşan gözlərində keçmişini görmüşdü, heç zaman unutmadığı, anasını əlindən alan keçmişini. İndi onun qarşısında dayanan bu yaşlı kişi gözlərini qıyaraq nə üçün tüfəngin ona tuşlandığını anlamağa çalışırdı.

    –İki dovşan vurmuşam, birini verirəm sənə. Mənə bu da bəsdi.

    Coşqun atasının səsindəki doğmalığı hiss etsə də boğazınacan qalxan nifrət ona qalib gələ bilmədi və o, barmağını tətikdən çəkdi. Tüfəngi əlindən buraxıb geriyə çəkildi:

    –Anam sənə görə öldü! – deyib, içindəki qəzəbi püskürdü.

    Arxaya baxmadan qaçmağa başladı. Ağacların arasından elə şütüyürdü ki, sanki kabusdan yaxa qurtarmağa çalışırdı. Atası arxadan onu nə qədər səsləsə də Coşqun dayanmadı. Tələsik maşına minib onu dəli kimi qovmağa başladı. Yol boyu qarşıdan gələn maşınlar bu dəlisov sürücü ilə toqquşmasınlar deyə, kənara çəkilirdilər. Coşqun isə sel kimi axan göz yaşları içində atasını heç vaxt bağışlamayacağını düşünürdü. Yoldakı maşınları arxada qoyduqca tez-tez qəza vəziyyəti yaradırdı. Qarşıdakı “Opel”i ötüb keçmək istəyəndə üstünə gələn “Kamaz”ın işıqları gözlərini qamaşdırdı. Ətraf gözündə zülmətə döndü. Və bu zaman anasının buz kimi əllərini hələ soyumamış ovcunda hiss etdi…

    MƏMMƏD MƏMMƏDLİ

    “ULDUZ” jurnalı – mart 2021

  • Dünya kinosunun retrospektivi

    Hollivudun acınacaqlı dövrü.

    “İfritələr” axtarışında

    Böyük kinostudiyaların möhtəşəm dövrü çox çəkmədi. Zamanın sürətli inkişafı kino sənayesində yaranan problemlər və haqqında danışacağımız digər səbəblər üzündən studiyalar öz sistemlərinə dinamit qoymaqla fəaliyyətilərini təhlükə altına atdılar. İkinci dünya müharibəsindən sonra yenicə yaranmış əmin-amanlıq dövrünə və beynəlxalq razılaşmaların əldə olunmasına baxmayaraq, çox keçmədi ki, ABŞ yeni münaqişələrlə üzləşdi. Nasizm süpürülüb atılandan sonra cəmiyyət üçün yeni təhlükə – kommunizm təhlükəsi yarandı. ABŞ və Sovetlər Birliyi arasında sakit, ancaq dəhşətli sonluqla nəticələ bilən, “soyuq müharibə” kimi tanınan siyasi gərginlik dövrü başlamışdı. Nəzərə almaq lazımdır ki, artıq meydanda nüvə silahı vardı. 1940-cı illərin sonlarına yaxın “Hollywood” filmlərində mənfi obrazda təqdim etdiyi nasizmi ondan daha təhlükəli olan qorxaq kommunizmlə əvəzlədi və beləliklə Vilyam A. Vellman tərəfindən “Dəmir pərdə”, Corc Sidni tərəfindən isə “Qırmızı Dunay” kimi filmlər yaradıldı. Ancaq sovetləri pis vəziyyətə salan bir neçə filmlərlə “qırmızı təhlükə”ni aradan qaldırmaq heç də asan olmadı. Əksinə, bu addım kino sənayesinə, onun yaradıcılarına ziyan vurdu. 1938-ci ildə ABŞ-da ölkəyə kommunizmin vura biləcəyi zərbəni araşdıran Anti-Amerika Fəaliyyət Komitəsi yaradılsa da, komitə 1947-ci ilə qədər ölkəni başdan ayağa mühafizəkarlıq dalğasına bürümüş bu ideologiyanın kinoya təsirini araşdırmadı. İlk gündən böyük kinostudiyalar sovetləri təbliğ edən filmlər haqqında məlumat ötürmək üçün komitə ilə əməkdaşlığa başladılar. Cek L. Varner, Geri Kuper, Adolf Menju, Robert Teylor və Volt Disney “Holliwood”u “qırmızı” rəngə boyamaqla qərəzli olmadıqlarını göstərirdilər.

    İlk növbədə 19 şübhəli şəxs kinodan kənarlaşdırıldı. Onların sırasında ssenari müəllifləri, prodüser və aktyorlar vardı. Onlardan 10 nəfər – Edvard Dimitrik, Dalton Trumbo, Con Hovard Lasn, Herbert Bibermən, Alva Besi, Rinq Lardner Cunior, Albert Maltz, Samuel Ornitz, Adrian Skot və Lester Kol kobud şəkildə dindirilərək “Hollivudun 10 nəfəri” kimi tarixə düşdülər. Con Hyustonun sədrlik etdiyi komitə qanunlara düzəliş etmək üçün kino işçilərinin insan azadlıqları və konstitusiya hüquqlarına edilən hücumuna etiraz olaraq Vaşinqtona qədər yürüş təşkil etdi. Etiraz aksiyasına Hamfri Boqart, Loren Bekoll, Denni Key, Cin Kelly kimi tanınmış simaların qoşulması komitənin bir az təzyiqi azaltmasına gətirib çıxardı. Ancaq bu, müvəqqəti oldu. Leo MakKerinin “Mənim oğlum Con”, Samuel Fuller “Təhlükəli əllər”, Elia Kazanın “Qırmızı terrorun qaçaqları” və Qordon Duqlasın “I Was a Comunist for F.B.I” kimi antikommunist filmlərin istehsalata buraxılması üçün böyük studiyalara qarşı siyasi təzyiqlər göstərildi. Kinostudiyalar da bu siyasi vəziyyətdən çəkinib “Hollivudun 10 nəfəri”nə iş vermədilər, çünki onlar ABŞ Konqresinə hörmətsizlik etdikləri üçün məhkəməyə cəlb edilib, sonradan isə həbs olunmuşdular. Onluğa daxil olan rejissor Edvard Dimitrik istintaqa verdiyi izahatını dəyişərək Kommunist Partiyasına rəğbət bəsləyən öz sənət yoldaşlarını satdı. Robert Rossen və Elia Kazan kimi rejissorlar da istintaqa cəlb olundular. Və 1951-ci ildə istintaqın ikinci mərhələsi başlandı. Senator MakKarti irəli duraraq Hollivudun dəhşətli düyünlərini açdı və bu zaman ölkədə “ifritələr axtarışı”na başlanıldı. Hamı bir-birini günahlandırırdı. Belə məlum oldu ki, Hollivudun yarıdan çoxu həyatlarında bir dəfə də olsa kommunizmə rəğbətini bildirmişlər. Acınacaqlı bir vəziyyət yaranmışdı. Hər bir şirkət özü üçün qara siyahı tuturdu. Əgər kimsə bu siyahıya düşürdüsə, vaxt itirmədən özünün gunahsız olmadığını sübuta yetirməliydi. Və təmizə çıxmaq üçün yeganə yol öz yoldaşlarının başına çirkab axıtmaq idi ki, bu da iyrənc bir çevrəni qapadırdı.

    Ən pisi də o oldu ki, senator MakKartinin “ifritələr axtarışı” özünü doğrultmadı. Bu axtarış Çarlz Çaplin, Frits Lanq, Cozef Loseyk, Con Hyuston kimi bir çox professional kino mütəxəssislərin, aktyorların işsiz qalmasına səbəb oldu ki, onlar da öz növbəsində Avropaya axın etməyə məcbur oldular. Bu hadisələr “Hollywood”da kütləvi narazılığa səbəb olmuşdu. Bunun nəticəsində kino sənayesi “Roma tətilləri”, “Bəylər sarışın qızları seçir”, “Su pərisi məktəbi”, “Yeddi qardaş üçün yeddi gəlin” və ya “Durna” filmlərini təşviq etsə də, onlarla yanaşı “Günorta”, “Pislik toxumu”, “Deadline USA” və ya “12 qəzəbli kişi  kimi cəmiyyətin tənqidi mövqeyini göstərən filmlər nümayiş olunurdu.

    1950-ci ildə Koreyada başlanan müharibə “Polad dəbilqə”, “Koreya, sıfır saat”, “Toko-Ri körpüləri”, “Polad şeytanlar vadisi” kimi tammetrajlı filmlərin çəkilməsinə gətirib çıxartdı. Münaqişə Birləşmiş Ştatlarda əhalinin özünəinamını zəiflətdi. İkinci dünya müharibəsinin acıları hələ unudulmamışdı. Şəhərdə düşmənlər olduğundan camaat qorxurdu. Və böyük studiyaların rəhbərləri üçün isə vəziyyət daha da acınacaqlı idi, çünki onlar “qızıl dövr”ün sonunun çatdığını görürdülər. Evlərə isə onların ən çox qorxduqları rəqib – televiziya daxil olurdu.

    Təhlükəli və qorxulu vaxtda Amerika vətəndaşı üçün televiziya sanki bir xilaskarlıq simvoluna çevrildi. Söhbət radio və kinodan fərqli, daha cəlbedici, rahat və qənaətçil bir ixtiradan gedirdi. Bu yeni ixtira bir göz qırpımında milyonlarla vətəndaşın evində həmişəlik sakin oldu. Müsabiqələr, seriallar, komediya filmlərini evdəcə izləmək olurdu. Daha bundan yaxşı nə arzulamaq olardı?

    Kinostudiyalar çəkdikləri filmlərdə məğlubiyyəti qəbul etmək əvəzinə televiziya ilə mübarizə aparmaq fikrinə düşdülər. Camaata televizorun balaca ekranını buraxıb kinoteatrda pul ödəməsindən ötrü nəhəng ekranlara baxmağı təklif etdilər. Bu yolla indiyə qədər görünməmiş “Cinemascope”, ”Vistavision”, “Cinerama”, “Toddao” kimi yeni formatlar yarandı. Bu formatlar tamaşaçılara kinonun ecazını nümayiş etdirməkdən ötrü düşünülmüşdü. Həmin ekranlar eyni zamanda bahalı filmlərin çəkilməsini tələb edirdi ki, zalda əyləşənlər ekranda göstərilənlərdən zövq ala bilsinlər. “Metro Goldwyn Mayer” kinostudiyası Robert Teylorun ifasında “Quo Vadis” və “İvanhoe” ekran əsərlərilə üstünlüyü ələ keçirdi. “Paramount” arxada qalmaq istəmədi və rejissor Sesil B. Demillin “Dünyanın ən böyük performansı” filmini ekranlara çıxartdı. Sirk dünyasından bəhs edən bu kinolentdə tamaşaçılar tanış simaları görmək imkanı qazandılar. Bu zaman “Twentieth Century Fox” kinostudiyası “Cinemascope” sistemində lentə alınmış “Müqəddəs tunika” filmilə hücuma keçdi. Xristian kinosunun ənənələrini özündə birləşdirən bu film demək olar ki, dünyaya səs saldı. “10 ehkam”, “80 gün dünya ətrafında”, “Kvai çayı üzərindən körpü”, “Ben-Hur”, “Spartak”, “Alamo müharibəsi” filmlərini də tamaşaçılar maraqla izlədilər. Sözügedən filmlərin kassa gəlirləri qarşısında belə düşünmək olardı ki, böyük studiyalar televiziya ilə mübarizədə qalib çıxmışdı. Ancaq belə olmadı. Möhtəşəm filmlər növbəti onilliklərdə kommersiya filmlərinin tutacağı yolu göstərən ilk əlamətlər idi. 1950-ci illərdə belə keyfiyyətlərə malik tammetrajlı filmin istehsalı böyük vəsait və əziyyətli iş tələb edirdi. Buna görə də yaxşı nəticələrə baxmayaraq bu cür filmlərin kütləvi istehsalını düşünmək ağılsızlıq olardı.

    Televiziyaya müqavimət göstərən “Odorama” (Mayk Todd tərəfindən ixtira olunan sintetik iylərin zala buraxılması – iyli kino) “Circarama” (Walt Disney tərəfindən kəşf olunan 360 dərəcəlik dairəvi ekran) və ya 3-D formatıda çəkilən kino (obyektləri üç ölçüdə görmək üçün optik illuziya yaradaraq tamaşaçıları kartondan hazırlanmış narahat eynəkləri taxmağa vadar edən) sistemləri isə tamamilə uğursuzluğa düçar oldu…

    Avropa kreativlik nümayiş etdirir

    Şimali Amerika kino sənayesindəki qarmaqarışıqlıq Avropa kino tarixindəki ən yaradıcı dövrlə üst-üstə düşdü. 1950-ci illərin sonundan yetişməyə başlayan və sonradan “Nouvelle vague” (Yeni dalğa) kimi tanıyacağımız bu cərəyanın kökü məhz Fransaya gedib çıxır. Bu cərəyan əsasən tənqidi kino dünyasından gələn yeni kinoşünaslar dalğasının kinoya olan təcavüzü kimi başa düşülür. Nüfuzlu “Cahires du cinéma” jurnalının səhifələrində gedən materiallardan da görmək olar ki, onların çoxusu zəncirvari istehsala görə “Hollywood” tərəfindən senzuraya məruz qalmışdılar və buna görə də müəllif kinosu konsepsiyasını tələb edərək iddia edirdilər ki, rejissor baxışı ilə kadra alınmış film məhz rejissora məxsus olmalıdır. Bu cərəyanın tanınmış nümayəndələri Fransua Trüffo, Klod Şabrol, Erik Romer və Jan-Luk Qodard sayılır. “400 zərbə” filmi ilə tammetrajlı kino sahəsində debüt edən Fransua Trüffo özünü yüksək hissiyata malik olan bir şəxs kimi təsdiq etdi. Yetkinlik, dostluq, sevgi, aqibət, tənhalıq və çətin əldə olunan xoşbəxtliyə qovuşmaq ideyasının ötəri bir xarakter daşıması rejissorun “Juls və Cim”, “Yumşaq dəri”, “İki inglis qadını”, “Amerika gecələri” ekran əsərlərində məharətlə təsvir olunub. Klod Şabrol isə öz növbəsində xronika çəkən rejissor kimi tanındı. Hadisələri satirik və bədbin şəkildə nəql etməsi onu tez-tez dedektiv janra yaxınlaşdırırdı. Onun ilk filmləri o qədər də uğur qazanmadığı üçün rejissor digər kompaniyalarla müştərək macəra filmləri çəkməyə məcbur oldu. “Mari Şantal doktor Khaya qarşı” və “Pələng dinamitlə ətirlənir” əsərləri bu sıradandır. Amma sonradan onun tək müəllifi olduğu filmlər – “Qatil üçün kampaniya”, “Dişi maral” və “Qəssab” kinolentləri rejissora şöhrət qazandırdı. Erik Romer də bir müddət tanınmırdı. “Cahires du cinéma”nın səhifələrinə görə o, cərəyanın nəzəriyyəçisi, insan davranışlarını müşahidə edə bilən bir rejissor kimi yadda qaldı. O, “Maudla keçirdiyim gecə”, “Klaranın dizi” və “Günortadan sonrakı məhəbbət” filmlərində olduğu kimi sadə və aydın üslubu ilə tamaşaçının diqqətini cəlb etdi. Jan-Luk Qodard “Yeni dalğa” cərəyanının ən riskli və qəliz rejissoru oldu. Onun ekranlaşdırdığı “Qaçışın sonu”, “Dəli Pierrot” əsərlərindən sonra “La Chinoise” və “Uikend” kimi aydın olmayan və dolaşıq filmləri meydana çıxdı. Ancaq rejissor bununla heç kimə laqeyd qalmadığını göstərdi. Çoxları onu sevir və dövrün ən kreativ rejissoru sayırdı. Jan-Luk Qodardın kinosunu başa düşmək tamaşaçı üçün asan deyildi. Buna baxmayaraq etiraf etmək lazımdır ki, onun kino dilindən məharətlə istifadə etməsi Qodardı nəinki yenilikçi bir rejissor etmiş, eyni zamanda dövrün digər kinoşünaslarına təsir edə bilən bir sənətkara çevirmişdi.

    İngiltərə kinosu da 60-cı illərdə öz inqilabını yaşayıb. Hələ Cek Kleytonun “Yuxarıda bir yer” filmindən əvvəl başlamış “Free cinema” (Azad kino) adı altında Britaniyanın qaynayan kino sənayesinə yeni nəfəs vermək üçün çəkiliş qrupu əllərinə kamera alıb sənaye məhəllələrinə gedərək cəmiyyətdə olan təbəqələşməni və ölkənin daxilində hökm sürən səfaləti göstərmək üçün belə bir cərəyanın əsasını qoydular. Fransanın “Nouvelle vague” (Yeni dalğa) cərəyanı kimi burada da hansısa bir hadisə lentə alınarkən mövzu seçimində, həmçinin bu hadisənin nəql edilməsi baxımından novatorluq gözə çarpırdı. Cərəyanın əsas oyunçuları Kerl Rayz – çexiyalı bir intelektual, “Şənbə günü gecə, bazar günü tezdən” filmilə göstərdi ki, kino cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olmalıdır. Digər nümayəndə “Marafonçunun tənhalığı” ecazkar filminin müəllifi Toni Riçardson və “Əgər…” lentinə görə böyük uğur qazanan Lindsi Anderson olub.

    Bu cərəyanlar davam etdikcə paralel olaraq 60-cı illər boyu bütün Avropada kinematoqrafiya işinin dahi yaradıcıları sayılan rejissorların yerini möhkəmlədən tammetrajlı filmlər çəkilirdi. Bu ekran əsərlərinin Hollivudla əlaqəsi demək olar ki, yox dərəcəsində idi. Yəni bunlar böyük studiyaların gözəl dövrlərində çəkilən kalssik filmlərə aid deyildilər. Bəlkə də bu filmlərin vahid bir janrda cəmləşdirilməməsi səbəbindən ona “Sənət və esse” adını vermək təklifi irəli sürülmüşdü. Kino mühitinin bədii imkanlarından istifadə etmək üçün kommersiya diktatorlarından tamamilə uzaqlaşan bu kino fərqli, yaradıcı və bəzən də təcrübə məqsədilə yaradılan bir janr kimi tanınmağa başlandı. Bəzən bu cür ekran əsərləri kinonun əksinə gedən başqa bir cərəyan ilə oxşar idi. Digər liderlərlə bərabər Jan-Luk Qodard kinonu əyləncə növlərindən biri olduğu üçün tənqid edir və təsvirin gücünü təhlil edərək incəsənətlə gerçəkliyin arasında bir mərhələ olduğunu göstərməyə çalışırdı.

    “Yeni dalğa” cərəyanından başqa, Fransada “Hiroshima mon amour” və “Marienbadda ötən il” filmlərinin müəllifi Alan Renenin timsalında müəllif kinosu mövcud idi. O, fərqli bir rejissor kimi tanınır, zamanın problemlərindən narahat qalan bir kinoşünas sayılırdı. Robert Bresson isə “Janna Darkın məhkəməsi” və “Lancelot du Lac” filmlərilə tamaşaçıları heyran edən bir rejissor idi. Fransada məskunlaşan yunan əsilli Konstantin Kosta-Qavras da “Z”, “Etiraf” və “Mühasirədə” kinolentlərilə siyasi mövzuda çəkilən filmlərə təkan verən rejissorlardan biri sayılırdı.

    Heç bir kino cərəyanına qoşulmayan İtaliya kinematoqrafiyası müəllif kinosu pərəstişkarları üçün istinad nöqtəsinə çevrildi. Belə ki, dövrün bir çox tanınmış rejissorları milliyətcə italyan idi. “Səkkiz yarım”, “Roma” və “Amarkord” lentləri Federiko Fellinini beynəlxalq aləmdə bir nömrəli rejissora çevirdi. Onun 60-cı illərdəki şöhrəti yalnız “Gecə”, “The Eclipse” və “Blow-Up” filmlərini çəkən Mikelancelo Antonioni ilə müqayisə oluna bilərdi. Daha çox araqızışdıran, cəsarətli və birmənalı qarşılanmayan Pier Paolo Pazolini isə “Matfeydən İncil”, “Teorem”, “Dekameron” və “Salo və ya Sodomun 120 günü” ekran əsərlərilə şöhrət qazanmışdı. Adı çəkilən filmlər işgəncə və orgiya səhnələrinə görə kifayət qədər qalmaqal yaratdı. Daha fərqli və incələnmiş üslubuna görə “Rokko və onun qardaşları”, “Bəbir”, “Allahların süqutu” və “Venesiyada ölüm” filmlərinin müəllifi Lukino Viskontinin adını çəkmək olar.

    İsveçdə müəllif kinosunun tanınmış siması İnqman Berqman ekranlaşdırdığı “Persona” filmilə hamıdan öndə gedirdi. Onun filmoqrafiyasının fundamental əsəri sayılan bu filmdə rejissor, iki qadın arasında olan münasibətləri araşdırır. Ancaq Berqman Şimali və Mərkəzi Avropa kinosuna töhfə verən yeganə şəxs deyildi. “Elvira Madiqan”ın müəllifi Bu Viderberq və “Salamandra” filminin rejissoru Alan Tanner Berqmanın əsas rəqibləri idilər.

    Sözügedən dövrdə Şərqi Avropada azadlıq havası udanlar və köklü dəyişikliklərlə üzləşənlər olub. Stalin dövrü artıq geridə qalmış, yeni kino haqqında düşünmək üçün keçmişin sərt rejimini qırmaq zamanı yetişmişdi. Sovetlər Birliyində “Solaris”, “Andrey Rublyov” filmlərinin yaradıcısı Andey Tarkovski və “История Аси Клячиной, которая любила, да не вышла замуж” ekran əsərini lentə alan Andrey Konçalovski ölkənin əsas rejissorları kimi tanındılar. Polyak kinosu da çoxsaylı peşəkarlar və maraqlı kinofilmlərlə zəngin idi. Roman Polanskinin “Suyun içində bıçaq”, Yeji Skolimovskinin “Asan qələbə”, Andjey Vaydanın “Döyüşdən sonrakı mənzərə” polyak kinematoqrafiyasının ən uğurlu və sevilən filmləridir. Macarıstan kino sənayesi də Balaszs studiyalarının sayəsində böyük sıçrayış edərək perspektivli rejissorlarını dünyaya tanıtdı. Mikloş Yanço macar rejissoru kimi “Mənim yolum” və “Çarəsizlər” lentləri ilə dünyada tanınmağa başlandı. Özünəməxsus üslubu ilə İştvan Qaal isə “Şahinlər”, “Ölü mənzərə” ekran əsərlərilə böyük tamaşaçı alqışı qazanan rejissorlardan oldu. Ancaq kinoda dinamika daha çox Çexoslovakiyada müşahidə olunurdu. Burada Yan Kadar və Elmar Klosun birgə ekranlaşdırdıqları “Meydanda dükan”, Yan Nemetsin “Bayram və qonaqlar”, Vera Çitilovanın “Çobanyastığı”, Miloş Formanın “Yanğınsöndürənlərin bayramı” filmlərini xatırlamaq yerinə düşər. Ancaq Şərqi Avropanı bürüyən azadlıq mühiti bir ilğım kimi insanların gözü qarşısında yox oldu. Çünki onilliyin ortalarından başlayaraq azadlıq yenidən siyasi repressiyaların qurbanına çevrildi.

    İspaniyada həmçinin söz azadlığını nəzarət altında saxlayan Franko rejiminin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, 60-ci illərdə kinonu inkişaf etdirmək üçün yeni yollar axtarmaq istəyənlər oldu. İlk qığılcımlar Migel Pikaso, Basilio Martin Patino və Xaime Kamino kimi novatorların yaradıcılığında hiss olundu. Bu şəxslər kinoda təcrübə apara-apara “Escuela de Barcelona” məktəbinin komponentlərindən istifadə etdilər. Ancaq yüksək istedada malik olan yalnız iki rejissor ispan kinosunda böyük bir hadisənin qəhrəmanlarına çevrildi. Meksikaya sürgün olunmuş Luis Bunuel İspaniyaya qayıdandan sonra “Viridiana” filmini ekranlaşdırdı. Film Kann festivalında “Qızıl palma” mükafatı alsa da ölkədə elə bir qalmaqal yaratdı ki, Franko göstəriş verdi ki, rejissora vətəndaşlıq verilməsin. Bunuel yenidən Meksikaya, sonradan isə Fransaya qayıtmalı oldu. Onun Fransada çəkdiyi “Gündüz gözəli” və “Burjuaziyanın təvazökar cazibəsi” filmləri isə “Ən yaxşı əcnəbi filmi” nominasiyası üzrə Oskar mükafatı qazandı. Luis Bunuellə yanaşı, onun qohumu, rejissor Karlos Saura da ispan kinosuna təkan verən rejissor sayılır. O, “Ov”, “Nanəli kokteyl”, “Ləzzətlər bağı”, “Anjelikanın əmisi qızı” və “Qarğa artımı” kimi möhtəşəm filmlərin müəllifidir.

    Alman kinosu Avropada baş verən dəyişikliklərə bir az gec cavab verdi. 70-ci illərin əvvəllərindən etibarən, sonradan parlayan rejissorlar görünməyə başladı. Cəmiyyətdə birmənalı qarşılanmayan Rainer Verner Fassbinder “Petra fon Kantın acı göz yaşları”, “Qorxu ruhu gəmirir” və “Tülkü və onun dostları” filmlərilə kino tənqidçilərini heyran etməyi bacardı. Populyarlıqda ondan heç də geri qalmayan “Cavan Torless” və “Şərəfini itirmiş Katarina Blumm” filmlərinin müəllifi Folker Şlündorf, “Agirre – Allahın qəzəbi” əsasən də “Qaspar Hauzerin sirri” ekran əsərinə görə böyük tamaşaçı alqışı qazanan Verner Herzog və “Amerikalı dost”  və “Zaman keçdikcə” kinolentlərilə diqqəti çəkən Vim Vendersi misal çəkmək olar.

    Birgə film istehsalında baş verən bum

    İki və ya daha çox ölkənin birgə film istehsalına cəlb olunması hələ səssiz kino dövründə həyata keçirilən bir hadisə idi. 1950-ci ildən sonra birgə istehsallar adiləşməyə başlasa da növbəti onillikdə bu təcrübə böyük bir partlayışla müşayiət olundu. Şimali Amerika kinematoqrafiyası xaricdə film çəkmək üçün cəzbedici yerlər görəndə onların bu ölkələrlə əməkdaşlığı yalnız o zaman məna kəsb etməyə başladı. “Hollywood” Avropada çəkilş apararkən başa düşdü ki, texniki heyəti və avadanlıqları Atlantik okeanın o biri tayına daşımaqdansa, birgə istehsal sistemini qurmaq daha ucuz başa gələr. Avropalılar da birgə istehsalların iqtisadi baxımdan sərfəli olduğunu anladılar. Əgər İtaliya, Fransa və İspaniya ilə hansısa bir tammetrajlı ekran əsərini maliyələşdirirdisə, aydın məsələ idi ki, lent ən azından bu iki ölkədə nümayiş olunacaqdı. Bu da filmin sonrakı taleyinə müsbət təsir göstərirdi.

    Nəzəri cəhətdən bu, kino istehsalı sahəsində sadə bir alternativ nümunə idi. Bir də ki, birgə istehsallar o qədər mühüm əhəmiyyət kəsb etdi ki, onlar Avropada yeni kino cərəyanlarının yaranmasına yol açdılar. Maraqlıdır ki, tənqidçilər ilk günlər birgə əməkdaşlıq prosesinə inamsızlıqla yanaşırdılar. Onlar bu cür filmləri maraqsız və hibrid kino adlandırırdılar. Filmin hansı ölkə tərəfindən çəkildiyinə heç vaxt fikir verməyən tamaşaçı, Avropanın birgə istehsalçı şirkətlərin hər birindən topladıqları ləçəklərin ətirdən xoşlanır və məhəllə kinoteatrların qızıl dövründə olduğu kimi, sonradan video ilə rəqabətə tab gətirə bilməyən bu filmlərdən zövq alırdı.

    İlk növbədə Hollivud Avropanı (İtaliya, İspaniya və Yuqoslaviya) əsrarəngiz filmlər istehsal etmək üçün ideal yer seçdi. İlk ikincilərin məsafə baxımından daha yaxın və müasir infrastruktura malik olması Şimali Amerika kinosunu bu ölkələrlə yaxınlaşdırdı. Kinq Vidor 1956-cı ildə “Hərb və sülh” filmini çəkərkən İtaliyanın onun ixtiyarına verdiyi kinostudiyanın çəkiliş meydançasını sınaqdan keçirən ilk rejissorlardan biri oldu. Sonradan nəhəng “Cinecittá” studiyalarında “Ben-Hur”, “Barabbas”, “Kleopatra” kimi möhtəşəm filmlər çəkildi. İspaniya belə studiyalara malik olmasa da, ölkə əvəzsiz təbiət mənzərələrini və kütləvi səhnələrdə çəkilişlər aparması üçün əsgərlərini kamera önünə çıxarmağa hər zaman hazır olan Franko rejiminin bütöv dəstəyini təklif edirdi. Robert Rossenin 1956-cı ildə “Makedoniyalı İskəndər” filmini ekranlaşdırarkən əldə etdiyi təcrübə digər rejissorları İspaniyaya gəlməyə sövq etdi. Beləliklə, Kinq Vidor “Solomon və Səba” filmini çəkməkdən ötrü İspaniyaya səyahət etdi. Entoni Mann bu ölkədə çəkdiyi “El Cid” ekran əsərində baş rolları Sofi Loren və Çarlton Hestona həvalə etdi. Stenli Kubrik “Spartak” filminin bir hissəsini burada çəkdi, Nikolas Rey də “Krallar kralı” möhtəşəm kinolentinə görə İspaniyaya köçməli oldu.

    “Hollywood” qədim dövrü əks etdirən monumental əsərlər yaratmağa başlayanda artıq İtaliyada klassik Yunanıstan və Roma imperiyasından bəhs edən mövzulara keçid olunmuşdu. Yuxarıda adlarını çəkdiyimiz Hollivud istehsalı olan kinolentlərin uğur qazanması italyanların tez-tez epik janra müraciət etməsinə səbəb oldu. Onlar tarixi hadisələrə bir qədər etinasız yanaşsalar da, əsasən az tanınmış (məhşur olmayan) aktyorlardan istifadə edərək və aşağı büdcəli filmlər çəkə-çəkə özlərinin fərdi üslublarını yaratdılar. Bu ekran əsərlərində erotik ştrixlərlə yanaşı, açıq-aydın işgəncə səhnələri də adi hala çevrilmişdi. Beləliklə, bu qarşıqlıqdan yaranan maraqlı və populyar janr bütün dünyaya yayıldı. Şimali Amerikalılar bu epik janrı “Qılınc və sandal”, fransızlar qədim dövrə məxsus geyimləri nəzərdə tutub “Peplum” adlandırdılar, ispanlar üçün isə bu, sadəcə olaraq “Roma filmləri” adını aldı.

    İtaliya çoxlu sayda “Peplum” filmləri çəkdi. Onlardan “Herkules”, “Ursus”, “Məğlubedilməz Masiste”, “Qalibin qılıncı”, “Qulların qiyamı”, “Pompeyin son günləri”, “Sodom və Homorra”, “Rodos heykəli”, “Yenilməz Persey” kimi ekran əsərlərinin adlarını çəkmək olar. Filmlərin istehsalında İspaniya, Fransa, Almaniya və hətta ABŞ da iştirak edirdi. Gözlənildiyi kimi, bazar bu növ filmlərlə doldu və artıq “Peplum” janrına müraciət olunmadı. Onun əvəzinə əsasən ispan və italyanlar tərəfindən yaradılmış “Spagetti-vestern” janrı meydana çıxdı. Janrın yaranması haqqında müxtəlif fərziyələr gəzsə də sonradan aydın oldu ki, italiyalı rejissor Serco Leone hələ o zaman məşhur olmayan Klint İstvudla “Bir ovuc dollar” filmini çəkəndə insanlar arasında əsl şok yaşanmışdı. Leone-İstvud cütlüyünün yaratdığı “Bir neçə dollar artıq”, “Yaxşı, pis və zalım” ekran əsərləri insanlar arasında Avropa vesterni janrına şövqlü məhəbbət oyatdı. Hollivud vesternin qüruba doğru getdiyi vaxtda isə Avropa vesternin meydana gəlişi ən yaxşı və uğurlu bir təsadüf oldu. Avropalı kinoşünaslar zorakı filmlər çəkməklə janra yaxınlaşmağın yeni üsulunu tapdılar. Film boyu iri kadrlar və yenilikçi musiqidən bolluca istifadə edərək bütün sujeti qisas üzərində qururdular. “Spagetti-vestern” janrında çəkilmiş səhnələr “Cinecittá” studiyası və Almeriyanın təbiət mənzərələri ilə bir-birini əvəzləyirdi. Janr Serco Leone, Klint İstvud, əvəzsiz aktyor Li Van Klif, sevilən bəstəkar Ennio Morrikone kimi istedadları kəşf etdi və özündən sonra “Django”, “Şahin caynaqları”, “MakQreqor üçün yeddi tapança”, “Ağ, sarı və qara”, “Rinqo üçün tapança”, “Tedeum” kimi gəlirli ekran əsərlərini qoydu. “Spagetti-vestern” filmlərinin istehsalı say etibarı ilə zəngin olub və 70-ci illərə kimi davam edib. Lakin hər zaman olduğu kimi, bu qədər filmlərin arasında uğur qazanmayan kinolentlər də olub. Buna görə də ilk tapıntılara baxmayaraq, janrın bu qolu zamanın sınağından çıxa bilmədi.

    “Spagetti-vestern” janrının ən böyük uğuru Avropa ölkələri arasında kino istehsalı aliansını möhkəmləndirmək oldu. Əsasən İspaniya və İtaliya istənilən növ layihələri gerçəkləşdirməkdən ötrü öz güclərini səfərbər etdilər. Bu iki ölkə əməkdaşlığı istənilən janrın – qorxu filmləri, komediya, detektiv, müharibə filmlərinin öhdəsindən gəlib, əsas diqqəti “Sandokan”, “100 cəngavər”, “Qara zanbaq”, “Zorro yenidən at belində”, “Sürkuf – yeddi dəniz qəhrəmanı”, “Üç benqal çavuş”, “Agent 003: Atlantis əməliyyatı” kimi macəra filmlərinə yönəltdilər. Bu sonuncusu, Ceyms Bond haqqında çəkilən filmlərin çoxsaylı imitasiyalarından biri sayılır.

    “EL CİNE” (Kino) kitabından

    İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

  • Yad təfəkkürdən doğma düşüncəyə

    YAD TƏFƏKKÜRDƏN DOĞMA DÜŞÜNCƏYƏ, yaxud gənc yazıçı Məmməd Məmmədlinin ilk tərcümə kitabı haqqında

    Gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin imzası ilə “Ay işığı” kitabını vərəqləyirəm. İspan dilindən tərcümədir. Qürurvericidir. Milli dilin daşıyıcısı ispan dili üzrə mütəxəssisdir. Düşünürəm ki, “Ay işığı” adı ilə nəşr olunan nəsr kitabı onun ilk uğuru kimi yadda qalacaq. Əlbəttə, bir çox cəhətlərinə görə. Əvvəla, tərcümə işinə gəncliyindən başlamaqla bu sahənin ustadına çevrilmək imkanları hələ qarşıdadır. Üstəlik də hələ bu işə sevərək, öyrəndiyi dilin incəliklərinə bələd olaraq və bu dilin cazibəsilə sahəyə gəldiyi üçün gələcəkdə daha böyük əsərləri və demək, daha qüdrətli sənətkarları Azərbaycan dilində danışdıra biləcək.

    Məmməd Məmmədli müstəqqillik dövrünün yetirməsidir. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini bitirib. Əməli fəaliyyət dövründə isə ispan xalqının mədəniyyətini, tarixini və ən başlıcası, ədəbiyyatını sevə-sevə öyrənib, inadla sahə bilgilərinin dərinliklərinə can atıb.

    Burada yerinə düşür ki, geniş imkanlar açılmasına baxmayraq tərcümə problemləri ilə bağlı bir-iki məqama diqqət yetirək.

    Kimsəyə sirr deyil ki, bizim nəsil – öz həmyaşıdlarımı nəzərdə tuturam – dünya ədəbiyyatına rus dili vasitəsilə daxil olub. Başqa sözlə, dünya ədəbiyyatının şah əsərləri (və demək olar ki, bütün əsərləri) rus dilindən Azərbaycan dilinə çevrilib. Don-Kixotu da, Jan Valjanı da, Ovodu da, Qorio Atanı da… bu yolla tanımışıq. Məşhur əsərlərin qəhrəmanlarını görkəmli tərcümə ustadları Azərbaycan dilində elə danışdırıblar ki, biz onları sevmişik. Həmin əsərlər haqqında ədəbi düşüncələrimizi də doğmsalıqla ifadə etməyə çalışmışıq. Təəssüf ki, bu zaman az qala katorqa əməyi qədər çətin olan tərcümə işinin ustadlarını bircə xoş sözlə də yad etməmişik, yaxud nəsə deyəndə də xəsislik göstərmişik. Nəhayət, zaman dəyişdi… Sovet düşərgəsi sərt qadağaları ilə tarixə gömüldü. Xalqlar bir-birinə qapı açdılar. Çox sevirinəm ki, bu gün nəinki artıq həyatımıza daxil olmuş Avropa dillərindən, hətta Çin, yapon, hind, eləcə də digər bizə çox yad olan Asiya xalqlarının dillərindən bədii tərcümələr Azərbaycan dilində işıq üzü görür.

    Öndə olan əsgərin öz səhvlərini düzəltməsi çətin olur. Amma bu səhvlər onun fədakarlığının üzərinə kölgə sala bilmir. Ola bilsin ki, ispan dilindən tərcümələrlə təcrübəsi olan yazarlarımız var. Ancaq hər halda hər bir gəncin bu sahəyə gəlişi yeni addımdır və yeni təfəkkürdən xəbər verir.

    Məmməd Məmmədlinin yaradıcılıq istəyi ilə tərcümə fəaliyyəti göstərir ki, bu işə yaradıcılıq zövqü ilə yanaşma daha üstün fayda verər.

    Ancaq tərcümə işinə dövləti əhəmiyyəti olan bir sahə kimi diqqət göstərilməsi də vacibdir. Gənc tərcüməçilərə sərbəst işləmək üçün şərait yaradılması dövrümüzün tələbidir. Doğrudur, dövlət təminatında olan Tərcümə Mərkəzi fəaliyyət göstərir. Ancaq bu işi sırf yaradıcılıq istəyi ilə öz üzərinə götürmüş gəncləri də diqqətdən kənarda qoymaq olmaz. Sərbəst tərcüməçilik fəaliyyətilə məşğul olan gəncləri istiqamətləndirmək, onların tərcümə kitablarının təqdimatlarını keçirmək, müzakirələrini təşkil etmək də fayda verərdi.

    “Ay işığı” kitabında toplanmış povest və hekayələr məndə belə bir təsəvvür yaratdı ki, Məmməd insan psixologizminin dərinliklərinə varmağa çalışır. Xüsusilə, fəlsəfi təfəkkürü qabarıq olan yazıçıların əsərlərinə üstünlük verir. “Ay işığı” kitabında Xavier Serkasın “Təhrik” povesti, Qustavo Adolfo Bekkerin “Ay işığı”, İ.Alyendenin “Ümidsiz sevgi məktubları”, V.B.İbanesin “Məhkum olunmuş qadın”, “Mavrin qisası”, “Dənizdə”, X.Rulfonun “Alovlu gecə” hekayələri yer alır. Bir müşahidəmi də qeyd etmək istərdim; bu nəsr əsərləri bir ümumi xətdə birləşir – həyatın fəlsəfi dərki məsələsində. Bu da Məmmədin seçdiyi yolda çətinlikdən çəkinməməsi, özünə inamı ilə bağlıdır. Xavier Serkasın “Təhrik” povestinin əvvəlində belə bir epiqraf verilir: “Latınca belə bir ifadə var: “Zibillikdən dişi ilə qızıl çıxartmaq”. Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm. Məqsədimə çatmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz”. (Qustave Flaubertin Louis Koletə məktubundan). Bu epiqrafı nə üçün diqqətə çəkirəm? Yəqin ki, elə əsərin əvvəlində də bu epiqraf var. Ancaq mən burada tərcüməçinin öz işinə inadlı münasibətini, inamını və qətiyyətini də görürəm. “Təhrik” povestində təqribən belə bir fikir ifadə olunur ki, insan öz həyatını təzədən yaşaya bilməz. O, yaşadığı həyatdakı səhvləri ilə bütövdür. Ancaq hər halda yaşanmış həyatdan çıxarılan nəticələr insanın gələcəyə ötürdüyü ibrət elementləridir. Müəllif əsərin fəlsəfi mahiyyətini qabarıq verdiyi üçün çox güman ki, aborigen dildə də yazısını ağır üslubda təqdim edir. Oxudan sonra məndə belə bir qənaət yarandı ki, tərcüməçi də bu ağırlığı öz işində qoruyub-saxlaya bilib: “Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qaldırdı. Soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaq üçün aşağı – supermarketə düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asa-asa qəzet oxuyur, mətbəxdə səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu…”

    Məmməd Məmmədlinin tərcüməçi kimi imzası çoxdan görünür. Mən deyə bilmərəm ki, ilk tərcümələri necə olub, ədəbi mühit necə qarşılayıb?.. Ancaq hiss olunur ki, “Ay işığı” kitabına toplanmış hekayələrin dilində artıq bir səlistlik var. Sanki söz-sözü çəkib gətirir. Qustavo Adolfo Bekkerin “Ay işığı” hekayəsi belə bir cümlə ilə başlayır: “Bilmirəm, danışacağım əhvalat hekayəyə, yoxsa, əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır”.  Sanki yazıçının özü danışır. Sözlər nitqdə ilişmir. Və məntiq cümlənin quruluşunda öz hökmünü qoruyur. Tərcüməçi müəllif şərhinə o qədər doğma, istiqanlı yanaşır ki, sanki biz bir-birinə qovuşmuş ruhların səsini dinləyirik: “Başqası bu ideyanı götürüb bəlkə də, kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə, bir az əylənib vaxt keçirə bilsinlər”. Şübhəsiz, burada müəllifin məqsədi oxucusunu əsəri qavramağa hazırlamaqdır. Tərcüməçi də yazıçının məqsədini başa düşdüyündən onun şərh üslubunu qoruyub saxlaya bilmişdir.

    Biz həmin düşüncə tərzini yazının sonunda da, tərcüməçinin dil yumşaqlığında da görürük: “Manrike dəli olmuşdu. Ən azından hamı onun barəsində belə fikirləşirdi. Ancaq mən belə düşünmürəm. Hesab edirəm ki, o, yuxudan ayılmışdır”. Məmməd Məmmədli tərcümə üçün seçdiyi əsərlərdə o ideyanı görür ki, onun özü də bu ideyanı cəmiyyətə ötürmək istəyir. Və bu da ona imkan verir ki, düşüncəsini kompleks şəkildə hərəkətə gətirə bilsin, yazıçının düşüncə sisteminə vara bilsin. Onun düşüncəsinin alt qatlarına enə bilsin.

    İsabel Alyendenin “Ümidsiz sevgi məktubları” hekayəsi də maraqla oxunur. Başlanğıca diqqət edək “Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi. Və iki həftədən sonra atası buna dözməyərək özünü tapança ilə sinəsindən vurdu”. Ancaq mənə elə gəlir ki, müəllif cümlənin əvvəlindəki zaman mahiyyətini sonunda da qorumalı idi. Yəni “vurdu” yox, “vurmuşdu” şəklində yazmalı idi. Bu hekayədə də müəllif dəst-xətti tərcüməçinin seçimində öz yerini alır.

    Məmməd Məmmədli “Ay işığı” kitabında Visente Blasko İbanesin üç hekayəsinə yer verib.

    “On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi». Bu, “Məhkum olunmuş qadın” hekayəsinin ilk cümləsidir. Bizdə də beləcə işlənir. Bir ildir ki, gözə dəymir, on ildir ki, görmürəm… yəni tərcüməçi ispan dilindən aldığı informasiyanı Azərbaycan dilinin canlı ifadə tərzinə oturda bilir.

    Məmməd öz tərcüməsində səhnəni canlandıra bilir. Müəllif təhkiyəsi ilə obrazların nitqi bir-birinə qarışmadan aydın düşüncə elementi kimi görünür: “Qadın göz yaşlarını sildi. Onun gözləri nifrət dolusu baxışlarla parladı.

    – Yaxşı, öldürməyin onu… İndi rahatam. O, xilas olundu, bəs mən?

    Uzun sürən sakitlikdən sonra öz-özünə danışırmış kimi əlavə etdi:

    – İndi məhkum olunan bədbəxt mənəm…”

    Təkcə elə bu bir parçanı Məmməd sanki həmin mənzərəni müşahidə edərək çevirib. Görünür, tərcümə işində əsas şərtlərdən biri də tərcüməçinin hadisələrin içərisinə psixoloji cəhətdən daxil ola bilməsi ilə də bağlıdır.

    Nümunə gətirilmiş mətndə bir ifadə diqqətimi çəkdi. Düşünürəm ki, tərcüməçi “nifrət dolusu baxışlarla” yox, eləcə, “nifrət dolu baxışlarla” yazsaydı, daha dəqiq olardı. Doğrudur, “gözü dolusu” ifadəsi var dilimizdə. Amma “nifrət dolusu” ifadəsini işlətmirik, “nifrət dolu baxışlar” işlədirik. Belə səhvlər və xətalar təcrübənin müddətindən asılı olaraq zaman-zaman aradan qalxır. Həm də tərcüməçi daha iri, geniş həyat hadisələrini əks etdirən əsərlərə müdaxilə etdikcə, yəni tərcümə fəaliyyətini genişləndirdikcə, doğma dilin alt qatlarına enə bilir, dili bütün canlılığı ilə öz varlığında hiss edir. Əməli fəaliyyət zamanı qarşıya çıxan çətinlikləri fəhmi və düşüncəsi ilə həm də dəqiqliklə aradan qaldıra bilir.

    Düşünmək olar ki, Məmməd Məmmədlinin daha irihəcmli əsərlərə nüfuz etmək imkanı və potensialı var.

    “Mavrin qisası” hekayəsinin qəhrəmanı Marietanı müəllif müxtəlif vəziyyətlərdə tanıdır. Tərcüməçinin dilə bələdliyi ayrı-ayrı məqamlardakı ab-havanı obrazın təbiətinə uyğun verməsində özünü göstərir: “Marieta ilk baxışdan həyatından razı və sakit görünürdü. Əhvalı qəmgin olsa da, necə də gözəldi, sanki şahzadəydi. Onu görənlər qızın cazibədarlığı qarşısında heyran qalırdılar”. Tərcüməçi Azərbaycan dilindən gələn emosiyanın təsiri ilə “sanki” sözünün yerinə “elə bil” ifadəsini də işlədə bilərdi. Bəlkə də, bu, mahiyyəti bir az da qabardar, obrazı bir az da canlandırardı.

    Kitabda bu cür, yerində səslənməyə ifadələrə, sözlərə rast gəlmək olar. Ancaq bütün bunlar Məmmədin tərcümə işinin üstünə kölgə sala bilmir. “Uşağı hürkmüş qarınını qucağında alanda çox kövrəldi. – Yazıq balam, – deyərək körpəni öpdü”.

    “Hürkmüş” sözünün əvəzinə “səksənmiş, diksinmiş” sözləri də işlədilə bilərdi. Adətən, “hürkmək” sözünü azərbaycanlılar heyvanlarla bağlı işlədirlər.

    “Dənizdə” hekayəsinin başlanğıcı: “Günorta saat iki idi ki, birdən qapı döyüldü”. Az qala düşünürsən ki, ispan yazıçısı cümləni elə beləcə, Azərbaycan dilində yazıb. Xon Rulfonun “Alovlu gecə” hekayəsi demək olar ki, dialoqlar üstündə qurulub. Tərcüməçi dialoqların orijinaldakı lakonikliyini, yığcamlığını qorumağa çalışıb.

    Kitab halında Məmməd Məmmədlinin tərcümə debütü… Gedişləri, düşüncə orijinallığı, seçdiyi dilə doğmalığı aydın görünən bir  debüt… Endşpiləcən hələ çox yol var… Və Məmmədin bu yolu uğurla gedəcəyinə inanmaq olar.

    “Ay işığında” kitabının bədii tərtibatı gözoxşayandır. Şrift seçiminə diqqət edilsəydi, oxucunun gözünü oxşama tələbatını da ödəyərdi. Bir də onu qeyd etmək istəyirəm ki, tərcüməçi seçim elədiyi müəlliflər haqqında kitabın sonunda qısa məlumat-xronikaları versəydi Azərbaycandilli oxucu üçün maraq doğurardı. Şübhəsiz, tərcüməçi seçdiyi yazıçıların həyat və yaradıcılıq yolları haqqında kifayət qədər geniş məlumata malikdir. Nəzərə almalı idi ki, əsas oxucu kütləsi belə məlumatlardan xəbərsizdir.

    Yaradıcılıqda bu da var ki, müəllifin həyatı və yaradıcılığı haqqında qısa məlumat onun əsərini dərk etməyə vəsilə olur, kömək edir.

    Bütün bunları Məmməd Məmmədlinin gələcək işlərində diqqətdə saxlaması üçün deyirik.

    İspan ədəbiyyatından örnəkləri dilimizə çevirmək zəhmətini öz üzərinə yaradıcılıq istəyi ilə götürmüş tərcüməçinin zəhməti, şübhəsiz, çox təqdirəlayiqdir.

    Tərcüməçinin təqdim elədiyi kitaba “Ay işığı” hekayəsinin adını verməsini də təsadüfi hesab etmirəm. Həyat hadisələrinin sənətdə əks olunması, bir sözlə, sənətin həyatın güzgüsü olması haqqındakı fikir nə qədər qəbul olunmuş düşüncə olsa da, burada bir şərtilik görürəm. Çünki həyat o qədər zəngin, o qədər təkrarsız, bənzərsiz və çoxşaxəlidir ki, onun bütövlükdə bədii əsərə gətirilməsi, şübhəsiz, məcazi xarakter daşıyır. Sənət isə bir növ həyatdakıların ay işığında görünən tərəfləridir.

    Düşünmək olar ki, Məmməd Məmmədli həyat və sənət qarşılaşmasında öz mövqeyini “Ay işığı”  adında ümumiləşdirə bilib. Kitab “Ulduzlu nəşrlər” seriyasındandır və Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olaraq işıq üzü görüb. Layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir. “Təhsil” nəşriyyatında bu il işıqlığa çıxmış “Ay işığı” kitabı ilə Məmməd Məmmədli həm tərcüməçi, həm də nasir kimi inamlı addımını təsdiqləyib.

    Əvvəldə qeyd etdiyim kimi, Məmmədin ədəbi dərgilərdə orijinaldan tərcümə müəllifi kimi imzası ədəbi mühitə kifayət qədər tanışdır. Və ədəbi mühit Məmmədin imkanlarından istifadə edə bilər. Ədəbi əlaqələrdə digər xalqların həyatına yazıçılarımızın müraciət etməsi təbiidir. Şübhəsiz, bədii əsərlərdə haqqında söhbət gedən xalqın koloritini qorumaq üçün dialoqların, ayrı-ayrı etnoqrafik qeydlərin həmin xalqın dilində verilməsi əsərin təsir gücünü daha da artırır. Və bu zaman, şübhəsiz, Məmməd kimi tərcüməçilər də yada düşür.

    Məmməd ziyalı mühitində böyüyüb. Necə deyərlər, sözün əhatəsində dünyaya göz açıb və onun sözün qoxusunu bilməsini də təbii qəbul etməliyik.

    Tərcümə yaradıcılıqdır, özü də ciddi yaradıcılıq! Kifayət qədər çətinliyi və əzabları ilə birgə.

    Məmməd Məmmədlinin tərcüməçilik fəaliyyətinə təsadüfi gəlmədiyini “Ay işığı” təsdiq edir.

    Əli Rza XƏLƏFLİ,

    şair-publisist,

    Beynəlxalq Rəsul Rza mükafatı laureatı

  • Dünyanın məşhur gitaraları

    Gitara dünyada ən populyar çalğı alətidir. Təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar.

    Bildiyimiz kimi rok və bluz tarixində məhşur gitaraçıların məhşur gitaraları olub. Çünki hər bir gitaranın da insan kimi ya kədərli, ya da cəlbedici bir taleyi olur.

    B.B. Kinqin məhşur “Lucille” gitarasının da öz tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə bir-birinə keçir, hətta əlbəyaxa olurlar. Axırda iş o yerə çatır ki, klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kinqin yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Tez geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” goyur.

    Cimmi Peycin “Les paul” gitarası da öz məhşurluğu ilə yadda qalıb. “Led Zeppelin” qrupunun yaradıcısı olan bu virtuoz gitaraçının karyerası boyu əlindən 1500 gitara keçib. Onun “Nömrə bir” və “Nömrə iki” adlandırdığı gitaraları 59-cu ilin “Gibson Les Paul” gitaralarıdır. Belə güman olunur ki, hazırda o dövrədə buraxılan bu modellərdən yalnız 1000 ədədi işlək vəziyyətdədir.

    Cimi Hendriksin məşhur “Monterey” stratokasteri çox qısa bir həyat sürüb. Bu gitaranı o, Monterey festivalında  “Wild thing” mahnısını ifa etdikdən sonra tamaşaçıların gözü qarşısında yandırmışdır. Bu, rok tarixində ən yaddaqalan hadisələrdən biri oldu. Tamaşaçılar elə düşünürdülər ki, Cimi gitarasını sındırmaqla kifayətlənəcək amma o, gözlənilməz hərəkəti ilə hamını heyrətləndirdi.

    Erik Klapton “Fender” markalı “Blackie” adlandırdığı stratokasterini 1973-cü ildə almışdı və uzun illər onu əlindən yerə qoymadı. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və sonra hərracda 1 milyon dollara satdı. Əldə olunan vəsait Klaptonun yaratdığı “Narkotik və alkoqol alüdəçiliyinə qarşı mərkəz”ə yönəldildi.

    İfaçının daha bir “The fool” adlı Gibson SG markalı “psychedelic” gitarası da olub. Klapton onu 1964-cü ildə almışdır, ancaq səhnəyə çıxmazdan öncə onu rənglətdirdi. Gitaranı rəngləyən usta bu işi yaxşı görmədiyindən boyalar biri-birinə qarışdı. Bu vəziyyətdə o, çox qəribə görünürdü. Sonralar bu gitara bir neçə ifaçının əlindən keçib, 90-cı illərə qədər isə gitaranın sahibi amerikalı müğənni və bəstəkar Todd Rundqren olub.

    “The red special”, “The fireplace” və ya “The old lady” – adları müxtəlif olsalar da söhbət “Queen” qrupunun gitaraçısı Brayn Meyin  bir gitarasından gedir. O zaman ifaçının gitara almağa pulu yox idi. Ona görə də belə qərara gəlir ki, özünə mükəmməl bir alət düzəltsin. İfaçı gitarasını atasının köməkliyi ilə 1963-1964-cü illərdə düzəltmişdir. Alətin düzəldilməsində o, evlərindəki masa, köhnə soba, anasının toxuculuqda işlətdiyi mil və köhnə motosiklet detallarından istifadə edib. Bu gitara o dövr üçün ona 18 funt sterlinqə başa gəlir. B.Meyin düzəltdiyi gitaranın səsi başqa qitaraların səsinə bənzəmir, özünəməxsusluğu ilə seçilirdi. Brayn gitarasını məktəbə aparanda sinif yoldaşlarından biri onu öz gitarasıyla dəyişməyi təklif etsə də o, razılaşmır.

    Brayn Mey uzun illər öz sevimli gitarasından ayrılmır və indi də ifaları ilə tamaşaçıların qəlbini coşdurur.

    Məmməd MƏMMƏDLİ