MƏMMƏD MƏMMƏDLİ

Kainatda gəzən ruh


  • Əcaib əkizlər – Sabina Urraka

    Sabina Urraka

    Əslən İspaniyanın Bask əyalətindən olan Sabina Urraka Tenerifedə boya-başa çatıb, 15 ildən artıqdır ki, Madriddə yaşayır. Sabina Urraka “Fulgencio Pimentel” nəşriyyatında çap olunan, “Xavier Morote” mükafatı qazanmış “Əcaib əkizlər” romanın müəllifidir. “New Spanish Books” biblioqrafiyasının kataloqunda yer alan bu əsər həm də İspaniya Kitab Satıcıları Assosiasiyası və Gildiyaları Konfederasiyası tərəfindən təbliğ olunur. O, “Gəzəyən qız” hekayə toplusu və “Trankilas – Gecə vaxtı evdən tək çıxan qızlar üçün” kitabında çıxış edən müəlliflərdən biridir. Hazırda “Fuentetaja” yazı emalatxanasında bədii yazı üzrə dərs deyir.

    ƏCAİB ƏKİZLƏR

    (romandan parça)

    –Böyük kimdi?

    –Onlar əkizdi.

    –Şirniquş istəyirsən?

    –Yox, onlar şirniquş xoşlamır.

    Ana uşaqlarına şirin şey yeməyə icazə vermirdi. Pediatr həkim demişdi ki, bu, onlara ziyandır. Hərdən “Dun up” içməyə qoyurdu, başqa heç nə. Qatıq, süd, “Cola Cao” isə olmaz.

    –O, mənə baxır.

    –Yox, mənə baxır.

    Paula və Raisa Maykl Ceksonun posterinin qarşısında dayanıb onun baxışlarının istiqaməti üstündə bir-birini qırırdılar.

    –Görmürsən? O, mənə baxır, mənə!

    Əslində qırmızı dəri gödəkcədə qolunu qoluna keçirən Maykl mənə baxırdı. Bütün qızlar bu iki bacının ortasında dayanıb onun baxışlarına tuş gəlmək istəyərdi. Mən heç kimin tərəfini saxlamırdım, sadəcə onlar özləri katalizatorluq edib bomba kimi açılırdılar. Mən onlara baxmaqdan zövq alırdım.

    Hərdən Paula və Raisa əlində bıçaq evdə o baş-bu baş bir-birini izləyirdi. Anaları da başını masaya söykəyib ağlayırdı. Köynəyin manjetinə bağladığı yaylıqla dünyaya gətirdiyi və bir-birinin ölümünü arzulayan qızlarına görə acı göz yaşını silirdi. Sonra da mənə baxıb, dua edənlər kimi dilinin altında danışırdı:

    Ya İsa

    Nə pis iş gördüyümü artıq bilmirəm…

    İsam mənim, gəl apar məni…

    Deyib, parça salfetləri səliqə ilə bükür, belindən tər-su axa-axa, yaylıqla üzünü silir, bazar günü üçün ailəvi nahar süfrəsi hazırlayırdı. Mən də sözüm olmadığından qəlyanaltı eliyirdim. Mətbəx şkafında (ancaq mənim üçün) bir “Cola Cao” butulkası vardı.

    –Sən ki ağıllısan, bu vəhşilərə qarşılıqlı hörmətin nə olduğunu başa sala bilməzsən?

    Nə cavab verim. Bilməli idi ki, əgər mən hər cümə axşamı bu saatda, gitara dərslərindən sonra onların evinə gəlirəmsə demək tamaşaya baxmaq üçün gəlirəm.

    O dava-dalaşlar həyatımda heç zaman görmədiyim ən gözəl tamaşaydı. Enerjili heyvanlar kimi bütün bədən əzalarını maksimum dərəcədə gərərək, vəhşi səslər çıxara-çıxara yerdə süpürləşir, bir-birinin qolunu bururdular. Bu, yavaşıdılmış kadrda iki şirin boğuşmasına bənzəyirdi. Onların daxili üzə çıxırdı elə bil; hər bir hərəkət bədəndə gərilməyə səbəb olurdu ki, bu da onların əzələ sistemini görməyə, sümüklərin quruluşunu təxmin etməyə imkan verirdi. Paulanın bacısı ilə döyüşündə ağzını açan bir timsahı, bütöv bir qabanı udmağa hazırlaşan nəhəng boa ilanını, ayağımın altındakı torpağı zəlzələ təki titrədən, ürkmüş bizon sürüsünün ibtidai qaçışını sezmək olardı.

    Ümumilikdə baxanda əkizlər arasında gedən mübarizə sanki bir mif, yaxud da adamın özü ilə duelə çıxmasının canlı nümunəsi idi. Elə bil insan şəxsi iradəsini zorlayır, canını əzir, özünü üstələməklə qalib gəlməyə çalışır.

    Qollar, ayaqlar və dişlər bəs eləməyəndə Paula deyirdi:

    –Gəl indi də bıçaqlarımızı çıxaraq.

    Bu zaman ürəyimə qorxu düşür, həm də gördüyüm mənzərədən ləzzət alırdım. Analarına baxırdım. O, da əlində toxuduğu parçanı yarımçıq qoyub, güclə “ay bala” deyərək yenidən göz yaşlarının içində boğulurdu. Təlaşa düşərək ayağa qalxır, sonra da qayıdıb yerində otururdu, əli ilə sinəsində xaç çəkirdi.

    Ya İsa

    Axı mən nə pis iş tutdum?!

    Ataları radio həvəskarı idi. Bütün gününü dəhlizin o başındakı otağında keçirirdi. Qapının arxasındakı radio aparatından xışıltılar çıxırdı, gurultulu səslər, bəzən də pıçıltılar eşidilirdi. Orada gülüş səsləri yaxud da eşidilə biləcək danışıqlar olmazdı.

    Evdə qaraqışqırıq salsalar da, bıçaqlar dilə gəlsə də, tavan başına çöksə də radioya qulaq asmağına davam edirdi və danışdığı adamın kim olduğunu da yalnız elə o adamın özü bilirdi. Radio həvəskarlarından həmişə qorxmuşam. Uzaqda yaşayan qərib insanlardı onlar, dostluq elədiyim uşaqların ataları, bağda-həyətdə düzəltdikləri kabinələrdə birdən-birə peyda olan, qəfildən də yoxa çıxan, heç kimə dəyib dolaşmayan amorf insanlardı. Kiminlə danışır? Heç kim bilmir. Yəqin o da bunun kimi əldəqayırma radio ilə evin qaranlıq bir küncündən siqnal ötürürdü.

    Cinsiyyət üzvünün vaginanın içinə girib ağımsov mayenin fısqırtdığını ilk dəfə biləndə belə boztəhər və sakit təbiətli bir adamın Raisa və Paula kimi iki enerjili qızı mayalandırmaq üçün birdəfəyə o mayedən nə qədər ifraz etdiyini təsəvvürümə gətirə bilmirəm… Ana göz yaşları axıdır və ağlayırdı, amma əslində o, ərazisini qoruyan bir əjdahaydı. Onu rahat buraxmalarını istəyirdi.

    Fotoatelyelərin birində onun hamilə qaldığı vaxtların cavan şəklinə baxırdım. O qədər dəhşətli bir hamiləlik keçiribmiş ki, başı bapbalaca görünürdü. Ancaq gözlərində bədənini deformasiya edən bu iki məxluqdan uzaq alovlu baxışını sezmək olardı. Onda elə bir vəhşi fikir, azadlıq yanğısı yox idi. Sadəcə, xoşbəxt adamlar kimi ipi toxuya-toxuya gözucu televizora baxardı, hərdən də dibçəkdəki güllərin yarpaqlarını təmizləyərdi. Bu deyilənlər həmin şəkildəki qadının gözlərindən oxuduğum sözlər idi. Raisa və Paula bir-birlərilə saçyolduya çıxanda o, dərindən köks ötürür, gözləri içində gizlənən arzusunu dilə gətirirdi:

    –Əlbəttə, subay qalsaydım daha yaxşı olardı.

    Məncə, ikimiz də belə düşünürdük ki, Paula və Raisa evin bütün dəlmə-deşiklərini yaxşı tanıdıqları üçün əzilmirdilər. Əkizlər bir-birlərinə xəsarət yetirməsinlər deyə, düşünülmüş zərbələri ilə nifrətin sanki mürəkkəb xoreoqrafiyasını xatırladırdılar. Tək-tük hallarda burunlarından qan axar, ya da yumruqları ilə dımır-dımır divarı dəlmədeşik edərdilər. Həmən anda onlardan biri qarnından tutub özünü ölülüyə vurardı. O birisi də yaxınlaşıb ayağının ucu ilə yerdəkini yoxlayardı.

    –Eh, sən. Dur ayağa, gicbəsər.

    Bir qədər nəfəsini dərib gözləyərdi, hiss orqanlarını hazır vəziyyətə gətirərdi. Bir anda qan təəssüratı yox olur və yenidən partlayış baş verirdi. Yenə ordan-burdan təpik-yumruq, bir-birlərinin üstünə tüpürmə başlayırdı. Ana da gözünün yaşını silə-silə qabları yuyurdu.

    Axırda da tərli-tərli, yorğun oturub bir yerdə “Əjdaha topu” cizgi filminə baxırdılar. Saat 2-də səs-səsə verib seriallardakı mahnıları oxumağı xoşlayırdılar. Mahnının birinci sətrini oxuyub, dalını gətirmək üstündə yarışırdılar.

    Ana gətirdiyi iri süd butulkasını xalçanın üstünə qoyub otaqdan çıxırdı. Növbə ilə şüşəni başımıza çəkib cizgi filmlərinə baxırdıq. Südü içəndən sonra ağzımda qalan tər və heç vaxt göstərmədiyim şiddəti hiss edirdim.

    Yanlış bir hərəkət, bir göz qırpımında ortada közərən nifrəti yenidən alovlandırırdı. Paula bir gözü bacısında, yerindən qalxaraq kənara çəkilib, arxasınca qışqırırdı:

    –Gəl bıçaqlarımızı çıxaraq…

    Ana özünü eyvana atırdı.

    –Mən özümü öldürəcəm, öldürəcəm… Belə yaşamaq olmaz! Öldürəcəyəm özümü…

    Sızıldaya-sızıldaya, acısını dibçəkdəki ətirşah gülün yarpaqlarının tozunu almaqla çıxarırdı. Əlini qabağa uzadıb yağışın yağıb-yağmadığına baxırdı. Əlində təzəcə yuduğu paltarı sıxıb üstünə “şpilka” vururdu.

    Ya İsa, gəl məni burdan apar…

    Hərdən özlərini qorumaq üçün məndən qalxan kimi istifadə edirdilər. Mübarizənin tərkib hissəsinə çevrilmək məni həm qorxudur, həm də ehtirasa gətirirdi. Məni bir yerdən o biri yerə atırdılar. Çox az hallarda canıma zərər yetirərdilər. Belə olanda saatlarla könlümü alır, şokolad verirdilər. Çarpayıda mənimçün yumşaq mütəkkələr düzəldir, bir tərəfdən də “Cola Cao”nu elə içizdirirdilər ki, əlim şüşəyə belə dəymirdi.

    Evə bir ətək şokoladla qayıdırdım. Hərdən yerə düşən kölgəmlə məşq edirdim, özümü yerə atır, qara siluetimlə güləşirdim.

    Ümumiyyətlə, didişmə adi bir səbəbdən yaranırdı. Mübahisənin ortasında davanın əslində nədən başladığını xatırlamazdılar. Belə hallarda söhbəti qızışdırmaq üçün əllərində mütləq tutarlı bir bəhanə olurdu.

    –Ana, kimin böyük olduğunu ona denən.

    Bu zaman anaları çiyinlərini çəkirdi.

    –Bilmirəm! Mənə o qədər narkoz vermişdilər ki, yuxuda olmuşam…

    Ancaq uşaqları yalvarırdı ki, çalışıb yadına salsın. İstəyirdilər desin ki, böyük kimdir, ən yaxşı kimdir, haqlı olan kimdir.

    Duşun altında çiməndə ilk uşağın kim olduğunu təsdiqləyən bir nişanə tapmaq ümidi ilə diqqətlə özlərinin buğdayı bədənlərinə, bədəndəki tükə, tünd, bir qədər də iri gözlərinə baxırdılar.

    O günü bir saat fərqlə dişləri düşəndə qızların birincilik iddiası bir qədər öləzidi. Alüminium folqaya bükdüyüm dişlər mənim üçün ən gözəl hədiyyə oldu və o vaxtdan onları çantamda gəzdirməyə başladım. Hərdən bacıların enerjisini özümdə hiss etmək istəyəndə əlimi çantama atıb, bükülü folqanı bərk-bərk sıxırdım.

    Həmin axşam eyvanda idik. Əllərindəki ömür xəttini müqayisə edirdilər, görək kimdə daha uzundur. Yəni kim əvvəl doğulub. Bu zaman Raisa daxilində boğduğu qəzəbi azadlığa buraxaraq Paulanı elə itələdi ki, hər ikisinin dişi sürahiyə dəydi.

    Dəmir sürahi gurultulu səslə şaqqıldadı. Paula mexaniki tərzdə yerdən qalxdı. Rəngi ağarmışdı. Əlini ağzına apardı. Damağından gələn qan biləyinə tökülür oradan da saqqız kimi axıb yerə süzülürdü. Paula sakitcə evin girişinə doğru yeridi. Qapıda dayanıb qanla dolmuş ağzını açdı və:

    –Görərik hələ kim böyükdü. Mən indi gedib doğum evindən soruşaram, – deyib qapını çırpdı.

    Raisa çiyinlərini çəkib, dəniz döyüşü oyununu çıxardı.

    Bir qədər sonra qəribə qışqırıq səsləri eşitdik. Səs elə uzaqdan gəlirdi ki, küçədə hansısa bir alkaşın yıxılıb qaldığını zənn etdik. İtdən də belə səs çıxmazdı.

    Ana mətbəxdən deyindi.

    –İndi nə oldu? Bu dəfə məni ikinizin arasında basdıracaqsız! Sizi doğan yerdə qara daş doğaydım…

    Dəniz döyüşü oynadığımız yerdə Raisanın rəngi ağarmağa başladı. Oyunun sonuna az qalmışdı ki, tez gəmilərin yerini dəyişib yerindən dik atıldı və qapıya tərəf qaçdı. Arxasınca düşdüm. Qapı açıq idi, pilləkənlərdən qışqırıq səsləri eşidilirdi. Bir onda gördüm ki, Raisa bacısının qoluna girib yuxarı qalxır. Paula süst düşmüşdü, ağzından qanla bərabər inilti səsləri süzülürdü. Üst-başı qana bulaşmış Raisa sakit görünsə də ağlamsınırdı.

    Paula xəstəxanada olduğu vaxt Raisa kollecə getmədi. Bizim onlara yazdığımız mətnləri müəllimləri qırmızı qələmlə düzəliş edirdi.

    Növbəti cümə axşamı, gitara dərslərindən sonra onları görməyə getdim. Divanda oturub, televizora baxırdılar. Paula danışa bilmirdi. Başına protez qoyulmuşdu. Ağzından çıxan dəmir hissələr boynunu tərpətməyə imkan verməyən mexanizmlə birləşirdi. Üzünün aşağı nahiyəsi şişmiş, bir qədər də göyərmişdi. Divanın başında asılan sistemdən çıxan iynə qızın qolunun bükük yerinə sancılmışdı.

    Mən divanın bir küncündə oturub onlara tamaşa edirdim. Heç biri də gözünü televizordan çəkmirdi.

    Anası əlində məcməyi içəri girdi. Peçenye, iki “Cola Cao” və bir qutu dərman. Yeməkdən məhrum olan Paula gözünün ucu ilə məcməyiyə baxıb, güclə ağzını açdı. Anası həbi dilinin üstünə qoyaraq ehtiyatla suyu qızına içizdirdi. Elə məsum-məsum baxırdılar ki, elə bil məndən yeməyə bir şey istəyirdilər. Sonra Raisa ağzını açdı ki, anası ona dərmanı versin. Həbi “Cola Cao” ilə içdi və yorulmuş kimi bacısının böyründə gizləndi. Ekranda “Ranma” cizgi filminin əvvəlində açılan pərdə açıldı. Birinci Raisa, dalınca da Paula filmdəki melodiyanı zümzümə etməyə başladı.

    Həyat çətindir,

    Gərək mübarizə aparasan.

    Heç Ranma üçün də

    asan deyil.

    Paula güclə mızıldanırdı. Raisa gözlərini ekrandan çəkmədən nəvazişlə bacısının saçlarını qarışdırdı. Paula gücsüzlüyün qulu təki başını onun sinəsinə söykədi.

    Mən gedəndə onlar simmetrik şəkildə, üz-üzə çöməlmiş yuxuya getmişdilər. İkisi də eyni adamın əksinə bənzəyirdi – avtomobil qəzasından əvvəl və sonra.

    Binaya girəndə məhəccərin üstündə Henrinin tapdalanmış gödəkcəsini gördüm. Bəlkə də kimsə onu pilləkənin üstünə atıldığını görüb götürüb.

    Bilirdim ki, indilərdə içkinin təsirindən divanda yıxılıb yatır. Odur ki, gödəkcəni götürüb səliqə ilə qatlamağa başladım. Bükəndə barmaqlarım yoruldu və gödəkcə yerə düşdü.

    Mənzilə girən kimi hamam otağına keçdim. Cibimdən bükdüyüm gümüş folqanı çıxarıb açdım. Əkizlərin dişləri əvvəl gördüyümdən elə bil bir az da saralmışdı. Folqanın arasından onları götürüb dilimin altına qoydum və birbaşa krandan su içdim. Boğazımdan cıra-cıra keçdiyini hiss etdim.

    Güzgüdə özümə baxdım. Orada bir qız uşağının zərif çöhrəsini gördüm. Əlində bıçaq, üzündə zərbə izləri, damağında yırtıq yox idi. Mənim öz əlim həmən, qeyri-adi bir güclə hərəkətə keçdi. Quru bir zərbə alındı. Bunu özüm-özümə əmr etsəm də heç təəccüblənmədim. Gözlərimdə alışan qəzəbi, yanaqlarımdakı hərarəti sevdim. Gözümdən yaş axsa da, bayaqkı hərəkəti yenidən təkrar etdim.

    Növbəti kurs başlayanda anam mənə dedi ki, əkizlər başqa adaya, nənəsigilə köçüblər. Evdə tək qalsın deyə, anaları onları özəl kollecə göndərmişdi. Dəhlizdəki radio səslərini nəzərə almasaq evdə tək yaşayırdı.

    Müqəddəs Həftə bayramında “El Pequeño País” jurnalı vasitəsilə qalisiyalı bir oğlanla məktublaşırdım.

    Mənə göndərdiyi pasport şəklinin arxasında bu sözlər yazılmışdı: “Şəkil çoxdankı şəkildi. İndi bu qədər sızanağım yoxdu.”

    Postskriptumda isə deyilirdi: “Səninlə yazışmaq çox xoşuma gəlir. Sən, ailəmizdən kənar tanıdığım yeganə qızsan.”

    İspan dilindən çevirdi: Məmməd Məmmədli

  • ULDUZ APREL 2024

    MÜƏLLİFLƏR:

    Xanım Anela

    Bәdirxan Əhmədli

    Cavid Babayev, Orxan Cuvarlı, Xanbala Mahmudov (müsabiqə qalibləri)

    Gülnar Ümid

    Nemәt Mətin

    Seyid Aynur

    Günel Mehri

    Əli Əl‐Şəlah – Fərid Hüseynin tərcüməsində

    Elçin Hüseynbəyli

    Günel Natiq

    Məmməd Məmmədli

    Əli Bağış

    Xatirə Salahzadə

    Aynur Ədil

    Sadıq Qarayev

    Təranə Dəmir

    Kəmaləddin Qədim

    Qürbət Mirzəzadə

    Vasif Əlihüseyn

    Zülfiyyə Ziya

    Elnur İrəvanlı

    Ramiz Göyüş

    Elman İsgəndər

    Xəyal Rza

    Ayan Süleymanlı (rəssam)

  • “TOP GUN” FİLMİNİN SƏHNƏARXASI

    Hollivud ulduzu Tom Kruzun oynadığı ən maraqlı filmdlərdən biri də “TOP GUN”dır. İlk vaxtlar aktyor filmdə çəkilməyə razılıq verməsə də ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcılarında uçduqdan sonra birmənalı olaraq “hə” deyib. Filmdə pərdəarxası məqamlar çoxdur. Film barədə çoxlarının bilmədiyi faktları təqdim edirəm.

  • 7-Cİ SƏNƏTİN İLK QIĞILCIMLARI

    Səsiz kino – 7-ci sənətin ilk qığılcımları, insanları xarüqələr dünyasına aparan sabit təsvirlərin möcüzəvi tərpənişi… Hollivudun səssiz, yenilikçi lentləri əsl peşəkarlıq nümunəsi idi. O dövrün filmlərinə baxarkən dünya şöhrəti qazanmış aktyorların öz rolunu necə də həvəslə oynadığının şahidi oluruq. Susmağın qızıl sayıldığı bir vaxtda onların ekranlarda canlanması doğurdan da əsl möcüzədir. Gəlin 100 illik tarixi olan kino sənətinin maraqlı anlarını bir daha gözümüzün önünə gətirək.

    ***

    Səssiz kinonun ən parlaq simalarından biri əlbəttə ki Çarli Çaplindir. “Balaca Tramp” kimi tanın aktyor səssiz kinonun gələcəyini görərək bu sahənin ən gəlirli bir əyləncə növü olduğunu təsbit edib. Aktyorun öz ayaqqabısı ilə nahar etməsi ən çox xatırlanan məqamlardandır.

    Duqlas Ferbenks Hollivudun bacarıqlı Elm və İncəsənət Kino akademiyasının banisi və 1929-cu ildə ilk Oskar mərasimini keçirən nəhənglərdən biri sayılır. “Zorro” filmində canlandırdığı obraz hələ ondan sonra dəfələrlə təkrar olunub.

    Meri Pikford 1910-1920-ci illərdə böyük populyarlıq qazanan parlaq simalardan biridir. O, həmçinin “United Artists” kino şirkətinin yaradıcısı olub. D.V. Qriffit, Çarli Çaplin, Meri Pikford və Duqlas Ferbenksin 1919-cu ildə təsis etdikləri “United Artists” onlara öz maraqlarını güdməyə və kommersiya studiyalarından asılı olmamağa imkan verib.

    Kino və teatr aktyoru, həmçinin yazıçı və rejissor Lilian Qiş “Amerika kinosunun birinci xanımı” kimi tanınır. “Külək” filmində o, Virciniyadan Qərbə doğru səyahətə çıxan Letti Meyson adlı xanımı canlandırır. Qatarda yol gedərkən tanış olduğu bir kişi ona deyir ki, bu yerlərdə külək qadınların ağlını başdan alır. Filmdə səsli dialoq olmasa da sinxronlaşmış musiqi və xüsusi səs effektləri var.

    Harold Lloyd isə cəsarətli fəndlərilə tanınır. “Təhlükə sovuşdu!” filmindəki saat səhnəsini isə xatırlamayan yoxdur.

    Baster Kiton da komediya artisti kimi tanınır. Ancaq yaraşıqlı aktyorun üzündəki qarışıq və bir qədər də qıcıqlı ifadə onu həmkarlarından fərqləndirir. Aktyorun iştirak etdiyi “General” lenti səssiz kino aləmində ən çox xərc aparan ekran əsəri kimi tarixə düşüb.

    Səssiz kinonun ilk uşaq ulduzu isə Ceki Kuqandır. O, 3 yaşında olarkən ekranlarda görünməyə başlayıb. Balaca qız uşağını oynayan Cekiyə şöhrət gətirən filmlərdən biri Çarli Çaplinlə birgə çəkildiyi “Uşaq” filmidir. Bu, Çarli Çaplinin rejissorluq etdiyi ilk tammetrajlı filmidir.

  • KOSMOSUN İLK SİMALARI

    Bu gün Kosmonavtika Günüdür. Yuri Qaqarin 1961-ci il aprelin 12-də Yerin orbitinə çıxan ilk Sovet kosmonavtı kimi bu tarixi günün ilk möhürü vurub. Əlbəttə kosmosun öyrənilməsi ondan sonra da davam edir. Gəlin insan sivilizasiyasının ilk kosmik addımlarını atan öncül simaların keçdiyi yolu birlikdə izləyək.

    Sovetlər Birliyi, indiki Rusiya kosmosun öyrənilməsində birinci ölkələrdəndir. Rus alimi Konstantin Tsiolovski Yerin atmosferindən kənarda uçuşun mümkünlüyünü nəzəri cəhətdən əsasını qoyub, eyni zamanda raketlərin kosmosda uça biləcəyini elmi əsaslarla sübuta yetirib.

    Tsiolovskinin yolunu davam etdirən Sergey Korolyov isə ilk süni peykin, sonradan isə insanın Yerin orbitinə çıxarılmasını həyata keçirib.

    Yuri Qaqarin kosmosa qalxan ilk insan olub. Onun 1961-ci il aprelin 12-də Vostok-1 komik gəmisi ilə Yer ətrafında uçuşu 1 saat 48 dəqiqə çəkib ki, bu da onu kosmosun əfsanəvi simalarından birinə çevirib.

    Kosmosda ilk uzunmüddətli uçuşu isə sovet kosmonavtı German Titov həyata keçirib. Həmin ilin avqustun 6-da Yeri 17 dəfə dövrə vuran sovet kosmonavtı 1 gün, 1 saat, 11 dəqiqə kosmosda qalıb. Bu müddət ərzində German Titov 700 min kilometr məsafə qət edib.

    Andrian Nikolayev kosmosda hərbi təcrübələr aparan ilk kosmonavt sayılır. Əslən çuvaş olan Andrian Nikolayev tarixə ilk türk əsilli kosmonavt kimi düşüb. İlk qadın kosmonavtı isə Valentina Tereşkova olub.

    Aleksey Leonov kosmik fəzada 12 dəqiqə qalmaqla ilkə imza atıb. Bu tarixi hadisə 1965-ci ilin martın 18-də baş verib.

    Nil Armstronq isə Aya uçan birinci amerikalı kosmonavtdır. O, 1969-cu il aprelin 20-də Apollo-11 komik missiyası zamanı Ayın səthinə enib.

    Bryus Makkendless isə kosmik modul ilə heç bir mexaniki əlaqə olmadan fəzaya çıxan ilk NASA astronavtı kimi yadda qalıb.

    İlk dəfə kosmosa qalxan turist isə amerikalı milyonçu Dennis Titodur.

    Kosmosun öyrənilməsində bir çox ölkələr də imza atıb. 2024-cü ilin ən yadda qalan hadisəsi qardaş Türkiyənin ilk dəfə komik heyətlə Yerin orbitinə çıxmasıdır. İlk dəfədir ki, Türkiyə astronavtı Alper Gezeravcı kainatı fəth edir. O, kosmosda olduğu zaman 13 elmi təcrübə aparıb.

    Hələlik bu qədər. Kəhkəşanın fəthi davam edir.

  • Axşam tamaşa başlayır

    Soyuq idi, çox soyuq. Xəzri havada rəqs edən yağışı adamın düz üzünə çırpırdı. Bu zəhlətökən dəqiqələrdə yolla gedənlərin yeganə arzusu evlərinə çatıb isti otaqlarına təpilmək idi. Dekabrın ilk həftəsi sərt başlamışdı. Sinoptiklər qar yağacağına söz vermişdilər. Küləyin başdan qapaz vuracağından qorxan Telman da papağından bərk-bərk yapışıb, iti addımlarla işlədiyi xəbər agentliyinə tələsirdi.

    Mədəniyyət şöbəsinin müdiri idi. Müxbirlik işindən razı olsa da maaş onu qane etmirdi. Binaya daxil olanda papağını çıxarıb əlilə yaşını çırpdı. Liftə minib otağına qalxdı. Həmkarı Araz onu görən kimi yanladı:

    -Telman müəllim, Akademik Milli Dram Teatrında “Qeyrətini itirənlər” tamaşasının premyerasına getməlisiniz. Tamaşa axşam saat 16:00-da başlayır. Telman duruxdu, zəndlə Arazın üzünə baxdı və uzun fasilədən sonra xəbər aldı:

    -O nə tamaşadır elə, “qeyrətini itirənlər…” başqa ad tapmadılar?!

    -Bilmirəm, Telman müəllim, onu bilirəm ki, bu axşam tamaşanın premyerasıdır.

    Telman paltosunu çıxarıb asılqandan asdı, sonra da kompüterini açıb xəbər portallarında günün baş xəbərlərini nəzərdən keçirdi. Gözü “Ölkədə benzin bahalaşdı…” başlıqlı yazıya sataşanda elə bil kefinə soğan doğradılar.

    -Görürsən? Qiymətlər qalxır, saytlar yazır. Xaraba qalsın bu ölkəni! – deyib, dişi ilə Winston qutusundan bir siqaret çəkib çıxartdı. Nəzərlərini tavana dikib dərindən bir qullab aldı və tüstülədə-tüstülədə alaqaranlıq dəhlizdə o baş – bu baş gəzişdi.

    Telman balacaboy, kök bir kişi idi. 45 yaşını təzəcə adlamışdı. Binə Ticarət Mərkəzindən aldığı yeni kostyumu, uzun güllü qalstuku, qarsılmış bığları və qabağa çıxmış qarnı ona əsl müdir görkəmi verirdi.

    Bu arada idarənin bərkgedənləri işlərinə fasilə vermək bəhanəsi ilə həmişəki kimi kül qabının ağzını kəsdirmişdilər, ciddi görkəmdə nəyisə müzakirə edirdilər. Telman onların məclisinə qoşulmadı, sonuncu tüstünü acgözlüklə ciyərlərinə çəkərək otağına qayıtdı.

    İşini görə-görə Arazdan gedəcəyi tədbirin vaxtını bir də dəqiqləşdirdi. İdman şöbəsinin əməkdaşı Seymur qapıdan içəri boylandı.

    -Mədəniyyət şöbəsinə eşq olsun!

    Telman arxaya söykənib əli ilə qarnını sığalladı. Seymur otağın küncündə kompüterə başı qarışan Məmmədə işarə edərək:

    -Yeni əməkdaşınız necədi, işə uyğunlaşa bilirmi?

    Məmməd kompüterdə nəsə yazırdı.

    -Salam, ay Məmməd, vəziyyət necədi?

    Məmməd barmaqlarını klaviaturanın üstündə gəzdirib başı ilə təsdiqləyici bir işarə cızdı. Onun bu hərəkəti “mən məşğulam və hər şey əladır” anlamına gəlirdi.

    Telman qarnını qabağa verdi:

    -Ay Seymur, özün görürsən, bahalıqdı, amma maaş artımından bir söz demirlər. Dünən 400 qram çörəyi 1 manata aldım. Yeyə bilmədim, boğazımdan keçmədi, elə bil mədəm kiçilmişdi.

    -Peşəni dəyiş! Müxbir çörəyi üstünə şəkər tozu səpilmiş bulkaya bənzəyir. Başımızı aldadırlar…

    Telman üçün şapalaq” hekayəsindən bir parça

  • Antoni Qaudinin şikəst “övladı”

    Müqəddəs Ailə (Sagrada Familia) özülü və təməli baxımından, həmçinin daşıdığı missiya etibarı ilə müstəsna bir məbəddir. Dahi arxitektor Antoni Qaudinin bir “övladı” kimi bu memarlıq incisi xalq üçün yaradılıb. Və artıq beş nəsil Barselonada ucalan bu məbədin inkişafına şahidlik edir. Düz 140 il bundan əvvəl, bünövrəsinin qoyuluşundan bu günədək Bazilika hələ də tikilir.

    Bazilikanın müəllifi Antoni Qaudinin ölümündən sonra tikinti işlərini onun tələbələri, sonradan isə müxtəlif memarlar davam etdirib. Ancaq dahi arxitektorun ilkin layihəsi İspaniyada başlayan vətəndaş müharibəsi zamanı məhv edilir. Nəticədə Qaudinin sonuncu işini bərpa etmək istəyənlər onu bir qədər dəyişdirir və bu da cəmiyyətdə narazılıq yaradır. Barselonanın təhrif olunmuş memarlıq incisi indi yerli əhalinin boğazında ilişib qalan tikanlı sümük parçasına çevrilib. Abidənin ətrafında yaşayanların evləri dağıdılıb və daha 1000 ailənin evinin sökülməsi nəzərdə tutulur. “Müqəddəs Ailə kilsəsindən zərər çəkənlər” cəmiyyətinin rəhbəri məhkəməyə müraciət edib. Əlbətdə bütün bunlar ölkəyə daha çox turist cəlb etmək üçündür. 25-40 avro arasında dəyişən biletlərdən yığılan pul Bazilikanın tikintisinə xərclənir. Gəlin bu abidənin möhtəşəmliyini birlikdə seyr edək.

    Müqəddəs Ailə Bazilikasının tikintisini xronoloji ardıcıllıqla verirəm.

    1925-ci il – abidənin Doğulma fasadında Müqəddəs Varnava zəng qülləsi tamamlanır. Varnava apostoluna həsr olunmuş qüllə Antoni Qaudinin bitirdiyi yeganə zəng qülləsi olub. Bir il sonra, 1926-cı ildə Qaudi dünyasını dəyişir və onun işini tələbəsi Domenek Suqranyes davam etdirir.

    1958-ci il, martın 19-u, San Xose bayramı – Doğulma fasadında Müqəddəs Ailəni təsvir edən heykəltəraşlıq nümunəsi yerləşdirilir. Əsərin müəllifi Jaume Busketsdir.

    1976-cı il – İztirab (Pasión) fasadının zəng qüllələri tamamlanır və yan neflərin fasadlarının tikintisinə başlanılır.

    1986-cı il – Bütün neflərin bünövrələri, sütunlar, tağlar və əsas nefin fasadları, transeptlər, transepsiya və apsis tikilməyə başlanılır. İşlər 2010-cu ildə tamamlanır. XX əsrin ortalarına qədər tikintidə, müasir dövrdən fərqli olaraq taxtabəndlər qurulurdu. Bazilikanın tikintisində hələ də bu üsuldan istifadə olunur.

    2016-cı il – Virgen de los Dolores konstruksiyasında keşişlərin geyim otağı və qalereya tamamlanır.

    2018-ci il – İztirab (Pasión) fasadının fronton hissəsində Xaç yerləşdirilir.

    2020-ci il – İsa Məsih və Müqəddəs Məryəm qüllələri hündürlükdə Doğulma və İztirab (Pasión) qüllələrini keçir.

    2021-ci il – bütün qüvvələr Bazilikanın ikinci ən hündür qülləsi, 138 metrlik Müqəddəs Məryəmin tamamlanmasına yönəlir.

    2021-ci ilin iyul ayı – fust trenkadislə bəzədilir. Şəkildə onun aşağı hissəsi görünür. Fustun yuxarı və aşağı hissləri mavidən ağa çalan bədii keramik trenkadislə, ucları isə qızılı Venesiya mozaikası ilə örtülüb.

    2021-ci il, 9 noyabr – Müqəddəs Məryəm qülləsinin döymə üsulu ilə hazırlanmış on iki ulduzdan ibarət tacı qoyulur.

    2021-ci il, 29 noyabr – Müqəddəs Məryəmin sonuncu ulduzu qoyulur. Bu tarixi hadisə Barselonanın imicini tamamilə dəyişir.

    2021-ci il, 8 dekabr – Müqəddəs Ailədə Müqəddəs Məryəm qülləsinə xeyir-dua verildiyi gün. Bazilikanın artıq tamamlanmış ən hündür ikinci qülləsi işıqlandırılır.

    2022-ci il –yevangelistlərə həsr olunan dörd qüllədən ikisi – Luka və Mark qüllələri tamamlanır. Bu il həm də onların ilk dəfə uc hissəsi işıqlandırılır.

    2023-cü il, 12 noyabr – Müqəddəs Ailə Bazilikasında ilk dəfə olaraq dörd yevangelist qüllələrindən ibarət kompleksin açılışı, eyni zamanda xeyir-dua verilməsi və işıqlandırılması mərasimi keçirilir. İsa Məsih qülləsini əhatə edən 135 metrlik yevangelist qüllələri mərkəzi kompleksin tərkib hissəsi sayılır. Beləliklə Müqəddəs Məryəm də daxil olmaqla 6 qüllədən 5-i tamamlanmış olur. İsa Məsih qülləsinin bitirilməsi 2026-ci il üçün nəzərdə tutulub.