“Hollywood”un dirçəlməsi
Nəqədər qəribə səslənsə də bu, baş verdi. Çətin dövrlərdən keçəndən sonra 1970-ci ilin ortalarından başlamış 1980-ci illər də daxil olmaqla “Hollywood” özünün əvvəlki parlaqlığını bərpa edə bildi. Amma bəzi tənqidçilərin fikrincə bu, əslində iqtisadi yüksəliş idi, çünki keyfiyyət baxımından sözügedən illərdə istehsal olunan filmlər “Hollywood”un qızıl dövründə çəkilən filmlərlə müqayisə olunacaq səviyyədə deyildi. Bu fikir nə qədər sərt səslənsə də, həqiqət onu göstərir ki, ABŞ kinosunun dirçəlməsi əsasən iqtisadi yüksəlişdir. Yalnız güclü duyma qabiliyyətli və ya bəxti gətirən rejissorlar tamaşaçıların kinosalonlara kütləvi axınına təsir edə bildi və bəzi lentlər hətta onlara görünməmiş qazanc gətirdi. Bu da həqiqətdir ki, film istehsalı prossesinə məsuliyyətsiz yanaşanların da sayı artdı. Ancaq bunu məğlubiyyət hesab etmək olmazdı, çünki kinonun möcüzəli və əsrarəngiz keyfiyyətini qaytaran lentləri də etiraf etmək lazımdır.