Ümidsiz sevgi məktubları – İsabel Alyende

Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz məktəbə getməyə başladı. Onu paytaxta qızlar pansionatına yolladılar və sonrakı on iki ilini orada keçirdi. Çox yaxşı şagird idi. Nizam-intizamı, dini ibadətgahda olan sərtliyi sevirdi. Zanbaq güllərinin ətrindən, çılpaq və kimsəsiz dəhlizlərdən, kölgəli bağçadan zövq alırdı. Xoşuna gəlməyən şeylər isə bura gələn insan kütləsi və yetim qalmış uşaqlar idi. Və bir də dərs otaqlarından gələn iydi. Hər dəfə rahibələrə güləndə qaçıb binanın çardağında, başsız heykəllərin arasında, sınıq-salxaq mebellərin arxasında gizlənərdi. Belə vaxtlarda o, səs çıxartmadan günahlarını yuyurdu. Hər altı aydan bir əmisi Euxeniodan məktublar alırdı. Məktublarda o, qıza məsləhətlər verir, özünü yaxşı aparmasını deyir, valideynlərinin ruhlarını şad etməsini diləyirdi. Yazırdı ki, onlar həyatda yaxşı xristianlar idi və əgər sağ olsaydılar qızın bütünlüklə özünü dinə həsr etdiyindən çox məmnun qalardılar. Yəni qız monastırda qalsa daha yaxşı olar. Lakin Analia əmisinə buna hazır olmadığını aydın başa salmışdı, baxmayaraq ki, daxilində dindar həyat sürmək xoşuna gəlirdi. Tənhalığın arxasında gizlənirdi, həyatda olan bütün nemətlərdən qaçırdı, bəlkə də bu yolla o, xoşbəxt olmağa can atırdı. Ancaq onun daxili instinkti himayədarının məsləhətlərinə qulaq asmırdı.

Read more