
“Kino sanki bir yuxu, musiqidir. İncəsənətin heç bir növü kino qədər şüurumuza təsir etmir. O birbaşa bizim hisslərimizə toxunur, qəlbimizin ən dərin qatlarına nüfuz edir”.
Onun haqqında çox şey deyirdilər, yaxşı sözlər deyənlər də vardı, pis də. Tamaşaçılar onun filmlərinə baxanda bilirdilər ki, ciddi, mənaca dərin və intellektual elementlərlə yüklənmiş bir filmə baxırlar. Digərləri bu rejissoru köhnə filmlərdən qalma, soyuq təbiətli və fikirləri qarışmış bir tip kimi xatırlayırdılar. Ancaq İnqmar Berqmanın kinoya yeni baxış forması gətirdiyinə şübhə yoxdur və onun 7-ci sənətə, ən çox da onun filmləri ilə böyüyən bir çox kino mütəxəssislərinə təsiri böyükdür.
