Axşamtərəfi sərhədə çatanda Nena Dakonte gördü ki, toyda barmağına taxdığı nişan üzüyü qana bulaşıb. Yun adyala bürünmüş jandarm Pireney dağlarından əsən güclü küləyə sinə gərərək bir əlində fənər yırğalana-yırğalana sərhəd keçid məntəqəsinə gələnlərin pasportlarını yoxlayırdı. İkisinin də pasportu diplomatik idi. Sənədlərin qaydasında olduğuna baxmayaraq, o, fənərin işığını gənclərin üzünə salıb şəkillə tutuşdurdu. Nena Dakonte balaca bir qızcığaza bənzəyirdi. Bal rəngində şəffaf dərisi tutqun, darıxdırıcı yanvar axşamında hələ də Karib günəşini əks etdirir, gözləri isə xoşbəxt quş gözlərinə bənzəyirdi. Əynində bütün sərhəd qarnizonun bir illik maaşına belə, alınması mümkün olmayan, boynuna qədər büründüyü xəz dərili palto vardı. Sükan arxasında olan həyat yoldaşı Billi Sançes qızdan bir yaş kiçik idi, həm də çox yaraşıqlı görünürdü. Əynində dama-dama şotland gödəkcəsi, başında beysbolçu papağı vardı. Yoldaşından fərqli olaraq, hündürboy və idmançılara xas olan bədən quruluşuna malik idi. Möhkəm çənəsi elə bil dəmirdən tökülmüşdü. İlk baxışda dalaşqan adam təəssüratı bağışlayır, eyni zamanda utancaq görünürdü. Və hər ikisinin imkanlı olduğunu təsdiqləyən, kapotundan bəbir mırıltısı gələn metalik rəngli, bahalı maşın idi. Belə maşın keçid məntəqəsində hər vaxt görünməzdi. Arxa oturacaqlar təzə çamadanlarla və hələ də açılmayan hədiyyə qutuları ilə dolu idi. Orada həmçinin kurortların birində nəzakətli quldura rast gəlməzdən əvvəl, onu ehtizaza gətirən Nena Dakontenin tenor saksofonu da vardı.
Read more