Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: macəra axtarışında

Meksika qarışqa yuvası kimi qaynaşan şəhərləri, insan ayağı dəyməyən sahilləri, dağlarda salınmış ecazkar kəndləri ilə sevilir. Tarix boyu qədim sivilizasiyanın izlərini, gözəl təbiətini kəşf etmək istəyənlər Meksikaya üz tutublar. Bu ölkə səyahətçilərə heç yerdə görə və eşidə bilmədikləri macəra vəd edir. Çimərliklərdən ayrılan cığırlar bir tərəfdən sizi təkəmseyrək kəndlərə, digər tərəfdən rəngarəng tutuquşu və qışqırışan meymunların məskən saldığı meşəliklərə aparır. Dağların ətəyindən isə ucu-bucağı görünməyən səhralar açılır. Səyahət müddətində çəkilmiş fotolar da xatirələri bölüşmək üçün gözəl vasitədir.

Budəfəki yazıda Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edirəm.

Uasteka Potosina

Uasteka Potosina meşəliklər və şəlalələr məkanıdır. Onun təzadlı təbiətinə qovuşmaq istəyənlər burada düşərgə salaraq unudulmaz anlar yaşaya bilər. Uasteka turistlərin ən çox əyləndiyi bir yer olmaqla yanaşı, həm də hindu xalqının etnik xüsusiyyətlərini və İspaniya təcavüzündən əvvəlki dövrdə yayılmış adət-ənənələrini öyrənmək üçün ideal bir məkandır. Uasteka 3 zonaya bölünür – şimali, mərkəzi və cənubi Uasteka. Burada əylənməmək mümkün deyil. Turistlər Tamulda qayıq gəzintisinə çıxmaqdan, 7 Mikos şəlaləsindən tullanmaqdan, Xilitla Sürrealist bağında azmaqdan, Puente de Diosdan suya atılmaqdan, daha sonra Tamasoponun təbii hovuzlarında rahatlanmaqdan və Tamul şəlaləsinə qalxıb-enməkdən ötrü ölürlər.

Bakalar

Bakalar Kintana Roo ştatının möcüzəli şəhərlərindən biridir. Bakalar 7 rəngə çalan balaca bir gölün yaxınlığında yerləşir. Bakalara gəlmisinizsə orta əsrlərdə şəhərə soxulmağa cəhd edən dəniz quldurlarının hücumlarını dəf etmək məqsədilə tikilmiş Fuerte de San Felipe qalasını görməyi unutmayın. Qaladakı Dəniz Qulduru Muzeyində bu ərazinin tarixini vərəqləmək də bilik dairənizi genişləndirər. Meksikanın Karib adalarında yerləşən bu şəhərdə Çirikote ağacından hazırlanmış əl işlərini əldə etmək mümkündür. Bakalar turistlərə hər biri 50 otaqdan ibarət 90 yerdə hotel, butik hotellər, daxma və kənd evləri təklif edir.

İerve el aqua şəlalələri

İerve el aqua qədim Meksika hinduları (zapotekolar) üçün müqəddəs bir yerdir. İerve el aquanın daşlaşmış şəlalələri Oaxaka şəhərinin təbii irsidir. Bu şəlalələr min illər boyu yerdən çıxan və minerallarla zəngin olan suların quruması nəticəsində formalaşıb. Dağlardan çıxan təbii bulaq suyu hava ilə təmasda olarkən kalsiləşmə baş verib ki, sonradan damcılayan şam görünüşü yaradıb. İlin rütubətli aylarında bu gölməçələr tərtəmiz olur və firuzəyi rəngə çalır.

Xkaret

Bu, yalnız su ilə əhatə olunmuş park, eko-arxeoloji əyləncə yeri deyil, eyni zamanda turistə daha çox şey vəd edən bir ərazidir. Karib dənizi ilə qovuşan yeraltı çayların (senote) bir ərazidə cəmləşdiyini görən turistlər bu mənzərədən yan keçə bilmir. Bu yer özünün qeyri-adi təbiət ilə nəinki Meksikanın müasir dövrünü, eyni zamanda qədim və zəngin tarixini əks etdirir. Parkda 50-dən çox təbii və yaradılmış mədəni əyləncə mərkəzləri fəaliyyət göstərir. Səyahətçilərə məsləhət edərdik ki, vaxtlarını yeraltı çayların arasında keçirsinlər, cəngəllikdə gəzsinlər və Karib dənizindən zövq alsınlar. O zaman onlar qədim Maya mədəniyyətinin izləri ilə tanış olacaq, Meksika mətbəxinin nemətlərindən dadacaq.

Las pozas – Edvard Ceyms adına Heykəltəraşlıq bağı

Burda ən maraqlı yerlərdən biri Edvard Ceyms adlı ingilis aristokratının cəngəllik və təbii su hövzələri arasında tikdirdiyi sürrealist heykəltəraşlıq bağıdır. Bu bağı o, öz xəyallarını gerçəkləşdirmək məqsədilə salmışdır. 36 heyrətamiz hissədən ibarət olan tikili Las pozas bağını təşkil edir. Bağda gəzdikcə insan sanki incəsənətlə təbiətin harmoniyasından yaranmış nağıllar aləminə düşür.

Çiçen İtza

Çiçen İtza şəhəri turistlərə qədim Maya sivilizasiyasının günümüzə gəlib çatan izlərini görməyi təklif edir. Cəngəlliklərdə yerləşən bu şəhər dünya irsi sayılır. Çiçen İtza kastiyo deyilən piramidanın pilləkanlarında işıq və kölgənin bir-birini əvəzləməsinə görə məşhurdur. Əyləncəli məşğuliyyətlərdən biri də Xueqo de Pelotadan keçib, Xanquares məbədinə yan almaq, sonra Kəllə platformasına istiqamət götürüb, günü Hombre Barbado məbədində başa vurmaqdır.

Aqua azul şəlalələri

İndiqo – ətrafı boyayan yamyaşıl ağacları, mehdən melodiya çalan mavi suları bu yerləri Meksikanın ən gözəl və unudulmaz cənnət məkanlarından birinə çevirir. Söhbət, bir-birini əvəzləyən, Çiapaneka cəngəlliklərindəki şəlalələrdən gedir. Bu yerin ən xarakterik xüsusiyyətlərindən biri suyun firuzəyi rəngə çalmasıdır. Aqua azul adı da məhz buradan götürülüb. Məkanın üstün cəhətlərindən biri də odur ki, bura gələn turistlər şəlalələrin tərtəmiz sularında çimə bilər. Onu da qeyd edək ki, ərazi kifayət qədər böyükdür və şəlalələr bir-birindən aralı yerləşir. Buna görə də suya girməzdən əvvəl ərazini gəzib, insanların daha az olduğu yerlərdə günəş şüaları qəbul etmək olar.

Xoçimilko

Mexikonun cənubunda, göllərin əhatəsində yerləşən bu şəhər suyun üzərindəki bağları (çinanpa) və qayıq (traxinera) gəzintilərilə məşhurdur. Bu sular qədim zamanlarda Böyük Tenoçtitlan şəhərinin ucaldığı yerdir. Xoçimilko deyəndə xəyallarda çinanpa, traxinera, muzeylər, gül bazarları, kilsələr, parklar və meşələr canlanır. Siz bu şəhərdə yolüstü yemək yeyə, ailəniz və dostlarınızla şənlənə, hətta mariaçi ilə mahnı oxuya bilərsiniz. Mexiko şəhərində burdakı kimi ənənəvi şeyləri tapa bilməzsiniz. Siz Xoçimilkoda dükandan çiçək alar, yaxud şəhərin mərkəzinə baş çəkər, oradakı bağlı-bağatlı San Bernardino de Siena kilsəsini ziyarət etmək imkanına da malik olarsınız.

Zokalo de Puebla

Zokalo dostlarla, yaxud da ailənizlə birgə əylənmək istəyənlər üçündür. Burada siz tədbirlərdə iştirak edə, şəhərin əsas cəlbedici yerlərindən sayılan kafe, restoranlarda vaxt keçirə, ağaclar arasında incəsənət əsərlərilə bəzədilən mərkəzi meydanda fotoçəkilişlər apara bilərsiniz. Bu gün Zokalo şəhəri turistlərin ən çox axışdığı məkanlardan biri hesab olunur. Puebla əyalətini ziyarət edərkən yaxınlıqdakı Zokalo şəhərini də plana salın, çünki siz burada heç yerdə görə bilməyəcəyiniz anları yaşa bilərsiniz. Şəhəri tez dolanmaq üçün kirayə velosiped götürmək məsləhətdir.

San Migel de Ayende

Quanaxuatoda yerləşən bu müstəmləkə incisi öz daşlı-kəsəkli küçələri, milli üslubda tikilmiş yaraşıqlı kilsələrilə uzun illərdir turistləri özünə cəlb edir. Yerli əhaliyə bələd olduqca, qədim binaları seyr etdikcə San Migel de Ayendenin nə üçün Meksikanın ən gözəl məkanlarından biri olduğunu anlayacaqsınız. Böyük mədəni irsə malik olan bu şəhər muzeylərilə də məşhurdur. Bu əsrarəngiz məkanda tapa biləcəyiniz məşğuliyyətlər sırasında Mərkəzi parkı, Ignasio Ayende muzeyini, San Migel Arkanxel kilsəsini, Anxela Peralta teatrını, İqnasio Ramirez Mədəniyyət Mərkəzini ziyarət edə bilərsiniz. Şəhəri tanımağın ən gözəl üsulu piyada gəzməkdir. Gəzməyi sevməyən insanlar tramvaydan yararlana bilər. Bu zaman tutacağınız bələdçi keçdiyiniz bütün yerlər haqqında sizə dolğun məlumat verəcək.

Məmməd Məmmədli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *