Təsəvvür edin ki cənablar, bir kənd var, orada iki uşağıyla yaşlı bir qadın yaşayır. Oğlanın 17, qızın isə 14 yaşı var. Səhər yeməyi yeyirlər. Arvadın üzündə narahat bir ifadə var. Uşaqlar ondan nə baş verdiyini soruşanda o, belə cavab verir:
– Bilmirəm, amma səhər yuxudan oyananda ürəyimə damdı ki, bu kəndin başına bəla gələcək.
Uşaqlar analarına gülürlər. Deyirlər ki, yəqin qoca olduğuna görə belə danışır. Oğlan bilyard oynamağa gedir və elə birinci gedişdən sonra o biri oyunçu buna deyir:
– Bir pesodan mərc gəlirəm ki, vura bilməyəcəksən.
Hamı gülür. Oğlan da gülür. Daşı vurur, luzaya sala bilmir. Mərc gəldiyi pesonu ödəyir, yanındakılar soruşurlar ki, nə oldu? O da qayıdır ki:
– Düz çıxdı. Bu səhər anamın mənə dediyi sözlər, kəndin başına bəla gələcəyi sözü məni narahat etdi.
Hamı ona gülür və pesonu udan oğlan evinə qayıdır. O da öz anası ilə yaşayır, evlərində hansısa bir qohumu var, yanında da nəvəsi. Oğlan qazandığı peso ilə lovğa-lovğa deyir:
– Mən bu pesonu ən sadə bilyard daşı ilə Damasodan udmuşam, çünki o “tupoy”du.
– Niyə “tupoy”du?
– Çünki o boyda kiylə adi daşı vura bilmədi. Deyir ki, anası səhər duranda ürəyinə nəsə damıb, guya ki, kəndin başına pis bir şey gələcək. Onda anası deyir:
– Yaşlı adamların inanclarına gülmə. Çox vaxt onların dediyi düz çıxır.
Yanındakı qohumu bunu eşidər, gedər ət almağa. Yaxınlaşıb qəssaba deyir:
– Mənə bir kilo ət ver, – qəssab əti təzəcə doğrayırdı ki, əlavə etdi – ya da iki kilo. Belə bir söz gəzir ki, qıtlıq olacaq, ona görə də hazırlıqlı olmaq lazımdı.
Qəssab əti kağıza büküb ona verəndə başqa bir qadın gəlir. Qəssab deyir:
– İki kilo alın. Camaat burda danışır ki, nəsə bir hadisə olacaq. Hamı da şey-şüy alıb tədarük görür.
Qadın deyir:
– Mənim bir neçə uşağım var, bilirsiz nə var, yaxşısı budur dörd kilo verin.
Eləcə əti alıb, aparır; uzun sözün qısası, yarım saata ət qurtarır. Qəssab gedir bir dənə də inəyi kəsib satır. Belə-belə şayiə bütün kəndə yayılır. Vəziyyət o yerə çatır ki, bütün kənd, həqiqətən də pis bir hadisənin baş verəcəyini gözləyir. Kənddə bütün iş dayanır və birdən günorta ikidə, həmişə olduğu kimi gün yandırmağa başlayır. Bir nəfər deyir:
– Fikir verirsən, necə istidi?
– Hə, amma ilin bu vaxtı həmişə belə olub.
(Kəndin musiqiçiləri adətən musiqi alətlərini ağac qətranı ilə düzəldirlər və həmişə də kölgədə çalırlar, çünki istidə çalsaydılar alətlərin hissələri qopub tökülərdi.)
– Amma, nə qədər olmasa da, saat 14:00-da həmişə isti olub, – başqa birisi dedi.
– Taa belə də yox də…
Günün günorta çağı kənd meydanında yerə bir quş qonur.
– Aaa, quş. Meydana quş qondu!
– Qorxuya düşən camaat yaxınlaşır ki, quşa baxsın.
– Cənablar, quş yerə qonar da!
– Hə, düzdü, amma bu saatda yox.
Elə bir gərgin an yetişir ki, hamı başını götürüb qaçmaq istəyir, amma bunu eləməyə heç birinin iradəsi çatmır.
– Mən, mən maçoyam, – bir nəfər qışqırır, – mən gedirəm.
Mebellərini, uşaqlarını arabaya yığıb, mal qarasını da qabağına qatıb mərkəzi meydandan sürüb aparır. Bütün kənd də ona tamaşa edir. Bu vaxt biri deyir:
– Əgər o buna cürət elədisə, biz də gedirik.
Millət sözün əsl mənasında kəndi sökməyə başlayır. Evlərindəki əşyalarını çıxarırlar, heyvanlarını, bütün nə varsa aparırlar.
Kənddən çıxan sonuncu adam deyir:
– Qoy evimizə-eşiyimizə heç nə olmasın deyib, – evinə od vurur, başqaları da ona qoşulub evlərini yandırırlar.
Təşviş içində qaçırlar. Müharibədə məcburi köçkün düşmüşlər kimi… Bu qarmaqarışıqlığın içindən həmin o yaşlı arvad çıxaraq, camaatı səsləyir:
– Deyirdimmi ki, bu kəndin başına bəla gələcək? Mənə dəli deyirdilər!
* Əhvalat, yazıçılar konqresində bir hadisəni yazmaqla danışmaq arasında fərqi müzakirə edərkən danışılıb, “sonradan oxucu görsün ki, hadisəni yazıya gətirəndə mətn necə dəyişilir”.
Qabriel Qarsiya Markes
İspancadan tərcümə etdi: Məmməd Məmmədli
Discover more from Məmməd Məmmədli
Subscribe to get the latest posts sent to your email.