VAQİF OSMANLI
Məmməd Məmmədlinin “Axırıncı yol” qəhvəxanası” uzun hekayəsindəki məqamlar uzərində fikir gəzişmələrim
“Dünyaya göz açandan ilk gördüyü işıq olan, ürəyini həyati orqan bilən, gözlə gördüyünü ürəyi ilə yazan, ən dəyərli orqanı beyin” hesab edən, “ömrünü anların məcmusuna çevirib” ədəbiyyat dənizində azad üzməyi bacaran Məmməd Məmmədlinin ədəbi məramı “yazmaqla özünü ifadə etməkdir”. Bacarırmı?
İnsanın “taleyini Allahın insana verdiyi bir hekayə toplusu” kimi anlayan “Axırıncı yol” qəhvəxanası”nın talesiz, “üzündə, gözlərinin ətrafında narın qırışlar əmələ gəlmiş, gözəlliyi çəkilmiş” lirik qəhrəmanı “necə həyat sürdüyünü anlayanda çoxmu gecikmişdi? “Əgər təzədən doğulsaydı, taleyin “hədiyyə” etdiyi hansı yolu seçərdi? Onun hekayəsi bitibmi?” Daha o, nağıllara,“möcüzələrə inanmırdı”. Uşaq deyildi axı.
Lirik qəhrəman belə abstrakt düşüncələri ilə baş-başa çıxılmaz labirintdə, özünün absurd və mücərrəd fəlsəfəsinin əlində əsir-yesir qalanda keçən günlərinə nifrət edirmi? Bu yola düşməsəydi xoşbəxtlik cığırı tapa bilərdimi? Qordi düyününün çözülməsi kimi çətin sualların burulğanında bu suallara Məmməd Məmmədlinin təxəyyülü və təhkiyəsi ilə cavab axtarmağa çalışacağam. Əlbəttə, müəllifin təhkiyəsi ilə birgə…
***
Bakı-Sumqayıt yolundakı “dəhliz”, “qısa yubkalı qızlar, arvadlar”, “gecə quşları”, “transisvitlər” və bir çox məfhumları eşidəndə məğlubiyyətə uğramış insanlardan daha çox utannmışıq. İndiki gənclik xatırlamasa da, bunlar orta yaşlılara tanış terminlərdi. Gənclik bilməsə, xatırlamasa yaxşıdı. Nə yaxşı ki, xeyli vaxtdır bu söz və söz birləşmələri tariximizin qara, utancverici, şərəfsiz səhifələrinə gömülüb. Allah eləməsin bir də o günlərə qayıdaq. Amma yaddan çıxarmayaq ki, tariximizin şərəfli və şərəfsiz səhifələrini unutmaq, yaxud ona laqeyd qalmaq, nəticə çıxarmamaq manqurtluqdur.
Yazıçı Məmməd Məmmədli keçmişin yaxşısını, pisini unutmamaq missiyasını cəsarətlə üzərinə götürüb o günlərə ekskurs edir. Xatırladır ki, insan hərdən geriyə də baxmalıdır, özündəki və cəmiyyətdəki xərçəng xislətli qorxunc şişləri – mənfi mənəvi eybəcərlikləri kökündən kəsib atmağı bacarmalıdır. Çünki o “qara ləkələr” bir daha zəhərli alaq otları kimi baş qaldıra bilər.
Orijinal üslubda – axırdan əvvələ yazılmış, elə ilk səhifələrindən bu düşüncələrimə hakimlik edən “Axırıncı yol” qəhvəxanası” uzun hekayəsini (povest) oxuduqca fikirləşirsən. Sonra nə olacaq? Niyə belə oldu? Axırda necə olacaq? O, özündə doğru yola qayıtmaq cəsarəti tapacamı? Ümid və xəyalların qanadları yorulmur axı…
Əsərin qəhrəmanı Lamiyə qayğısız, bəxtəvər – ata-analı, nənəli, şirin xəyallı-arzulu, sevib-sevilən günlərini yaşayırdı, universitetin jurnalistika fakultəsində oxuyurdu, tələbə qız Şəkərlə rəfiqəydi. Dərslər başlayandan çox keçməmiş Vüsal universitetin “qapısının ağzında bitmişdi, “yarısı”nı axtarırdı”. Eyni fakültədə oxuyurmuşlar, bundan Lamiyə xəbərsizdi. “Yarısı”nı tapdımı Vüsal? Bu sualın cavabı sonraya qalsın. Həyatın “sürpriz”lərini əvvəlcədən bilmək bizim işimiz deyil. Münəccim deyilik ki…
“Ötüb-keçən maşınları gözləri ilə “yeyən gecə quşları”nı, “transisvitlər”i hələ beş yaşında görən Lamiyə tələbəlik dövrünü yaşayanda, həyatın bir çox işləklərindən baş çıxaranda, hər dəfə nənəsigilə gedən zaman “eyni mənzərəylə üzləşəndə” uşaq sadəlöhlüyü, saflığı ilə düşünürdü: “Görəsən onlar həyatda xoşbəxtdirlərmi? Axı bütün insanlar həyatda xoşbəxt yaşamaq istəyir. Günəbaxanlar Günəşə sarı əyildiyi kimi, insanlar da daim xoşbəxtliyə sarı boylanırlar. İndi yol qırağında gəzişən bu xalalar görəsən öz xoşbəxtliyini nədə görüblər?”
İnsanların həyatı ilə ”rus ruletkası” oynamaqdan həzz alan naməlum qatilin Lamiyyənin valideynlərinin ömrünə son qoymasından sonra Lamiyə tənhalığa məhkum oldu. “Keçirdiyi qapalı həyat onu üzürdü. Qız valideynlərinin xiffətini çəkirdi. Onlarsız yaşamaq çox çətin, lap cəhənnəm əzabıydı. Amma həyat davam edirdi. Zaman bütün yaralara məlhəm idi. “Hər şey qabaqdadır”, – deyib Lamiyə özünə təskinlik verirdi”.
“Qəlbində soyuq küləklər əsən”, valideynlərini itirəndən sonra nənəsinin yanına köçən Lamiyəyə “qəddar həyat maraqsız görünürdü”, arzuları, ümidləri çilik-çilik olmuşdu. Həyatın güzgüsü ona ümidsizlikdən başqa heç nə göstərmirdi. Nənənin təqaüdünün ümidinə qalan qız ancaq yolpulu tapanda dərsə gedirdi, nənəsinə yük olmaq istəmirdi, iş axtarırdı, tapa bilmirdi. Boz-bulanıq cəmiyyətin qırmızı yaxud bozsifət insanabənzərləri onu qapıdan qaytardılar ki, təcrübən yoxdur. İşləməyə imkan verirdilər ki, təcrübəsi olsun? Sən demə, həyat buz kimi soyuq, biganə, mərhəmət hissini itirən, balıq kimi sürüşkən adamların meydanıymış. Əzizlərini itirəndən sonra insafsız həyat ona bunları anlatdı.
“Dostların arasında özünü təklənmiş yad adam kimi hiss edirdi”. İnsanların arzularını, ümidlərini, xəyallarını, yaşam eşqini bələyində boğan cəmiyyətdə çirkab içində itib-batmaq, sürüşəndən sonra qalxıb ayaq üstə dayana bilməmək bir an məsələsiydi. “Qıza elə gəlirdi ki, onun üçün həyat pisliyə doğru gedir və o, bu dünyanın ən bədbəxtidir”. İntuisiyası onu aldatmırdı. Qarşıda onu nələrin gözlədiyini xəyalına belə gətirə bilməyən Lamiyəni ağır sınaqlar gözləyirdi. Hələ bərkiməmiş zərif və kövrək qanadlar bu sınaqlara – quduz varlıqların tamah dişinin itiliyinə dözərdimi? “Zəncirvari halqa yaradan problemlərin məngənəsində” çırpınan günahsız mələk onlara qalib gələ biləcəkdimi? Yoxsa…
Uzun axtarışlardan sonra xadimə işinə düzəlmiş, nənəsinə kömək edəcəyindən məmnun Lamiyə “MacDonald`s”ın “qırmızı qalstuklu”, quduz şəhvətli “tösmərək müdiri Baloğlanın şikarına acgöz kaftar kimi baxmasından onun niyyətini anlamışdı:
“İşə gedən gündən bu qıllıca köpək istədi onu sinəsinə alıb yaxınlıq etsin, amma qız quyruq ələ vermədi.
Bir dəfə isə:
– Lamiyə, keç mənim otağımı səliqəyə sal, – deyib qalstukunun düyününü boşaltdı.
Qız otağa təzəcə keçmişdi ki, müdir arxasınca irəli dürtüldü. Qəfildən qızın qolundan yapışıb özünə sıxanda Lamiyə, – burax məni!” – qışqırdı.
O, qızın belə sərt müqavimətinə məhəl qoymadan təzədən ona girişdi. Bu zaman Lamiyə əlindəki çirkli əskini şilləqarışıq müdirin üzünə çırpdı. Qəfil həmlədən özünü itirmiş müdir qızı buraxdı”…
Bazoğlanın quduz şəhvətinə qalib gələn, ləyaqətini, qürurunu, ismətini qoruyub saxlamağı bacaran qızın üsyanı onun ilk qələbəsiydi. Ancaq sonrakı günlərdən birində, yeni il axşamı gecə iş qurtardıqdan sonra müdirin onun “qolundan yapışıb zorla öpməsi, dişlərini ağardaraq bayram keçirmək, əylənmək üçün evə dəvət etməsi, qızdan “burax məni, murdar!” cavabını alması, “əclaf” – deyib barmaqları ilə Bazoğlanın gözündən sıxaraq onu itələyib özündən aralaması” işinin itirilməsinə səbəb oldu.
Lamiyənin belələrinə məğlub olmaq niyyəti yox idi…
Yazıçı mərhəmətliydi, xoşbəxt günlər görəcəyinə inanan duyğulu lirik qəhrəmanına ürək-dirək verirdi, gələcəyindən nigaran olsa da: “Qız ruhdan düşmürdü, gələcəyə ümidlə baxırdı. Ancaq hansı gələcəyə? Həyat hamının üzünə gülmür ki! Lamiyə özünü uğursuzlar kateqoriyasına aid etmək istəmirdi…”
“Nənəsinin Lamiyəni yalqız qoyub” bu fani və vəfasız dünyaya əlvida etməsindən sonra onun bu dünyada heç kimi və heç nəyi qalmamışdı. Təhsilini də unutmuşdu, “bir ildə dörd iş yeri dəyişmişdi”.
Şəkərlə Lamiyənin rəfiqəliyi uzun sürə bilməzdi. Lamiyə qürurluydu, ləyaqətini qoruyub saxlamaq uğrunda mübarizə aparırdı. Amma Şəkər onun mənəvi dünyasına təcavüz etmək, özünün rəzil gününə salmaq üçün canfəşanlıq göstərirdi. Nəhayət arzusuna çatmasında Lamiyənin də marağı önəmli oldu. Şəkər iki müştərisinin birini Lamiyəyə “bağışlamaq” kimi “böyük jest” etdi. “İndiyə qədər heç bir kişiylə olmayan” Lamiyə uzun çək-çevirdən sonra mənəvi dünyasını Şəkərin müştərisinə təslim etdi. Beləcə “yeni həyat”a qədəm basdı. Mənliyini, qürurunu, ləyaqətini, abır-həyasını, ismətini bir anın içində şəhvətdən alışıb yanan quduz dişlinin ağzına atdı…
“Lamiyə özünü pula satırdı. Bununla belə fahişə olmasıyla razılaşmırdı… Əslində “fahişə olmaq qorxusu” hələ uşaqkən yaddaşına pərçimlənmişdi. Amma inanmazdı ki, nə vaxtsa bu yolun yolçusu olacaq. Bəlkə taleyin yolu, dönüş nöqtəsi elə həmin qorxudan başlamışdı? Bəlkə nə vaxtsa Bakı-Sumqayıt yolunun “qaranlığı” həyatına öz vahiməsini çökdürmüşdü?..”
Vüsalla Pepitonun qadın mənəviyyatının müxtəlif çalarları haqqında mülahizələri duyğulu insanları düşünməyə vadar edir. Doğrudanmı cəmiyyətin sınaqları qadınları fahişəliyə sürükləyir? Bu son yoldumu?
Məmməd müəllim əsərinin lirik qəhrəmanını bataqlıqdan xilas etməyə çalışır:
“Lamiyə işsiz olduğundan rəfiqəsi Şəkər ona yardım edirdi. Hər bazar kinoya gedirdilər. Seansdan sonra isə Şəkər ona halal saydığı qazancından dolanmaq üçün həftəlik pul verirdi. Hər dəfə pulu ona uzadanda Lamiyə qaytaracağını desə də, sözünün üstündə durmurdu, daha doğrusu dura bilmirdi. Kimsəsiz, çarəsiz, yetim qız idi. Bu dünyada onun yeganə söykənəcəyi adam rəfiqəsiydi. Həyat sanki onu küncə sıxmış, amansız davranışı ilə indi də ismətini, namusunu əlindən almışdı…”
Lamiyə Şəkərin mənliyini sataraq qazandığı “halal” pulun ümidinə qalmışdı. Belə ikrahedici ümid onu nə qədər himayə edəcəkdi?
Səkərinsə itirəcəyi nəyisə qalmamışdı, çoxdan həyatın dibində çabalayırdı, “əks cinslə arası saz idi”. Hətta kişilərə məxsus ayaqyolunun qapısınından içəri keçmək” “cəsarət”indəydi. Mənəvi simasızlar “axırıncı yol”un rəzil yolçularıdır, azğın selin, yaxud çirkablı gölməçələrin ağuşunda çarəsiz qalan çör-çöp kimidirlər, lazım olmayanda, istifadəyə yararsız duruma düşəndə mərhəmət hissindən məhrum cəmiyyət onları nimdaş, çirkli və gərəksiz əşya kimi kənara atır.
Əvvəl Lamiyənin ata-anasıyla, sonra da Şəkərlə “rus ruletkası” oynayan, kamerada uzun müddətli həbsə dözməyib iki il belə keçməmiş intihar edən qatilin tükürpədən səhnələrini Məmməd müəlim elə həyati təsvir edir ki, sanki “dəhşət” filminə baxırsan, ürəyim ağzıma gəlir, nəfəsim kəsilir. Sanki yazıçı o hadisələrin mərkəzindədir. Onu da vurğulayım ki, əsər yaxşı ssenari materialıdır. Təmənnasız rejissor tapılsa…
Doğrudanmı həyat “rus ruletkası” kimi qaydasız döyüşdür, amansız oyundur? Niyə həyatla oyun oynayanlar gündən-günə çoxalır? Lamiyə bir çirkli “yuva”da ağzı sulana-sulana, gözləri bərələ-bərələ onu asan yem bilib üstünə tullananlara, onun növbəsində dayananlara “yorucu” xidmət etməlidi? Onun belə şıdırğı alveri “yuva” yoldaşlarında qıcıq, hətta paxıllıq yaratmalıdı? Anlamırlarmı ki, bu üfunətli çirkabın sonu görünməyən dibidir? Bilmirlərmi ki, “müştərilərlə qəhvə içməkdən Lamiyənin təzyiqi qalxır”, əzaları sızıldayırdı… Axı o başqa arzularla yaşayırdı…
***
Həyatla gərgin mübarizədə, mücadilədə dözüm, şərəf, ləyaqət immunitetini itirənlərin qanadları qırıldığı gündən uçmaq xəyalları yerə çırpılır, güvənləri itir. Həvəslə və könüllü qucaqdan-qucağa tullananların qanadlarını tez qırırlar ki, öz “mən”i olmasın.
Sahibi ləyaqət hissini itirmiş zəif və zərif qanadlar pərvaz etməyə qadir deyil. Çünki ətrafımızdakı insanlığa qənimlər pusqudadırlar ki, mənəvi zəifləri özləri ilə birgə həyatın qaranlıq və üfunətli dibinə sürüsünlər. Həyatın dibində belələrini “rus ruleti” ilə insan ovlayan qatillər, quduz şəhvətin qulu Bazoğlanlar, kafe, restoran, saunaları seks yuvasına çevirənlər, həyatın sərt döngəsində sevgilisini meydanda yalqız qoyub qaçan cəsarətsiz Vüsallar, xisləti şəhvətdən yoğrulmuş Samuraylar, Səlimlər gözləyir…
Yazıçının qabartdığı çox məqamlara bilərəkdən toxunmadım. Məmməd Məmmədli “Axırıncı yol” qəhvəxanası”nın yerləşdiyi “Yerdələnin birinci mərtəbəsi”ndən bizə çox önəmli ismarışlar göndərir, düşünməyə səsləyir. Gəlin səsinə səs verək.
“Yerdələnin birinci mərtəbəsi”nə gəlsəniz çox mətləblərdən agah olarsınız…
Discover more from Məmməd Məmmədli
Subscribe to get the latest posts sent to your email.