Mən atamı xatırlamıram…

hekayə

Əlində araq şüşəsi sahil boyu hara getdiyinin fərqində deyildi. Ayaqları dənizin qumuna dolaşır, bədəni dalğaların xışıltısında boşluğa yuvarlanırdı. Ölmək, torpağa qarışıb yox olmaq, lap elə cəhənnəmə getmək Aslan üçün ən yaxşı son olardı, əgər o, naməlum məxluqlarla üzləşməsəydi…

Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Gözləri ağaran dalğalara qoşulub rəqs edir, arabir səmanın dənizlə birləşib itdiyi boşluğa zillənirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Zəhrimarı bu dəfə qədərindən artıq içib. O qədər içib ki, dəniz gözünün qabağında alışıb yanır. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.

Read more

ZÜLMƏTDƏN DOĞAN GÜNƏŞ

(hekayə)

Həyəcanla videonun başlanmasını gözləyirdim. Bilirdim ki, əməliyyata hazırlıq gedir. Gözüm tez-tez qolumdakı SEİKO saatında idi. Dörd dəqiqədən sonra kameranı yandırdılar. Əməliyyat otağında həkimi, beş nəfər köməkçisini və ağrıdan əziyyət çəkən yoldaşımı gördüm. Qadınların necə bir ilahi varlıq olduğunu həmin gün anladım.

***

Divanda uzanıb televizora baxırdım ki, yoldaşım otağa girdi:

– Aşkito, ürəyim sıxılır, elə bil havam çatmır.

– Onda gedək oppalara. Havaya çıxan kimi əhvalın yüksələcək.

– Kofe?

Read more

Qarda sənin qan ləkən – Qabriel Qarsiya Markes

Axşamtərəfi sərhədə çatanda Nena Dakonte gördü ki, toyda barmağına taxdığı nişan üzüyü qana bulaşıb. Yun adyala bürünmüş jandarm Pireney dağlarından əsən güclü küləyə sinə gərərək bir əlində fənər yırğalana-yırğalana sərhəd keçid məntəqəsinə gələnlərin pasportlarını yoxlayırdı. İkisinin də pasportu diplomatik idi. Sənədlərin qaydasında olduğuna baxmayaraq, o, fənərin işığını gənclərin üzünə salıb şəkillə tutuşdurdu. Nena Dakonte balaca bir qızcığaza bənzəyirdi. Bal rəngində şəffaf dərisi tutqun, darıxdırıcı yanvar axşamında hələ də Karib günəşini əks etdirir, gözləri isə xoşbəxt quş gözlərinə bənzəyirdi.

Ərafın dərin qatlarında

(hekayə)

Sonu görünməyən, qaranlıq bir tunellə gedirdim. Tək deyildim, amma canımda qorxu vardı. Mənimlə bərabər bir dəstə adam iti addımlarla tunelin sonuna çatmaq istəyirdi. Hara getdiyimizi, başımıza nələr gələcəyini bilmirdik. Sadəcə bizi bura gətirən əcaib məxluqlar dedilər ki, sona qədər getməliyik. Başqa çarəmiz yox idi. Yalnız bir istiqamət vardı, o da irəli. Bizim bu zülmətin içinə buraxanlara qarşı müqavimət göstərməyə gücümüz də yox idi. Bir də başqa hara gedə bilərdik ki…

Yan-yörəmdəkilər adam cildində olsalar da dəriləri şəffaf idi. Sümükləri görsənirdi. Uzun saçları vardı. Amma rənglərini seçə bilmədim. Onları elə bil rentgen şüalarında görürdüm. Tələsirdilər… Heç kim bir kəlmə də kəsmirdi. Hiss edirdim ki, onlar da mənim kimi qorxur. Nə deyim, heç kimin cınqırı belə çıxmırdı. Tam səssizlik…

Read more

İki dünya arasında

(hekayə)

İllüminatordan yerin mənzərəsini seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılmışdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönüb gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. Görəsən, harda idi, geriyə yolu necə tapacaqdı? Özünü toparlayıb baxışlarını kainatın bölgələrində gəzdirdi. Ulduzlar buradan nöqtə kimi görünmürdü, əksinə daha şiddətlə sayrışırdılar. Hərəsi bir rəngdə, bir çalarda görünüşlərilə sanki zülmətə meydan oxuyurdular. Və ona elə gəldi ki, ulduzlar o qədər də uzaqda deyil. Bu zaman sürət artdı, gözünün qarşısındakı mənzərə sanki rəssamın qarışıq boyalarla kətan parça üzərində yaxdığı anlaşılmaz bir rəsminə bənzədi. Gözləri torlandı, heç nəyi ayırd edə bilmədi. Ona elə gəldi ki, qarşısında nə vardısa ondan uzaqlaşır, amma qalaktikanın kiçildiyini ayırd edəndə hardan gəldiyini anladı… və insanlardan bu qədər uzaqda olmasından xoflandı. Tənhalığın vahiməsi canına üşütmə saldı. Bu zaman arxadan çiyninə dördbarmaqlı bir əl toxundu:

Read more

İşıqdan gözləri qamaşanlar

Həmin yay rayonda iki nəfərin müəmmalı ölümü hamını dəhşətə gətirmişdi. Camaat danışırdı ki, cəsədlərin üzündə donmuş vəhşət, onların qorxunc bir məxluq tərəfindən öldürüldüyünün nişanəsi idi. Amma kim bilir, bəlkə bu cinayəti sıradan bir insan törətmiş, meyitlərini də dağda, meşədə gizlətmişdi. Həm də onu deyirdilər ki, ölən adamların üstündə tüfəng vardı. Yəqin ovçuymuşlar.

Bu əhvalatı keçən il İsmayıllının Qoşakənd kəndində dincələndə eşitmişdim. Gecələr ovçuların əllərinə fənər alıb şikara çıxdığını isə öz gözlərimlə görmüşdüm. Qaldığım ev dağın başında olduğundan buradan ətraf əl içi kimi aydın görünürdü. Kənddə cürbəcür söz-söhbət dolaşsa da bu qorxunc caninin haradan gəldiyini görüb-bilən yox idi.

Read more