Texnoloji inkişafa köklənən kinonun erkən dövrü arxada qalandan sonra, artıq oturuşmuş kino sənayesi üçün yeni narrativlərin yaranmasına ehtiyac duyuldu. Bu vaxta qədər gözə dəyməyən kinorejissorlar indi vacib fiqura çevrilmişdi. Birləşmiş ştatlarda Devid Uork Qriffit bu sahədə xüsusi rol oynadı. Kinoda aktyor kimi debüt etmiş bu dahi şəxsiyyət gözqamaşdırıcı işləri ilə diqqəti cəlb etdi. Təkcə 1908-1913 illərdə Qriffit “Biograph” kino şirkəti üçün nə az, nə çox 411 qısametrajlı film çəkmişdi. Bundan əlavə, rejissorun öz həmkarlarından fərqli cəhəti onda idi ki, o, kinonu yaradıcı bir alət hesab edirdi. Buna görə də dini, ədəbi və tarixi mövzuları əhatə edən filmlərdəki təsvirləri daha ekspressiv yollarla ötürməyə çalışırdı. Bilirdi ki, bir hekayəni fərqli formalarla təqdim etmək mümkündür. Kinonun əsas narrativ elementləri hələ çox-çox əvvəl kəşf olunsa da Qriffit onları dramaturji vasitələrlə öz əsərlərində tətbiq etməyə can atırdı.
Qriffitin şöhrəti 1915-ci ildə ekranlaşdırdığı “Bir xalqın yaranışı” filmi ilə başlayır. “Linkor Potemkin” filmindəki kimi, burada da söhbət mifik obrazdan getsə də, tamaşaçı ekran işinə baxanda şaşırır. Təəccüb effekti filmin sadəliyinə görə deyil, Ku Kluk Khana ithaf və ağ irqin təntənəsi mövzusuna görədir. Təsadüfi deyil ki, filmə baxan hər kəs onun əhəmiyyətini özünə sual edir. Məsələ ondadır ki, 1915-ci ilin Amerikasında Qriffitin irqçilik mövzuları indiki dövrdə olduğu kimi pis qarşılanmırdı. Qeyd etmək lazımdır ki, bir xalqın yaranışına olan maraq əslində onun arqumentində deyil, kinematoqrafiya dilinin inkişafına verdiyi töhfədə gizlənir. Bu ekran əsərində rejissor əvvəlki illərdə qazandığı təcrübəni bütünlüklə tətbiq edir: müxtəlif planlar, montaj, yaxud da kameranın hərəkəti bir hadisəni təsvirlərlə nəql etmək üçün qiymətli vasitələrdir. “Bir xalqın yaranışı” ABŞ kino kassalarının uğuru, həm də, çoxlarının fikrinə görə, kino sahəsində yeni narrativin yaranmasına vəsilə olmuşdu.
Qriffitin bu təhkiyəsi ABŞ-də dərhal qəbul olunsa da Avropa kino istehsalçıları onu model kimi götürməkdə gecikdilər. İlk dəfə idi ki, Amerika kinosu ilə Avropa arasında fərq yaranırdı. Avropalılar hələ də teatral filmlər çəkirdi – kameralar aktyorladan uzaq tutulurdu, interpretasiyalar şişirdilmiş formada gözə girirdi, uzun kadrlar çəkilirdi – amerikalılar sözügedən alətdən məharətlə istifadə edirdilər, qısa kadrlarla, kino dilində desək, davamiyyət elementi ilə hekayələrin ritmini saxlaya bilirdilər.
Ancaq bu, o demək deyildi ki, avropalılar yerində sayır, “hərəkət edən posterlərin” dövründə ilişib qalmışdı. Qədim qitədə film sənayesi var gücü ilə inkişaf edirdi. Danimarkada Ole Olsen tərəfindən təsis olunan nüfuzlu “Nordisk films kompagni” şirkətini misal çəkmək olar. Bu prodüser şirkəti gələcəkdə bir çox kino işçiləri üçün böyük məktəbə çevriləcəkdi. Məktəbin yetirmələri işıqlandırma sahəsində hamıdan öndə gedirdi. Bundan əlavə planları qurarkən onlar ekspressivliyə, dekorasiya və montaj işinə fikir verirdilər. Amma filmlərində vizuallıq nə qədər möhtəşəm olsa da, hələ də aktyor oyununda ekspressivlik hiss olunurdu.
“Nordisk” kimi Danimarkanın digər kino istehsalçıları yetkinlik, dəlilik kimi sensasiyalı mövzularla, eyni zamanda erotik toxunuşlarla çərçivələri dağıdırdılar. Olsenin şirkəti “Gəncliyin günahları” və “Uçuruma doğru” kinoəsərlərin sayəsində inkişaf etdi. Sonuncu film aktrisa Asta Nilsenə Avropanın ilk kino ulduzu adını qazandırdı. Aqüst Blomun Titanikin batması mövzusunda ekrana gətirdiyi “Atlantis” əsəri isə olduqca büdcəli bir film idi.

Birinci Dünya Müharibəsinin başlanması Avropa kino sənayesinin geriləməyinə səbəb oldu və Avropanı yedəyinə alan Amerika kino şirkətləri mövcud şəraitdən istifadə edərək öz şəbəkəsini elə qədim qitədə yaydılar. Nə yaxşı ki, müharibə klassik qəliblərdən yaxa qurtarmağa çalışan sənaye üçün yaradıcı mühiti yenilədi. Bu, avanqard axtarışların dövrü idi, kinoda iz qoymaq istəyənlərin dövrü. Fransada olduqca intellektual sayılan Lui Delükun ətrafında bir qrup kinoşünas toplaşdı. Onların sırasında Jermen Dülak, Marsel LHerbe, Jan Epştein və Abel Qans “İmpresionist” adlandırdıqları yeni cərəyanı yaratdılar – üslub cəhətdən sadə, ifadə formalarında isə mükəmməl və qüsursuz görünən bir janr. Şairlər arasında sözügedən cərəyanın ən yaddaqalan nümayəndəsi Abel Qans oldu. Amma ki, rejissor özünün bütün bilik və bacarığını antimilitarist mövzuda “Mən ittiham edirəm” və romantik “Təkər” filmlərində deyil, “Napoleon” ekran əsərində nümayiş etdirdi.
Almaniyada U.F.A. studiyaları yenicə fəaliyyətə başlamışdı ki, rejissor Ernst Lubiç “Karmen”, “Dübarri xanım” və “Kukla” filmləri ilə artıq ekspressionizm cərəyanının yayılmasına təkan verdi. Təhrif olunmuş dekorasiyalar, kadrlar… başqa sözlə, gerçəkliyə subyektiv yanaşma tərzi o dövr üçün inanılmaz görünürdü. Robert Vinenin “Həkim Kaliqarinin otağı”, Fridrix V.Murnaunun “Vampir Nosferatu”, Pol Leninin “Şam formalı adam” bu cərəyanın şah əsərləridir.
Kino aləminin kubizm və futurizm kimi digər janrları cəmiyyətdə daha az rezonans doğurdu. Kinolentdən keçən təsvirlərin plastik və artistik zənginliyini nümayiş etdirməkdən ötrü qeyri-adi, abstrakt filmlərin təbliğatı aparılırdı. Sonradan 1928-ci ildə Luis Bunyuel və Salvador Dalinin birgə əməkdaşlığı nəticəsində “Əndəlüs iti” ərsəyə gələcəkdi. Antuan Atardudun ssenarisi əsasında rejissor German Dülakın cəkdiyi “Keşiş və çanaq” filmi də sözügedən janrların ən üzdə olan nümunəsidir.

Ancaq ən yaxşı kino təcrübələri 1917-ci il inqilabından sonra Rusiyanın özündə baş verdi. Orada müxtəlif avanqard məktəbləri mövcud idi. Sovet kinosunun atası sayılan Kuleçov montaj işində xeyli irəliləyişlər etmişdi. O, göstərdi ki, planların düzülüşündən asılı olaraq səhnədəki mənanı tamamilə dəyişmək mümkündür. Bundan əlavə, Dziqa Vetrovun rəhbərliyi altında “Aktyor fabriki” və “Kino-göz” qrupunun üzvləri gerçəklikdən fraqmentlər göstərməklə bədii filmlərə cavab olaraq sənədli film janrının maraqlarını müdafiə edirdilər. Vetrovun “Kameraman” filmi artıq bu cərəyanın cücərdiyini aydın şəkildə göstərir. Yuxarıda adlarını çəkdiyimiz avanqard cərəyanından əlavə, o dövrün sovet kinosu qeyri-adi rejissorlar yetişdirirdi. Onlar belə bir ideyanın tərəfdarları idilər ki, bir kino məktəbinin digərindən fərqi montaj işindədir. Daha bir nümunə Vsevolod Pudovskinin “Ana”, yaxud da Serqey Eizenşteynin “Linkor Potemkin” filmidir. Eizenşteyn bu filmdə digər həmkarlarına əsl ustad dərsi verir. Odessa pilləkənləri səhnəsinə baxarkən montaj işinin necə bir güclü alət olduğunu görürük.
El Cine (Kino) kitabından
İspancadan çevirdi: Məmməd Məmmədli
Discover more from Məmməd Məmmədli
Subscribe to get the latest posts sent to your email.