Səssiz kinonun qəhrəmanları

Birinci Dünya müharibəsinin son illərində Avropada istedadlı rejissorlar meydana çıxmışdı. İsveçrəli rejissorlar Viktor Xöström “Sürgün olunmuşlar”, Mauritz Stiller isə “Arnenin xəzinəsi” filmləri ilə məşhur idilər. Almaniyada Ernst Lubitç tarixi yaddaşı yeniləyərək “Ana Bolena” filmi ilə, Fritz Lan “Nibelunqo” və “Metropolis”, Fridrix V.Murnau isə “Sonuncu” ekran əsərləri ilə tamaşaçıların zövqünü oxşayırdılar. Britaniyalı Alfred Hiçkokun “Qisasçı”, fransalı Jak Feyderin “Atlantida” və macarıstanlı rejissor Maykl Kurtisin “Sodom və Qomorra” ekran əsərləri də tamaşaçı alqışları ilə qarşılanmışdı. Avropa kinosunun gələcəyi belə istedadlarla qurulurdu. Bütün bu müvəffəqiyyətlərə rəğmən, çoxları Avropadan yığışıb Hollivuda köçməyi üstün tutdular.

Qısa bir zamanda Hollivud “arzular fabrikinə” çevrildi. Kino sahəsində şöhrətlənmək istəyən mütləq bu məkanı ziyarət etməliydi. Təkcə rejissorlar deyil, eyni zamanda, prodüserlər, ssenaristlər, aktyor və dünyanın bütün künc-bucağından olan texniki işçilər belə Amerika macərasını yaşamaq istəyirdi. Hamı eyni arzu və eyni niyyətlə yeni qitəyə səyahət edir, “professionallar qazanı”nda bişməyə can atırdı. 1920-ci illərdə kinostudiyalarda artıq 15 mindən çox işçi qüvvəsi çalışırdı, ildə də 800 və daha artıq qısametrajlı və tammetrajlı filmlər çəkilirdi.

Hollivudda böyük nüfuza malik rejissorlar yetmişmişdi. Həmin illərdə “Dözümsüzlük”, “Başqaların günahı” və “İki yetim qız” filmlərini ekranlaşdıran David V.Qriffitin adı hələ də yüksək tutulurdu. Geniş filmoqrafiyaya malik Sesil B.De Mil bibliya hekayələri mövzusunda ixtisaslaşmışdı. Onun “On əmr” və “Krallar kralı” filmlərində hərbiçilər iştirak etmişdi. Ekstravaqantlıqda həmkarlarından geri qalmayan, ancaq qalmaqallarla yadda qalan Erix Fon Ştroxaym özündən sonra “Xəsis”, “Şad-xürrəm dul qadın” və “Toy yürüşü” filmlərini qoyub getdi. Con Ford da “Dəmir at” şedevr əsəri ilə vestern filmlərinin ustası adını aldı. Kinq Vidor isə “Böyük parad” və “Dünya gedir” lentləri ilə özünün plastik bir rejissor olduğunu göstərdi. Ancaq studiya sahibləri müşahidə edirdilər ki, fanatlar özlərini rejissorlara deyil, daha çox aktyorlara oxşatmağa çalışırdı. Onlar aktyorları yamsılayır, pərəstiş göstərir, hətta onlara vurulurdular və böyük maraqla sevdikləri qəhrəmanın həyatını izləyirdilər. Tamaşaçıları zala gətirən də məhz aktyorlar idi. Aktyorlar ulduza çevrildiyindən rejissorlara maraq artıq azalmışdı.

Səssiz kinonun Hollivud ulduzlarından biri həyatsevər, gülərüz, bir sözlə əsl amerikalı Duqlas Ferbenks olub. O, azadlığın bütün tərəflərini özündə əks etdirən nadir ulduzlardan idi. O, istehsal prosesinin bütün mərhələlərində iştirak edirdi. Duqlas, özünün obrazını yaratmışdır. Bədən quruluşuna görə xoşbəxt idmançını xatırladan aktyor həyatda uğur qazanmağın yollarını yazdığı kitablarda bölüşürdü. Duqlas Ferbenks komediya və vestern filmlərindən sonra karyerasında ikinci mərhələ, macəra filmləri başlayır: “Zorronun işarəsi“, “Robin qud”, “Bağdad oğrusu” və “Zənci dəniz qulduru”. O, amerikalıların sevimli qəhrəmanına, nümunə götürüləcək bir insana çevrildi. Duqlas Ferbenks sonda “Amerikalı gəlin” adını qazanan Meri Pikfordla evlənəcəyini elan edir. Meri uşaqlıqda çox çətinliklərlə üzləş bir qadın olub. O, ilk dəfə ekranlarda 1909-cu ildə görünüb və karyerası boyu öküz kimi işləyib. Onun uşaq simasının arxasında biznes ledi gizlənirdi. Meri Pikford “Balaca qəhrəman”, “Balaca Anita”, “Zirvələrin qəlbi” və “Sərçələr” kimi filmlərdə çəkilmişdi. Həftəyə 10 min dollar qazanan və filmlərindən 50 faiz gəlir götürən Meri dünyada ən çox pul qazanan aktrisa olub. Duqlas Ferbenks və Meri Pikford cütlüyü həyatlarının sonunadək xoşbəxt yaşayıb. Onların Hollivudda tikdirdiyi “Pikfair” adlı malikanəsində vaxtilə məşhur artistlər, siyasi xadimlər olub. Qriffit və Çarli Çaplinlə birgə “United artists” studiyasını təsis edən cütlük dünyanı gəzib-dolaşır, ictimaiyyət arasında krallar kimi qarşılanırdı. Belə bir hal sonradan Çarli Çaplinin də başına gələcəkdi.

Əslən Londondan olan Çarli Çaplin “Keystone” şirkətinin rəhbəri Mak Sennetlə qısametrajlı komik filmlərə çəkilmək üçün müqavilə imzalayandan sonra 1910-cu ilin əvvələrində Amerikaya köçmüşdür. Çarli Çaplin qısa bir zamanda Şarlot personajını yaratmaqla əsl kino bilicisi olduğunu nümayiş etdirir. O, yazmağı, rejissorluq etməyi, rola girməyi, hətta çəkildiyi filmlərə musiqi bəstələməyi də bacarırdı. Bir topa qısametrajlı filmlərin arxasınca “Oğlan”, “Qızıl xülyası” və “Şəhərin işıqları” kimi tammetrajlı filmlərə çəkilir. O, özünəməxsus xarakteri ilə yumor hissinin bütün çalarlarını oynadığı personaja hopdururdu. Dünya kinosunda ən birinci ikonaya çevrilmiş Çarli Çaplin tamaşaçıların pərəstiş etdiyi yeganə aktyor idi. O, öz adını ulduza çevirməyi bacarmışdı. Həftəyə 10 min dollardan çox pul qazanan aktyor, öz kaprizləri ilə həmkarlarını hədəqədən çıxaran adam kimi də tanınırdı. Rollarında mükəmməlliyə can atan Ç.Çaplin “Şəhərin işıqları”nda bir səhnəni 342 dəfə təkrarlamışdı, çünki hesab edirdi ki, istədiyi hələ o deyil.

Hollivud sənayesi filmlərdəki çox hadisələri şişirdirdi. Hər şey təmtəraqlı və kütləvi olmalı idi. Tamaşaçıların ekranda gördükləri istehsal olunan filmlərin sayı, kino mühitini işıqlandıran jurnallarda dərc olunan aktyorların bioqrafiyası ilə uzlaşmalı idi. Deyilənlərə görə, Qloriya Svanson çəkildiyi filmdə gəlinlik paltarını 100 min dollara almışdır. Yaxud da Ben Turpin eyni məbləğdə gözlərini sığorta etdirmişdir. Əlbəttə bütün bunlar ulduzların reytinqini qaldırmaqdan ötrü edilirdi. Hətta yalan da danışılırdı. “Fox Film Corporation” sadə heç kimin tanımadığı Teodosia Qudman adlı bir qızı səssiz kinonun vampirinə çevirmək üçün öz himayəsinə götürmüşdü. Hətta qızın adını dəyişib Teda Bara qoymuş, sonra xarici görkəminə əl gəzdirib “Dövlət sirri”, “Kleopatra” və “Salome” kimi ekzotik filmlərdə üzə çıxarmışdılar. Onun haqqında mətbuatda gedən yazılarda deyirdilər ki, o, məşhur bir italyan heykəltəraşının və ərəb şahzadəsinin qızıdır. Əslində isə onun atası sadə bir dərzi, anası isə Cincinatti şəhərindən gəlmiş evdar qadın olub. Rodolfo Valentinonun da başına buna bənzər bir iş gəlib. Kino şirkətləri onu “Apokalipsisin dörd atlısı”, “Kamelias xanımı” və “Şeyxin oğlu” filmlərində göstərərək latinosların sevimlisinə çevirmişdilər. Valentino 1926-ci ildə qəflətən dünyasını dəyişəndə onun pərəstişkarlarından bir neçəsi özünə qəsd etmişdi. Bununla belə evli olduğu qadınlar həyat yoldaşının ölümünə susqunluqla cavab vermişdilər. Görünür, keçmiş əri həyatda o qədər də möhtəşəm deyildi.

Səssiz kinonun son illərində Hollivud qarşıdan gələn onilliklərdə dəbə çevriləcək klassik janrları nəzərdən keçirməyə başladı. Duqlas Ferbenksin “Tarzan” yaxud da meymun adam (Elmo Linkolnla birlikdə), “Qara qartal” və “Gözəl jest” macəra filmləri buna nümunədir. Lon Çeyninin mükəmməl aktyor oyunu sayəsində qorxu janrı da digər cərəyanlar sırasında öz yerini möhkəmlətdi. Min maska adını qazanmış Çeyni “Notr-dam qozbeli”, “Opera kabusu” filmlərində öz cazibədarlığı ilə parladı. Romantik dram, döyüş janrı, vestern və detektiv filmləri Con Gilbert və Qreta Qarbo cütlüyünün “Kabus və ət”, rejissor Vilyam A.Velmanın “Qanadlar”, Fred Niblonun “Ben-Hur”, Ceyms Kruzun “Oreqon karvanı” və Josev Von Stenberqin “Yeraltı dünyanın qanunu” filmləri sayəsində kütlələri kinoteatrlara cəlb etdi. Bu vaxt ərzində Hollivuddan uzaq möhtəşəm, bir qədər də fərqli filmlər çəkilirdi: Jan Renuarın “Nana”, Karl T.Dreyerin “Xuana de Arkonun ehtirası” və kütlə arasında sənədli filmə maraq oyadan, macərabaz Robert J.Flartinin “Eskimos Nanuk” filmləri kimi…

El Cine (Kino) kitabından

İspancadan tərcümə etdi: Məmməd Məmmədli


Discover more from Məmməd Məmmədli

Subscribe to get the latest posts sent to your email.

Leave a Comment